Yaxın günlərdə ölkə gündəmində xeyli məşhur olan və bəlkə də yerli televiziyada yeganə müzakirə proqramı olan bir verilişdə qonaq oldum. Hər nə qədər sağlam müzakirə aparmaq mümkün olmasa da azdan-çoxdan bir-iki problemi dilə gətirməyə çalışdım.
Mövzunun adı “Bizi nə dəli edir?” idi. Bu ölkədə insanı nə dəli etmir ki?! Bu ritorik sualdan da göründüyü və çoxumuzun da bildiyi kimi nə mənim yazmaqla, nə də sizin oxumaqla bitirə biləcəyimiz siyahıdır. Söhbət əsnasında gənc və yaşlı nəslin fikir qarşıdurması da yaşandı, insanların mütəxəssisi olduqları sahədən kənara çıxıb özünü ağıllı göstərmək sindiromu altında bilmədikləri mövzular haqda pərakəndə rəy bildirmələri də oldu.
Müzakirə qızışdı, mübahisəyə çevrildi. Mübahisə böyüdü və tərəflərdən birinin studiyanı tərk etməsi ilə məsələ xitama vardı. Yaxşı, bəs nə oldu? O qədər dilə gətirilən bizi dəli edən nüanslardan, deyilən arqumentlərdən ortaya nə çıxdı? Nəticə necə oldu? Buna bir azdan qayıdacam.
Keçən günlərdə hamımızın diqqətini çəkən bir hadisə daha baş verdi - “8 MARŞ yürüşü”. Baş verənlər hamımıza məlumdur. Azərbaycan polisinin heç bir hərəkəti xalq tərəfindən təəccüblə qarşılanmır, qarşılanmadı da. Bizi mütəəssir edən, ağrıdan, “can evimizdən vuran” nöqtə öz analarımızın, xalalarımızın biz cavanların qəsdimizə durmaları, şiddət göstərməkləri, boğazımızı sıxmaqları oldu.
Bəs o xalaların aksiya iştirakçılarına şiddət göstərməkdə məqsədləri, həqiqətən, öz amallarınınmı məhsulu idi? Həqiqətən o xalaları narahat edən asayişin pozulmasımı idi? Ümumiyyətlə, o xalaların, o anaların amalı var mı? Onlarda amal, əqidə, dəyər qoyublar mı qala? Bəs o xalaların belə asan satın alınmalarındakı əsas səbəb nədir?
Birinci və ikinci abzasın sonunda verilən sualların bütün cavabları, bütün həll yolları məhz siyasi oblastdadır. O verilişdə mövzu olaraq qoyulan “Bizi nə dəli edir?” sualının cavabı da siyasi müstəvidə müzakirə edilməlidir. Lakin bəs problem nədir?
Problem söz azadlığının olmamasıdır. Azərbaycanda siyasi mövzuda öz fikirlərini ifadə edə biləcəyin 1-2 parça media bürosu var, başqa harada danışmaq olur ki? Ən böyük Azərbaycan telekanalından tutmuş sınıq-salxaq Salyan-Neftçala avtobusuna qədər siyasi müstəvidə ağzını aça bilmirsən. “8 MARŞ” yürüşündə dağıdıcı alay kimi istifadə edilən xalaların amalına gedən yol da məhz ölkədəki siyasi vəziyyətdən keçir.
Məsələn, sonradan məlum oldu ki, dağıdıcı alayın ən aktiv iştirakçılarından olan xalalardan biri bir müddət əvvəl gündəmə limon satan biri kimi gəlib, polislərdən, dövlət işçilərindən etiraz edib, dolana bilmədiyini dilə gətirən vətəndaş imiş. Hansı ki, o xalanın gündəmə gəlməsində, haqqının tapdalanmasına etiraz edilməsində, onun dərdinə dərman axtarılmasında aktiv iştirak edən kəslər elə o xalanın o aksiyada boğazını sıxdığı gənclər idi.
Məsələ orasındadır ki, biz o xalanı qazana bilmədik. Biz o xalanı itirdik. Hökümət o xalanı cəmisi 10 manata satın aldı. O xalanı 10 manata almağa ölkədəki iqtisadi vəziyyət zəmin yaradır. Mən əminəm ki, o xalanın həmin 10 manata ehtiyacı olmasa, onu həmin aksiyaya heç bir qüvvə çıxarda bilməz. Bəlkə də o xala başqa vaxt polisin həmin boğazını sıxdığı qadına şiddət tətbiq etdiyini görsə, müdaxilə də edər. Lakin, onun bizim tərəfimizdə olmağı üçün nə o xalanın savadı, nə də ölkədəki sosial-iqtisadi, ən əsası da siyasi vəziyyət imkan verir.
Danışılmayan məsələ həll edilə bilər mi?! Xeyr! Digər yandan da bu andıra qalası binanı bünövrəsiz tikmək olmur, axı..
Bu bina inqilabi mərkəzdir. Bu binanın birinci mərtəbəsi siyasi inqilabdır. Bu ölkədə siyasi inqilab olmadığı müddətcə nə yeni bir nailiyyət əldə etmək olacaq, nə patriarxı yıxmaq olacaq, nə də başqa hər hansı xoş hadisə ilə qarşılaşmaq baş tutacaq. Yazımı yaşlı bir qızıl dərilinin sözünə nəzirə edərək bitirmək istəyirəm:
"Hər şeyin başı siyasi inqilabdır, fəlsəfənin də".
Yazı müəllifin fikirlərini əks etdirir. Abzas-la mövqelər üst-üstə düşməyə bilər.