Mirşahinin bir müddət əvvəl səsləndirdiyi fikirlər (cəbhəçi Ruslan Nəsirliyə qarşı edilən rəzil davranışın bu çağırışla üst-üstə düşməsi, necə də ironikdir) təəssüf ki, cəmiyyətimiz və sosial medya tərəfindən lazımınca reaksiya görmədi. Aktual mövzular başqa olduğu üçün bunu, haradasa təbii hesab edirəm. Lakin bu üzərindən bu qədər asanlıqla keçiləcək bir mövzu deyil və olmamalıdır.
Faşizm və diskriminasiya beşiyindəcə boğulmalıdır və heç də “əşşi filankəsdir də, deyib, ona nə fikir verirsiniz” tipli reaksiyalarla qarşılanmamalıdır.
Qısa bir yazıda bütün düşüncələrimi və lazımi faktların, heç olmasa bir qismini yazmaq mümkün olmasa da, ümid edirəm burada yazacaqlarım ümumi durumu anlamağa az da olsa fayda verəcək.
I dünya müharibəsindən sonra alçaldılmış və yaşamaq hüququndan məhrum edilən Almaniyada çoxlu radikal siyasi cərəyanlar yaranmışdı. Və bu cərəyanlardan biri də hamımızın yaxşı tanıdığı NSDAP-Nasional-Sosialist Alman Fəhlə Partiyası idi. 1923-cü ildə Fransanın Ruru işğalına etiraz olaraq Hitler general Erix Lüdendorfla birlikdə tarixdə “Pivə qiyamı” adlanan hadisəni törətdiyinə görə 1924-cü ilin mart ayında məhkum oldunduqda, sosial-demokratların bir çox lideri, Hitleri “gülməli şəxs” adlandıraraq siyasi fəaliyyətinə görə (!) kiminsə həbs olunmamalı olduğunu (halbuki, Hitler 3 min nəfərlik konkret hərbi birləşməylə hərbi təxribat törətmişdi) bildirmişdilər.
Sonrasını çoxunuz bilirsiniz: Böhran və Nasist Almaniyası. Əksəriyyəti bir gecədə gerçəkləşən qətllər və mütləq diktatura. Bütün bu hadisələrin fonunda uğursuzluqlardan, böhranlardan və səfalətdən bezmiş alman xalqı özünü gücün sərəncamına verdi və hər cür zir-zibillə beyninin doldurulmasına yaşıl işıq yandırdı. “Mayn Kampf”-ı “təlxəyin sayıqlamaları” adlandıranlar tezliklə qurbana çevrildilər. Ölkə qaranlığa qərq oldu və sonra tarixin ən dəhşətli fəlakəti yaşandı.
Almaniyanın otuzuncu illəri miqyasına və baş verən hadisələrin kökənlərinə görə, bizim durumumuzdan əhəmiyyətli şəkildə fərqlənsə də, bir hadisənin üzərində dayanmağı faydalı və lazımi hesab edirəm.
[caption id="attachment_77109" align="aligncenter" width="1200"] Adolf Hitler çıxış edir, 1925-ci il (Foto: Imagno/Getty Images)[/caption]Yəhudilərə qarşı nifrət və qəzəb Hitlerdən əvvəl, uzun əsrlər boyu Avropada trend olub və Hitlerə qədər alman intellektualları arasında heç də az populyar bir mövzu deyildi. Lakin bir hadisə və cəmiyyətin buna susqunluğu və əslində mənəvi dəstəyi tarixdəki ən dəhşətli soyqırımlardan birini yaratdı.
Yəhudi elitası Almaniyanın, xüsusilə də I dünya müharibəsindən sonrakı Almaniyanın proqressiv kəsimini təmsil edirdi və çoxlu yazar, elm adamı, sənətçi, biznesmen və siyasətçidən ibarət geniş bir cəmiyyətləri var idi. Hitlerin yəhudilərə qarşı şəxsi nifrətinin dərəcəsindən asılı olmayaraq, hələ 10 il əvvəl dünya müharibəsi başlatmaq planları haqda yazan və 2 il əvvəl Rennə ordu göndərən, lap yaxınlarda isə Çexoslovakiyanın əhəmiyyətli hissəsini qoparan adamçün maneə idilər və o, bu hadisədən xeyli əvvəl Göbbelsə bu barədə konkret plan hazırlamağı və icra etməyi tapşırmışdı.
1933-cü ildə Hitlerin hakimiyyətə gəlməsindən etibarən başlayan yəhudi düşmənçiliyi, Hitlerin detalları sonradan açıqlanan məxfi görüşdə generallarına haqqında bəhs etdiyi müharibəni başlatmaq üçün gərəkli olan silahlanma proqramına start verilməsindən bir-neçə həftə sonra açıq nifrət və düşmənçilik kampaniyasına çevrildi. Bütün qəzet və radiolardan kin və qəzəb dolu təbliğat başlandı. SS-in xüsusi qrupları və Nasist partiyasının gənclik qollarının nizamlı və kütləvi təbliğatından sonra güclənən və nəhəng dalğaya çevrilən kampaniya öz kulminasiyasını 1938-ci il 9 Noyabr gecəsi baş verən hadisələrdə tapdı.
1938-ci ildə Almaniyadan qovulan 17.000 yəhudidən biri olan Herşel Grinzpan adlı 17 yaşlı bir gəncin-bəzi mənbələrə görə, alman xüsusi xidmət orqanlarının özünə və ailəsinə 3-cü bir ölkədə vətəndaşlıq təşkil etmək vədi müqabilində- Parisdəki alman konsulunun müavini Ernst Ratı güllələməsindən sonra bu hadisəni yəhudilərin planlı təxribatı olaraq təqdim edən Göbbels qisas təbliğatını başlatdı və partiyasının bu cür hücum təşkil etməyəcəyini, edənlərə isə partiyasının və hökümətin mane olmayacağını bəyan etdi.
Yəhudilərə aid yüzlərlə ev, iş yeri və sinaqoqa hücumlar təşkil edildi. Tarixdə “Kristal gecə”(Kristallnacht) olaraq adlanan bu hadisə yəhudi soyqırımını başladan sınma nöqtəsi oldu. Öncə, sadəcə əmlaka qarşı hücumlarla başlayan bu aksiya fərdlərə qarşı qanlı hücumlara çevrildi və ilk gecədə təxminən 50-ə yaxın, sonrakı bir həftə ərzində isə 400-ə yaxın insan öldürüldü, yəhudilərə aid 1400 sinaqoq, on minlərlə ev, zavod, fabrik və emalatxanalar talan edildi, məzarlıqlar dağıdıldı. “Kristal gecə”dən bir gün sonra başlayan həbs dalğasında 30.000 yəhudi saxlandı və onların əksəriyyəti sonralar ölüm düşərgələrində həyatını itirdi.
Kiçik bir hadisəylə başlanan bu hadisə cəmi 3 il sonra 6-9 milyon yəhudinin öldürülməsiylə nəticələnən soyqırıma çevrildi və bu gün də Almaniya və almanlar o soyqırımının utancını yaşamaqdadırlar.
Kiçik bir hadisənin, necə böyük bir dəhşətə səbəb ol biləcəyini az da olsa izah edə bildiyimə ümid edərək, əlavə etmək istəyirəm ki, hal-hazırda biz-müxalif düşüncəli insanlar 38-41-ci illərin Almaniyasındakı yəhudilərlə müəyyən qədər oxşar durumdayıq. Əksər hüquqlarımız sadəcə kağız üzərindədir. Bizi istənilən vaxt həbs edə, aparıb hansısa qaranlıq zirzəmidə günlərlə(qərbdən reaksiya gəlsə 1-2 gün, gəlməsə həftələrlə) işkəncə verə bilərlər. Təhsil, iş məsələlərinə toxunmayaq belə.
[caption id="attachment_4761" align="aligncenter" width="677"] Mirşahin Ağayev[/caption]Lakin indiyədək bütün bunlar siyasi repressiya statusu daşıyırdı və həm tətbiq edənlər, həm də tətbiq olunanlar üçün adiləşmişdi. Mirşahinin çağırışına qədər. Bu çağırış artıq, bütün qırmızı, qara, boz və.s xətlərin keçilməsidir. Bu açıq-aşkar siyasi-mənəvi-ictimai diskriminasiyadır və faşizmdir. Mirşahinin özbaşına olmadığını və sadəcə danışan dil olduğunu nəzərə alsaq, bu qarşısı alınmalı olan çox təhlükəli bir tendensiyadır.
Mirşahinin, hərdən, Roma papasından daha artıq katolik olmaq ehtirasına düşən birisi olduğunu inkar etmirəm və ümid etmək istəyirəm ki, sonuncu baş verənlər birbaşa siyasi direktiv deyil. İstənilən halda Real TV və Mirşahin bu məsələyə mütləq şəkildə aydınlıq gətirməlidir.