Səfir: 'Çexiya Bakıda ictimai nəqliyyat sisteminin genişləndirilməsində iştirak etmək istəyir'

Səfir: 'Çexiya Bakıda ictimai nəqliyyat sisteminin genişləndirilməsində iştirak etmək istəyir'
14 Fevral 2019
Mətni dəyiş

Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert mətbuat konfransı keçirib. Səfir tədbirdə ölkəsinin Azərbaycanla hazırki əməkdaşlığından və perspektivlərdən danışıb. 

Milan Ekert bildirib ki, Çexiya şirkətləri Bakının ictimai nəqliyyat sisteminin genişləndirilməsində iştirak etməyə hazırdır.

Səfirin sözlərinə görə, söhbət həm yerüstü nəqliyyatdan, həm də metrodan gedir. M.Ekert əlavə edib ki, bir sıra Çexiya şirkətləri azərbaycanlı tərəfdaşları ilə birgə istehsalın təşkili imkanlarını nəzərdən keçirməyə hazırdır:

“Bu cür nümunələr az deyil. “Tatra” yük avtomobillərinin Gəncə avtomobil zavodunda istehsalını, “Moravia Steel” şirkətinin “Şimal-Cənub” nəqliyyat dəhlizinin Azərbaycan hissəsinin yenidən qurulmasında iştirakını xatırlatmaq olar”.

Birgə layihələr mövcuddur

M.Ekert deyib ki, həmçinin iki ölkə arasında müdafiə sahəsində birgə layihələr, Azərbaycanın Çexiya istehsalı olan L-39 təlim təyyarələri donanmasının modernləşdirilməsi layihəsi mövcuddur.

Səfir ötən illə bağlı ölkələrarası əməkdaşlıqdan da danışıb. Bildirib ki, 2018-ci il Çexiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlığı gücləndirmək, yeni layihələr axtarıb tapmaq baxımından əlamətdar olub.

"Azərbaycan iqtisadiyyatının bütün göstəriciləri son bir neçə il ərzində neft qiymətlərinin azalmasından meydana çıxan çətinliklərin müvəffəqiyyətlə dəf olunduğunu, aparılan islahatların xeyli dərəcədə özünü doğrultduğunu demək olar.

"Uğurlarda Çexiyanın da müəyyən payı var"

M.Ekert deyib ki, artıq indidən ölkənin gələcəyə inamla baxdığını deməyə əsas var. Bu uğurlarda Çex Respublikası ilə genişlənən tərəfdaşlıq əlaqələrinin də müəyyən payı var.

Səfir vurğulayıb ki, 2018-ci ilin məlumatlarına görə, Çex Respublikası Azərbaycanın beşinci ən iri ticarət tərəfdaşı, doqquzuncu ən iri xarici sərmayədarıdır:

"Səngəçal terminalından Çex Respublikasının Kralupı Nad Vltavou şəhərinə hər il iki milyon tondan artıq neft nəql edilir. Çex maşınlarının üçdə birinin Xəzər neftindən hazırlanmış yanacaqla işlədiyini rahatlıqla söyləyə bilərik".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun