İndi artıq dəqiq bilirdim ki, bizimlə qatarda yol gələnlər, stansiyada yük maşını istəyənlər, yaşına və başqa səbəbə görə həkimin işə yararlı hesab etmədiyi adamlar, həmçinin, balaca uşaqlar və onların anaları (hələ görkəmindən hamilə olduqları bilinən gələcək anaları demirəm) bu dəqiqə orda, üzbəüzdəki sobadaca yanmaqdadırlar. Bizə belə söylədilər. Stansiyadan onları da hamama aparmışdılar. Bizim kimi, onlara da nömrə barədə məlumat verib tapşırmışdılar ki, öz nömrələrini yadda saxlasınlar. Harda və necə çimməli olduqlarını başa salmışdılar. Danışırdılar ki, onları da bərbərlər gözləmişdi, hələ sonra bizə verilən sabundan onlara da paylamışdılar. Sonra onlar da su boruları və duşu olan yuyunma yerlərinə keçmişdilər, intəhası, burda su əvəzinə onların üzərinə qaz buraxılmışdı...
Beləcə, eşitdim ki, qaz kamerasına çatana qədər adamlarla çox nəzakətli, mehriban, istiqanlı davranırlar, hər cür xidmət və qayğı göstərirlər, uşaqlar top-top oynayıb oxuyurlar, onları məhv etdikləri yer isə ətrafı çəmənliklə, ağaclarla, çiçəklərlə dövrələnmiş çox gözəl, təmiz, səliqəli yerdir.
İmre Kertes - “Talesiz” əsərindən
Fəaliyyət göstərdiyim sahə olduğuna görə bədii ədəbiyyatın faydalı tərəfləri haqqında tez-tez, özü də daha əhatəli, daha ehtirasla yazmağa utanıram. Bu, bir növ məşğul olduğun sahəni qiymətə mindirmək kimi alınır. Lakin hal-hazırda, bu an, bu dəm ədəbiyyatın faydalı tərəfləri haqqında bir neçə cümlə yazmaqdan əlimi heç cür saxlaya bilmirəm.
İdrak ağacının meyvələrini dərmək və dadmaq üçün bədii ədəbiyyat çox qiymətli vasitələrdən biridir. Ədəbiyyat bizə böyük və kiçik hadisələrin həqiqi mahiyyətini başa düşmək, bir dövrdə yaşayıb başqa dövrləri hiss etmək, ümumiyyətlə, geniş mənada tarixi, tarixin inkişafını görmək, hətta çox dərinə getsək, tarixdə ərimək şansı verir. İnsanın hər hansı bir dövrdə necə geyinməsini, nələr yeməsini, sevgisini, kədərini necə izhar etməsini, insanın məişətini, həyat şərtlərini, əyləncəsini, necə vaxt keçirməsini, müxtəlif təbəqələrin adət-ənənəsini, vərdişlərini bilmək bizə həmin dövrdə baş verən hadisələri daha dərindən başa düşməyə xüsusi bələdçilik edir, hadisələri daha dərindən başa düşməyə əlavə köməklik etmiş olur. Tutaq ki, biz Radişevin “Peterburqdan Moskvaya səyahət”, Qoqolun “Ölü canlar”, Turgenevin “Ovçunun xatirələri”, Tolstoyun “Dirilmə” əsərlərini oxumasaq, (hazırda yadıma düşən bu əsərlərdir) rus kəndlisinin məşəqqətli həyatını xırda təfərrüatlara qədər öyrənə bilməyəcəyik. Şeytan isə əksər hallarda xırda təfərrüatlarda, kiçik detallarda gizlənir.
Əgər hadisələrin baş qəhrəmanı, iştirakçısı insandırsa, ayrı-ayrı insan taleləri ilə tanış olmadan böyük hadisələrin mahiyyətini anlamaq çətindir. Ayrı-ayrı insan taleləri ilə tanış olmasaq məsələn, birinci dünya müharibəsi bizə sadəcə rəqəmlərdən, statistikadan ibarət yekə bir hadisə kimi görünəcək. Biz ayrı-ayrı insan taleləri ilə tanış olmasaq, birinci dünya müharibəsinin nə qədər böyük bir faciə olduğunu dərk etməkdə çətinlik çəkəcəyik. Şəxsən bəndəniz bir neçə adam tanıyır ki, həmin adamlar tarixi kifayət qədər yaxşı bilsələr də, ədəbiyyat oxumadıqlarına, ədəbiyyat vasitəsi ilə ayrı-ayrı insan taleləriylə tanış olmadıqlarına görə tarixi hiss etməkdə çətinlik çəkirlər. Remarkın “Qərb cəbhəsində təbəddülat yoxdur”, Anri Barbüsün “Atəş”, Riçard Oldinqtonun “Qəhrəmanın ölümü”, Heminqueyin “Əlvida, silah” əsərlərini oxumadan birinci dünya müharibəsində iştirak edən ayrı-ayrı adamların taleləri, arzuları, istəkləri, qorxuları ilə yaxından tanış olmadan birinci dünya müharibəsinin hansı miqyasda bir faciə olduğunu necə dərindən dərk etmək, necə geniş təsəvvür etmək olar?
Yeri gəlib çox ciddi bir problemə növbəti dəfə toxunmaq istərdim. Azərbaycanın ictimai-siyasi həyatında ədəbiyyat çatışmazlığı, ədəbiyyat oxumamağın fəsadları açıq-aşkar görünür. Ölkənin keçmişi, bu günü, gələcəyi haqqında böyük-böyük fikirlər səsləndirən adamların çoxu Azərbaycan ədəbiyyatından xəbərsizdirlər. Bir siyasətçi, bir ictimai xadim xitab etdiyi xalqın, xüsusən, klassik ədəbiyyatını dərindən bilməsə, çox güman, xalqın kodlarını, zəif və güclü tərəflərini öyrənməkdə, ümumən xalqla dil tapmaqda çətinlik çəkəcək. Xitab etdiyin xalqın ədəbiyyatını bilməmək bilirsiniz nəyə bənzəyir? Elə bil dəmirçi dəmirin, dülgər taxtanın xassələrindən xəbərsizdir. Ədəbiyyat və siyasətçi – bunlar bir-birini tamamlayan, bir-birindən ayrılmaz anlayışlardır. Xitab etdiyi xalqın, xüsusən, klassik ədəbiyyatını bilməyən siyasətçi siyasətçi deyil, pəpişquludur.
Ədəbiyyat oxumaq hələ azdır, oxumaq hələ hər şey demək deyil, oxuduqlarını qavramaqdan ötrü işin tərsliyindən bədii təfəkkür də lazımdır. Qərəz, çox uzun həngamədir. Bir şey qəti şəkildə məlumdur ki, idrak ağacının meyvələrini dərmək, idrak ağacının meyvələrinin dadına baxmaq üçün kəsə yol yoxdur. Kim idrak ağacına doğru kəsə yol getmək istəyirsə, hər şeydən əvvəl özü özünü aldadır, idrak ağacına doğru getməli olduğu yolu daha da uzadır, bəzən isə tamam azır, itib-batır, yoxa çıxır. Nə bilmək olar bəlkə də prosesin gözəlliyi, qiyməti elə kəsə yolun olmamasındadır. Əgər “kəmərin bağlanmağını” istəyirsənsə, dizini qatlayıb, yanını yerə qoyub oxumalısan. Oxuduqlarını qavramalısan. Prosesi yola vermək, hansısa bir formada kəsə yol axtarmaq hesaba girmir. Vəssalam. Hal-hazırda vəziyyət belədir, on ildən, on beş ildən sonra necə olacaq bilinmir. Gələcək haqqında danışmaq böyük məsuliyyət tələb edir!
Azərbaycan Tərcümə Mərkəzinin nəşr etdiyi “Talesiz” kitabına yazılmış ön sözdə bu cümlələri oxuyuruq: “İmre Kertesin 1975-ci ildə qələmə aldığı “Talesiz” romanı çox keçmədən tənqidçilərin diqqətini cəlb edib və onu macar ədəbiyyatının nadir söz ustası kimi tanıdıb. Roman yazıçının öz taleyindən bəhs edərək həbs düşərgəsində ağır günlər keçirmiş, məşəqqətlərə məruz qalmış yeniyetmənin dilindən nəql olunur. Bu yeniyetmə faşist düşərgəsində insanın deqradasiyaya uğramasının bütün dəhşətlərinin şahidi olur və gördüklərini qələmə alır...”
[caption id="attachment_76396" align="aligncenter" width="1024"] Talesiz (Fateless, 2005) filmindən kadr[/caption]“Talesiz” əsərinin elə ilk cümlələri adamı tərpədir: “Bu gün məktəbə getmədim. Daha doğrusu, getmişdim, ancaq icazə almaq üçün. Atam “ailə vəziyyəti ilə əlaqədar” mənim bütün gün ərzində dərsdən azad olunmağım xahişi ilə ərizə yazmışdı. Sinif rəhbərimiz ailəmizin vəziyyəti ilə maraqlandı. Deyəndə ki, atamı əmək düşərgəsinə aparırlar, daha mənə ilişmədi”.
İkinci dünya müharibəsindən bəhs edən ciddi sənədli filmlərin çoxunda qarşımıza çıxan bir kadr var. Alman əsgərləri təpənin başında dayanıb aşağı çörək tikələri atırlar. Aşağıdakılar, hərbi əsirlər isə bir-birlərini itələyərək, bir-birlərinə aman vermədən çörək tikələrini göydə qapmağa çalışırlar. Hər iki tərəf, həm yuxarıdakılar, həm də aşağıdakılar insanlıq sifətini itirib. Hərəsi bir cür. Doğrudan da insanlığın dayaqları çox kövrəkdir. Bir az çətinliyə düşən kimi, bir az “münbit şərait” yaranan kimi insanlığın dayaqları sarsılmağa başlayır. Adi hərbi xidmətdə insanlığın dayaqları nə qədər sarsılır. Hələ hərbi xidmət nədir ki? Heç nə, uşaq bağçası. Bunun müharibəsi, sürgünü, ölüm düşərgəsi var.
Russo yazırdı ki, mədəniyyət inkişaf etdikcə insanları tanımaq da çətinləşdi. Yəni loru dildə desək, nəzakət qaydalarına riayət edən, zövqlə geyinən, bahalı ətirlərlə ətirlənən insanın naqis tərəflərini öyrənmək, nəzakət qaydalarına riayət etməyən, zövqsüz geyinən adamların naqis tərəflərini öyrənməkdən daha çox vaxt tələb edir. Bəzən insanlar öz naqis cəhətlərini nəzakət qaydalarına riayət etməklə, zövqlə geyinməklə bir müddət, bəzən isə uzun müddət gizlətməyi bacarırlar. Bir qadın tanıyıram. O qadın uzun illərdir öz səsi ilə deyil, tamam başqa, özlüyündə güya daha məlahətli, daha aristokratik səslə danışır və başqa, süni səslə danışmaqdan yorulmur. Halbuki başqa səslə danışmaq insandan olduqca böyük enerji tələb edir.
Bir məsələni əsla unutmaq lazım deyildir. İnsan nəzakət qaydalarına riayət edib, təmiz, zövqlə geyinib başqalarının universal, fundamental haqlarını da kökündən inkar edə bilər.
İnsanın vəhşiləşməsi haqqında klassik ehkamlar mövcuddur. Bu ehkamlar ondan ibarətdir ki, insan vəhşiləşəndə, insan insanlıq simasını itirəndə onun sifət cizgiləri əyilib bir-birinə qarışır, üz-gözünü saç-saqqal basır, gözləri böyüyür, beli azacıq bükülür, emosional stabilliyi pozulur, qan tökəndə, işgəncə verəndə iblissayağı qəhqəhələr çəkir və sairə və ilaxır. Lakin xüsusən, iyirminci əsrdə baş verən hadisələr göstərdi ki, nəzakət qaydalarına yüksək dərəcədə riayət edən, zövqlə geyinən adamlar da vəhşiliklər etməyə, qan tökməyə, sakitcə faciələr törətməyə asanlıqla qadirdilər. İnsanın qan tökməsi, işgəncə verməsi, faicələr törətməsi üçün onun gözünün böyüməsi, üz-gözünü saç-saqqal basması, sifət cizgilərinin əyilib bir-birinə qarışması, belinin azacıq bükülməsi və digər bu kimi, buna bənzər əlamətlər heç də vacib şərtlər deyil, bunlarsız da insan hər cür vəhşiliklər edə bilər.
İyirminci əsrin ən amansız cəlladlarından biri Reynxard Qeydrix musiqini çox sevirdi, özü də skripkada çox gözəl ifa edirdi.
Burda zəruri bir haşiyəyə çıxmaq istəyirəm. Bir də görürsən, məşhur cəlladlardan birinin övladı atası haqqında xatirələr danışır və atasını çox yaxşı adam kimi xarakterizə edir. Deyir ki, əslində siz onu yaxşı tanımırsınız, o çox gözəl, qayğıkeş, mehriban ata idi. Qayğıkeş, mehriban ata olmağın qaniçən cəllad olmağa nə dəxli var? Bunun biri o birisinə əsla mane olmur. O, sənin üçün yaxşı, qayğıkeş, mehriban ata olub, bəs başqaları? Bir çox vəhşi heyvanlar da öz balaları üçün yaxşı ata, yaxşı anadırlar. Amma bu onların başqa heyvanları parçalayıb balalarına yedizdirməyinə maneçilik törətmir. Nə var belə yaxşı ata olmağa? İyirminci əsrin ən məhşur cəlladlarından biri, əli milyonlarla insanın qanına bulaşmış Himmler də çox yaxşı, qayğıkeş ata idi.
[caption id="attachment_76397" align="aligncenter" width="650"] Talesiz (Fateless, 2005) filmindən kadr[/caption]“Talesiz” əsərinin diqqəti çəkən tərəflərindən biri budur ki, müəllif işgəncə verən, qan tökən, faciələrə yol açan, ən azı faciələri görüb özünü görməzliyə vuran adamları xortdan kimi deyil, adi adamlar kimi təsvir edir. İşgəncə verən, qan tökən, faciələr törədən, faciələrə yol açan, faciələrə haqq qazandıran, zorakılığa zərurət adı qoyan adamlar kostyum geyinir, qalstuk taxır, əllərində içi konyakla dolu qədəhlər tutub poeziya, rəssamlıq haqqında söhbətlər edir, klassik musiqiyə qulaq asır, onların övladları məktəbə gedir, musiqi dərsləri alırlar. Məsələn: “İkinci mərtəbəyə qalxanda birdən ögey anam dedi ki, çörək almaq yaddan çıxıb! Kartoçkanı çıxarıb verdi və mən çörək dükanına qaçmalı oldum. Dükanın qapısı ağzında balaca növbə vardı. Növbəm yaxınlaşanda əvvəlcə dükandarın iri döşlü, ağbəniz arvadının tuşuna çatdım. O, lazımi ölçüdə kvadratlar kəsirdi. Sonra isə çörəkçinin qarşısında dayandım. Salamıma cavab vermədi. Məhəllədə hamı bilirdi ki, onun yəhudiləri görən gözü yoxdur. Ona görə də candərdi çəkdiyi çörəyi üstümə tulladı. Kişinin kinli baxışlarını, çörəyi tərəzidən hansı cəldliklə götürüb üstümə atdığını görəndə birdən-birə başa düşdüm ki, onun yəhudilərə nifrəti ədalətli və anlaşılandı. O, yəhudilərə də adi adamlara göstərdiyi münasibəti göstərsəydi, çörəyin çəkisindən kəsdiyi üçün, yəqin vicdan əzabı ona rahatlıq verməzdi. Belədə isə o, öz əqidəsinə uyğun davranır, hərəkətlərini də nəyə görəsə yox, ideyasına uyğun şəkildə idarə edir”.
Başqa bir misal: “Onlar bizi boz tikililərin arasındakı dolama yollarla harasa aparır, elə hey aparırdılar. Axırda biz ağ çınqılla döşənmiş iri bir meydana gəlib çatdıq. Bura hansısa kazarmanın həyətinə oxşayırdı. Görkəmindən rəisə oxşayan ucaboy bir adama diqqət yetirdim. O, qarşıdakı tikilidən birbaşa bizə tərəf gəlirdi. Ayaqlarında uzunboğaz çəkmələr, əynində poqonlarında qızıl ulduzlar olan və əyninə kip oturmuş uniforma vardı. Əlindəki, adətən, at sürəndə istifadə edilən nazik, elastik qamçı ilə addımbaşı öz çəkməsinin qunclarına vururdu. Bir dəqiqə sonra, biz hərəkətsiz duranda fikir verdim ki, gözəl bir kişidir. Bədəni idmançı kimi bərk və biçimli, üzünün ifadəsi kişiyanə idi. Ovaxtkı dəbə uyğun nazik, qara bığları gündən qaralmış sifətinə çox yaraşırdı, lap az qala, kinolardakı qəhrəman aşiqlərə oxşayırdı. O yaxınlaşanda jandarmlar bizə “farağat” komandası verdilər. Bundan sonra nə baş verməsi yaddaşımda yalnız bir-birini tələsik əvəz edən təəssürat kimi qalıb. Əvvəla, qamçılı zabitin civiltili, qulaqdeşən səsi gözəl zahiri görkəminə qəti uyuşmurdu və mən təəccübdən onun nə dediyini seçə bilmədim. Amma onu ayırd edə bildim ki, bizim işimiz üzrə “tədqiqatı” – bu, bilavasitə onun ifadəsi idi - sonraya saxlamaq, daha doğrusu, sabah aparmaq niyyətindədir. Bunu bildirəndən sonra jandarmlara tərəf dönüb, bütün meydanı dolduran səsi ilə əmr etdi ki, “bu yəhudi tör-töküntüsünü” özlərinə layiq olan yerə, yəni tövləyə aparsınlar, qapısını da arxadan bağlayıb səhərəcən açmasınlar. İkinci təəssüratım bundan sonra başlanan ağlagəlməz səs-küydür. Bizi harasa yönəltmək üçün jandarmlar qəfildən həvəsə düşüb, hamısı bir ağızdan, var səslə komanda verməyə, çığırıb-bağırmağa başladılar. Bu şivən aranı elə qatıb-qarışdırdı, hamını elə karıxdırdı ki, mən hansı tərəfə dönməli olduğumu neçə müddət dərk eləyə bilmədim...“
Ümumiyyətlə, “Talesiz” əsərində faciənin yaxınlaşması çox sakit tərzdə, təmkinlə təsvir edilib: “Ögey anam əmək düşərgəsində atama lazım ola biləcək əşyaların uzun siyahısını tutmuşdu. Onların bir hissəsini hələ dünən yığıb hazırlamışdı, qalanlarını isə dükandan almaq lazım idi. Küçə ilə gedərkən hər üçümüzün sarı ulduzuna görə özümü bir az kefsiz hiss edirdim...
[caption id="attachment_76398" align="aligncenter" width="906"] İmre Kertes[/caption]Dükanlarda çoxlu adam vardı – bizim mal çuvalı üçün gəldiyimiz dükandan başqa. Burda biz, ümumiyyətlə, tək idik. İçərinin havasına müşənbənin qatı qoxusu çökmüşdü. Dükandar qoca kişiydi. Dolu və kürən bir adamdır, ağzını açanda qoyma üst dişləri parıldayırdı. Gonbul arvadı bizə çox mehriban yanaşırdı. Bir yığın şey-şüyü dərhal gətirib piştaxtanın üstünə tökdülər. Fikir verdim ki, dükan sahibi arvadına “qadası” deyə müraciət edir, özü də qadını tez-tez ora-bura buyurur, gah onu, gah bunu tapıb gətirmək üçün göndərir. Bu dükanı əvvəllər də tanıyırdım, evimizin yaxınlığında idi, amma içinə girməmişdim. İdman malları dükanına oxşasa da, burda hər cür xırdavat satılır. Son vaxtlar hətta şəxsi istehsal olan sarı ulduz, sarı parça kimi qıt məhsullar da. Bizim ulduzlarımız barədə ögey anam vaxtında tədbir görmüşdü. Əgər mən düz başa düşmüşdümsə, onlar karton formanın üstünə parçanı tarım çəkməyi fikirləşmişdilər. Belədə, əlbbəttə ki, qəşəng alınırdı, altı şüanın altısı da düz görsənir, evlərdə düzəldilən kimi ora-bura əyilmirdi. Onu da gördüm ki, bu məhsuldan dükan sahiblərinin öz yaxalarında da asılıb. Belə düşünmək olardı ki, onlar sarı ulduzları müştərilərə reklam məqsədilə taxırlar...
Ümumiyyətlə, qoca bizimlə çox ədəbli və istiqanlı danışır, imkan daxilində “əmək düşərgəsi” sözünü dilə gətirməkdən yayınırdı. Bizə göstərdikləri isə, həqiqətən, faydalı və lazımlı şeylər idi. Hermetik qapaqlı qazança, lazımlı alətləri olan qatlama cib bıçağı, çöl çantası, buna oxşar başqa nələrsə. Dediyinə görə, indi çoxları bu ləvazimatları ondan tez-tez soruşurlar...”
Bir çox hallarda kiçik qayğılarımız, məişət problemlərimiz, həyatın adi ritmi böyük faciələrin yaxınlaşmasını görməyə imkan vermir. Faciə yaxınlaşmaqdadır, insanlar isə alış-verişlə, öz məişət problemlərini həll etməklə, xırdaçılıqla məşğuldurlar.
“Talesiz” əsərində, yəqin ki, ən ağır yer düşərgəyə vaqonlarla aparılan adamların macar sərhədində macar sərhədçisi ilə sövdələşməyə girişməsi səhnəsidir. Sərhədçi vaqondakı adamlardan kimdə nəsə qiymətli bir şey, pul qalıbsa, ona verilməsini gah xahiş, gah tələb edir. Deyir ki, əgər qalıbsa, bu qiymətli əşyalar, pullar onsuz da onlara getdikləri yerdə lazım olmayacaq, onsuz da qiymətli əşyaları getdikləri yerdə almanlar əllərindən alacaqlar, ona görə də yaxşı olar ki, onlar qoy, heç olmasa, macarların əlində qalsın. Axı hər necə olsa, siz də macarsınız. Getdiyiniz yerdə hər şeyi əlinizdən alacaqlar, ondansa bəri başdan mənə verin. Vaqondakılar isə verəcəkləri qiymətli əşyanın əvəzində sərhədçi zabitdən su istəyirlər. Sərhədçi zabit vaqondakı adamlara qiymətli əşyanı alıb sonra onlara su verəcəyini deyir. Vaqondakılar isə əvvəlcə suyu alıb sonra pul ödəmək fikrindədirlər. Bir-birlərinə inanmırlar, güzəştə getmirlər. Qatar tərpənir, beləcə macar sərhədçisi ilə düşərgəyə gedən adamlar arasında sövdələşmə heç cür baş tutmur. Ağır səhnə demişkən, yəqin ki, əsərin ən ağır cümləsi bu cümlədir: “Atam ayağa qalxdı ki, yol çantasının kürəyində necə oturduğunu yoxlasın”
Böyük faciələrin fonunda insanların kiçik qayğıları, məişət problemləri, şəxsi faciələri itir. Bir zamanlar adamlar Səlib yürüşlərində həm də ona görə həvəslə iştirak edirdilər ki, onların çoxu ağır yoluxucu xəstəliklərdən əziyyət çəkirdilər. Onlar ölmək, mənalı sonluq tapmaq üçün fürsət axtarırdılar. Səlib yürüşləri onlara mənalı sonluq, hətta müqəddəs müharibələrdə ölüb cənnətə düşmək fürsəti verirdi. Bu haqda Volter də, Sveyq də yazıblar. Bəli, böyük faciələr, müharibələr mənalı sonluq axtaran adamlara fürsət yaradır. Bir az başqa cür desək, insanın həyatda itiriləcək bir şeyi qalmayanda, onda böyük xaosa qarşı maraq yaranır. Ölmək gözləməkdən asandır! Təsadüfi deyil ki, “Anna Karenina” əsərinin sonunda da qraf Vronski şəxsi faciəsini unutmaq, mənalı sonluq tapmaq ümidi ilə müharibəyə yollanır.
“Talesiz” əsərində düşərgədəki aclıq səhnələrini oxuyarkən canımı vahimə bürüdü. Özümü saxlaya bilmədim, ayağa qalxıb soyuducunu bacardığım qədər silib-süpürdüm. Kotlet, alma, banan, şokolad, xurma, kişmiş, qatıq, banan, pendir, pomidor şorabası deməyib əlimə keçəni, gözümə görünəni ağına-bozuna baxmadan doldurdum qarnıma. Başımda müxtəlif fikirlər bir-birinə qarışmışdı. Ev mənə darlıq etdi, geyinib küçəyə çıxdım. Oxuduqlarımın təsiri altında təmiz havadan, azadlığımdan ifadəolunmaz dərəcədə həzz ala-ala bir xeyli piyada gəzdim. Yolumun üstündəki kafelərdən birinə girib istədiyim qədər yemək yemək, istədiyim qədər çay, kofe, limonad içmək imkanımın olmasının nə qədər böyük xoşbəxtlik olduğunu həmin anlar bütün hüceyrələrimlə hiss edirdim. Ürəyimi hər kəsə qarşı sevgi və mehribançılıq, şəfqət hissi bürümüşdü. Hər şey mənə əhəmiyyətli və mənalı görünür, hər şey qeyri–adi təsir bağışlayırdı. Belə bir halı illər əvvəl Dostoyevskinin “Ölü evdən qeydlər” əsərini oxuyarkən keçirmişdim. Adi görünən, öyrəşdiyimiz, amma günlərin birində qəfildən, asanlıqla yoxa çıxa biləcək asudə dolaşmaq, doyunca yemək yemək, doyunca yatmaq, bitsiz-birəsiz paltar geyinmək kimi xoşbəx
[caption id="attachment_76399" align="aligncenter" width="1280"] İmre Kertes[/caption]Lisani metrosunun yaxınlığındakı parkda bir dəstə gənc skamyada oturub siqaret çəkirdi. İstədim onlara yaxınlaşıb deyəm ki, siz bilirsiniz bax burda, bu açıq havada asudə oturub siqaret çəkmək nə boyda xoşbəxtlikdir? Siz bilirsiniz insanlar düşərgələrdə necə dəhşətli günlər görüblər? Özümü saxladım. Belə hərəkət etməyim onlara sırf dəlilik kimi görünərdi. Çünki aramızda, əlbbəttə, ruhi mənada böyük bir uçurum vardı. Onları necə başa salasan ki, İmre Kertes adlı yəhudi əsilli macar yazıçısının “Talesiz” əsərindəki aclıq səhnələridir mənə bu sözləri dedizdirən. “Alazani” restoranının həyət qapısının qarşısında ucaboy bir qızla palazqulaq bir oğlan mübahisə edirdi. Qızın saçları o qədər pırtlaşıq idi ki, başına bir batman darı töksəydin bir dənəsi də yerə düşməzdi. Bu nədir axı? Onlar niyə mübahisə edirlər? İndi gedib onları necə başa salasan ki, siz boş, mənasız bir şeyin üstündə havayı yerə mübahisə edirsiniz. Onların boş, mənasız bir şeyin üstündə mübahisə etdiklərinə həmin anlar yüz faiz əmin idim. Nə desəydilər, nə arqument gətirib boş yerə mübahisəyə girmədiklərini iddia etsəydilər belə, yenə də onlara inanmayacaqdım, “Talesiz”də oxuduğum aclıq səhnələrinin fonunda yenə də onların mübahisəsi mənə mənasız görünəcəkdi. Onlar ən tutarlı arqumentlərlə belə ucuz melodrama iyi gələn mübahisələrinə bəraət qazandıra bilməzdilər.
Düşərgə, düşərgə həyatı... İndi burda sağ qalmaq, bir tikə çörək, bir parça qənd, bir çömçə şorba əldə etmək üçün tamam yeni vasitələr axtarıb tapmaq lazımdır. Bu yeni vasitələr isə nə olursa olsun, hansı formada olursa olsun, yalnız və yalnız insan şəxsiyyətinin, insanlığın alçalmasından ibarətdir. İndi düşərgədəki insanlara bir vaxtlar onları narahat edən məişət problemləri, qayğıları, çətinlikləri gülməli təsir bağışlayır. İndi tramvayda gəzmək, küçədə asudə, qorxusuz-ürküsüz fırlanmaq, avaralanmaq, doyunca yemək yemək, bitsiz-birəsiz təmiz paltar geyinmək, təmiz yorğan-döşəkdə doyunca yatmaq düşərgədəki insanlara uzaq, əlçatmaz xoşbəxtlik kimi görünür. İndi burda, düşərgədə yalnız aclıq, alçalmaq, ölüm qorxusu var. Hər an ən adi səbəbə görə bəzən səbəbsiz, elə-belə kef üçün səni öldürə bilərlər. Hadisələr getdikcə absurdlaşır, hislər isə keyiyir. Bu cəhənnəmdən sağ çıxmağın bir adı var; möcüzə: “Boğanaq, qaranlıq otaqda oturub uzaqdan gələn hay-küyü dinləyirdik. Susub diqqətlə qulaq asmaq bəs eləyirdi ki, o səslərdəki ağrı və dəhşəti, it hürüşmələri və güllə vıyıltılarını ayırd eləyəsən”.
Bütün bu baş verənlərin həqiqiliyinə inanmaq çətindi. Düşərgədə gördükləri “Talesiz” əsərinin qəhrəmanına bir məzhəkə kimi görünür. Sanki adamlar, müxtəlif maskalar taxaraq böyük bir təlxək yığnağına çevrilərək dayanmadan məzhəkə çıxarırlar: “Mən tez bir zamanda belə nəticəyə gəldim ki, evimizdə düzgün yaşamamışam, vaxtımı pis keçirmişəm və beləliklə, keçən günlərim üçün təəssüf hissi keçirməli olurdum. Orda yeməyə etinasız yanaşırdım, bir az qurdalayıb bəyənmədiyim üçün kənara itələyirdim və indi o anları xatırladıqca hər şey mənə ağılsızlıq, düzəldilməsi mümkün olmayan səhv kimi görünürdü...
O zaman müxtəlif situasiyalarda buraxdığım səhvləri, bəlkə də, ümumiyyətlə, gözdən qaçırdığım bütün imkanları indi burda -düşərgədə düzəldir, mükəmməl şəkildə yenidən yaşayırdım. Əvvəllər də eşitmişdim, indi özüm də təsdiq edirəm ki, hətta ən qalın məhbəs divarlarının belə insan xəyallarının qanadını qırmağa gücü yetməz, onun pərvaz edib uçmasına, həqiqətən, əngəl ola bilməz. Amma pis bir şey var, hərdən təxəyyülüm məni bu dünyadan alıb öz qanadlarında uzaqlara çəkib aparsa da, yanımdakı reallıq heç bir yerə getmədən öz varlığını xatırladır və ən güclü, ən tutarlı dəlillərlə ortaya çıxıb üstünlüyü ələ alır.”
“Talesiz” əsərində qəhrəmanın, yəni müəllifin atasının əmək düşərgəsinə yola salınması, evdəki hazırlıqlar, vidalaşmalar, o dövrün siyasi söz-söhbətləri, şayiələri, ümumi ab-hava, ayrı-ayrı müxtəlif obrazlar, qəhrəmanın özünün də günlərin bir günü avtobusdan polis tərəfindən düşürülüb çox həngamədən sonra əmək düşərgəsinə aparılması, yolda, qatarda baş verənlər çox əla təsvir olunub. Həmin təsvirlərdən bəzilərini yazıda tirajlamağı çox istəsəm də, bu texniki cəhətdən mümkünsüzdür. Zatən bu yazı, necə deyərlər reklam, tanıtım tipli yazıdır. Əsəri bu yazıya qədər və bu yazıdan sonra oxuyanlar yazıda nələri demək istədiyimi, nələrə işarə vurduğumu daha yaxşı başa düşəcəklər.
[caption id="attachment_76400" align="aligncenter" width="960"] İmre Kertes[/caption]Bir çox əsərlər kimi “Talesiz” əsəri də qüsursuz deyildir. Əvvəla, bəzən müəllif düşərgədəki hadisələrin təsvirindən daha çox öz düşüncələrinə yer verib. Bir oxucu kimi müəllifin düşüncələrini deyil sırf düşərgədə baş verən hadisələrin geniş təsvirlərini oxumağı daha üstün tutardım. Lakin müəllif özü də əsərdə qeyd edir ki, düşərgədə ilk günlər fərqli olur, sonra bütün günlər bir-birinə bənzəyir: “Yadımdadır ki, hələ evdə olarkən əlimi atıb kitab rəfindən bir kitab götürmüşdüm. Kitab lap qabaq sırada deyildi, Allah bilir, neçə vaxtdır, toz basa-basa orda oxunmamış qalmışdı. Onu sabiq bir katorqaçı yazmışdı (çox güman, söhbət Dostoyevskinin “Ölü evdən qeydlər” əsərindən gedir. S.B ). Amma kitabı axıracan oxuya bilmədim, çünki ordakı fikirləri tam izləmək halında deyildim. Üstəlik də, personajların adı yaman uzun idi, əksəriyyətinin də üç adı vardı, heç cür yadımda qalmırdı. Düzünə qalsa, o vaxt məhbusların həyatı məni qətiyyən maraqlandırmırdı, hətta məndə iyrənclik doğururdu. Bax beləcə məlumatsız qaldım, halbuki indi bunun mənə faydası dəyərdi. O boyda kitabdan yadımda qalan yalnız o oldu ki, müəllif özünün də təsdiq etdiyi kimi, katorqa həyatının ilk günlərində, yəni daha uzaq vaxtda baş verən hadisələri sonrakı hadisələrdən, yəni kitabı yazdığı vaxta yaxın olanlardan daha yaxşı yadında saxlamışdı. Onda bu, mənə inandırıcı görünməmişdi, hətta bunu uydurma saymışdım. Amma hər necə olsa, düşünürəm ki, o, sırf həqiqəti yazmışdı. Axı özüm də məhz birinci günü daha dəqiq xatırlayıram, həmin gün, həqiqətən, yadımda sonrakılardan daha yaxşı qalıb... Sonrakı günlərdən kərpic zavodunda keçirdiyimiz günlər kimi yadımda az şeylər, daha doğrusu, dumanlı xatirələr, ümumi təəssüratlar, mən deyərdim, ümumi duyğular qalıb”. Bəli, müəyyən mənada müəllif doqru buyurur. İnsanın hissləri tez-tez təkrar olunan təəssüratın təsiri altında surətlə kütləşir. Tomas Mann yazırdı: “Əgər günün biri bütün günlərə oxşayırsa, bütün günlər də bir günə bənzəyir. Tam yeknəsəqlik olanda isə ən uzun həyat da adama qısa gəlir və nəzərəçarpmadan keçir”.
Bəlkə də, başqaları üçün bu qüsur sayılmaz, amma məncə əsərdəki ikinci qüsur ondan ibarətdir ki, bir çox fikirlər, düşüncələr, baş verən hadisələrə münasibətlər bir yeniyetmənin fikirlərinə, düşüncələrinə, münasibətlərinə uyğun fikirlər, düşüncələr, münasibətlər deyil. Yəni əsərdə hadisələr yeniyetmənin dilindən nəql olunsa da, bu yeniyetmə yetişmiş, həyat təcrübəsi qazanmış bir adam kimi fikirlər yürüdür. Müəllif qəhrəmanının yaşını unudaraq əsəri yazarkən dayandığı mövqedən o vaxt baş verən hadisələrə münasibət bildirir. Bu isə istər-istəməz, qəhrəmanın yaşı ilə fikirləri arasında uyğunsuzluq yaradır. Ümumiyyətlə, bu cür qüsur uşaqlıq, yeniyetməlik dövründən sırf avtobioqrafik əsər yazan yazıçıların çoxuna xas qüsurdur. Hətta Tolstoy kimi nəhəng yazıçı belə “Uşaqlıq”, “Yeniyetməlik” əsərlərində bu cür qüsurlara yol veribdir. Nə bilmək olar bəlkə, doğrudan da onlar uşaqlıq, yeniyetməlik dövrlərində öz yaşlarına uyğun olmayan fikirlər yürüdüblər, hadisələrə öz yaşlarına uyğun olmayan münasibətlər bildiriblər. Bütün hallarda buna inanmaq asan deyil.
Nəhayət, üçüncü qüsur ondan ibarətdir ki, “Talesiz” əsərində müəllifin bəzən süni surətdə ədəbiyyat vəziyyəti yaratmağa cəhdlər etdiyini görürük. Hadisələri ədəbiyyatın dili ilə nəql etməklə süni surətdə ədəbiyyat vəziyyəti yaratmaq tamam başqa-başqa şeylərdir. Təəssüf ki, bəzən ən usta yazıçılar belə kütlənin rəğbətini qazanmaq üçün süni surətdə ədəbiyyat vəziyyəti yaratmağa cəhdlər edirlər. Bu cür cəhdlər çoxsaylı diletant oxucuların xoşuna gəlsə də, azsaylı peşəkar oxucuların ürəyini vurur. Bu çox incə məsələdir. Boynuma alım ki, fikrimi ifadə etməkdə çətinlik çəkirəm. Mənim üçün belə məsələləri yazıda izah etmək olduqca çətindi.
Dəhşətli həyata süni şəkildə sevinclər, xoş anlar əlavə etməyin, tunelin sonunda yalandan işıq göstərməyin, mənasız həyata yalandan məna qatmağın heç bir mənası yoxdur. Dəhşətli, mənasız həyat ədəbiyyatın dili ilə elə dəhşətli, mənasız həyat kimi necə var elə də təsvir olunmalıdır. Müəllifini unutmuşam, amma kim deyibsə, (yaddaşım aldatmırsa, deyəsən, Henrix Böll) əla deyibdir: “Əgər həyatında böyük hadisələr baş verməyibsə, o zaman kiçik hadisələrdən yaz.” Bu söz, bu prinsip geniş mənada həm təlatümlü, həm də sakit həyat yaşayan yazıçılara aiddir. Həyat ədəbiyyatın dili ilə olduğu kimi bəzək-düzəksiz, silikonsuz filansiz təsvir olunsa yaxşıdır.
Sonda bu yazını oxuyacaq adamlara “Talesiz” əsərini əldə etməyi və oxumağı, oxuyandan sonra ciddi-ciddi düşünməyi tövsiyə edirəm. Günü gündən dini fanatizmin, millətçiliyin, dözümsüzlüyün artdığı dünyamızda “Talesiz” kimi ibrətamiz əsərlərin oxunmasına, əsərdən nəticələr çıxarılmasına ciddi ehtiyac yaranmaqdadır.
Seymur Baycan