Bu yay boyu az qala hər gün oğlumu Xətai metrosu tərəfə hazırlığa aparmışam. Məcbur eləmirdim yayda da oxusun, səhv anlamayın, özü istəyir, özü çalışır. Hərdən də deyirdi ki, ən yaxşı məsələ 40 dərəcə istidə həll olunandır.
Həmişə Bakı Əyləncə Mərkəzinin yanına qalxan körpünün üstündən keçirdik.
Bir gün dedi:
– Olarmı o körpünün üstü ilə getməyək.
Təəccüblü gəldi.
– O körpünün üstündən keçəndə sən həmişə çox qəribə və diqqətlə yana baxırsan, bu zaman yola baxmırsan, narahat oluram, demə ki, qorxaqsan, sadəcə, olmaz belə…
Razılaşdım. Yəqin onun dediyi qədər də olmazdı, amma düz deyirdi, həmişə o körpüdən keçəndə bir kafe var, ora tərəf boylanıram özümdən asılı olmadan. O kafeni də görmək olmur heç körpünün üstündən.
Gözəl vəkil, möhtəşəm insan Elton Quliyevlə son söhbətlərimiz orada olub. Vədələşib orada görüşürdük tez-tez. İkimiz də bilirdik hər şeyi o zaman. Mənə ürək-dirək verirdi özünün öləcəyinə görə. Çox ağır günlər idi. Çox dostumuz da həbsdəydi…
Elton Quliyevlə uzun illər xoş tanışlığımız vardı. Rastlaşan peşə həyatımızdan, Azərbaycan problemlərindən yaranan bir tanışlıq. Son illər daha yaxın idik. Son vaxtlar isə dost olmuşduq. Zarafatlaşmamız vardı artıq.
[caption id="attachment_48362" align="aligncenter" width="1023"] Şahvələd Çobanoğlu[/caption]Deyib-gülməyi ayrı aləm idi. Mənə tez-tez deyirdi ki, bir dəfə içkidən azacıq keçəndə niyə dondurma istəməyimizə verdiyin izahdan sonra sənin ağlına inandım. Dalınca da qəhqəhə çəkib gülürdük. Məsələn, yaş asfaltda işığın sınmasını izah etməyimə görə deyirdi ki, bunu onun kimi yaxşı bildiyim üçün mənə qonaqlıq vermək istəyir. Yenə gülürdük.
Unudulmaz insan! Vaxt tapıb oğluma səndən danışdım bu arada! Yəqin körpünü keçəndə hara baxdığımı da anlayar.
Bizim şəxsi münasibətlər, yaxınlığımız, qardaşlığımız öz yerində…
Azərbaycan tarixində Sənin kimi adamların xüsusi yeri var. Sənin xüsusi yerin var. Sən bizi bacarıqlı, vicdanlı vəkilliyindən və ədalətə bağlılığından əlavə, həm də müdafiəyə ehtiyacımız olduğu üçün müdafiə edirdin. Bilirdin ki, bu məhkəmələrdə ədalət olmayacaq. Zarafatla, amma çox acıyaraq, kədərlə deyirdin ki, vəkilin işi poçtalyonluqdur indi. Amma yenə də müdafiə edirdin, düşünürdün ki, buna bizim ehtiyacımız var.
Sənin kimi bir adamın bunu etməyinin xüsusi mənası yaranırdı, öncə də uğur qazanmış və hər zaman uğur qazana biləcək bir insan bizimlə idi. Xarakterli, güclü, bacarıqlı, savadlı, çevik, sözü iti birinin bizi müdafiə etməyi vəkillikdən də ötə bir şey idi.
Sən vəkil idin, amma fikrin, rəyin ədalət məhkəməsi hakiminin hökmü kimi səslənirdi. Sən könüllərin hakimi idin.
Unudulmaz insan, dəyərli Elton Quliyev!
Oğluma səndən danışdım bir xeyli.
____________________________ 2018, sentyabr, Azadlıq qəzeti