Son vaxtlar bəzilərində hakimiyyət "kişilərinin" sifarişi ilə Rüstəmin şəxsiyyətini və yaradıcılığını "təftiş" etmək "həvəsi" yaranıb. Amma, axı, Rüstəmin kim olduğunu bütün dünya bilir, Rüstəmin kimliyi "Bir cənub şəhəri"ndən keçib, "Ezamiyyətdə" möhkəmlənib, "Ultimatum"da təsdiqlənib, "Qış gecəsi"nin "Dar ağacı"ndan asılıb və "Bizim tində" pusquda dayanıb peşəsi oğurluqdan ibarət olan "Siçovul"ları "Cəlilsayağı" ifşada tamamlanıb.
Fevralın 5-i Rüstam İbrahimbəyovun yubileyidir. O, həyatın müdriklik məqamına yüksəlib. Amma Rüstəm bəy yaşa görə müdrikləşməyib. Təkrarsız yaradıcılığının içində müdrikləşib, sənət prosesində müdrikləşib. O, böyük sənətə "Bir cənub şəhərində" filmi ilə gəldi və ötən əsrin 60-cı illərinin sonlarında gənclərdən ibarət güclü yaradıcı kollektivi olan bir cənub şəhərinin macaraları filminin çəkilişləri başa çatdırıldı. Lakin onun ekrana buraxılması xeyli yubandı. Film hazır olandan sonra ona münasibət birmənalı olmadı. Birinci katib Vəli Axundov MK Bürosunun üzvləri ilə birlikdə filmə baxanda çox əsəbiləşdi və o, ideoloji katib Cəfər Cəfərovla "Azərbaycanfilm" kinostudiyasının direktoru Adil İsgəndərova üzünü tutaraq dedi ki, bunlar cavandırlar, bəs siz hara baxırdınız? Vəziyyət çox mürəkkəbləşdi. Lakin elə həmin gün Moskvada "Komsomolskaya pravda" Rüstəm İbrahimbəyovun istedadlı və perspektivli bir ssenarist olması haqqında haqqında müsbət məqalə dərc etmişdi. Filmə MK-da baxış keçirildiyin bilən Maqsud İbrahimbəyov qəzetin nüsxəsini təcili olaraq Rüstəmə, Rüstəm isə onu Cəfər Cəfərova çatdırdı. Cəfər müəllim yazı ilə tanış olduqdan sonra qəzeti Vəli Axundova verib dedi ki, görürsünüz biz burada məzəmmət edirik, amma "Komsomolskaya pravda" Rütəm haqqında necə tərifli yazı verib. Bundan sonra Vəli Axundov bir qədər yumşaldı və dedi ki, yaxşı, qoy onda respublika ziyalılarının nümayəndələri filmə baxıb öz rəylərini bildirsinlər. Filmə baxışdan sonra Rəsul Rza və bir sıra digər tanınmış ziyalılar onun haqqında müsbət fikir söylədilər. Yalnız bundan sonra MK "Bir cənub şəhərində" filminin ekrana buraxılmasına etiraz etmədi. Yeri gəlmişkən MK-da filmə baxışda Dövlət Təhlüksizliyi Komitəsinin sədri Heydər Əliyevdə iştirak etmişdi. O, film böyu bütün cinayətlərə göz yuman milis işçisi Mustafaya görə eyhamla Rüstəmdən soruşmuşdu ki, Daxili İşlər Naziri filmə baxıb?
Lakin həmin vaxt respublika rəhbərliyində baş verən dəyişikliklər "Bir cənub şəhərində" filminin taleyindən yan keçmədi. 1970-ci il martın 29-da Azərbaycan KP MK-nın rus dilində nəşr olunan orqanı kimi "Bakinskiy raboçiy" qəzetində N.Hacinskayanın film haqqında müsbət rəyi dərc edildi. İki gün sonra isə MK-nın Azərbaycan dilində olan mərkəzi orqanı kimi "Kommunist" qəzeti tənqidçi Cəlal Məmmədovun film haqqında çox kəskin mənfi rəyini dərc etdi. Birinci yazının yandırdığı ümid çırağı tez də söndürüldü. Tənqidçi Cəlal Məmmədov filmin şən notlarla başladığını qeyd edərək yazırdı: "Ekranda Bakının yeni uca evləri, geniş prospektləri, əzəmətli abidələri görünür. Gümrah və şən mahnının sədaları altında biz respublikanın paytaxtını gəzir, 50 illiyini yaxınlarda bayram edəcəyimiz vətənimiz üçün bir daha böyük iftixar hissi duyuruq. "Bir cənub şəhərində" filmi belə başlanır. Elə bil filmin ssenari müəllifi Rüstəm İbrahimbəyov, quruluşçu rejissoru Eldar Quliyev və operatoru Rasim Ocaqov bu müasir doğma mənzərəni göstərməklə bizə vəd edirlər ki, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının yeni məhsulunda tamaşaçıları doğrudan da gözəl bədii əsərlərin qəhrəmanı olmağa layiq həmvətənləri, müasirləri ilə, onların canlı və dolğun bədii surətləri ilə, nəcib duyğuları və düşüncələri, yüksək arzuları və əməlləri ilə tanış edəcəklər. Lakin şən mahnı (filmin musiqisi Fərəc Qarayevindir) bitir. Bakının yeni cazibədar mənzərələri çox tez yox olur və qarşımızda gözlənilmədən "bir cənub şəhərində"nin tezliklə söküləcək köhnə məhəllələrindən biri canlanır...(Yeri gəlmişkən filmin çəkildiyi məhəllə hələ indi də sökülməyib - C.H.) Kadrlar, epizodlar bir-birini təqib edir və biz təəccüb qalırıq: köhnə məhəllədəki insanlar və hadisələr bizi bugünkü həyatımızdan nə qədər uzaqlaşdırır! Belə adamlar, təəssüf ki, indi də tapılır. Belə hadisələr, təəssüf ki, indi də baş verir. Bunları rüsvay etmək vacibdir. Ancaq ayrı-ayrı hadisələri, faktları sadəcə bir yerə yığmaqla bədii əsər yaratmaq olmaz. Tək-tək, nadir patoloji hadisələr və xarakterlər, xəstə hallar həyat haqqında düzgün təsəvvür oyada bilməz." Cəlal Məmmədov sual edirdi ki, film tamaşaçıda əvvəlcə belə təəssürat yaradır ki, müəlliflər orada 30-40 il əvvəlki məhəllələri təsvir edirmi? Amma tez də aydın olur ki, filmdəki hadisələr 1968-ci ildə baş verir. O, filmin yaradıcı heyətini "bir-birindən əcaib, bir-birindən qüsurlu insanları" ekrana çıxarmaqda, ssenari müəllifini "xalqı, camaatı" yaxşı tanımamaqda ittiham edirdi. Tənqidçi yazırdı: "Təəssüf ki, "Bir cənub şəhərində" filmi İtaliya neorealistlərinin bədii inikas üsullarını çox zəhlətökən şəkildə, dönə-dönə təkrar edir (yerli-yersiz ora-bura qaçan, damlarda oturan, hətta yerdəki qanı yuyan uşaqlar; deyişən, qışqıran uşaqlı isterik arvadlar; tinlərdən çəkilməyən avaralar; dəmir barmaqlıqlar arxasından baxan qarının gərgin və kədərli siması; naturalistcəsinə verilmiş müxtəlif məişət səhnələri və s.). Bəziləri deyirlər ki, film mübahisə doğurmuşdur, deməli - yenidir, orijinaldır, fikirləri təlatümə gətirmişdir. Bunu aydınlaşdırmaq lazımdır: əslində film mübahisə doğurmamışdır. Məsələ tamamilə başqa cürdür: əksəriyyət onu partiyalı incəsənətimizin vəzifələri və məqsədləri mövqeyindən təhlil edir, bəziləri isə məhdud subyektiv hisslərə qapılaraq tərifnamələr yazırlar. Unutmaq olmaz ki, sənətdə və ədəbiyyatda həqiqi xəlqilik kommunist partiyalılığı ilə qırılmaz surətdə bağlıdır və qabaqcıl sənətkar hansı janrda, hansı mövzuda əsər yaradırsa-yaratsın (həyatı təsdiq edən, ya tənqid edən), yalnız bu yüksəklikdə - kommunist partiyalılığı mövqeyində möhkəm dayanmaqla xalqımıza layiq, böyük zəmanəmizə layiq bədii məhsul verə bilər." Partiya orqanının bu tənqidi mövqeyindən sonra Azərbaycan KP MK-nın yeni birinci katibi Heydər Əliyev oktyabr (1971-ci il) plenumunda filmi "sovet həyat tərzini təhrif etməkdə" günahlandırdı və onun müəlliflərini kəskin tənqid etdi. Rüstəmin bütün yaradıcılığı tənqidin səngərindən keçib. Əsərlərinin çoxu tənqidin hədəfinə çevrilib, onu "tərbiyələndirməyə", sistemin çərçivəsinə salmağa çalışıblar. Lakin o, əsərdən-əsərə adiliyi ilə seçilən obrazlarının sadə həyat həqiqətləri ilə cəmiyyətin tərbiyəsində mühüm rol oynadı, milli, ideoloji hüdudları yararaq dünya səviyyəsinə yüksələ bildi.
"Bir cənub şəhərində"n başlayaraq "İstintaq"a, "Əlvida cənub şəhəri"nə, "Kabusun gözləriylə" və "Qafqaz triosu"na qədər ən sərt tənqidlərə məruz qalmasına baxmayaraq Rüstəm İbrahimbəyov öz prinsiplərinə, öz ideallarına, öz yaradıcılıq üslubuna sadiq qaldı. "Bir cənub şəhərində" filmindən 10 il sonra çəkilən "İstintaq" filmi də eyni taleyi yaşadı. Baxmayaraq 70-ci illərin sonunda Rüstəm artıq Azərbaycan SSR əməkdar incəsənət xadimi, tanınmış ssenarist və yazıçı idi. Uzun müzakirələrdən sonra Heydər Əliyev təklif etdi ki, filmin başlanğıcında orada bəhs edən hadisələrin 1969-cu ilə qədər baş verdiyi titrlə yazılsın. Yalnız bu əlavə edildikdən sonra "İstintaq" ekrana çıxdı.
Rüstəm bəyin haqqında yubiley yazısında böyük rejissor Rasim Ocaqovun adını çəkməmək doğru olmazdı. Onların yaradıcılıq əməkdaşlığı Azərbaycan ekranının ən gözəl, ən səmimi, ən yaddaqalan nümunələrinin yaradılması ilə nəticələndi. Onlar birlikdə bu gün Azərbaycan kinosunun qızıl fonduna daxil olan "Ad günü"nü, "İstintaq"ı, "Bağlı qapı"nı, "Park"ı, "Özgə ömür"nü, "Ölsəm bağışla..."yını, "Qətldən yeddi gün sonra"nı, "Həm ziyarət, həm ticarət"i çəkdilər və ideologiyadan uzaq azərbaycan kino sənətinin üz ağlığı sayılan, mədəniyyət tarixində daim qalacaq sənət əsərləri ərsəyə gətirdilər.
Rüstəm İbrahimbəyov dramatik konfliktlərlə yadda qalan mahir bir dramaturqdur. Onun "Bağlı qapı arxasında qadın", "Kaliforniyada dəfn", "Qum üzərində ev", "Şirə bənzər" pyesləri tamaşaçıların qəlbini fəth etdi, dünyanın 100-dən artıq teatrlarında tamaşaya qoyulub. Tam mübaliğəsiz demək olar o, yalnız Azərbaycanın, yalnız Rusiyanın deyil, dünyanın ən nadir, ən ustad dramaturqlarındandır. Rüstəmin teatr fəaliyyətində "İbrus"un xüsusi yeri var. İlk müəllif teatrı kimi "İbrus" 2000-ci ildə onun daxili, mənəvi ehtiyaclarından, sənət ehtiraslarından yaranmışdı. Az müddətdə "İbrus" hər iki dildə səhnə möcüzəsi yaradan bir mədəniyyət ocağına çevrildi. Lakin bu mədəniyyət ocağının qapısını Azərbaycan hakimiyyəti bağladı, onun çırağını Azərbaycan hakimiyyəti söndürdü. Amma bu teatrda oynanılan "Şirə bənzər", "Tez-tez olmayan görüşlər üçün həmdəm axtarıram", "Bağlı qapı arxasında qadın", "Tartüf Ağayeviç" əbədi olaraq Azərbaycan teatr tarixinə yazıldı. Azərbaycan səhnəsində böyük Axundovun Müsyo Jordanı ilə başlanan frang obrazı, İbrahimbəyov tərəfindən Tartüfün milliləşdirilib Ağayeviçə çevrilməsi ilə tamamlandı. Fuad Poladov və Mehriban Zəkinin yüksək aktyorluq istedadı nəticəsində "İvan Buninin son döyüşü" (Posledniy poyedinok İvana Bunina) Buninin vətənində belə böyük sənət hadisəsinə çevrildi. İbrahimbəyov Baninin bolşeviklərə nifrət ruhu ilə yazdığı "Qafqaz günləri" və məşhur rus yazıçısı İvan Buninlə sevgi macarası üzərində qələmə aldığı "Paris günləri"nin maraqlı, maraqlı olduğu qədər də dramatik səhnə taleyini böyük ustalıqla yaratmış, rus ictimai fikrində daha çox tanınan İvan Buninin tanınmayan tərəflərini nümayiş etdirməklə rus ziyalılarını heyrətləndirmişdi. Bu tamaşa "İbrus"un zirvəsi idi. Hətta, tanınmış fransız dramaturqu Jan Koktonun "Tənha səs"i də "İbrus"un səhnəsindən eşidildi. O, Molyerə, Buninə nə qədər həssaslıqla yanaşırsa, Mirzə Cəlilin ruhunu da o qədər dərindən duya bildi. "Cəlilsayağı"pyesi bu baxımdan səciyyəvidir. Bu pyesdə hadisələrin bir hissəsi bu günlə bağlıdır və həmin hissə Rüstəmin öz müşahidələrinin məhsuludur. Digər tərəfdən pyesdə Mirzə Cəlilin "Danabaş kəndinin əhvalatları"ndan fraqmentlər var. O, "Danabaş Kəndinin əhvalatları" ilə bu günkü hazırkı problemləri "Cəlilsayağı"da vahid süjetdə birləşdirə bilib. O, pyesdə və həmin pyes əsasında səhnəyə qoyulan tamaşada göstərir ki, 100 ildən çox zaman ötsə də Danabaş kəndi yerində qalıb və hələ üstəlik onun əhatə dairəsi də genişlənib. Axı, Mirzə Cəlil də Danabaş kəndini bir nümunə olaraq götürüb, amma əslində Azərbaycandan danışırdı. Bununla da Mirzə Cəlildən Rüstəm İbrahimbəyova qədər Danabaş kəndi Azərbaycanın özünəməxsus bir obrazı idi.
Rüstəm İbrahimbəyovun yaradıcılığının böyük bir hissəsi Sovet dövrünə düşür. Amma onun Sovet dövründə yazdığı bütün əsərlər post-sovet dövrü üçün də müasirdir. Rüstəm Sovet dövründə böyük uğurlar qazanıb, amma, eyni zamanda Sovet totalitarizminin ağırlığını da öz çiyinlərində çəkib. Bunun üçün Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ötən əsrin 70-ci illərində keçirilmiş plenumlarının materiallarına baxmaq yetərlidir. Rüstəmin ssenari müəllifi olduğu "Bir cənub şəhərində" filmi haqqında Dövlət Təhlükəsizliyi Komitəsinin 5-ci idarəsinin müxtəlif yüksək partiya və dövlət orqanları ilə yazışmaları filmin ssenarisindən və həmin ssenarinin əsasını təşkil edən "9-cu Xrebtovidə" povestinin həcmindən qat-qat artıqdır. Təkcə bir "Ezamiyyətdə" hekayəsi "formaca milli, məzmunca sosialist" olan ədəbi tənqidin - həm də yalnız ədəbi tənqidin deyil - əsəblərini necə tarıma çəkmişdi. Ötən əsrin səksəninci illərində Səməd Vurğun adına Rus Dram Teatrının səhnəsində yeni qoyulan "Ultimatum" pyesi niyə üstüörtülü formada teatrın səhnəsəndən yığışdırıldı, niyə repertuardan çıxarıldı? Axı bu əsər həmin dövrdə ya əvvəlində, ya da sonunda söyüşlə zikr edilən "Müsavat" sözünü Sovet totalitarizmi şəraitində ilk dəfə ictimai müzakirəyə gətirmişdi. Əleyhdarlarının son illər "Ultimatum"un müəllifinin "totalitar sovet təzyiq mexanizmi"ndən bəhrələndiyini deməsi sadəcə olaraq tarixi keçmişimizə sayğısız münasibətin təzahürüdür. Mən ötən əsrin 80-90-cı illərində Azərbaycan Xalq Cümhuriyyəti tarixindən doktorluq dissertasiyası işləyəndə Cümhuriyyət parlamentinin qovluqlarına edilmiş bəzi qeydlərdən heyrətə gəldim. 1926-1927-ci illərdə bu qovluqlardan həmin dövrün tarixçiləri kimi Raevski və Ratqauzer istifadə etmişdilər, 70-ci illərin sonu, 80-ci illərin əvvəllərində isə Rüstəm Ibrahimbəyov. Məhz, "Ultimatum" həmin qovluqlardan teatr səhnəsinə gəlmişdi və Azərbaycan Cümhuriyyətinin fəaliyyəti haqqında əsl həqiqəti ortaya qoymuşdu. Baxınız, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri ötən əsrin 80-ci illərində Rus Dram Teatrının səhnəsindən öz tamaşıçılarına Azərbaycanın müstəqilliyinin Versal Ali Şurasında tanınması münasibəti ilə 1920-ci ildə Tiflisdən göndərilmiş bir teleqramın mətnini oxuyur: "Gürcüstan parlamenti və hökuməti adından qardaş Azərbaycan xalqını Avropa xalqları ailəsinin tamhüquqlu üzvü olması münasibətilə təbrik edirik. Qoy bu təntənə bizim xalqlarımızın birlik niyyətini gücləndirsin, müstəqil yaşamaq uğrunda yeni mübarizədə qüvvəsini və iradəsini artırsın. Yaşasın Azərbaycanın azad xalqı". Ölkəmizin yaxın keçmişində, geniş kommunizm quruculuğu dövründə çoxları Stepan Şaumyanı promteylərdən od alan qəhrəmanlara bənzədəndə, Rüstəm Ibrahimbəyov milli ləyaqət anlayışını ortaya qoyaraq yeni formalaşmaqda olan milli ziyalılarımızın zəfər və faciəsini, onların milli tariximizdə və taleyimizdəki önəmli yerini cəmiyyətə təqdim etdi. Bu gün Sovet ideologiyasının qəlibinə sığışdırılmış keçmişimizə baxanda, elə də çox olmayan "Ultimatum" kimi nümunələr milli diriliyimizin közərən işıqları, var olma nişanələridir. Sovet totaltarizminin tüğyan etdiyi bir dövrdə Rüstəm "Ultimatum" pyesində Azərbaycan parlamentinə sədrlik edənin (doktor Həsən bəy Ağayevin) dilindən deyirdi ki, vətəndaş deputatlar, icazə verin, Zəngəzurda daşnak bandalarının müsəlman əhalisini qırması barədə məlumatı oxuyum". Yaxud, pyesin sonunda yenə iclasa sədrlik edənin sözlərinə diqqət yetirin:"Vətəndaş deputatlar, Sizin təsdiqinizə görkəmli bəstəkarın yazdığı, respublikanın himnini təklif edirəm. Qoy bu nəcib səslər əsrlər boyu doğma Azərbaycanın azadlığını və müstəqilliyini vəsf etsin". Indi belə şeylər demək və yazmaq, mənasızcasına filosofluq etmək çox asandır. Amma bu sözləri Rüstəm 1982-ci ildə yazmışdı və həmin sözlər elə həmin ildə çox yox, bir-iki dəfə Bakıdakı Rus Dram Teatrının səhnəsində səslənmişdi.
İndi yeni azərbaycanlılar Rüstəmin millətimizin fikir tarixindəki böyük roluna məhəl qoymadan, onun totalitar rejimə ünvanladığı "Ultimatumu"u rahatca unudaraq, çox ədəbsizcəsinə bu böyük sənət adamına "Siz kimsiniz, Rüstəm Ibrahimbəyov?" ultimatumunu verirlər. Rüstəm "Dalğaların düzümü" povesti ilə müstəqillik dövrü Azərbaycan nəsrinin ən maraqlı, ən dramatik nümunəsini yaradıb. Keçid dövrü adı altında ölkənin sərvətlərini mənimsəyib harınlamış yeni azərbaycanlaların acgözlüyü, sərvət düşkünlüyü, mülkiyyət uğrunda ölüm-dirim savaşı, bu natəmiz əməllərə mane olmaq istəyən akademikin mübhəm formada aradan götürülməsi bu povestin süjet xəttini təşkil edir. Amma, həmin əsər yazılandan bəri dalğalar bir-birini qova-qova güclənir, ziddiyyətlər toplanır, Azərbaycan dartılmış yaya bənzəyir. Rüstəmin vaxti ilə bir ssenarisi var idi: "Vurulmayan şillə". Həmin ədəbi şilləni o, məhz "Dalğaların düzümü" povesti ilə vurdu. Rüstəm bəyin Oleq Səfərəliyevin rejissorluğu ilə çəkdiyi "Əlvida cənub şəhəri" də 37 il öncə ekranlaşdırdığı "Bir cənub şəhəri" deyildi. Burada artıq çox şey dəyişmişdi, hətta dəyərlər də. Filmdə öz təkəbbürü ilə yadda qalan Fariz ailəsi ilə bura yenicə köçüb. Odur ki, şəhər həyatına alışmayan 7-8 yaşlı oğlu hər gün özünü eyvanın başından milis işçisi qonşunun həyətdə duran maşınının üstünü tualet bilir. Hər dəfə də maşının sirenalarının səsi məhəlləni başına götürür. Maşın sahibi, qonşular narazılıqlarını bildirsələr də, vəzifə sahibi olan Farizdən çəkindikləri üçün "dərinə" getmirlər. "Bir cənub şəhəri"ndəki səmimiyyətdən bir şey qalmasa da "Əlvida cənub şəhəri" post sovet dövründə şəhər həyatına uyğunlaşmayan korrupsiya prosesində "zənginləşmiş" yeni azərbaycanlını idbar bir həyatının ekran taleyi idi.
21 illik fərqlə Rüstəm İbrahimbəyov Qara Qarayevlə eyni gündə doğulub. Qarayav 1918-ci ilin, Rüstəm isə 1939-cu ilin 5 fevralında dünyaya gəlib. Qarayevin 50 illik yubileyində onun ssenarisi üzrə rejissor Oqtay Mirqasımov "Bu, həqiqətin səsidir" adlı sənədli filmini çəkdi. Film öz orijinallığı ilə seçilirdi və Şəki zurnaçılarının virtuoz ifası ilə başlayan filmdə Qarayev "aparıcı" kimi çıxış edirdi. Sənədli filimdə çox məsələlərin Qarayevin öz dilindən, öz səsi və musiqisi ilə təqdim edilməsi, bəstəkarın anası, Tağıyev qızlar məktəbinin məzunu olmuş Sona xanımın ekrandakı xatirələri onu mədəniyyət tarixi üçün qiymətli bir abidəyə çevirmişdir.
Rüstəmin çox müxtəlif ictimai vəzifələri, titulları, təltifləri var. Azərbaycan Kinematofçılar İttifaqının sədri, Müstəqil Dövlətlər Birliyi və Baltik ölkələri Kinematoqrafçılar İttifaqının rəhbəri, 5 dövlət mükafatı və hətta Fransanın ən yüksək Ədəbiyyat və Sənət Ordeni Komadorudur. Amma bu ictimai vəzifələr, titullar, təltiflər onu xarakteriza etmir. Rüstəmin mənəvi portreti onun vətəndaş mövqeyi, duyum qabiliyyəti, haqqın yanında durması, nadir ziyalı duyumu ilə müəyyən edilir. Ötən əsrin 60-cı illərinin sonlarında "Bir cənub şəhərini" yazmaqla o, içində olduğu sosializmin bütün acı mənzərəsini ortaya qoymuşdu. 2012-ci ilin mayında isə Azərbaycanın hansı fəlakətə sürükləndiyinin həyacan zəngini çaldı. Onun Con Donnun məşhur ifadəsini yada salaraq: "Soruşma zəng kimin üçün çalınır, o həm də sənin üçün çalınır, hətta sən sağ olsan da" ölkənin taleyinə ziyalı məsuliyyətinin ifadəsi idi. O, narahatlıqla bəyan edirdi ki, "heç vaxt ölkənin idarə edilməsinə bu qədər acgöz və səriştəsiz adam cəlb edilməmişdi... Total korrupsiya və vətəndaşların elementar hüquqlarının mütəmadi olaraq tapdanması ona gətirib çıxarıb ki, Azərbaycan daim dünyanın ən qeyri-azad ölkələri siyahısına düşür. Təcavüzkar qonşu tərəfindən iyirmi ildir torpaqlarımızı qaytara bilməməyimizin əsas səbəblərindən də biri budur. Hamıya bəllidir ki, beynəlxalq münaqişələrin həlli zamanı dünya ictimaiyyəti şübhəli ictimai-siyasi reputasiyası olan ölkələri dəstəkləmir. Əgər bütün bunlara insanların kütləvi toplaşmasına qoyulan faktiki qadağa və azad sözə iddia edən hər kəsin təqib edilməsini də əlavə etsək, ölkədə yaranan situasiya normal adamda utanc və kədər hissi yaratmaya bilməz, hətta o, bir çoxları kimi susmağa məcbur olsa da".
İndi az qala bütün dünya Rüstəmin 7 il əvvəl dediyi bu sözləri təsdiq edir. Onun "Qəddar diktaturaların sonunun necə olduğu tarix kitablarından məlumdur" ifadəsi bu gün daha aktual səslənir. Milli yaddaşımızda dərin iz qoyan "Ziyalılar forumu"nun da mərkəzimi siması Rüstəm İbrahimbəyov idi və Milli Şuranın yaradılması, onun ilk sədri olması ilə çoxdan istiqamətini itirmiş bizim ölkədə "Riskin dərəcəsi"ni müəyyən etdi, bütün riskləri də öz üzərinə götürdü. Rahat həyatından imtina edib xalqın yanında, millətin tərəfində dayandı Rüstəm. Bu onun mənəvi ucalığının, vətəndaş mövqeyinin təzahürü idi. Son illərin repressiyaları fonunda haqsızlığa, şərə, hakimiyyətin böhtanına düçar olmuş namuslu adamlara münasibətdə o, bu ucalığı, bu mövqeyi sərgiləyib. Yaxşı xatırlayıram Leyla xanım, Xədicə xanım həbsdə olanda necə ağır sarsıntılar keçirirdi və bu gün Gözəl Bayramlının həbsdə olmasına görə də eyni hisləri yaşayır. Həmin ağır dövrdə Leyla xanım haqqında məqalə yazdı, siyasi məhbuslar üçün kitab kampaniyasında Xədicəyə çatdırmaq üçün avtoqraf yazdığı kitabını mənə göndərdi. Lap bu yaxınlarda Mehman Hüseynovla bağlı öz səsini qaldırdı və bir daha ölkəmizdə baş alıb gedən haqsızlıqlara biganə olmadığın ortaya qoydu.
Bu yaxınlarda Rüstəm özünün "Uğurlu məğlubiyyət" adlı xatirə essesini yazdı. Əslində, bu, ssenarsi Rüstəm tərəfindən yazılmış bizim birgə "Uğurlu məğlubiyyət"imiz idi. Həyatının son illəri ilə bağlı maraqlı ümumiləşdirmədir bu esse. Bu yazıya Rüstəm İbrahimbəyov Azərbaycandakı mövcud rejimə qarşı nədən mübarizəyə qoşulmasını izah etməkdən başlayır. Özünün: "Doğrumu etdim?" sualına birmənalı və qəti: "Bəli!" cavabı verib. Və bunun "təqsirini" vicdanının üzərinə buraxıb. 73 yaşında qoşulduğu bu mübarizənin onun həyatında dəyişiklik etdiyini və bütün itki və çətinliklərə baxmayaraq həyatını məhz müsbətə doğru dəyişdiyini deyir. O, Oskar mükafatına layiq görülən "Günəşdən usanmışlar"a "Riskin dərəcəsi"ni anlatdı, elə bütün həyat və yaradıcılığını da riskin dərəcəsi üzərində qurdu. Bu risk bəzən onu "Uğurlu məğlubiyyət"ə gətirsə də!