Bu həftə çox güman ki, növbədənkənar seçki məsələsinə aydınlıq gələcək. Amma rəsmi məlumat ortada yox ikən hər kəs qərarını müəyyən edib. Ən pisi yenə müxalif düşərgədə qarşılıqlı ittihamların başlamasıdı. Bəlkə fərqində deyilsiz, bu müzakirələr olduqca qeyri-ciddi məcrada gedir.
Mənə görə ən ideal variant minimum 100 seçki dairəsində siyasi qrupların vahid seçki siyahısı ilə iştirak olardı. Amma bu təşəbbüsü həyata keçirmək üçün ortada nə danışıqlar aparan, nə də təkliflər açıqlayan siyasi təşkilat yoxdur. Və heç bir təşkilatın 25 dairədə güclü yarış üçün maddi-texniki, təşkilati və insani resursu yoxdur. Cəmi 25 dairədə demokratik düşərgə adına yarışmaq isə həm milli, həm də beynəlxalq səviyyədə müxalifətin ölkədə siyasi azlıq olduğunu etiraf etməsi olacaq.
Hazırda bir neçə siyasi qrup, ictimai fəal və bitərəf şəxslər seçkidə nəyin bahasına olursa iştirakın tərəfdarı, digər bir siyasi qrup isə mövcud siyasi şərtlər dəyişmədikcə iştirak etməyəcəyini bildirir. Anladığım qədər aktiv boykotdan söhbət getmir. Mövcud situasiya ilə bağlı iki təklifim var.
Birincisi, Milli Şura rəhbərliyinin seçkilərdə iştirakla bağlı qərarını dəqiqləşdirməyə ehtiyac var. Yəni qurum öz üzvləri və tərəfdarlarına namizəd olmamağı, yoxsa seçici hüququndan tamamilə yararlanmamağı tövsiyyə edir. Əgər söhbət aktiv seçki hüququndan deyil, yalnız passiv seçki hüququndan gedirsə, bu taktikanın namizəd olmaq istəyən ictimai-siyasi fəallara, Müsavat, REAL və ya digər təşkilatlara mənfi fəsadları olmayacaq.
İkincisi, seçkiyə gedən siyasi təşkilatlar və fəallar demokratik düşərgədən yönələn tərəddüd və inamsızlığa soy qoymaq üçün Seçkidə iştirak öhdəlikləri formasında sənəd hazırlaya bilərlər. Çünki demokratik düşərgəyə mənsub bütün iddialı şəxslər ötən seçkilərin təcrübəsinə əsasən bəzi sualları, o cümlədən aşağıdakıları nəzərə almalıdırlar:
- Seçki komissiyaları qanunsuz olaraq bəzi şəxsləri namizəd kimi qeydiyyata almasa digər qeydiyyata alınanların buna reaksiyası necə olacaq?
- Seçkiqabağı təşviqat kampaniyasında kiməsə görüş və toplantılar üçün icazə veriləcək, kiməsə verilməsə buna reaksiya necə olacaq?
- Seçki günü kiminsə qələbəsi tanınıb, digərinin qələbəsi tanınmasa və ya bir dairədə kütləvi pozuntular, digərində yalnız texniki xarakterli pozuntular baş verəcəksə buna reaksiya necə olacaq?
- və sair
Bütün bu suallara cavablar da daxil olmaqla deputatlığa namizədlər üçün ictimai öhdəlikləri ehtiva edən sənəd hazırlana və imzalamaq üçün demokratik düşərgəyə təklif edilə bilər. İmzalayan namizədlərin siyahısı bu şəxslərin demokratik dəyərlərə bağlılığı və ictimai öhdəliklərini bəlli edəcək. İmzalamayanlarla bağlı heç kimin gözləntisi olmayacaq.
Belə bir sənədi imzalayan hər kəs demokratik düşərgənin təmsil etmək haqqını təsdiqləyəcək. Eyni zamanda bu sənəddəki müddəalardan birini pozarsa, demokratik düşərgəni təmsil etmək haqqını itirəcək.
Siyasi proseslərdə qarşılıqlı etimad vacib şərtdir. Amma bəzən qarşılıqlı etimadı yaratmaq üçün öhdəliklər müəyyən olunmalıdır. Belədə öhdəlikərin şifahi bəyanatlarla deyil, yazılı sənədlərlə rəsmiləşməsi həm siyasi tarix, həm də çağdaş siyasi proseslər üçün əhəmiyyətlidir.
Və hansısa təşkilat ya şəxs hesab edirsə ki, onun heç bir ictimai öhdəliyi yoxdur, hansısa sənədə imza ata bilməz, onda bizi yormasın. Ölkədə 70-ə yaxın partiya var və MSK da ortalama hər seçkidə minə yaxın namizəd qeydə alır. Amma hər dəfə bu cür seçkilərin Azərbaycan xalqına aidiyyəti olmur.
Anar Məmmədli, seçki eksperti SMDT-nin rəhbəri