2014-cü ildə Meksikalı rejisor Alexandro Qonzales İnyaritunun “Quş adam və ya Cəhalətin gözlənilməz xoşbəxtliyi” adlı bir filmi çıxmışdı. Dostlar sağ olsun, internetə düşən kimi tapıb göndərmişdilər. Ən yaxşı film, ən yaxşı rejisor, ən yaxşı senari və ən yaxşı kinematoqrafiya branşında Oskar almış bir filmdir. Yəqin, çoxunuz baxmısınız. Baxmayanlara da şiddətlə tövsiyyə edirəm. Toxunduğu mövzu və əhatəlilik baxımından möhtəşəmdir. Və çox asan və anlaşıqlı, hər kəsin anlaya biləcəyi tərzdə çəkilmiş bir filmdir.
Kinoda öz karyerasının zirvəsini yaşamış və qüruba doğru enməkdə olan məşhur bir teatr aktyorunun(Michael Keaton) başına gələnlər fonunda həyatın qəddarlığı göstərilir. Teatr alleqoriyadır. Teatrın timsalında həyatın özü nümayiş etdirilir. Teatrdan fərqli olaraq, həyatda məşq etmək və təkrar səhnə imkanı olmasa da, İnyaritunun Broadway təsviri heç də həyatın özündən daha az qəddar deyil.
Filmdə maraqlı məqamlar və möhtəşəm dialoqlar çox olsa da, burada ikisinə toxunacam, yalnız. Heç cür uğursuzluqdan çıxa bilməyən aktyora qızı bildirir ki, günün nəbzi twitterdədir. Sənin nə qədər möhtəşəm aktyor olmağın heç kimin vecinə deyil;əsas odur ki sənin twitin nə qədər retweet alıb. Filmin sonunda aktyor səhnədə özünü güllələyir və bir anda trendə çevrilir.
Bu, bizim bu günkü durumumuzla nə qədər də bənzərdir. Fərqi yoxdur sən kimsən və gördüyün işi hansı keyfiyyət və səmimiyyətlə görürsən. Əsas olan izləyici sayıdır. Şüurlu həyatının böyük hissəsini oxumağa, cəmiyyətə faydalı bir iş görməyə həsr edən onlarla insan tanıyıram ki, layiq olduqları mövqeni tapa bilməyiblər. Əvəzində bütün günü sosial medyada onnn-bunun arxasınca qeybət edənlər, cəmiyyətin nəbzini tutub bayağı işlərlə internet resurslarını işğal edənlər trendə çevrilir. Və bu situasiyada intellekti və dərrakəsi olan insanların bir çoxu depressivləşirlər. Əgər, “başlarına güllə çağmağa” hazır deyillərsə.
İkincisi və filmin məncə ən möhtəşəm hissəsi, aktyorun teatr tənqidçisilə dialoqudur. Standart, heç nəyi bəyənməyən, hamıya yuxarıdan aşağı baxan psevdointellektual kino tənqidçisi, saymazyana şəkildə aktyora “oyununu məhv edəcəm deyir”. Aktyor partlayır:
- Bu gün bunun oyununa şərh verirsən, sabah başqasının. Bəs, sən nə ilə risk edirsən? Yazdığın bir tənqid uğursuz olsa nə edəcəksən? Yenisini yazacaqsan. Mənim isə elə bir şansım yoxdu. Oynadığım oyun uğursuz olsa, növbəti oyuna çıxa bilməyəcəyəm. Səhnə isə, mənim həyatımdır və mənim həyatımla, sabah səhnədə olub-olmayacağımla bağlı sənin kimi, heç nə ilə risk etməyən birinin qərar verməsi sarsaqlıqdır.(tərcümə hərfi deyil, bədii mənanı çatdırmağa çalışmışam)
Bizim indi yaşadığımız dilemmanı necə də möhtəşəm əks etdirir. Son dövrlərdə sosial medyadan istifadənin kütləviləşməsinin yaxşı tərəfləri ilə yanaşı pis tərəfləri də çoxdur. Siyasi hakimiyyəti tənqid etməyin bahasının hər gün yüksəldiyi ölkədə, yeni “nə ət, nə balıq” bir qrup meydana çıxıb. Bu qrup özünü təsdiq etməyin ən gözəl yolu olaraq, müxalif insanları hədəfə almağı seçib. Siyasi hakimiyyəti tənqid etmək təhlükəlidir. Ölkənin problemlərindən yazmaq, karyeraya əngəldir. Yerdə qalır mövcudluğunu sübut etməyin ən rahat və ucuz yolu: müxalifləri tənqid etmək. Lakin, bu zaman özünü, güya, tərəfsiz, müstəqil kimi göstərmək.
Yanlış anlaşılmasın, müxalif fikirli insanlar tənqid olunmamalıdır, demirəm, olunsun. Lakin çox incə bir qırmızı xətt var ki, bu xətt, tənqidlə qərəz və eqonu ayırır. Uzun illərdir, olduqca ağır, repressic mühitdə nəyisə yaşatmağa, qoruyub sxalamağa çalışan kiçik bir azlıq var. Siyasi hakimiyyət bu azlığı məhv etmək, ortadan qaldırmaq üçün əlindəki bütün resurslardan maksimum istifadə edir. Və bu şəraitdə həddindən artıq çox sayda intellektual(böyük əksəriyyəti “intellektual”), sağdan da, soldan da müxalifləri güdürlər ki, biri bir səhv buraxsın. Səhv buraxdın, qanın getdi.
Müxalif fikirli olmaq, ideal olmaq demək deyil axı, əzizlərim. Hamımızın qüsurları var, hamımız səhv edirik. Kimsə, yanlış bir addım atdı və ya düzgün olmayan(sizə düzgün görünməyən) bir şey yazdı, vəssalam, hücum! Bu, çox zərərli yanaşmadır. Çox təəssüf ki, bu gün çox böyük məhrumiyyətlər hesabına fəaliyyət göstərən insanlaraın gördükləri işlərin cəmiyyətin nəzərindəki dəyəri, heç nə ilə risk etməyən, yazacağı tənqid uyğun olmasa və bəyənilməsə onu silib yerinə başqasını yazmaqda heç bir problem yaşamayacaq adamların verdiyi rəylər əsasında formalaşır. Bu heç də ədalətli deyil.
Bir şeyi yadda saxlayın ki, insanlar çox ağır şərtlər altında fəaliyyət göstərirlər, yazırlar, çəkirlər, danışırlar. Bəyənmirsiniz, buyurun, tənqid edin. Yox, elə etməyim? Bəs necə? Filankəs kimi? Onu mən bacarmaram axı. Mütləq bacarmalıyam? Bəs siz necə, bunu edə bilərsiz? Yox? Mütləq mən etməliyəm?
Azərbaycanda siyasi mübarizə aparanlar və onları tənqid edənlər: kim nə ilə risk edir? Birincilər öz fəaliyyətlərində uğursuz olsalar karyerasız, uğursuz, boz bir həyat onları gözləyir. Uğurlu olsalar, Kürdəxanıdakı həbsxana çarpayıları. Yenə karyerasız, uğursuz, sıxıcı bir həyat. Bəs onların tənqidçiləri? Heç nə, silib yenisini yazacaqlar. Karyeralarına da problem yaranmayacaq(yaratmayacaqlar), şəxsi həyatları da qaydasında olacaq, və qabaqlarına çıxanı tənqid etməyə davam edəcəklər. Təbii ki, güc sahiblərini yox. Güc sahiblərinin etdiyi haqsızlıqlara qarşı mübarizə aparanları.
Biz isə, hər şeyimizlə risk edirik. Dostlarımızın, qohumlarımızın çoxu ilə əlaqələr kəsilib. Sabahımız bəlli deyil. Təhsil, karyera məsələlərini heç açmayaq, belə. Yenidən çirkli karser çarpayılarına qayıtmayacağımızın və ya küçədə hansısa Kamaz tərəfindən əzilməyəcəyimizin heç bir qarantiyası yoxdur. Və bu şəraitdə neytral(ən azından onlar bunu iddia edirlər) insanların bütün işini-gücünü atıb səninlə məşğul olması, adamı ruhdan salmasa da, çox yorur.
Çeslav Miloş yazırdı ki, Varşavada qalıb işləyən yazıçılar, şairlər, rejissorlar və başqa digər sənət adamları Londondakılara görə xain və satqındırlar. Londondakılardan fərqli olaraq Varşavadakıların dünyaya çıxışı çox məhdud olduğundan, dünya Londonu dinləyir, ona inanır(bu hissəni mənasız mühacirlər və ölkədə qalanlar mübahisəsi açmaq üçün yazmadım. Londonu şərti, alleqoriya olaraq qəbul edin). Və indi yolun bütün yükünü çəkənlərin fəaliyyətinin qəbul edilib-edilməməsi, kənardan durub əlində siqaret yolu seyr edənlərin verdiyi qiymətlərdən asılıdır. Və biz nə bilək bu yolun kənarında duran müşahidəçilərin çəkdiyi siaretin içinə nə doldurublar?
İlkin Rüstəmzadə