İran: Vilayəti-fəqih növbəti sınaq qarşısında
İran yenə qaynayır. Benzinin qiymətinin artırılması ağır sosial-iqtisadi prolemlərdən əziyyət çəkən xalqın səbrini daşırıb. Ölkənin müxtəlif regionlarında küçələrə çıxan qəzəbli kütlələr yanacaqdoldurma stansiyalarına, bank şöbələrinə, inzibati binalara od vurub.
Ötən il ABŞ-ın İranın nüvə proqramına dair 2015-ci ildə Tehran və “altılıq” ölkələri (BMT Təhlükəsizlik Şurasının 5 üzvü + Almaniya) arasında imzalanmış Hərtərəfli Birgə Fəaliyyət Planından birtərəfli qaydada çıxması və İrana qarşı sanksiyaları bərpa etməsindən sonra cənub qonşumuzda iqtisadi böhran dərinləşməyə başlayıb. Xüsusən enerji, neft-kimya sektoruna tətbiq edilmiş sanksiyalar hələ də resurs iqtisadiyyatı olaraq qalan ölkə üçün daha ağrılıdır. Prezident Həsən Ruhani Trampın müvafiq qərarından sonra etiraf etmişdi ki, sanksiyalar ölkənin inkişafına və əhalinin vəziyyətinə mənfi təsir göstərəcək, amma hökumət diz çökməyəcək.
Şübhəsiz ki, İran dövləti sırf xarici basqılarla çökməz, lakin daxildə narazılığın və etiraz potensialının getdikcə güclənməsi, xüsusən gənc nəsillərin gələcəklə bağlı ümidsizliyi, perspektiv görməməsi rejim üçün ciddi həyəcan siqnalıdır. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, 2019-cu ildə İran iqtisadiyyatı 9,5% həcmində kiçiləcək. Vəziyyətin yaxşıya doğru nə vaxt dəyişməyə başlayacağı qeyri-müəyyəndir. İranın hakim dairələri dişlərini sıxıb ABŞ-da gələn il keçiriləcək prezident seçkilərinin nəticəsini gözləyirlər, çünki demokratların namizədi qalib gələrsə, ABŞ-ın nüvə anlaşmasına geri dönərək sanksiyaları yumşaldacağına ümid var. Əks təqdirdə, ölkə daxilində sabitliyi və sistemin dayanıqlılığını qorumaq çox çətin olacaq. Çünki İran xalqı problemlərə görə seçkili hökumətin deyil, sistemin və onun başındakı rəhbərin məsuliyyət daşıdığını yaxşı anlayır. Kütləvi etirazlar zamanı ali dini rəhbərin protretlərinin və digər rejim simvollarının hədəfə alınması, səslənən şüarlar da bunu təsdiqləyir. Lakin Seyid Əli Xameneinin hadisələrə ilk reaksiyası yenə ənənəvi oldu, onun sözlərinə görə, olayların arxasında xarici qüvvələr – İranın və inqilabın düşmənləri dayanır. (Düşmən dedikdə ABŞ və onun bölgədəki müttəfiqləri nəzərdə tutulur.) Baş prokuror Məhəmməd Cəfər Müntəziri də etirazların xaricdən təşkil olunduğunu söyləyib. Bu cür mövqe əslində təzyiqlər qarşısında geri addım atmamaq, irəli sürülən tələbləri nəzərə almamaq üçün legitim əsas yaratmağa yönəlib. Eyni zamanda, Tehranda şübhə var ki, ölkədə baş verənlər son həftələr İraq və Livanda başlayan hadisələrlə eyni zəncirin həlqəsidir.
[caption id="attachment_83854" align="aligncenter" width="640"] İranda nümayişçilər yanacaqdoldurma məntəqəsini yandırıb.[/caption]Hazırkı aksiyalar 2017-ci ilin sonu, 2018-ci ilin əvvəllərində baş vermiş hadisələrə çox bənzəyir. O zaman da iranlılar sosial-iqtisadi problemlərə görə küçələrə çıxmış və aksiyalar təxminən 100 şəhəri əhatə etmişdi. Bu dəfə də 100-ə yaxın şəhər kütləvi etirazlara səhnə olub. Başqa bir oxşarlıq budur ki, etiraz dalğası kortəbii xarakterlidir, insanlar hər hansı təşkilat və lider tərəfindən yönləndirilmədən öz təşəbbüsləri ilə küçələrə çıxır. Nümayişçilərin sosial tərkibinə nəzər yetirdikdə daha çox yoxsul təbəqələrin, işsiz gənclərin üstünlük təşkil etdiyini görürük. Orta təbəqə hələ ki aktiv deyil və gözləmə mövqeyindədir. Gəlir və təhsil səviyyəsi yüksək olan orta təbəqə 2009-cu il prezident seçkilərindən sonrakı etirazların nüvəsini təşkil edirdi. Xatırladaq ki, o zaman səslərin sayılmasında saxtakarlığa yol verildiyini bildirən islahatçı namizədlər Mirhüseyn Musəvi və Mehdi Kərrubinin çağırışı ilə iyun ayında başlayan etirazlar qabarmalar və çəkilmələrlə 2010-cu ilin fevralına qədər davam etmiş və 70-dən çox adam ölmüşdü.
Sistemdaxili çəkişmə: islahatçılar sistemi islah edə biləcəkmi?
İranda dözülməz vəziyyətin yeganə səbəbkarı ABŞ sanksiyaları deyil. Ölkə idarəçiliyində sistemdən qaynaqlanan ciddi problemlər var. Xarici siyasət məqsədlərinin həyata keçirilməsinə, bölgədə müxtəlif hərbi-kəşfiyyat əməliyyatlarnın aparılmasına böyük pullar yönəldilir və bunların dəqiq hesabatı aparılmır. Şəffaflığın olmaması korrupsiyaya münbit zəmin hazırlayır. Suriyada Bəşərə Əsəd rejiminə dəstək üçün səfərbər olunmuş on minlərlə könüllülərə, Livanda “Hizbullah”a, İraqda “Haşdi Şabi” qruplaşmasına, Yəməndə “Ənsərullah”a, Fələstində çeşidli qruplara hər il milyardlarla dollar pul axıdılır. Təsadüfi deyil ki, İrandakı nümayişçilərin ən populyar şüarlarından biri də “Nə Qəzza, nə Livan...” deyə başlayan və xalqın vergilərindən, təbii sərvətlərindən formalaşan büdcə vəsaitlərinin bir qisminin vilayəti-fəqihin geosiyasi mühəndislik layihələrinə xərclənməsinə etirazın ifadə olunduğu şüardır. Seçkili hökumətə deyil, ali dini liderə bağlı olan qurumların, xüsusən də İslam İnqilabı Keşikçiləri Korpusunun (qısa adı: “Sepah” və ya “Pasdaran”) ölkə siyasətində, iqtisadiyyatında və mediasında önəmli rola malik olması ilə əlaqədar sistemin daxilindəki “islahatçı” adlandırılan çevrələr zaman-zaman öz etiraz səslərini ucaldırlar. Şəxsən prezident Həsən Ruhani son illər bir neçə dəfə bu problemi açıq şəkildə qaldırıb. Məsələn, Ruhani 2014-cü ildə bir konfransda çıxışında “əgər silah, qəzet, xəbər agentlikləri və iqtidar gücü bir qurumda toplanırsa, o qurumda peyğəmbərimizin sahabələri də çalışsa, orada korrupsiya ortaya çıxar” sözləri ilə “Sepah”ın sistemdəki dominant mövqeyini tənqid etmişdi. Ruhani 2017-ci ilin iyununda özəl sektor təmsilçilərinə verdiyi Ramazan iftarında iqtisadiyyat üzərində “Sepah”ın nəzarətindən təkrar şikayətlənmişdi: “İqtisadiyyatı mülkiləşdirmək yerinə, onu tüfəng və media sahibi olan quruma dövr etmişik. Kimsə bu qurumla rəqabət aparmağa cəsarət edə bilmir. Özəl sektorumuz bu səbəbdən zəifdir”. Prezidentin bu sözlərinə “Sepah” komandanı Məhəmməd Əli Cəfəri “bu cür şikayətlənmələrə qulaq asmırıq. Bizi tüfəng sahibi adlandıra bilərlər, amma bu, azdır, biz həm də raket sahibləriyik” deyə sərt və ironik reaksiya vermişdi. Lakin Ruhani 2018-ci ilin aprelində bir daha bu mövzuya qayıdaraq İran ordusunun komandanlarından heç birinin adının korrupsiyaya qarışmadığını vurğulayarq “Sepah”ın korrupsiyaya qurşandığına eyham vurmuş, cavabında bu silahlı qurumun komandan müavini Hüseyn Səlami onu düşmənin dili ilə danışmaqda ittiham etmişdi.
[caption id="attachment_83855" align="aligncenter" width="996"] İranda etirazlar zamanı Ali dini lider Ayətullah Xameneinin yandırılmış posteri.[/caption]“Sepah” büdcədən aldığı vəsaitlərdən əlavə, inşaat, enerji, nəqliyyat sektorlarındakı fəaliyyətlərindən də gəlir əldə edir. Məsələn, “Sepah”ın tərkibində “Hətəmül Enbiya Qərargahı” adlı tikinti işləri ilə məşğul olan struktur var. İran-İraq savaşından sonra, 1990-cı ildə ali dini liderin təlimatı ilə yaradılan bu təşkilat tikinti, infrastruktur layihələrinin həyata keçirilməsində iştirak edir. Böhrana rəğmən 2019-cu il büdcəsində “Sepah”ın payı 25% artırılıb. Bundan başqa, daxili təhlükəsizliyə cavabdeh olan “Bəsic” könüllüləri və “Hatəmül Enbiya”nın da payı yüksəldilib. “Sepah” dövlət büdcəsindən İran Silahlı Qüvvələri ilə müqayisədə 3 qat çox vəsait alır. Bu, islahatçı qanadın narazılığına səbəb olan məsələlərdən biridir.
Uzun sözün qısası, İranda seçkili prezident (hökumət) institutu ilə teokratik sistem arasındakı çəkişmə son illər daha çox hiss olunmağa başlayıb. İslahatçılar birbaşa ali dini liderin şəxsiyyətini hədəf almasalar da, mövcud ikibaşlı sistemdə müəyyən dəyişiklik və korrektələr aparılmasının vaxtının çoxdan yetişdiyini söyləyirlər. Sədi Şirazinin məşhur “Gülüstan” əsərindəki “On dərviş bir kilimdə yatar, amma iki padşah bir ölkəyə sığmaz” misraları sanki bugünkü İranın siyasi sistemi üçün deyilib.
Şahin Cəfərli, siyasi şərhçi
(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir, redaksiyanın rəyi ilə üst-üstə düşməyə bilər.)