Vasif İsmayıl: "Həkimlərin gəlir siyasətini nəzərə almadan icbari tibbi sığorta sistemi işləməyəcək" [ video]

Vasif İsmayıl: "Həkimlərin gəlir siyasətini nəzərə almadan icbari tibbi sığorta sistemi işləməyəcək" [ video]
3 Aprel 2019
Mətni dəyiş

Tanınmış uroloq-həkim Vasif İsmayıl səhiyyə sahəsindəki aktual məsələlərlə bağlı Abzas-a müsahibə verib. Müsahibədə gələn ildən ölkədə tətbiq olunacaq icbari tibbi sığortanın incəlikləri haqda, həmçinin ölkəni bürümüş onkoloji xəstəliklərin diaqnostika problemi, Azərbaycan mentalitetinin xəstə-həkim münasibətlərinə necə təsir etməsi barədə danışıb.

- Üç rayonda həyata keçirilən pilot layihədən sonra gələn il ölkə boyu tətbiq ediləcək icbrai tibbi sığorta həkimlər və pasientləri razı salacaqmı?

- İcbari tibbi sığorta hal-hazırda əhalidə olan gərginliyi azaltmaq üçündür. İndiki halda həkimlərin maaşı filan artacaq deyil. Ola bilər bu müəyyən qədər xəstə potensialı az olan həkimlərə xeyir versin. Ancaq, bu sistem tətbiq olunmağa başlamalıdır ki, biz bu məsələlərdən danışa bilək. İndiki vəziyyətdə Azərbaycanın camaatının olduğu hal çox acınacaqlıdır, buna imkan vermək olmaz. Mən həkim kimi düşünürəm ki, ilk başlarda icbari tibbi sığorta mənim maraqlarımı güdməyəcək. Amma bu addımı həmişə dəstəkləyirəm. Ümumiyyətlə, indiyə qədərki təcrübə göstərir ki, sistem qurulub hərəkətə keçdikdən sonra rəqabət mühiti onu bir yolla nizamlayır. Onsuz da hökümət nə qədər də istəsə iqtisadiyyatın qanunları əleyhinə heç bir şey edə bilməyəcək. Yəni həkimlərin gəlir siyasətini nəzərə almadan bu sistem onsuz da işləməyəcək.

- Hazırda onkoloji xəstəliklərlə bağlı dövlət proqram olduğu üçün bu xəstəliklərə qulluq icbari tibbi sığortanın tərkibinə daxil edilməyib, proqram isə aktiv şəkildə tətbiq edilmir. Bunun səbəbini nədə görürsünüz?

- Ermənistanda onkoloji xəstəliklərə dövlət hesabına qulluq göstərilməsi haqda çox proqressiv bir qərar verilib, amma Azərbaycanda bu çoxdan var. Bunun altında yatan səbəb ondan ibarətdir ki, indiyədək Azərbaycanda heç bir xəstəliyi ayırmağa ehtiyac yox idi. Çünki, ölkədə sovetdənqalma köhnə “Semaşko” sistemi vardı. “Semaşko” sistemində büdcə də dövlətin idi, xəstəxana da dövlətin idi, həkim də dövlətdən maaşı alırdı. Buna görə də “hər şey pulsuzdur” fikrini ortaya atmaq mümkün idi. Azərbaycan müstəqil olandan sonra da “Semaşko” sistemini qorudu. Hamı bilirdi ki, bu sistem işləmir, dövlət də bunun fərqinə vardı. Təkcə onkoloji xəstəliklər deyil, başqa xəstəliklər də, məsələn böyrək çatışmamazlığı, şəkər xəstələri üçün də dövlət proqramlarını qəbul edildi. Dövlət büdcəsindən sırf bu proqramlar üçün büdcə ayrılır və bu xəstələrin müalicəsi həmin büdcə ilə aparılırdı. Bu gün Azərbaycanda qanunla bütün ankoloji xəstəliklərin müalicəsi dövlət tərəfindən ödənilmiş sayılır. Həqiqətdə niyə belə deyil, insanlarımız bunu soruşsunlar. Azərbaycanda ən böyük problem odur ki, yazıyla əməl üst-üstə düşmür.

- İcbari tibbi sığortanın illik ödənişini işləyənlər üçün şirkətlər, işsizlər isə özləri illik 120 manat olmaqla ödəyəcəklər. İşsizlərin bu ödənişi edib-etməyəcəyi sual altındadır. Daha effektiv metod necə olardı?

- İcbari tibbi sığorta sisteminin daha effektiv qurulmasıyla bağlı mənim heç bir təklifim yoxdur, çünki mən sadəcə fikir bildirirəm. Başqa fikir bildirən olmadığı üçün mənim fikrim dinlənilir. Ancaq işin dərin mütəxəssisi deyiləm. Təkcə onu deyə bilərəm ki, əgər hökümət icbari tibbi sığortada kiçik bir uğursuzluğa düçar olsa bunun çox ciddi sosial əks-sədası olacaq. Bunu da hökümətdəkilər sizdən də, məndən də gözəl bilirlər. Bəli, bu işdə müəyyən sualtı qayalar mövcuddur, onlara biz hər an dəyə bilərik. İnanın ki, 2008-ci ildən bu yana qədər, yəni 11 ildir bu sistemin tətbiqinin gecikdirilməsinin əsas səbəbi bu idi. Hesab-kitabı aparılırdı. Burda müəyyən problemlərin olması gözləniləndir, insanların bir qismi sığorta haqqını ödəməyəcək. Dövlət xəstəxanaları prinsipi ilə heç bir imkanı olmayan xəstələrə tibbi yardım göstərilməsi prinsipindən dövlət heç bir yana qaça bilməyəcək. Paralel bir struktur kimi icbari tibbi sığorta da işləyəcək. Belə baxanda indiyədək Azərbaycanda paralel strukturlar öz sələflərindən daha effektiv işləyiblər deyə, inanıram ki, icbari tibbi sığorta nə isə uğursuzluğa düçar ola.

- Ölkədə insanların həkimlərə etimadı azalıb, bunun səbəbi xətalı diaqnoz və korrupsiyada görülür.

- Birincisi, Azərbaycanda səhiyyə qurumları, xüsusən özəl səhiyyə qurumları biznes məqsədini həyat keçirmək üçün qurulmasına baxmayaraq, müəyyən etik normalara bağlıdırlar. Təkcə hüquqi normalar deyil, eyni zamanda etik normalar var. Xəstələr çox vaxt düşünə bilər ki, həkimlər ağıllarına gələn diaqnozu qoyurlar. Ancaq, həkimlərin öz arasında ciddi bir rəqabət və ciddi bir nəzarət var. Düzdür bu nəzarət nə qədər ciddi olsa da, yenə də yarıtmazdır, çünki başsızdır. Administrativ resurs öyrəşib ki, başa kimisə qoysun və o da insanları çoban kimi idarə etsin. Artıq bu cür yanaşma işləmir. Hər kəs özü bir çoban olur. Təkrarən qeyd edirəm ki, həkimlər xəstəyə lazım oldu-olmadı onu əməliyyata yönləndirməsi o qədər də ağlasığan bir iddia deyil. Belə hallar çox az ola bilər. Ümumən isə, səhiyyə sahəsi sizin cəmiyyətdə gördüyünüz digər sahələrdən, istər polisdən, istər ticarətdən milyon dəfə daha şəvvaf, milyon dəfə daha namuslu işləyir. Di gəl ki, Azərbaycan səhiyyəsi yenə də yarıtmazdır.

Cəmiyyətdə stereotip düşüncə hakimdir. Camaatda belə bir fikir var ki, Səhiyyə Nazirliyinin əsas məqsədi camaatı qırmaqdır, yaxud camaatın sağlamlığı bunların vecinə də deyil. Əksinə, elə bir şey yoxdur. Bu gün Azərbaycanda xalqın sağlam olmasını ən çox istəyən səhiyyə naziridir. Azərbaycanda səhiyyənin yarıtmaz olması düşüncəsinin altındakı fundamental səbəb çox bəsitdir. Azərbaycan cəmiyyəti disiplinsiz və müəyyən bir quruluş ətrafında toplanmamış bir cəmiyyətdir. Cəmiyyətin necədirsə, səhiyyən də eyni cür olacaq. Ancaq bunu da qeyd etməliyik ki, bu gün səhiyyə sisteminə etimadsızlıq 2003, 2004, 2005-ci ildəki kimi deyil. Etimadsızlıq xeyli azalıb. Yenə də qismən yarıtmazdır. Bunun səbəbi təkcə həkimlərin səhlənkarlığı deyil, administrativ resursların da burda rolu var.

- Tibbi sığorta vətəndaşların səhiyyəyə bu cür münasibətində nələri dəyişdirəcək?

- Səhiyyə xidmətindəki keyfiyyətin və struktur möhkəmliyinin artması üçün icbari tibbi sığortanın olması şərtdir. Səhiyyə maşını həmişə insanların cibindəki pulla işləyə bilməyəcək. Bu cəmiyyəti yorur. Ona görə də mütləq hər bir vətəndaş öz sağlıq xidmətlərinin alınmasında iştirak etməlidir. Əslində icbari tibbi sığorta üçün ödənilən aylıq məbləğ, tutulan vergi, vətəndaşların sayıqlığını artıracaq və onların hökümətdən hesabat tələb etmə istəyini, həvəsini artıracaq. Hər bir vətəndaşın maaşının ayda iki faizini tutlsa, sonra icbari tibbi sığorta onlara düzgün xidmət göstərməsə, camaat deyə bilər ki, "mənim maaşımdan 2 faizi tutursan, niyə xidmət göstərmirsən".

İcbari tibbi sığortanın tətbiqi cəmiyyətin hər kəsimi üçün Azərbaycanda səhiyyə islahatlarının ən parlaq nümunəsi olacaq.

- Yaşlı nəslin ən çox qorxduğu xəstəlikdən olan xərçəngin yanlış diaqnostika və müalicəsi nəticəsində pasient vaxtından əvvəl həyatını dəyişir. Effektivliyin əzif olmasının səbəbi diaqnostika, yoxsa xəstənin öz səhlankarlığı ilə bağlıdır?

- Xərçəngin yanlış diaqnostikası ilə bağlı deyilənlər hamısı stereotip düşüncə tərzidir və heç bir əsası yoxdur. Bu stereotip düşüncə tərzinə səbəb Azərbaycanda onkoloji xəstəliklərə qulluğun problemlərindən qaynaqlanır. Azərbaycanda Milli Onkologiya Mərkəzinin və digər onkoloji klinikaların göstərdiyi xidmətlərdə qüsurlar olduğu doğrudur. Amma bu onlarda struktur qüsurlar deyil. Azərbaycanda onkoloji xəstəliklərin diaqnostikasında heç bir problem yoxdur. Biz bu işdə, Türkiyə və Rusiyadan geri qalmırıq. Onkoloji xəstəliklərin müalicəsində isə müəyyən nüanslarda geri qalırıq. Bizi Ermənistan və Gürcüstan boyda ölkə olmağımıza baxmayaraq, onlardan on illərlə qabaqdayıq.

Onkoloji mərkəz insanlarla söhbətə və dialoqa gedərək özünü təkmilləşdirməlidir, çünki bu gün insanların daha çox şikayəti onkoloji mərkəzdəki xidmətdə deyil, ordakı abu-havadandır. Həkimlər və tibbi personal xəstələrə kifayət qədər diqqətli yanaşmaq istəmirlər. Çünki, inhisarçıdırlar.

Mən özüm onkoloji klinikada işləyirəm, onkoloji xəstəliklərlə məşğulam. Bizim gecikərək əməliyyat və müalicə etdiyimiz xəstələrin əksəriyyəti illərdir bu probleminin olduğunu bilirlər. İllərdir ona söylənilənləri eləməyən insanlardır. Və onlar pulsuzluqdan deyil, infantillikdən belə davranırlar. Mən hər həftə bir neçə xəstəylə oturub saatlarla söhbət edirəm, bu və bu şeyləri eləməsən sənin yaşama şansın yoxdur deyirəm, ancaq onlar nəyi seçirlər? “Kişi kimi yaşamışam, kişi kimi də öləcəyəm” – hökmünü. Ölürlər də.  Bizim mentalitetimizdə və düşüncə tərzimizdə problem var, bunun səbəbi pulsuzluq deyil, infantilizmdir. Azərbaycan cəmiyyəti öz uşaqlarını infantil yetişdirir. Ona görə də bizim qarşımıza 50 yaşına gəlmiş, ancaq məntiq olaraq 25-30 yaşlı insanlar olur. Etdiyi hərəkətlərin məsuliyyətini tam başa düşməyən insanlar var. Gecikən xəstələrin əksəriyyəti bilə-bilə gecikir.

Əgər mətbuat həkim səhlankarlığı ilə bağlı stereotipləri daha çox yaymağa başlasa, o insanların bu cür qeyri-adekvat addımları daha da artacaq.

[embed]https://www.facebook.com/AbzasMedia/videos/279945319556297/[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun