Rəsulzadə Azərbaycan cəmiyyəti üçün niyə vacibdir?

Rəsulzadə Azərbaycan cəmiyyəti üçün niyə vacibdir?
2 Fevral 2019
Mətni dəyiş

“Əsrimizin Siyavuşu” əsərinin yazılması tarixçəsinin özü əslində bir roman, film mövzusudur. Məmməd Əmin əsəri Sovet işğalından qaçaraq sığındığı Lahıc kəndində, çox güman bir vida yazısı kimi yazıb.

“Qızıl Ordu”nun ölkəyə girməsiylə Bakı işğal olunmuş, Azərbaycan Xalq Cümhuriyyəti süqut etmişdi; yerli hökumətdə təmsil olunanların çoxu ya ölkədən qaçmış, ya həbs olunmuş, ya da güllələnmişdilər. Rəsulzadəni də ölüm gözləyirdi, dövlət başçısı kimi o canını xilas edə bilməzdi, amma hələlik dağlardakı ucqar kənddə gizlənirdi.   

Lahıc müşahidə altında olduğundan Rəsulzadə tez-tez qaldığı evi dəyişməli olurdu. Axırda yaxalanaraq həbs edildi. Amma həbsindən əvvəl AXC-nin fəlsəfəsini, xalqının kimliyini, gələcəyini açan əsərini tamamlayıb kəndlilərdən birinə ötürə bildi.

 “Bir kərə yüksələn bayraq bir daha enməz” konsepsiyası “Əsrimizin Siyavuşu” əsərində açılır. Rəsulzadə bolşevizmi Firdovsinin “Şahnamə” poemasındakı qəddar Zöhhak obrazı ilə eyniləşdirir, yazır ki, bolşevizm müvəqqətidir, ona sadəlövhlüklə inananlar belə, gün gələcək onun mahiyyətini başa düşəcəklər. AXC-ni isə o,  poemadakı Siyavuş obrazına bənzədir, əsərdə Siyavuş ölür, amma onun ideyası qalır, Rəsulzadə də AXC ideyasının yaşayacağını xəbər verir:

“Əsrimizin Siyavuşu ölmüşsə də, onun doğurduğu istiqlal fikri ölməmişdir. Bu fikrin tərəfdarları indiki halda dağlarda, vətənlərindən uzaq məmləkətlərdə, həbsxanaların qaranlıq və rütubətli guşələrində qaçaq, qaçqın, köməksiz bir halda yaşayırlar. İstiqlal və hürriyətimizin kövrək əlaməti o üç rəngli istiqlal bayrağı zahirən yoxsa da, qorxudan bolşeviklik ifadə edən gözlərin önündə olub, ürəklər onun eşqi ilə çırpınmaqdadır.

Əlbəttə, Azərbaycan istiqlal fikri, müstəqil Azərbaycan Cümhuriyyətinin işğal və istilasına görə bu gün öksüzdür (anasızdır).

Fəqət dünyanın öksüzlərin tale və iradəsi qarşısında dəfələrlə diz çökdüyünü görmədikmi?

...ey gələcək nəsil, ey gənclik! Ey əsrimizin Siyavuşunun böyümüş oğlu!

Sənin öhdəndə böyük bir vəzifə var.

Səndən əvvəlki nəsil  yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki:

- Bir kərə yüksələn bayraq bir daha enməz!

Bunu deyərkən o, bugünkü öksüzanə mənzərəni hesaba almamış deyildi. Bu onun tərəfindən təsəvvür olunmuşdu. O sənin o zaman bu bayrağı gənc çiyinlərinə alıb məsumanə bir tərzdə küçə-küçə dolaşaraq: “irəli, irəli, Azərbaycan əsgəri” – deyə əsgər kimi addım atmağını görmüşdü və bu sözü cəsarətlə söyləmişdi”...

Məmməd Əminin əsərinin əlyazmasını ötürdüyü kəndli onu məhv etmədi, özündə saxladı. Əlyazma bir də 3 il sonra, 1923-cü ildə Rəsulzadənin əlinə İstanbulda keçdi. Buna qədər Məmməd Əmin Bakıda Bayıl həbsxanasında yatmış, sonra Stalin onu ölüm hökmündən xilas edərək (əvəz-əvəz) özüylə Moskvaya aparmış, sonra o, Finlandiyaya qaçmış, ən axırda da gəlib İstanbula çıxmışdı. 

“Əsrimizin Siyavuşu” əsərinin əlyazması da Rəsulzadənin dostları tərəfindən Lahıcda tapılaraq İstanbula göndərilmişdi. Əsər 1923-cü ildə Türkiyədə nəşr olundu, amma onun Azərbaycandakı nəşri Sovetlərin süqutuna qədər təxirə düşdü. Əsər ilk dəfə 1990-cı ildə Bakıda Azərbaycan dilində çap edildi... 

Təsirli tarixçə deyilmi?

Belə bir əhvalat məsələn, bizdən bir addım qabaqda olan hansısa cəmiyyətdə baş versəydi, ən azı 5-6 bədii film çəkilmiş, bir xeyli də roman, hekayə yazılmışdı. Bizdə isə Rəsulzadənin Novxanıdakı barelyefini əvvəlcə oğurlayaraq metallom kimi satmaq istədilər, sonra isə bələdiyyə barelyefdən “Azərbaycan Xalq Cümhuriyyəti” və “Müsavat” sözlərini sildi, ancaq “Məmməd Əmin Rəsulzadə 1884-cü ildə bu evdə anadan olmuşdur” kəlmələrini saxladı.

Azərbaycan cəmiyyətinin kimlik böhranı yaşamasının səbəblərini uzağa getmədən, belə hadisələrdə tapmaq olar.

*** 

Tarixi hadisələrə və tarixi şəxsiyyətlərə obyektiv yanaşmaq asan məsələ deyil, xüsusilə indiki kimi millətçilik hisslərinin qabardığı bir dövrdə. Bildiyim qədəriylə Rəsulzadə haqqında indiyədək bitkin, obyektiv bir bioqrafiya yazılmayıb. Əksər şərqlilər kimi tarixi şəxsiyyətləri ya mələk, ya da iblis donunda təsəvvür edib onları belə görmək istədiyimizdən, bizdə obyektiv bir bioqrafiyanın yazılması da şübhəli görünür. 

Məmməd Əminin nasistlərlə danışığa getməsi, Sovetlər Bakıya girəndə bir lider kimi paytaxtda qalmayıb Lahıca qaçması, Polşa lideri Jozef Pilsudskinin qardaşı qızı olduğu ehtimal edilən(?) Vanda Pilsudski ilə evlənməsi  - kitabxanada tanış olduqları deyilir – onun həyatına dair araşdırılması labüd müəmmalı və maraqlı hadisələrdir. 

Lakin biz hələlik bu kimi bir çox məsələlər barədə ətraflı, dolğun məlumat ala bilmirik, güman, ehtimal və spekulyasiyalardan yayınmaq üçün isə Rəsulzadənin öz yaradıcılığına müraciət etməli oluruq.

Və onun yaradıcı siması da elə yazdıqlarında üzə çıxır. Bəlli olur ki, Rəsulzadə bir dövlət yaradıcısı kimi təkcə rəqiblərini dövlət faktı ilə üz-üzə qoyan bir siyasi xadim  kimi deyil, həm də şair, dramaturq, publisist, yəni bir mütəfəkkir kimi də maraqlıdır.

“Təhsil” nəşriyyatı Məmməd Əmin Rəsulzadənin əsərlərini 5 cilddə nəşr edib. AXC dövrünün gərgin günlərində, dövlət başçısı olanda belə, o, dövrü mətbuatda yazılarla çıxış edirdi. Onun beşcildliyi bizim siyasi fəaliyyəti ancaq “Facebook”da lağlağı, giley-güzar və agitasiyadan ibarət olan, ya da hansısa kresloda mürgüləyən müasir siyasilər üçün bir nümunə ola bilər.  

AXC-nin demokratik ideallara bağlılığının səbəbini Məmməd Əminin əsərlərində tapmaq mümkündür. Rəsulzadənin yaradıcılığını oxuyanda görürsən ki, o, demokratik, liberal dünyagörüşə prinsipial şəkildə inanıb. Axundova islahatçı bir mütəfəkkir, filosof kimi böyük rəğbət bəsləyib, eyni zamanda dinə və dindarlara anlayışla yanaşıb. İranın Azərbaycan üzərindəki mədəni ağırlığını, ortaq tarixi keçmişi etiraf edib, amma müasir Azərbaycan kimliyini İrandan ayrı tutub. İfadə, mətbuat azadlığına, fərdi azadlığa, mülkiyyət azadlığına, qadın azadlığına, parlament üsul-idarəsinə, dövlətin cəmiyyətə hesabat verməsinə və sair çağdaş liberal ideyalara ürəkdən inanıb və bunun tətbiq olunmasına çalışıb. 

Türkçülük, və ya millətçilik Rəsulzadədə detallardan sadəcə biridir, o, kollektiv düşüncə fikrini “Stalinlə ixtilal xatirələri” əsərində açıb. Stalin Məmməd Əmini özüylə birgə Moskvaya aparandan sonra, onu müxtəlif şirnikləndirmələr və tələlər yoluyla öz tərəfinə çəkməyə çalışırmış, Məmməd Əmin hər dəfə bu tələlərdən yayınırmış. Bir dəfə isə Stalin onu ilk dəfə düz Kreml sarayına dəvət edir, Rəsulzadə naəlac gedir: 

“Stalin bizi yemək otağında qəbul etdi. Orconikidze də orada hazır idi. Masada çoxdan görmədiyimiz və heç yerdə tapılmayan ağ çörək, nəfis Gürcüstan şərabı, Azərbaycanın qara kürüsü və sairə var idi. Həm yeyir, həm də danışırdı. Təşəbbüs Stalindən idi. Bizə xitabla:

- Azərbaycanda azömürlü hökumət qurdunuz, lakin çox dərin bir iz qoydunuz. Bu izlə hələ də mübarizədəyik. Təmsil etdiyiniz ideyanın təsirlərini tamamilə aradan qaldırmaq üçün daha uzun zaman və daha çox işləmək lazımdır. Xüsusilə ziyalılar millətçilik ruhu ilə silahlanmışdır, - dedi və sonra üzünü mənə çevirərək:

- Sizcə, bu millətçilik təsirinin əsas amili nədir?, - deyə soruşdu.

- Millətçilik – başqa bir insan birliyinin öz varlığını müdafiədən başqa bir şey deyildir. Fərdi müdafiə təbii və qanuni olduğu kimi, milli kollektivin də özünü müdafiəsi təbii bir hadisədir, - dedim”.

Məmməd Əmin kasad qəbilə təfəkkürlü bir adam olmayıb, daha genişmiqyaslı düşünüb, Qafqaz konfederasiyası – bütöv Qafqaz fikrini irəli sürüb və Qafqazın gələcəyini ancaq konfederasiya şəklində görüb. Onun fikrincə, Qafqaz respublikaları birləşməzsə, Rusiya imperializmi onları daim təhdid edəcək, parçalayacaq və öz hökmünü qəbul etdirəcək. Tarixi gedişat onun bu mövzuda haqlı olduğunu hələ də göstərməkdədir.

Məmməd Əminin həyat və yaradıcılığında maraqlı faktlardan biri də budur ki, onun xüsusi, güclü bir təhsili olmayıb. Bakı texniki məktəbində, bir neçə il də Bakı sənət məktəbində təhsil alıb. Fars dilini bilib. Onun siyasi fəlsəfəsini ortaya çıxaran, bir siyasətçi kimi yetişməsinə imkan verən isə Bakının qaynar siyasi həyatı olub. Yəni mühit. Şəxsiyyət ancaq münbit mühitdə yetişə bilər fikrini Rəsulzadənin həyat və yaradıcılığı aydınca göstərir.

***

Gələk, əsas suala: Rəsulzadə Azərbaycan cəmiyyəti üçün niyə vacibdir? 

Cəmiyyətin və fərdlərin formalaşmasında həmin cəmiyyətə mənsub olan tarixi şəxsiyyətlərin rolu böyük olur, çünki onlar ənənə yaradıcısıdırlar. İnsanın psixikasında belə bir qanun var: məsələn, əgər mən sənətlə məşğul oluramsa və yaratdığım əsər hansısa müsabiqədə, sərgidə yer qazanırsa, bu informasiya məndə uğur qazana biləcəyimə dair bir istinad rolunu oynamağa başlayır, mən də belə bir inam yaranır ki, əgər mən bir dəfə uğur qazanmışamsa, deməli, yenə qazana bilərəm. İkinci, üçüncü dəfə uğur qazanıramsa, mən də artıq belə bir inam və özünəəminlik yaranır ki, mən uğurlu sənətkaram və daim uğur qazana bilərəm. Bu baxımdan ənənənin rolu və təkrarı fərdin həyatdakı müvəffəqiyyətlərində açar rolunu oynayır. 

Tarixi şəxsiyyətlərin cəmiyyətdəki rolunu da buna bənzətmək olar. Əgər cəmiyyətdən yüksək idealları olan bir şəxsiyyət çıxırsa, cəmiyyətdə yenə belə şəxsiyyətləri  ortaya çıxaracağına dair özünəəminlik və inam yaranır. Bir cəmiyyətdə özünəhörmət və özünəinam hissləri güclü olan fərdlərin çox olmasına səbəb həm də o cəmiyyətin güclü tarixi şəxsiyyətlərə malik olmasıdır. 

Məmməd Əmin kimi biryönümlü, birtərəfli olmayan, özlərində bir çox liberal və modern cəhətləri birləşdirən tarixi şəxsiyyətlərin bizimki kimi qıt şəxsiyyət yetişdirən cəmiyyətlərin həyatındakı rolu da məhz buna görə vacibdir. Onlar istinad nöqtəsi və ənənə yaradıcısıdırlar. Onlar cəmiyyətə və fərdlərə inam və ismarıc verirlər: əgər bir cəmiyyətdən yüksək idealları və hədəfləri olan şəxsiyyətlər çıxıbsa, deməli, yenə çıxa bilər...

Cavid Ramazanlı 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun