Ölkə başçısının sərəncamı ilə 52 siyasi məhbusun azad olunması sistemli şəkildə aparılan siyasi repressiyanın aradan qalxması anlamına gəlmir. Hazırda 70-dən artıq siyasi məhbus həbsdə, bütün siyasi azadlıqlar isə yalnız kağız üzərindədir. Mövcud siyasi məhdudiyyətlər nəticəsində ictimai məkan 6 il öncə ilə müqayisədə tamamilə işğal olunub.
Ancaq son əfv sərəncamından öncə baş verən bəzi sosial yönümlü tədbirlər – yarım milyon insanın kredit borclarının silinməsi, bəzi şəhid ailələrinə birdəfəlik təzminatların ödənilməsi və minimum əmək haqqının artırılması tipli sosial-iqtisadi xarakterli sərəncamlar son olayları bir-birindən ayırmadan nəzərdən keçirməyi zəruri edir. Və hazırda hər kəsi düşündürən bir məsələ var – baş verənlərin arxasında hansı məqsədlər durur.
Şərti olaraq “yumşalma” adlanan bu tədbirlərin səbəbləri barədə əfv sərəncamı imzalanan gün sosial mediada şəxsi mülahizələrimi paylaşdım. Bunlara daha ətraflı aşağıda toxunacağam. Amma bir amili heç bir halda görməzdən gəlməyə haqqımız yoxdur.
Hakim siyasi qüvvə durub-dururkən 52 siyasi məhbusu azadlığa buraxıb sosial yönümlü güzəştlərə gedirsə, bu nə siyasi islahatlarla bağlı iradənin göstəricisi, nə də ölkədə demokratik dəyişikliklərin carçısıdır. Çünki, 2016-cı ildə keçirilmiş referendum vasitəsilə hakim siyasi ailəni qayğılandıran “varislik planı”nın elə bu tarixdən ciddiləşdiyi bəlli oldu.
Həmin referendumla dəyişən konstitusion müddəalara görə seçkidə namizədlik üçün yaş limiti aradan qalxıb, prezidentlik müddəti 5 ildən 7 ilə uzadılıb, vitse-prezidentlik institutu yaradılıb.
Referendumdan 5 ay sonra ölkə başçısının öz həyat yoldaşını 1-ci vitse-prezident təyin etməsi, bu təyinatdan 1 il sonra isə növbədənkənar prezident seçkisinin elan edilməsi varislik planın tərkib hissəsidi.
Nəhayət, böyük ehtimalla növbəti və ya növbədənkənar parlament seçkilərində hakim ailəyə mənsub gənc şəxs(lər)in deputatlığa namizədliyinin şahidi olacağıq.
İndi isə son 2 ayda “yumşalma” kimi təqdim edilən, amma daha çox “varislik planı”nın uğurlu icrasına yönələn tədbirləri şərtləndirən daxili və xarici faktorlara diqqət yetirək.
Artan sosial narazılıq
Azərbaycan bölgədə yeganə ölkədir ki, son illər sırf sosial tələblərlə keçirilən etiraz aksiyalarında iştirak edənlər siyasi məhbusa çevrilirlər. Məsələn, Quba, İsmayıllı, Sumqayıt, Mingəçevir və Gəncə olaylarında saxlananları xatırlayaq. Əgər Quba və İsmayıllıda sosial durumdan narazı insanlar öz etirazlarını sərt və xaotik şəkildə biruzə verirdilərsə, Sumqayıt və Mingəçevirdə bu aksiyalar daha dinc və kollektiv şəkildə cərəyan etdi.
Ötən il Gəncə icra başçısına sui-qəsdin gercəçkləşməsi sosial etirazın daha radikal forması idi. Nəhayət, 19 yanvar mitinqindən sonra iqtidarın ciddi təlaşa qapıldığının şahidi olduq. Bu təlaşa əsas da vardı – sosial mediada bu aksiyadan hazırlanmış videoları izləyənlərin sayı bir gün ərzində milyondan çox idi. Məhz bu səbəbdən də 19 yanvardan bəri heç bir aksiyaya izacə verilmir.
Maliyyə böhranı
2015-ci il yaşanan maliyyə böhranının mənfi nəticələri hələ də aradan qalxmayıb. Son 4 il ərzində adam başına düşən milli gəlir təxminən 2 dəfə azalıb. Bəzi ekspertlər yaxın illərdə Azərbaycanın Ümumi Daxili Məhsul üzrə göstəricilərinin Gürcüstan və Ermənistanla müqayisədə daha da azalacağını təxmin edirlər.
Ermənistanda baş verən məxməri inqilab
Ötən il Ermənistanda yaşanan hakimiyyət dəyişikliyi 3 Cənub Qafqaz respublikası arasında Gürcüstandan sonra dinc və sivil qaydada cərəyan edən ikinci siyasi hadisə idi.
İqtidarın vaxtaşırı xatırlatdığı Suriya ssenarsiindən fərqli olaraq, həm yerli, həm də xarici müşahidəçilər gördülər ki, hakimiyyət dəyişikliyi post-sovet məkanı, xüsusən də Avropa Şurasına üzv ölkələrdə kənar müdaxilə olmadıqda zorrakılıqla baş vermir.
İkincisi, Ermənistanda yaşananlara əsasən Rusiyadan “xortdan” obrazı düzəltməyə də əsas yoxdur – Kreml üçün qonşu ölkələrin daxili siyasi quruluşları deyil, xarici geosiyasi seçimləri önəmlidi.
Avropa Birliyi ilə strateji tərəfdaşlıq üzrə saziş
AB bölgədə nə Rusiya, nə də ABŞ kimi hərbi-siyasi güc deyil. Amma bölgədəki 3 dövlətlə iqtisadi münasibətlər, o cümlədən birbaşa maliyyə yardımları AB-ni ən yüksək maliyyə partyoruna çevirib.
Hərbi maraqları olmayan belə bir qurumla əməkdaşlıq hər baxımdn iqtidara sərfəlidi. Amma AB təkcə iqtidarla xoş münasibətləri olan Federika Mogelini və ya Johannes Handan ibarət deyil, bu qurumda Azərbaycanla münasibətlərdə insan hüquqları və qanunun aliliyinə önəm verən qruplar və strukturlar var.
Bu baxımdan sazişin tez bir zamanda heç bir maneə olmadan imzlanması hakim siyasi qüvvəyə maraqlarına cavab verir.
Bölgədə Türkiyə-Rusiya-İranın hərbi-siyasi əməkdaşlığı
Erdoğan höküməti Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq, Türkiyəni bölgədə 3 kiçik respublikanın siyasəti münasibətlərinə müdaxilə etmək gücündə olan Rusiya və İranla hərbi-siyasi ittifaqa qoşub.
Bu ittifaqın yalınız Suriyadakı vətəndaş müharibəsi ilə bağlı formalaşdığı söylənsə də, Türkiyənin Rusiyadan S-400 raketlərinin alınması üzrə razılaşması nəticəsində Qərblə hərbi-siyasi əməkdaşlığının zəiflədiyi müşahidə edilir.
Əslində Azərbaycan kimi kiçik və avtoritar ölkədə bu ittifaq siyasi rejimin xarici siaysət kursunun kövrəkliyini sınağa çəkir. Nəticədə iqtidarın balanslaşdırma siyasəti üçün siyasi məkan məhdulaşır və imkanları tükənir.
Yuxarıdakı daxili və xarici faktorları bir torbaya yığanda iqtidarın cari durumunun heç də ürəkaçan olmadığı bəlli olur. Bu baxımdan hakim siyasi qrupun diqqət çəkən əsas qayğısı heç də hakimiyyəti indiki problemlərin doğuracağı çıxılmazlıqlardan qorumaq deyil.
İndi əsas qayğı varislik planına təhlükələri dəf edərək, bu yolu hamarlamaq və uzun müddət hakimiyyətdə qalmağı təmin etməkdi. Belə olduqda təbii olaraq, indi atılan addımlar siyasi islahatlar səciyyəsi daşımır. Bu “yumşalma” əsasən qısamüddətli və uzunmüddətli məqsədlər əldə etməyə yönəlib:
Qısamüddətli məqsədlər:
- Sosial narazılqıları yumşaldaraq ölkə vətəndaşlarının qismən də olsa ictimai etimadını qazanmaq, bununla da həm yerli, həm də xarici siyasi tənqidləri azaltmaq;
- Yumşalan siyasi tənqidlərin nəticəsi olaraq, AB ilə strateji əməkdaşlqı sazişini maneəsiz imzalamaq, maliyyə yardımları və kreditləri artırmaq;
- Bölgədəki supergüclərin təhdid və təzyqilərinə qarşı rejimin siyasi kövrəkliyini həm yerli, həm də beynəlxalq dəstək hesabına sığortalamaq;
Uzunmüddətli məqsədlər:
- Qarşıdakı 6 il ərzində bələdiyyə, parlament və prezident seçkiləri keçiriləcək. Şübhəsiz ki, bu institutlara müxalif siyasi təşkilatların gücsüz və imkansız şəkildə iştirakı üçün siyasi azadlıqların məhdudlaşdırılması taktikasından imtina olunmayacaq. Ancaq bəzi sosial-iqtisadi tədbirlər, o cümlədən vaxtaşırı verilən siyasi amnistiyalarla hakim siyasi qüvvə bu seçkilər ərəfəsi bölgədəki və Qərbdəki siyasi havadarlarına təbliğat materialları ötürəcək.
- Siyasi hakimiyyətin hakim ailənin digər üzvünə ötürülməsi ilə bağlı legitimlik məsələsinin yerli və beynəlxalq səviyyədə mübahisələndirilməsinə mane olmaq. Məsələn, bu məqsədlə növbəti parlament seçkilərinin ən azı 2010-cü ilin siyasi atmosferində keçirilməsi, müxalifətdən yalnız 50-dək şəxsin namizədliyinin qeydiyyatı, bu şəxslərdən 5-10 nəfərin parlamentə seçilməsinə imkan verilməsi keçmişdə yaşanmış siyasi tamaşalardandı.
Ümumiyyətlə, iqtidarın yumşalma siyasətinə, xüsusən də son əfv sərəncamına müsbət reaksiyalar göstərdi ki, cəmiyyətdə məyusluq və əzilmişlik ruhu olduqca yayğınlaşıb.
Bu ovqatda olan insanların minnətdarlıq duyğusunu qazanmaq üçün oğurlanmış milyardların mində bir hissəsini sosial problemlərə xərcləmək, siyasi məhbusların sayını dramatik şəkildə artırıb sonra yarısını azad etmək, arada bir jurnalistlərlə görüşmək, xaricdə yaşayan incik soydaşlarımızı vaxtaşırı vətəninə dəvət etmək, saray yazarları və sənətçilərinin məişət problemlərini həll etmək kifayət edir.
Səbəb isə hələ də toplum olaraq aydın siyasi hədəflərə və yetkin viziona malik olmamağımız, çağdaş siyasi kimliklərə yiyələnə bilməyimizdi. Bunlar isə geniş və ayrıca araşdırılası mövzulardı.
Anar Məmmədli