Zizek yazır ki, "köpək balığı bəzən sadəcə köpək balığıdır", yəni ki, batini bir mənası, ifadə etdiyi bir fikiri yoxdur, sadəcə dekorasiyadır ki, onu ora köpək balığı olsun deyə qoyublar. Ya da Hegelin "saf varlığı" dır, transendental bir mənaya malik deyil. İzləyici, yəni bizim üçünsə, köpək balığı hər zaman başqa bir məna ifadə etməli olan bir şeydir. Onun altında mütləq şəkildə bir gizli məna vardır, O mütləq göründüyündən fərqli bir şey olmalıdır. Çünki hər şey bu qədər sadə ola bilməz.
Nəzərdən keçirdiyimiz bu forma fərdin postmodernizmə adaptasiya olmaq cəhdinin nəticəsidir. Daha dəqiq ifadə etsək, dəfələrlə aldadılmış modernist insanın sorğulamağı öyrənməsi nəticəsində ortaya çıxan şeydir. Lakin bu bacarıq sonradan qazanılmadır, postmodernist dünyanın təsirinə qarşı bir reaksiyadır. İnsan özü isə daxilində hələ də modernistdir. O, inanmaq istəyir, səmimiyyət, güvən istəyir. Ancaq ətraf onu aldadacaq minlərlə fərdlə doludur. Ehtiyyatlı olmaq lazımdır. Bu ehtiyyat içərisində insanın səmimiyyətə, güvənə, obyektiv bir həqiqətə olan ehtiyacı daha da böyüyür, genişlənir. Bax məhz buna görə XXI əsr olmasına baxmayaraq kor-koranə, fanatik inanclar meydana çıxır. Örnək götürmək üçün geriyə keçmişə baxırıq və orda Hitleri, Stalini, Lenini, Mandellanı, Atatürkü, Çe-ni görürük. Onlar kimi olmağa çalışırıq. Geymimizdə, danışığımızda hətta saxladığımız saqqalda belə keçmişə oxşamağa çalışırıq. Mübarizə metodlarımızda belə keçmişi örnək almağa çalışır, inam, ideya, iradə, mübarizə, sədaqət, yol, səhifələr boyu gözəl sözlərdən danışırıq. Düşünürük ki, bununla modernizmin liderlərini yaratmışıq, onlar kimi olmağı bacarmışıq və qalib gələcəyik. Ancaq olmur. Bəs, əskik olan şey nədir? Hər şeyi necə də eyni ilə səhnələmişdik, niyə alınmadı ki? Çünki adi bir sorğulama ilə yaratdığımız imic bir anda suya düşür. Ortaya çıxır ki, hər şey fərdi istək və tələbatlarının ödənildiyi, digərlərinin də istifadə olunduğu bir oyundur. Postmodernist bir oyun. Rəsmən Hegelin "tarix təkrar edir, birincidə faciə, ikincidə komediya kimi" deyimini gerçəkəşdirmiş oluruq. Postmodernimzin üstünlüyü bizə hər şeyin sorğulanmasının vacibliyini göstərməsidir. Lakin həyat davam edir, ən böyük özləmimiz isə yenə də qalır: safca inanmağın modernist səmimiyyəti.
Dövrümüz üçün ən təhlükəli tendensiya məhz budur. Modernist səmimiyyətdən məhrum olan insanlar. İstənilən mübarizənin, ideyanın, savaşın tək düşməni məhz onlardır. Danışdığımız, salam verdiyimiz, yaxud da yaxşı tanıdığımız insan gərçəkdən də düşündüyümüz qədər yaxşıdırmı? Mübarizə aparan bir nəfər öz əməlində nə qədər səmimidir? Liderlik eşqi ilə yanan birisi doğrudanmı xalqı düşünür? Görülən işlərin arxasında hansısa bir fərdi mənfəət varmı? Verilən sözlərin gerçəklikdə dəyəri varmı? Əgər qarşımızdakı insana duyduğumuz bu şübhələr həqiqətdirsə, onda necə? Şübhələrimzi aradan qaldıran amil isə bəhs etdiyimiz modernist səmimiyyətdir. Hər şeyin, hətta həqiqətin belə çoxşaxəli və çoxtərəfli olduğu bir dönəmdə tək ehtiyacımız olan da məhz odur. İrəli getmək, iş görmək, uğur qazanmaq, nələri dəyişmək, daha yaxşısını etmək üçün ona ehtiyac var. Modernist səmimiyyətə.
Mən “bu xalq öz qəhrəmanını dar ağacında görmək istəyir” sözləri ilə razılaşmıram. Əksinə xalqın həqiqətən bir qəhrəman istədiyini düşünürəm. Lakin şübhə edən, sorğulayan, güvənməyən, üzdə həqiqəti olmayan əsl postmodernist kimi görünən bu xalqın içərisindəki “modernist səmimiyyəti” oyatmaq çox çətin olacağını da başa düşürəm. Xalq istədiyi səmimiyyəti alana qədər iddalı olan hər kəsi dar ağacına göndərəcəyini, satacağını, yarı yolda qoyacağını da bilirəm. Lakin sönmüş tonqal külünün içərisində, hardasa dərinlərdə bir qor-un qaldığına isə inanıram. Modernist səmimiyyəti ilə inanıram...
Araz Əliyev