ABŞ-ın Kuba “allergiyası” yenidən baş qaldırıb: bu kiçik sosialist ölkəsinə qarşı sanksiya rejimi ağırlaşdırılır. Əlbəttə, bu “allergiya” baharın gəlişi ilə əlaqəli bir patologiya deyil, həm yaxın tarixdən, həm də müasir regional geosiyasətdən qaynaqlanan konkret səbəblərlə əlaqədardır.
Sanksiyalar ABŞ prezidentinin milli təhlükəsilik üzrə müşaviri Con Bolton tərəfindən Kuba yaxınlığında yerləşən Floridanın Mayami şəhərində, kubalı mühacirlərlə görüşdə elan edilib. Qərara əsasən Kuba ordusu və xüsusi xidmət orqanları ilə bağlılığı olan 5 şirkətə, o cümlədən “Aerogavota” aviaşirkətinə qarşı sanksiyalar tətbiq olunur. Bir ABŞ vətəndaşı rüb ərzində Kubaya maksimum min dollar həcmində pul köçürə bilər. Kubada qohumu olmayan ABŞ vətəndaşlarının bu ölkəyə turist səfərləri də məhdudlaşdırılacaq.
Dövlət katibi Mayk Pompeo tərəfindən açıqlanan qərar isə Kuba üçün daha ağrılı olacaq. M.Pompeo 1996-cı ildə Konqresin qəbul etdiyi Helms-Barton qanununun (Helms-Burton Act) 3-cü bölməsinin icrasına başlanacağını bildirib. Qanun qəbul edildikdən bəri ABŞ prezidentləri öz hüquqlarından istifadə edərək bu bölmənin həyata keçirilməsinə 180 günlük (6 aylıq) moratorium qoyurdular. Bu ilin yanvarında Ağ Ev növbəti moratoriumun müddətininin yalnız 45 günlük olacağını bəyan etmişdi.
Beləliklə, mayın 2-dən etibarən həmin bölmə qüvvəyə minəcək. Helms-Barton qanununun 3-cü bölməsi Kubada 1960-cı ildə aparılmış milliləşdirmədən zərər görən ABŞ vətəndaşlarına və şirkətlərinə hüquq verir ki, öz zərərlərini kompensasiya etmək üçün məhkəmələrdə iddia qaldırsınlar.
İnqilabdan sonra Kubada ABŞ-a məxsus xeyli sayda müəssisə, şirkət, qurum ekspropriasiya olunub, yəni Fidel Kastronun qərarı ilə sahibkarların və mülkiyyətçilərin əlindən zorla alınıb. Sığorta, telekommunikasiya, elektrik şirkətləri, neft-kimya, neft emalı, şəkər, metallurgiya zavodları, banklar, mehmanxana və barlar da daxil olmaqla, ümumilikdə 195 obyekt dövlətləşdirilib. İndi həmin şirkətlərə, qurumlara, onların yerli və ya əcnəbi sahiblərinə, şəriklərinə qarşı ABŞ-da milyardlarla dollarlıq məhkəmə iddialar qaldırılacaq.
[caption id="attachment_77033" align="aligncenter" width="1024"] Amerikadan Kubaya sərnişin daşıyan avtobus.[/caption]Florida boğazının ayırdığı bu iki ölkəni qonşu saymaq olar. Kiçik Kuba 1959-cu il sosialist inqilabından bəri supergüc ABŞ üçün başağrısına çevrilib. Obama dövründə ABŞ özünün Kuba siyasətinə yenidən baxdı və 1960-cı ildən bəri aparılan təzyiq siyasətinin nəticə vermədiyini əsas gətirərək bu düşmən ölkə ilə buzları əritməyə qərar verdi.
2014-cü ilin dekabrında Baraka Obama və Kuba rəhbəri Raul Kastro münasibətlərin normallaşdırılmasına qərar verdiklərini elan etdilər. 2015-ci ilin aprelində Panamada iki lider arasında ilk rəsmi görüş keçirildi, 1 iyulda diplomatik əlaqələr bərpa olundu, 20 iyulda isə Vaşinqton və Havanada səfirliklər fəaliyyətə başladı. 2016-cı ilin mart ayında Obama Kubaya tarixi səfər etdi, iki ölkə arasında təyyarə reysləri, poçt əlaqəsi bərpa olundu, ABŞ telekommunikasiya şirkətləri Kubaya buraxıldı. 2016-cı il ərzində 600 min amerikalı Kubaya səfər etdi.
ABŞ tədricən Kubaya qarşı sanksiya rejimini yumşaltmağa başlamışdı. 2016-cı il prezident seçkilərində Hillari Klinton qalib gəlsəydi, yumşalma siyasəti davam edəcəkdi. Lakin Donald Trampın qələbəsindən sonra aydın idi ki, Kuba siyasəti yenidən dəyişəcək və əvvəlki təzyiq siyasətinə dönüş baş verəcək. Çünki Tramp seçki kampaniyası dövründə Obamanın xarici siyasətini sərt tənqid edirdi və hakimiyyətə gələcəyi təqdirdə, Kuba əleyhinə sanksiyaları bərpa edəcəyini bildirirdi.
Tramp və onun komandası Obamanın yumşaq siyasəti nəticəsində Kubanın bölgədə öz ideoloji təsirlərini yaymaq üçün münbit zəmin əldə etdiyini düşünür. Hazırda ABŞ-ın Kubaya qarşı sanksiyaları ağırlaşdırmasının birinci səbəbi budur, yəni Tramp gələn il keçiriləcək prezident seçkiləri ərəfəsində öz seçicilərinin qarşısına vədlərini yerinə yetirmiş lider kimi çıxmaqda qərarlıdır.
İkinci səbəb isə Venesuela böhranı ilə əlaqədardır. Vaşinqton Maduro rejiminin hələ də ayaqda qalmasında Kubanın mühüm rol oynadığını hesab edir. (Yeri gəlmişkən, Kuba ilə paralel, Venesuela və qitənin digər sosialist dövləti Nikarauqaya qarşı da yeni sanksiyalar tətbiq edilib.) Kuba Huqo Çaves dönəmindən bəri Venesueladakı sol hökumətin ən ciddi dəstəkçilərindən və ən yaxın iqtisadi tərəfdaşlarından biridir.
[caption id="attachment_76670" align="aligncenter" width="1050"] Şahin Cəfərli[/caption]Çaves 2007-ci ildə Kuba ilə Venesuelanı “bir millət, bir dövlət” adlandırmışdı. Venesuela bu ölkəyə pulsuz neft verir, əvəzində isə Kuba təhlükəsizlik, tibb, pedaqogika, idman sahələrində Karakasa peşəkar xidmətlər göstərir. Yəni iki rejim ABŞ-ın basqıları şəraitində bir-birinə dayaq olur və xarici təzyiqə qarşı birlikdə müqavimət göstərirlər.
Dost hökumətdən gələn neft yoxsul Kubanın enerji təhlükəsizliyində önəmli yol oynayır. Düzdür, son illər Venesuelanın neft hasilatı kəskin şəkildə aşağı düşüb və Kubaya göndərilən xam neftin miqdarı da azalıb, amma Vaşinqton Havana-Karakas xəttini tamam kəsməkdə hər ikisi ilə ayrı-ayrılıqda hesablaşmaqda qərarlıdır. ABŞ paralel olaraq Nikaraquadakı Orteqa rejimini də çökdürərək Cənubi Amerika və Karib regionunu antiamerikan, sol hökumətlərdən tamamilə təmizləmək niyyətindədir.
Şahin Cəfərli, politoloq