Azərbaycanın vətəndaş cəmiyyətinin və müxalif kəsiminin əksəriyyətinin açıq şəkildə nümayiş etdirdiyi bir Tiflis sevgisi var. Şübhəsiz ki, Tiflisin son illərdə (xüsusilə, Əfqanın həbsinə qədər) Azərbaycanın proqressiv kəsimi üçün nəfəslik rolu oynamasının bunda böyük payı var. Və Tiflisin dostlarımızçün bu qədər dəyərli olmasının əsas səbəblərindən biri də, qat-qat ucuz qiymətə səyahət edilə bilən Avropa şəhəri olmasıdır. Azadlığın havasını almaq üçün Parisə, Berlinə getmək daha cəlbedici olsa da, Tiflis qat-qat ucuz başa gəlir və avtobusla 8 saatlıq məsafədə yerləşir.
Artıq 5 gündür ki, Tiflisdəyik və bu bir şəhər haqda ümumi təəssüratların yarana bilməsi üçün kifayət qədər yaxşı vaxtdır.
Şəhərə girərkən diqqətimi çəkən əsas məqam hər tərəfi bürüyən yaşıllıqlar oldu. Yerli aktivistlərin dediyinə görə, son illərdə şəhərin yaşıllıqlarının turizm obyektlərinin tikintisi məqsədilə məhv edilməsi prosesi başlayıb. Lakin bu proses çox ləng və diqqət çəkmədən aparıldığı üçün cəmiyyət buna sərt reaksiya vermir.
Diqqətimi çəkən digər bir məsələ, şəhərin öz köhnəliyini qorumasıdır. Tarixi abidə dəyəri daşıyan binalarla yanaşı, sovet dövründə tikilən, əksəriyyətinin istismar müddəti bitmiş köhnə binalarla da tez-tez qarşılaşırsan. Tarixi abidələrin bir çoxunun yaxınlığında, bəzilərinin hətta, daxilində turizm obyektləri yerləşir. Tarixi abidə dəyəri daşıyan bir-çox bina otel kimi fəaliyyət göstərir. Uzun müddətdir Tbilisidə yaşayan dostların birindən bunun səbəbini soruşduqda, cavab verdi ki, dövlət bununla abidələrə çəkilən xərcləri sahibkarların üzərinə qoyur. Həm sahibkar yaxşı qazanır, həm də bina dövlətin qoyduğu sərt standartlarla möhkəm şəkildə qorunur.
Tiflisin ən bərbad cəhəti turizm və iaşə obyektlərindəki xidmətin səviyyəsidir. Bunu “azad insanlar xidmət edə bilmirlər” kimi diletantsayağı müdafiə etməyə cəhd belə etməyin, çünki inkişaf etmiş dövlətlərdə əhalinin böyük əksəriyyəti xidmət sektorunda çalışır. Tiflisdə indiyədək oturduğumuz restoranların əksəriyyəti xidmət və qidaların keyfiyyəti baxımından sıfıra yaxındır.
Əgər nə vaxtsa Tiflisə qonaq getsəniz və 4 nəfərlik yeməyin ən azı 100 dollar edəcəyi azsaylı restoranlardan birində oturmaq maddi imkanlarınız xaricindədirsə, restorana gedəndə özünüzlə yemək aparın. Buna görə sizə irad bildiriləcəyindən narahat olmayın. Hansısa ofisiant əgər özünüz çağırmasanız, sizə yarım saatdan tez yaxınlaşmayacaq. Bu müddətdə isə siz artıq yeməyinizi bitirmiş olacaqsınız.
Tiflisdə dükan və marketlərdə qiymətlər təxminən Bakıdakı kimidir. Bəzi məhsullar bizdəkindən ucuz, bəziləri baha olsa da, ümumilikdə qiymətlər çox yaxındır. Dostlar bildirirlər ki, qiymətlər son dövrlərdə xeyli artıb. Bunun səbəbi isə Gürcüstanda son illər gedən iqtisadi inkişaf və sosial islahatlardır. Gürcüstanda hal hazırda orta aylıq əməkhaqqı 398 dollardır. Müqayisə üçün bildirim ki, bizdə bu göstərici 338 dollara bərabərdir.
Gürcüstanda karbohidrogen resursları və bu resursların işlənməsində iştirak edən böyük transmilli şirkətlər yoxdur. Və bu şirkətlərin ödədiyi və ümumi maaş ortalamasına ciddi şəkildə təsir edən yüksək məvaciblər olmadığından, eləcə də əhalinin gəlirlərinin əhəmiyyətli bir hissəsinin rüşvət piramidasının yeminə çevrilməsi halı böyük ölçüdə aradan qaldırıldığından, bu, ortalama götürsək əhalinin sosial-iqtisadi vəziyyətinin bizdəkindən iki dəfə daha yaxşı olduğunu deməyə əsas verir. Əhalinin gəlir baxımından müxtəlif sosial qrupları arasında fərq bizdə olduğundan xeyli azdır.
Tiflisin ən böyük problemlərindən biri hətta qeyri-pik saatlarda da davam edən uzun, yorucu tıxacların olmasıdır. Hətta günorta saat 3-də belə kilometrlərlə uzanan tıxaclara rast gəlmək mümkündür. Park yerləri də ciddi problemdir. Çox nadir hallarda getmək istədiyin yerin yaxınlığında avtomobil park etmək mümkün olur.
Şəhərdə ən çox diqqətimi çəkən məqamlardan biri həddindən çox kilsənin olmasıdır. Bu kilsələrin bir çoxu UNESCO tərəfindən dünya mədəni irsi siyahısına salınmış əsrlərlə yaşı olan tarixi abidələrdir. Burada gördüyüm bir şey də diqqətimi çəkdi: din məsələsi. Gürcüstan qərbə inteqrasiya yolunu tutan dünyəvi bir dövlət olsa da, əhalinin dindarlığı kifayət qədər güclüdür. Nəzərə alsaq ki, Tiflis paytaxtdır və nisbətən kosmopolit bir yerdir, mühafizəkar bölgələrdə daha güclü olduğunu düşünmək olar. Burada hətta sekulyar gənclər arasında belə kilsə nüfuz sahibidir. Ölkənin Patriarxı İlya güc iyerarxiyasında əsas yerlərdən birini tutur və real olaraq həm baş nazirin, həm prezidentin, hətta ölkənin “boz kardinalı” İvanişvilinin belə hesabşaldığı çox ciddi bir fiqurdur. Yeri gəlmişkən, hal-hazırda patriarx İlyanın səhhətində ciddi problemlər var və yerli müşahidəçilər müxtəlif güc qruplaşmalarının onun ölümünü gözlədiyini, o öldükdən sonra yeni güc rəqabətinin yaranacağını bildirirlər. İlyanın varisi, Rusiya patriarxı Kirilə yaxın olan Rusiyada təhsil almış bir gənc olduğundan, əksəriyyət gələcək qarşıdurmaları maraqla gözləyir.
Azərbaycan ictimaiyyətinin bir çox məşhur simalarının, xüsusilə son nəsil yazarların Tiflİs təbliğatı, şəxsən, məndə elə bir təəssürat yaratmışdı ki, Tiflisdə hər kəs əlində kitabla gəzir. Mən bu bir neçə gündə Bakıdakı qədər kitab və kitablı gənc görmədim. Bəli, gürcülər bir çox məsələlərdə bizdən öndədirlər. Bizim sahib olmadığımız bir çox azadlıqları var. Lakin, bu azadlıqların bir çoxu, sistemin verdiyi azadlıqlardır. Və o azadlıqları qazanmaq üçün biz, heç də gürcülərdən az döyüşməmişik və onlardan daha az qiymət ödəməmişik.
Ayrı-ayrılıqda söhbət etdiyim gənclər arasında bir tendensiyanı müşahidə etdim ki, onların əksəriyyəti Avropada olublar. Və bir çoxu Avropa İttifaqının təşkil etdiyi proqramlar çərçivəsində səfər ediblər müxtəlif Aİ ölkələrinə. Üstəlik, Aİ ilə Gürcüstan arasında vizasız rejim mövcuddur, daha bizdəki kimi, Aİ ölkələri viza verməkçün adamı istintaqa çəkmirlər.
Ümumi mədəni səviyyə məsələsinə gəlsək, xristian və müsəlman mədəniyyətləri arasındakı ümumi fərqdən daha artıq deyil məncə. Və bir şeyi əminliklə deyə bilərəm ki,proqreslə bağlı bir çox məsələlərdə biz daha üstünük, sadəcə bizdəki sistem bu üstünlüyü nümayiş etdirməyə imkan vermir.
Növbəti yazıda sizə Tiflisin urban və gecə həyatından bəhs etməyə çalışacam. Hələlik.
İlkin Rüstəmzadə