Astrid Lindqren 1978-ci ildə Alman Kitab Ticarətinin Sülh Mükafatına layiq görülüb. Təqdimat zamanı o, bir sıra Avropa ölkələrində xeyli səs-küyə səbəb olan məşhur "Şiddətə yox!" nitqi ilə çıxış edib.
Hazırda buna inanmaq çətin olsa da 1970-ci illərdə bir çox Avropa ölkələrində uşaqların fiziki şiddətlə cəzalandırılması adi hal hesab olunurdu. 1979-cu ildə İsveç demək olar ki, Lindqrenin çıxışına əsaslanaraq, dünyada bunu qadağan edən ilk dövlət oldu.
Lakin bu çıxışında yazıçı təkcə uşaqların şiddətə məruz qalmasından söz açmır, eyni zamanda dünyanı girdabında boğan müharibələrin və təcavüzün mənşəyinin hər birimizin uşaqlığından qaynaqlandığını deyir.
'Abzas' Astrid Lindqrenin həmin məhşur nitqinin tərcüməsini təqdim edir:Əziz dostlar!
Tarixin başlanğıcından bəri bəşəriyyət müharibə və zorakılıq kölgəsi altında yaşamış və yer üzündə hərdən bir hökm sürən kövrək sülh isə həmişə təhlükə altında olmuşdur. Və hal-hazırda da bunun baş verəcəyi istisna deyil. Məhz indi biz nəfəslərimizi tutub, növbəti dəfə hamımızı məhv edəcək yeni bir dünya müharibəsinin başlayacağından ehtiyat edirik. Daha çox insanın bu mövzunu dilə gətirməsi və hətta sülhün bərpası üçün hərəkətə keçməyə çalışması isə məndə kiçik də olsa bir ümid yaradır. Lakin bu ümid müvəqqətidir. Çünki, bütün dünyada siyasətçilər silahsızlaşdırılma ilə bağlı bütün mümkün vasitələrdən danışırlar, lakin yalnız öz ölkələrinə gəldikdə bu barədə susurlar. Çünki, heç kim bir başqasının sülhə can atdığına inanmır və bu mövzuda ilk olmaq istəmir.
Bəs indi şiddətin minillik tarixinə nəzər yetirərkən, özümüzdən soruşmaq vaxtı deyilmi, şüurumuzda bizi müharibələrə və bir-birimizi öldürməyə sürükləyən nədir? Həqiqətənmi, biz hamımız bu bitib tükənmək bilməyən şiddətin qurbanına çevrilməyə məhkumuq? Və əgər hamımız səmimi olaraq sülh arzulayırıqsa, nə qədər ki, gec deyil, şiddətdən tamamən uzaqlaşmağa, yeni bir insan növünə çevrilməyə cəhd eləyə bilərikmi? Bunu necə etmək olar və haradan başlamaq lazımdır?
Mən inanıram ki, biz məsələnin kökündən başlamalıyıq, öz uşaqlarımızdan. Bu gün mən "Sülh mükafatı"na layiq görülmüşəm, lakin uşaq yazıçısı kimi. Və yəqin ki, siz məndən beynəlxalq problemlərin həllinə dair dərin siyasi görüşlər və ya ağlabatan təkliflər gözləmirsiniz. Elə mən özüm də ancaq uşaqlar haqqında danışmaq istəyirəm.
Mən bütün ümidlərimi onlara bağlamışam. Çünki məhz onlar çox yaxın gələcəkdə müharibə və ya sülhün olacağının, zorakılıq yoxsa qardaşlıq və əməkdaşlıq dünyasında yaşayacağımızın qərarını verəcəklər. Görəsən insanlığın əliylə yaradılmış bu dəhşətli dünyanın dəyişəcəyinə dair heç olmasa kiçicik bir ümid varmı? Və nə üçün mövcud olan bütün bu xoş niyyətlərə baxmayaraq, biz yaxşı bir dünya yarada bilmirik?
Mən uşaqların yaxşı və ya pis xüsusiyyətlərlə doğulmadığına inanıram. Biz şüurlu doğuluruq, xeyir və şər isə bizdə sonradan inkişaf edir. Bəs uşağın açıq və sevəcən olmağına, səmimi insani münasibətlər qurmağına və ya mənfur və qəzəbli olmağına, və yaxud da başqaları ilə daim qarşıdurma yaratmağa çalışmağına kim və ya nə təsir edir? Hötə demişdir ki, insan dünyanı ona sevgisini göstərən şəxs vasitəsilə tanıyır. Və sevəcən bir ailədə böyüyən uşaq dünyaya valideynlərindən gördüyü münasibəti göstərir və gələcəkdə də bunu davam etdirir. Əgər belə bir uşaq dünyanın taleyinə təsir göstərə biləcək biri olarsa, onda biz hamımız ölümə və şiddətə deyil, sevgiyə meylli olduğu üçün ona minnətdar olacağıq.
Bəzən düşünəndə ki, əslində indiki dünya liderlərinin xarakteri tam olaraq beşinci doğum günlərində formalaşıb, qorxuya düşürəm.
Gəlin geriyə nəzər salaq və baxaq görək tarix boyunca uşaqlarımız necə tərbiyə olunublar? Az olubmu ki, onların istək və iradəsi şiddətin bu və ya digər bir forması ilə sındırılıb? Və nə qədər uşaq “bu dərsləri” ən sevdikləri insanlardan – valideynlərindən alıblar. Bütün bunlar nəsildən nəsilə ötürülmüşdür. Bir çox ata-analar Müqəddəs kitabda deyilən "Sopaya qıymasan uşağı korlayacaqsan" deyiminə kor-koranə əməl edərək, uşaqlarını kötəkləməyi sevgi adlandırıblar. Bu gün öz xalqına əzab-əziyyət verən, zülm edənlər bənzər uşaqlıq yaşamışdır. Mən düşünürəm ki, əksər belə insanların davranışlarının arxasında ailə zorakılığı - qamçı ilə tərbiyələndirmək və ya psixoloji zorakılıq dayanır. Xoşbəxtlikdən, uşaqlarını sevgi və mehribanlıq mühitində böyüdən valideynlər də çoxdur.
Köhnə tərbiyə üsullarının geri qaytarılması üçün səy göstərən insanları görəndə məni dəhşət bürüyür. İnsanlar uşaqlara qarşı "daha sərt yanaşma, daha çox qəddarlıq" tələb edir və bunu edərkən elə düşünürlər ki, bu yolla gəncləri pis əməllərindən yayındıra bilərlər, onlar belə əməllərin səbəbini hədsiz sərbəstlikdə və yetərincə sərtliyin olmamasında görürlər.
Əfsuslar olsun ki, bir çox valideynlər təlim-tərbiyəyə demokratik yanaşma ilə bağlı ciddi narahatlıq ifadə edirlər. Onlar bunun icazəsizliyə gətirib çıxaracağını düşünürlər. Lakin anti-avtoritar tərbiyə üsulları uşaqların istədiklərini etməkləri demək deyil. Bu qayda-qanunun və normaların olmaması da deyil. Biz hamımız müəyyən etik çərçivələr və qaydalara ehtiyac duyuruq və uşaqlar bunu həmişə öz valideynlərindən nümunə götürürlər. Əlbəttə, uşaqlar valideynlərinə hörmət etməlidirlər, ancaq böyüklər də eyni şəkildə uşaqlara hörmət etməli və onların üzərindəki haqlarından sui-istifadə etməməlidirlər.
Beləliklə, bu nəticəyə gəlmək olar ki, əgər biz uşaqlarımızı zorakılıq göstərmədən tərbiyə etsək onda əbədi sülh şəraitində yaşayacaq yeni bir insan növü yaratmış olacağıq? Yalnız uşaqlar üçün kitabların müəllifi buna inanacaq qədər sadəlövh ola bilər. Mən yaxşı başa düşürəm ki, bu utopiyadır!
Əlbəttə ki, əgər biz bu korlanmış və əzablı dünyamızda sülhə nail olmaq istəyiriksə, uşaqlarla yanaşı diqqət etməli olduğumuz xeyli başqa məqamlar da vardır. Hətta indi dünyada əsasən sülhün hakim olduğu bir vaxtda belə, bir çox ədalətsizliklər, qəddarlıq və zorakılıq mövcuddur və əlbəttə ki, uşaqlarımız gözlərini bağlayıb bunları görməyə bilməz. Onlar bunu görürlər, eşidirlər və hər gün bu barədə oxuyurlar, şübhəsiz ki, onlarda belə bir əminlik yaranır ki, şiddət insan münasibətlərində təbii vasitədir. Ancaq ailədə bizim edə biləcəklərimiz ondan ibarətdir ki, uşaqlara göstərək ki, həyatımızı yaşamağın başqa bir yolu da var və bu yol sevgi və anlayışdan keçir.