Bu gün 28 Maydır.
Sevincli və hüznlüyük.
Sevincliyik – çünki 1918-ci ilin bu günü Şərqin minillik qaranlıqlarına ilk dəfə istiqlal günəşi doğdu. Məhəmməd Əmin Rəsulzadə və dava yoldaşları bəhalətin, xürafatın, köləliyin, feodalizmin caynağında inləyən böyük bir coğrafiyaya ümid oldular. Çağdaş mədəniyyətin toxumlarını səpdilər.
Hüznlüyük – çünki aradan bunca zaman keçdikdən sonra Azərbaycan Cümhuriyyətinin təməl daşları olan dəyərlərdən hələ də xeyli uzağıq. Ürəklərimiz hələ də azadlıq, hüquq, ədalət, çağdaş mədəniyyət həsrəti ilə alışıb yanmaqdadır.
Odur ki, 28 Mayı bir az sevinclə, bir az hüznlə anmaq yerinə 28 Mayı anlamağa çalışmaq lazımdır.
28 Mayı, əlbəttə, anacağıq.
Ancaq 28 Mayı ilk növbədə anlayacağıq, anlamağa dərk edəcəyik.
Bəli, bu sıradan bir gün deyil. Lakin haqqında sadəcə bəlağətlə, təntənə ilə danışılacaq bir gün də deyil.
28 May üzərində baş sındırılacaq, dərin-dərin araşdırılacaq, hər an, hər saniyə öyrəniləcək, başqalarına da öyrədiləcək bir gündür.
Fikrimcə, 28 Mayı anlamaq əslində çox sadə bir həqiqəti anlamaqdan başlayır: zaman bir az da çay kimidir – heç vaxt geriyə axmır.
Elə bu səbəbdən tarixin təkərini geriyə – orta çağlara fırlatmaq istəyənlər bəri başdan məğlubiyyətə məhkumdurlar.
Onu kimi düşünməyənləri düşmən görənlər, fərqli fikiri qandallamağa çalışanlar gec-tez zamanın axışına təslim olmağa məhkumdurlar.
Bəşəri idealların önünə dar ağacları ilə, inkvizasiyalarla, zindanlarla, sürgünlərlə çıxanlar bu gerçəklik qarşısında ağ bayraq qaldırmağa məhkumdurlar: hüquq və ədalət üzərində inşa edilməyən istənilən xaniman xarabazara çevriləcəkdir.
Tarix bunun örnəkləri ilə doludur.
"Gözünün ucu ilə baxan görər və ibrət götürər" – "Min bir gecə nağıllarında" deyildiyi kimi!
28 May keçmiş deyil, gələcəkdir. 28 Mayı anlamaq məhz gələcəyi anlamaqdır. Dünyanın hara getdiyini, bəşəriyyətin hansı yönə yol aldığını anlamaqdır.
Bu mənada xalq olaraq "iki aldığımızı", "sinifə qaldığımızı" düşünürəm.
28 Maya görə sevinən, 28 Mayda yekə-yekə tribunalardan təbrik nitqləri söyləyib, sosial şəbəkələrdən palaz-palaz təbrik statusları yazanlar arasında:
– saxta seçilmiş, daha doğrusu, seçilməmiş, təyin edilmiş bir deputata hansısa merkantil səbəblə yalmanan görürəm;
– haqsız yerə, siyasi səbəblə şərlənmiş bir insana qarşı planlı-proqramlı iftira kampaniyasına qoşulan, ya da bu iftira kampaniyasına səssiz qalan görürəm;
– bəşəri dəyərləri yeri gəldi-gəlmədi, başı çıxdı-çıxmadı, əxlaqsızlıqla, "milli köklərdən uzaqlaşmaq"la eyniləşdirənləri, "Amerikanın oyunu", "masonların işi" ilə assosiasiya edənləri görürəm;
– təhsilin yerlərdə sürünməsinə, savadsızlığın epidemiyaya çevrilməsinə səssiz qalıb, orta məktəblərdə məcburi din dərsi keçiriləcəyi xəbəri yayılınca sevincdən dombalaq aşanları görürəm;
– qadına qarşı şiddəti "yaxşı at özünə qamçı vurdurmaz" kimi axmaq, iyrənc mental düşüncə ilə müdafiə edənləri görürəm;
– sevdiklərti şairə sovetdənqalma, Stalin beyninin məhsulu olan "xalq şairi" adı verilməsinə cani-könüldən, səmimi-qəlbdən sevinənləri görürəm...
Görürəm və başa düşürəm: 28 Maya sevinir, ancaq 28 Mayı anlamayıb.
28 May onun üçün təqvimdəki əlamətdar gündür, ancaq düşüncə tərzi deyil.
Kimsə qüsura baxmasın: arxaik "fikirlərlə", aqrar "arqumentlərlə", mağara təfəkkürü ilə 28 Maya sevinmək, 28 Mayla qürurlanmaq səmimi görünmür.
28 Maya yalnız və yalnız 28 Mayı anlayaraq, onun ifadə etdiyi mənanı, onun təmsil etdiyi dəyərləri mənimsəyərək ürəkdən sevinmək olar.
Yuxarıda da yazmışıq axı: 28 May bizə keçmişi yox, gələcəyi işarə edir.
Elə bir gələcəyi ki hüquq və azadlıqlar üzərində inşa olunur, bilgi və kültür üzərində ucalır, çağdaş mədəniyyətlərlə birlikdə yüksəlir.
Elə bir gələcəyi ki orada bütün fərqliliklərə yer vardır.
Elə bir gələcəyi ki orada söz zopaların deyil, zəkalarındır.
Elə bir gələcəyi ki onun təməli qorxuya deyil, sevgiyə dayanır.
Zamanın bir çaya bənzədiyini, heç vaxt geriyə axmayacağını anlayanların, tarixin təkərini geriyə – orta çağlara fırlatmağa çalışanların məğlubiyyətə məhkum olduğunu dərk edənlərin, inkvizasiyalara özənməyib, intibaha inananların, keçmişə ilişib qalmayaraq gələcəyə güvənənlərin 28 Mayı qutlu olsun!
Elnur Astanbəyli