7 Mart 2019
Mətni dəyiş
Çinli telekommunikasiya konserni Huawei ABŞ-ın öz müəssisələrinə bu şirkətin texnologiya və xidmətlərini almağı qadağan etməsini qınayır. Huawei bu qadağanın sərbəst rəqabətə mane olduğunu düşünür.
Huawei şirkətinin rəhbəri Quo Pin ABŞ prezidenti Donald Trampın 2018-ci ildə imzaladığı qanun haqda "təkcə qanunazidd deyil, həm də Huawei-nin sərbəst rəqabətdə iştirakına mane olduğunu" düşünür. Qanunla bağlı şikayət Texas məhkəməsinə verilib.
Ekspertlər isə düşünür ki, Huawei-nin qaldırdığı məhkəmə işində qalib olmağa heç şansı yoxdur, şirkət sadəcə bu yolla ictimaiyyət qarşısında itirilmiş etibarını bərpa etməyə çalışır.
Artıq Qərb şirkətləri xüsusilə də Almaniya Huawei-nin sürətli şəbəkələrə elektron məlumat ötürmə üçün 5G texnologiyasına şübhə ilə yanaşır, onunla əməkdaşlığı dayandırmağı müzakirə edirlər.
Huawei şirkətinin casusluq və sabotaj kimi fəaliyyətlərdə ittihamı ABŞ-ın təşəbbüsü ilə baş tutub. ABŞ Huawei-nin Çin Xalq Respublikasının hökümətiylə sıx əməkdaşlıqda olmasını öz ölkəsi üçün təhdid hesab edir.
Lakin, Huawei şirkəti bu cür şübhələrə etiraz edir. "ABŞ konqressi hələ də Huawei məhsullarına qarşı məhdudlaşdırmaya haqq qazandıracaq heç bir sübut göstərə bilməyib. Buna görə də hüquqi yollarla bu qərara etirazımızı bildirməyə məcburuq". - deyə şirkətin rəhbəri bildirib.
Huawei şirkətinin açıqlamasına görə ABŞ administrasiyası təkcə bu şirkətin mallarına qadağa qoymur, həmçinin bu şirkətin mallarını alan üçüncü tərəflə də müqavilələr bağlamağı qadağan edir. Huawei rəhbərliyi bu qərarın ABŞ konstitusiyasına zidd hesab edir.