İyunun 22-də Erix Mariya Remarkın anadan olmasının 120 illiyi qeyd olundu. O, fövqəladə bir şəxs idi.
Erix Mariya Remark Rusiyada ən çox oxunan alman yazıçısıdır. Və bu, yalnız ona görə deyil ki, hələ Sovet İttifaqı dövründə onun əsərləri ən çox dərc olunanlar arasında idi. Məhz yeni nəsil Remark oxucuları üçün Rus nəşriyyatları son 10 il ərzində, yazıçının ayrı-ayrı kitablarından əlavə, eyni anda üç əsərlər toplusunu dərc etmişdir.
Birinci Dünya Müharibəsinin xoşbəxt sonluğu
Rusiya da daxil olmaqla, “Qərb cəbhəsində yenilik yoxdur” əsəri 20-ci əsrin ən məşhur müharibə əleyhinə romanı hesab olunur. Lakin zamanında bu kitabı nəşr etmək istəmirdilər. Ən böyük alman nəşriyyatlarından biri əsərin mövzusunun heç kəsi maraqlandırmadığını irəli sürərək onu çap etməkdən imtina etmişdi. Bu böyük səhv idi. Xoşbəxtlikdən, Ulşteyn nəşriyyatı 1928-ci ildə geniş reklam kampaniyasından istifadə edərək kitabı nəşr etmək qərarına gəlir.
Roman kəskin müzakirələrə səbəb olur. Bəziləri bunu müharibənin mədhi, digərləri isə alman əsgərlərinə xəyanət kimi qiymətləndirirdilər. 1930-cu ildə Hollivudda Remarkın romanı əsasında film çəkilir. İkin nümayişi zamanı film istehsalçılar tərəfindən bəyənilsə də, faciəli sonluqla bitməsi məmnun qarşılanmır, xoşbəxt sonluğa ehtiyac olduğu söylənilir. Rejissor Luis Maylstoun tənqidlərə kinayə ilə cavab verir: "Yaxşı, mən filmi xoşbəxt sonluqla bitirərəm. Almaniya müharibəni qazanar". Əlbəttə ki, o, bunu etmir. Və "Qərb cəbhəsində yenilik yoxdur" filmi eyni anda iki Oskar - ən yaxşı film və rejissor mükafatına layiq görülür. Almaniyada Nasional-Sosialistlər hakimiyyətə gələndə film alman xalqının ləyaqətini təhqir edir bəhanəsiylə qadağan olunur:
Nasistlərin dünya şöhrəti və nifrəti
Müstəqillik, tolerantlıq, yumor hissi – Remark bu xüsusiyyətləri həlledici hesab edirdi. O, 22 avqust 1898-ci ildə Osnabrükdə, kitabçı ailəsində anadan olmuşdur. Məktəbi bitirəndən dərhal sonra o, demobilizasiya olunur, 1917-ci ilin iyununda isə cəbhəyə yollanır. O ağır yaralanır: qoluna, ayağına və boynuna qəlpə parçaları dəyir. Müharibədən sonra Remark yazmağa başlayır, lakin ilk əsərləri uğur qazanmır. Remark məktəb müəllimi işləyir, reklam mətnləri yazır, qəzetdə idman müxbiri kimi çalışır, "Qərb cəbhəsində yenilik yoxdur" romanının dərc olunmasından dərhal sonra isə işdən çıxarılır. Roman bestsellerə çevrilir və ona dünya şöhrəti ilə yanaşı, maliyyə azadlığı da qazandırır. 1933-cü ildə məhz bu roman digər "anti-milli" kitablarla birlikdə, "Dünya müharibəsinin əsgərlərinə ədəbi xəyanət etdiyinə görə və alman xalqında döyüş ruhunu tərbiyələndirmək adına od vururuq!" şüarları altında nasistlər tərəfindən yandırılır. Lakin Goebbels (Paul Joseph Goebbels) çox gözəl başa düşürdü ki, almanlar bu romanı oxuyurlar və o, şöhrətini sürdürür. Nasistlər Remark cəbhədə olmadığını, yəhudi olduğunu və əsl adının Kramer olduğunu irəli sürərək, onun haqqında şayiələr yaymağa başlayırlar. (oxşar şayiələr qırx il sonra SSRİ-də Soljenits haqqında yayılır: deyirdilər ki, guya o, vuruşan zabit olmayıb, əsir düşdüyü üçün həbs olunub, yəhudidir, əsl adı isə Soljenitserdir).
Remark Hitler (Adolf Hitler) hakimiyyətə gəldikdən dərhal sonra Almaniyanı tərk edir, əvvəlcə İsveçrədə, daha sonra isə ABŞ-da yaşayır. Nasional Sosialistlər onu vətəndaşlıqdan məhrum edir. Bacısı Elfrida (Elfriede Scholz) 1943-cü ildə nasistlər tərəfindən edam olunur, Remark onun öldüyünü yalnız müharibədən sonra öyrənir. O, "Həyat qığılcımı" əsərini bacısına həsr etmişdir. Remark müharibədən sonra da Almaniyaya qayıtmır. 1970-ci ildə o, Locarnoda dünyasını dəyişir.
Qadınların qəlbini fəth edən
Burada Erix Maria Remarkın kitablarından söhbət açmaq mənasızdır: onlar kifayət qədər məşhurdurlar. Onun "Qərb cəbhəsində yenilik yoxdur", "Qayıdış", "Üç yoldaş", "Zəfər tağı", "Yaşamaq və ölmək zamanı", "Qara abidə", "Borc həyat" romanları və digər əsərləri dəfələrlə təkrar nəşr olunmuşdur. "Qərb cəbhəsində yenilik yoxdur" romanı rus dilində ilk dəfə 1929-cu ildə nəşr olunmuşdur. Qeyd edək ki, Remark möhtəşəm (daha çox isə faciəvi) qadın obrazları yaratmışdır. O, təkcə böyük yazıçı kimi deyil, həm də qadınların ürəyini fəth edən biri kimi tanınırdı. Onun ailə qurduğu və sevgili olduğu qadınlar arasında Greta Garbo, Marlen Ditrix, Paulet Goddar, Natali Paley kimi məşhurlar yer alıb.
Onun Marlen Ditrixə göndərdiyi gözəl və kədərli, həssaslıq və həsrət dolu məktublar və teleqramlar hələ də qalmaqdadır. Marlenin Remarka göndərdiyi məktublar isə təəssüf ki, saxlanılmayıb. Marlenin məktublarını, Çarlie Çaplinin "Yeni zamanlar" və "Böyük Diktator" filmlərində əsas qadın rolunun ifaçısı, keçmiş həyat yoldaşı, Remarkın isə axrıncı sevgilisi olan, qısqanc Paulet Goddar yandırmışdır.
Remarkın dahi aktrisa, film ulduzu və Nazi Almaniyasından immiqrant olan Marlen Ditrixə yazdığı məktubları sevgi haqqında ən möhtəşəm sənədli roman adlandırırlar. O məktublardan bir hissə: "Allahın mənə bəxş etdiyi əzizim! Mənə belə gəlir ki, biz ən doğru zamanda bir-birimiz üçün göndərilmişik. Biz bir-birimizi çox əziyyətlər çəkərək gözləmişik. Mən sənin yanında olmaq istəyirəm və bundan başqa heç nəyə ehtiyacım yoxdur. Sən bilməlisən ki, mən varam".
Mənbə: DeutscheWelle Tərcümə: Abzas