Mahiyyət etibarilə Qərb (Avropa) insanı və periferiya insanı (biz) hadisələrə təməl yanaşma etibarilə önəmli fərqliliklərə malikdir. Bu fərqliliklər arasında özünün ən bariz şəkildə göstərən siyasi ideologiyalar və onların daşıyıcısı olmaqla periferiya insanının xüsusiyyətləridir.
Metropoliya (Qərb) insanı üçün siyasi ideologiya seçimi daha çox intellektual mahiyyətə malikdir. Yəni ordakı insanların liberal və ya mühafizəkar yönümlü olması üçün ilk öncə ideologiya, daha sonra isə onun həyata tətbiqinə əsaslanmaq gərəklidir. Onların həyat tərzləri siyasi ideologiyalarına uyğun olaraq formalaşır. Bir sözlə metropoliyada siyasi ideologiya müəyyənedici üstqurum xarakterinə malikdir.
Robert Ouen (Owen) misalında olduğu kimi, adam ideoloji olaraq sosialistdir (utopik), eyni zamanda da maddiyyat baxımından kapitalistdir. Lakin öz zavodlarında (New Lanark) işçiləri üçün ideologiyasına uyğun olaraq sosialist düzən yaratmağa yönəlir.
Başa düşdüyümüz mənada öz ideologiyasını fəaliyyətinə tətbiq etməyə, ideologiyasına uyğun yaşamağa çalışır. Bu qərb insanının ideologiya ilə olan qarşılıqlı münasibətini ifadə edir. Qərb insanı ideologiyanı bir “toplu” formasında, hər şeyi ilə qəbul edir və ona əməl etməyə, onunla yaşamağa çalışır.
Məsələnin digər tərəfi isə periferiya insanı, yəni bizlərə aiddir. Bizlər metropoliya insanından fərqli olaraq ideologiyamıza əsasən yaşamırıq, yaşayışımıza, həyat tərzimizə görə ideologiya seçirik. Periferiya insanı üçün hansı ideologiyanı seçmiş olması onun uşaqlıqdan böyüdüyü evdə hansı kitabların olması, nənə və babasının, yaxud da atasının hansı ideologiyanın daşıyıcı olması ilə müəyyən olunur.
Qərb insanı olmaqla Jan-Pol Sartrın sosialist ideyaların formalaşması ilə, periferik insanın sola yönəlməsi arasında bu baxımdan ciddi fərqlər var. Jan-Pol Sartın sosializmi daha çox sonradan öyrənilmiş, fərdin özünün düşüncəsi, şəxsi qənaəti ilə gəlinmiş bir səviyyə olduğu halda, periferiya insanı üçün bu səviyyəni uşaqlığından içərisində böyüdüyü kiril dilli kitablar təşkil edir. Bu eyni zamanda valideynin Qarabağ müharibəsində və Azadlıq hərəkatında iştirakı ilə bağlı olaraq formalaşan sağ ideologiyalar (millətçilik) üçün də xarakterikdir. Bu baxımdan periferiya insanının siyasi ideologiyaya münasibəti daha çox ənənəvi xarakterə malikdir.
Periferiya insanı hər şeyi subyektiv yöndən qiymətləndirməyə meyllidir, daha doğrusu praqmatik mövqedən, mənə xeyiri nədir. Periferiya insanı ideologiyanı bir “toplu” olaraq qəbul edib mənimsəmir, əksinə hər topludan öz həyat tərzinə uyğun olanları götürməklə, özünü yeni eklektik (hər fikirdən xoşuna gələn) bir ideologiya formalaşdırır.
Bu insan tipinin ideologiyası onun həyat tərzi kimi fərdidir. Ona görə də periferik ölkələrdə kütləvi ideologiyadan danışmaq mənasızdır. Eyni ideologiya daxilində belə, həddindən artıq müxtəlif fikir meyllənmələrinin varlığı bunun bariz sübutudur.
Periferiya ölkəsində liberal olmaq, "qardaşın öz bacısının sevgilisinə xoş baxıb baxmaması" ilə müəyyən olunur. Bunu qəbul edən qardaş liberal, etməyən isə mühafizəkar və radikal ideologiyaların daşıyıcısına çevrilir. Ona görə ideoloji olaraq yalnız periferiya insanında sağdan sola və ya əksinə radikal keçidlərə rast gəlmək olduqca normal bir haldır.
Periferiya insanının ideologiyası, onun həyat tərzindən asılıdır. Digər tərəfdən də metropoliya insanının ideologiyanın "istehsalçısı" formada, periferiya insanının isə əsasən "istehlakçısı" formasında mövcudluğunu nəzərə almaq lazımdır. Təbii ki, bu amilin əsas səbəbi kimi periferiya insanının kütləvi psixoz halı, daxili çöküntüsü və fərdi qaydada özünü təsdiqə olan dəhşətli ehtirası durur. Bu kütləvi psixozun səbəbi isə periferiyanın coğrafi amil baxımından şərtləndirdiyi total sistemlərdir. Ona görə periferiya sistemləri üçün hakimiyyət kimin tərəfindən ələ keçirilirsə, labüd formada ancaq onun dünya baxışı, dəyər sistemi, inancları yerdilməyə çalışılır. Çünki hakimiyyət periferiya sistemlərində fərdin ən böyük özünütəsdiq vasitəsidir.
Qərb insanını müəyyən edən şey ideologiyadır, çünki bir ideologiyaya mənsub olmaq Qərbdə insan, onun dünyaya baxışı, adətləri, inancları haqqında yetəri qədər məlumat almaq üçün həlledicidir. Onun formalaşmış şəxsiyyətindən xəbər verir. Qərb insanı öz formalaşmış şəxsiyyətini ideologiyası ilə möhkəmləndirir, nəticədə Qərbdə ideologiya şəxsiyyətinin təkmil siyasi mövqeyini ifadə edən bir amilə çevirilir.
Periferiya insanı isə ideologiyalardan istifadə etməklə, yəni özünə xoş gələnləri seçməklə, öz şəxsiyyətini formalaşdırmağa, özünütəsdiqə, xəyalındakı insan kimi biri olmağa çalışır. Yalnız periferiyada bir insanın adını öyrənmədən öncə onun haqqında “solçu, “millətçi”, “liberal” və s. formalarında etiketlər istifadə edilir. Daha doğrusu periferiya insanı özü buna təməl hazırlayır. O, öz inancını hayqırmaq, qışqırmaq, hər yerə yazmaq istəyən biridir. Əslində isə periferiya insanı öz mənfur xislətini ideologiya pərdəsi alında gizləməyə çalışan bir varlıqdır.
Bəlkə də ona görə, müstəqillik əleyhinə səs vermiş periferiya insanı bu gün müstəqillik aşiqi kimi davrana bilir. Çünki periferiyada şəxsi keyfiyyətlər önəmli deyil, əsas ideologiyadır. Qərb insanı öncəliklə xüsusi ada malik insan, sonra hansısa ideologiyanın daşıyıcısıdır, periferiya insanı isə öncə ideologiya daşıyıcısı, sonra şəxsi əlamətlərə malik xüsusi ad.
Yazıdakı fikirlər müəllifin şəxsi mövqeyidir. Saytımız mövqeyi ilə üst-üstə düşməyə bilər.