Emin bəy, dünən hakimiyyətə növbəti çağırış etmişiniz: “Azərbaycan indiki mərhələdə Sinqapur, Cənubi Koreya, "developmental state" yolunu getməlidir. Hökümət bunu çəkinmədən açıq elan etməlidir. Hər kəsin iqtisadi azadlığlarını təmin edəcəyini, amma siyasi azadlığlarını hələ bu mərhələdə təmin edə bilməyəcəyi haqqında açıq danışmalıdır. Heç kimnən də qorxmaq lazım deyil. Belə səmimi söhbəti xalq mütləq dəstəkləyəcək”.
Baxın, Sinqapur iqtisadi cəhətdən zəngin ölkədir və korrupsiya yoxdur deyə, avtoritarlığa haqq qazandırmağın bir nümunəsinə çevrilib. Xalqları aldatmaq üçün yaxşı bəhanədir. Yalnız bəhanədir. Halbuki korrupsiyanı ləğv edən və iqtisadi cəhətdən inkişafa etmiş o qədər başqa ölkə var. Həm də azad ölkələrdir həmin ölkələr, daha dayanıqlı uğura sahibdir.
Pis hökumətə pis nümunə verməyinizin mənası nədir?
Sinqapur söz azadlığının olmadığı ölkədir, bəli, açın söz azadlığı indeksini göstərən siyahılara baxın. Azərbaycanla eyni statusdadır – söz azadlığının olmadığı ölkədir.
Mən etiraf edirəm ki, sizin Meydan TV layihəniz Azərbaycanda söz azadlığının böyük bir xidmət olub. Neçə-neçə insan bunun üçün fədakarlıq və zəhmət çəkib. İndi siz Meydan TV-yə məhdudiyyətləri rəsmiləşdirməyə çağırış edirsiniz.
Müraciət etdiyiniz hakimiyyət onsuz da siyasi azadlıqları məhdudlaşdırmağı hər zaman həyata keçirir. Bunu siyasi repressiya və polis gücü ilə edib. İndi siz bunu legitimləşdiməyi təklif edirsiniz. Siyasi azadlıqları boğmaq rəsmi olsun, ya qeyri-rəsmi, bir qayda olaraq repressiyadır. Sabah bunu hakimiyyət qanunlara uyğun həyata keçirəcək.
Siz elə düşünməyin ki, başqaları kitab oxumur, siz bildiyiniz terminləri bilmir, amma çox ciddi araşdırmaçılar belə Sinqapurun sadəcə “bir nəticə” olmadığına şübhə edirlər, Li Kuan Yu ABŞ-a və digər ölkələrə məxsus böyük şirkətləri – onların ən yaxşı dönəminə təsadüf edərək – ölkəyə gətirməklə iqtisadi uğurlar yaratdı, əhalinin Yaponiya işğalından qalan “hər şeyə dözüb yaşamaq” elastikliyi və Britaniya hüquq sistemini yaşaması balaca, şəhər ölkəni hələ də avtoritarlığı qəbul etməyi məcbur edib. Bəlli şərtlər imkan verdi ki, Lee Kuan uğur yaratsın, amma çox şeyləri alaraq yaradıb bunu, alınan haqqlar isə HƏLƏ də qaytarılmır. Bu, dünya üçün uğur modeli deyil. Nazarbayev də buna cəhd etdi sanki, amma göz qabağındadır. Çin də iqtisadi uğur əldə edib, amma heç kimə nümunə deyil.
Hətta onu demirəm ki, Sinqapurda korrupsiyanın kökünü kəsən özü korrupsioner deyildi.
Emin bəy, elə indicə mən sizin son çağırışları da oxudum, , siz az qala dünən İlqar Məmmədovu gənclərin yanına getməyə görə tərifləmisiniz. Bir az öncə siyasi liderləri də sizin kimi istefa verməyə və gənclərə yol açmağa çağırmışınız. İndi İlqar Məmmədovun fəaliyyətinin dayanmdırlmasını, siyasətə gələcək gənclərin yolunu bağlamağı qanuniləşdirməyə çağırış edirsiniz.
Bu cür qeyri-ardıcıl, bu cür anlaşılmaz çağırışları niyə edirsiniz? Sizə kimlərsə satqın deməsini incik olaraq qeyd etmişiniz son statusların birində. Mən sizə satqın deyə bilmərəm. Bəlkə fərqində deyilsiniz, amma bu elədiyiniz Azərbaycan xalqına, burada mübarizə aparan insanlara arxadan zərbədir.
Təəssüflər olsun.
Bütün hallarda avtoritarlığı rəsmiləşdirməyi təklif etmək qanunsuzluğa çağırışdır, bizim Qanunlara və aid olduğumuz Avropa konvensiyalarına ziddir.
Şahvələd Çobanoğlu