Dövrümüzün vəbalarından biri də etdiyimiz, gördüyümüz, izlədiyimiz hər şeyin tarixin ən yaxşısı olduğuna inanmağımızdır. İzlədiyimiz futbolçular, filmlər, seriallar mütləq şəkildə özündən əvvəlkilərdən üstündür və biz çox şanslı insanlar olduğumuz üçün həmin vacib anlara şahid oluruq. Görəsən, həqiqətən də elədir, yoxsa bizlər bu fani həyatımıza məna yükləməyi, özümüzü seçilmiş elan etməyi sevirik?
Kino incəsənət sahələri arasında ən gənc və özünü ən çox inkişaf etdirmək potensialına sahib növdür. Cəmi 120 illik tarixi olan bu incəsənətin texniki-texnoloji inkişaf nəticəsində gedəcək hələ çox yolu var. Məsələn, “Avatar”ın beynəlxalq kassa uğuru ilə “3D” filmlərin həyatımıza tamamilə daxil olması həmin yeniliklərdən sadəcə biridir. Bənzətmə ilə desək, kino hələ körpəlik dövrünü yenicə başa vurub. Digər incəsənət sahələri artıq köhnəlmiş və yenilikdən uzaq olduğu halda, film və serialların yaşayacağı çox dəyişikliklər var. Ömrümüzün geriyə qalan 30-40 ilində hələ xeyli yaxşı şeylər izləyəcəyimizə dair ümidvar ola bilərik. Bu girişi ona görə etdim ki, hələ çox şey barəsində “Tarixin ən yaxşısıdır” ifadəsini istifadə edəcəyik. Qarşımızda geniş üfüqlər, möhtəşəm yeniliklər var.
Söhbəti çox uzatmadan son günlərin ən maraqlı kino hadisəsi olan “Çernobıl” serialına keçmək istəyirəm. Bu serial “HBO” şirkəti tərəfindən yaradılıb. “HBO” serial tarixinə keçmiş “Sopranolar”, “Taxt-Tac oyunları” və adını çəkmədiyim bir çox əsər bəxş edib. Beş bölümdən ibarət “Çernobıl” serialı da aldığı reaksiyalardan, qazandığı yüksək reytinqdən sonra həmin əsərlər arasına daxil oldu. Əsas maraqlı məqam isə haqqında tez-tez “Tarixin ən yaxşı serialı”, “Ən möhtəşəm serial” ifadələrinin işlədilməsi oldu.
“Çernobıl faciəsi” özlüyündə kifayət qədər dramatik, faciəvi, insanı dəhşətə salan hadisədir. Minlərlə insanın ölümünə, yaralanmasına, ömür boyu özləri ilə daşıyacaq fiziki zərərlərə, xərçəng riskinin artmasına gətirib çıxaran bir faciədən söhbət gedir. İnsanların da bu hadisələri dəqiqliklə göstərən, baş verənləri olduğu kimi çatdırmağa çalışan əsər barədə yüksək fikirdə olmağı normaldır.
“Çernobıl” serialı baş vermiş faciəni “sənədlilik”dən xilas edir. Dəhşətli faciələr barəsində olan sənədli filmlərdə, seriallarda hadisələrin necə inkişaf etdiyi, tarixi gedişat daha qabardıldığı halda, burada insan faciəsi önə çıxır. Minlərlə insanın ölümü yox, tanıdığın, gündəlik həyatını gördüyün şəxslərin ölümünə şahid olursan. Faciə statistikadan uzaqlaşaraq insaniləşir. Bir tərəfdə hadisələrin dəqiqliklə göstərilməsi, digər tərəfdə isə şəxsiləşdirmə bir-biriylə təzad təşkil edirmiş kimi görünsə də, qətiyyən elə deyil.
Senarini yazarkən müxtəlif mənbələrdən istifadə edilməsi, Nobelli yazıçı Svetlana Aleksiyeviçin əsərindən təsirlənmələr, Valeri Leqasovun ölümündən sonra tapılan kasetlərin düzgün formada ekranlaşdırılması serialın sənədli tərəfini gücləndirir. Ulyana Xomyuk kimi bir xəyali obrazın yaradılması, reallığı əks etdirməyən kiçik detallarla müxtəlif yozumlar yaratmaq cəhdi, vermək istədikləri mesaja uyğun formada kino həlləri isə serialın bədii tərəfini təşkil edir. Bədiiliklə sənədliliyin uğurlu şəkildə sintezi serialı başqalarından bir neçə addım önə çıxarır. Lakin serialın uğuru bununla da bitmir.
Hər şeydən əvvəl mini-serial öz gücünü rollarının öhdəsindən gələn aktyorlardan alır. Cared Harris, Stellan Skarsqard, Emili Uatson və digər aktyorlar öz rollarını ustalıqla ifa edirlər. Qurulan səhnələr, seçilən məkanlar, lentə alınan görüntülər də atmosferi, vəziyyəti izləyiciyə çatdırmağı bacarır. Ən xırda detallarla ümumi mənzərəni inşa edərək sanki dövrün portretini çəkirlər. Sadaladığım kinematoqrafik komponentlərin vəhdəti nəticəsində ortaya çıxan məhsulun pis olmaq ehtimalı çox azdır. Geriyə yalnız senari qalır ki, əsas mübahisə də burda başlayır. Bir tərəf hər şeyin çox gözəl həll edildiyini dediyi halda, digər tərəf isə hadisələrin düzgün verilmədiyini, HBO şirkətinin anti-Sovet propaqandası apardığını iddia edir.
İstər kino, istər serial öz dünyaları olan əsərlərdir. Əgər əsər bədiidirsə, bizim dəyərləndirmə kriteriyalarımız daxili bütövlük və üzviliyə əsaslanmalıdır. Heç bir bədii əsərin real həyatı olduğu kimi göstərmək öhdəliyi yoxdur. Kinotənqidçilər əsasən öz dəyərləndirmə prinsiplərini bunun üzərində qururlar. Lakin başqa tənqid metodları, üsulları da var ki, əsərin reallıqla, iqtidarla, yeritməyə çalışdığı həqiqətlərlə əlaqəsini dəyərləndirərək öz ideologiyalarına uyğun bir yerə qoyurlar. İkincilər sırasına daxil olan marksistlərin serialın mədəni imperializmin izlərini daşıdığını və həqiqətləri öz iqtidarına uyğun formada təqdim etdiyini iddia etməkləri anlaşılandır. Ancaq bir şeyi də unutmaq lazım deyil ki, hər iqtidar öz dilini, ideologiyasını yaradır. SSRİ zamanında dövrün ideologiyasına uyğun çəkilən yüzlərlə film var. Bəs onlardan neçəsi hazırda aktualdır? Təbii ki, heç biri. Kino tarixi bu barədə çox amansızdır. Müəyyən estetik qayğıların, cəhdlərin, tryukların yoxdursa, təmsil etdiyin iqtidar çökdüyü anda öz dəyərini itirirsən. SSRİ istehsalı olan filmlər arasında kino tarixinə keçənlərin hamısı estetik cəhətlərinə və cəhdlərinə görə seçilir. Bununla da kinonun öz daxilinə yönələn kinotənqidçilərin haqlı olduğunu anlamaq asanlaşır. Bəs propaqandaya bulaşmış “Çernobıl”ın dəyərini itirmək şansı varmı?
İncəsənət əsərlərinin dəyəri zamana qarşı mübarizəsindən aydın olur. AzTV verilişlərində deyilən “zamanın sınağından keçmiş sənətkar” ifadəsi əzbərə bənzəsə də, özündə həqiqət payı daşıyır. Müxtəlif dövrlərə və müxtəlif ideologiyalara tab gətirən əsərlər əbədiyaşar olmağa haqq qazanırlar. Dövrün ideologiyaları həmin əsəri özlərinə uyğunlaşdırmağa çalışırlar. Məsələn, Servantesin “Don Kixot”u romantiklər, realistlər, ekzistenzialistlər və başqa bir çox düşüncə qrupuna aid insanlar tərəfindən fərqli şəkildə yozulub. Yuxarıda da yazdığım kimi, bəzi əsərlər isə zamanın sınağından keçə bilmirlər.
“Çernobıl” bir çox məziyyətlərinə görə indidən klassikə çevrilməyi bacarıb. Serialın ən əhəmiyyətli məziyyəti cəmi 30 il əvvəl baş verən faciəni ustalıqla kino tarixinə salmaqdır. Dövlət və bürokratiyanın çürümüşlüyü, insan həyatının rəsmi qurumlar tərəfindən heç sayılması kimi dəhşətli məqamlar göstərilir. Bu faktorları nəzərə aldıqda başa düşürük ki, hələ “Çernobıl” öz yerini çox qoruyacaq. Çernobıl faciəsinin fəsadları davam etdikcə, orada vəfat edən insanların xatirəsi yaddaşımızda qaldıqca serial da öz yerində qalacaq.
“Tarixin ən yaxşı serialı” məsələsinə gəldikdə isə, belə erkən qərar verməyə tələsmək lazım deyil. İzlədikdən sonra qapıldığımız eyforiya nəticəsində əsərləri olduğu kimi görə bilmirik. Əsərlər dəfələrlə izləndikcə, təkrar edildikcə, müxtəlif yozumlar verildikcə həqiqi dəyər ortaya çıxır. Necə deyərlər, “Çernobıl”ı zamanın sınağı ilə təkbətək buraxmaq daha yaxşıdır.
Təəssüf ki, bizim yaşadığımız dövr dünya tarixinin ən maraqlı, ən gözəl, ən möhtəşəm dövrü deyil. Bizdən əvvəl də yaxşı və pis şeylər olub, bizdən sonra da olacaq. “Ən yaxşı” elan etmədən də izlədiyimiz filmlərdən, yaşadığımız anlardan zövq ala bilərik. Təki zövqümüz bol olsun.
Hacı Səfərov