1-ci epizod
1906-cı ildə “Molla Nəsrəddin” satirik dərgisinin nəşrə başlamasından bir müddət sonra Azərbaycanda yeni dalğa yarandı: bir-birinin ardınca başqa satirik dərgilər – o dövrün təbirincə desək, gülgü məcmuələri meydana çıxdı.
Onların arasında 1907-ci ildə ilk sayı işıq üzü görən “Bəhlul”, 1910-cu ildə nəşrə başlayan “Mirat” və “An”, sonralar isə “Kəlniyyət” (1912-1913), “Lək-lək” (1914), “Tuti” (1914-1917), “Məzəli” (1914-1915), “Babayi-Əmir” (1915-1916), “Tartan-Partan” (1918), “Şeypur” (1918-1919) vardı.
Mən hələ rus dilində nəşr olunan satirik nəşrləri demirəm: “Cigit” (1907-1918), “Vay-vay” (1908), “Bakinskoe qore” (1908-1909), “Biç” (1909-1915), “Adskaya poçta” (1909-1910), “Bakinskiye strelı” (1910), “Baraban” (1912-1913)…
Belə satirik jurnallardan biri də “Babayi-Əmir” adlanırdı. 1915-ci ilin yazında, daha dəqiq desək, aprelin 21-də nəşrə başlamış, 17 oktyabr 1916-cı ildə son sayı işıq üzü görmüşdü. "Babayi-Əmir" öz səhifələrində avamlığı, geriçiliyi, mövhumatı sərt tənqid edir, mədəniyyətin önəminə diqqət çəkirdi. Bu dərgidə Əzim Əzimzadə karikaturaları, Məmməd Səid Ordubadi, Əli Nəzmi, Seyid Hüseyn, Əliağa Vahid, Cəfər Cabbarlı və digərlərinin tənqidi, satirik məzmunlu şeirləri, felyetonları çap olunmuşdu.
Bu isə onunla nəticələndi ki, "zərərli istiqamətinə görə" cəmi 65 nömrə nəşr olunduqdan sonra "Babayi-Əmir" jurnalının çapı dayandırıldı.
Beləliklə, jurnalın baş redaktoru Əliabbas Müznibin xalqın mənəvi oyanışına və milli dirilişinə hesablanmış ikinci cəhdinin də ömrü uzun çəkmədi.
Məsələ burasındadır ki, daha əvvəl Müznib “Dirilik” adlı dərgi nəşr etdirməyə başlamış, Cümhuriyyətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadənin məşhur məqalələrindən biri – “Milli dirilik” ilk dəfə həmin dərginin səhifələrində işıq üzü görmüşdü.
“Dirilik” jurnalında Müznib o çağacan Azərbaycan coğrafiyasındakı türklərin dini kimliyinin önə çəkilməsinə qarşı çıxış edir, “islam milləti” kimi təqdim olunmasından narazılığını dilə gətirir, türklərin etnik mənsubluğunu ön plana çıxarmağa çalışırdı.
1914-cü ildə 8, 1915-ci ildə 9, 1916-cı ildə isə 7 nömrəsi çap olunan “Dirilik”in nəşri hakim dairələrin narahatlığına, nəticədə isə onun nəşrinin dayandırılması barədə qərarın verilməsinə gətirib çıxardı.
2-ci epizod
Əslində Əliabbas Müznibin keşməkeşli həyatı haqqında danışarkən bir qədər də əvvələ qayıtmaq lazım gəlir.
1883-cü ildə Bakıda dünyaya göz açan, ilk təhsilini evdə anası Reyhan xanımdan aldıqdan sonra mədrəsədə oxuyan, maddi çətinlik üzündən mədrəsəni yarımçıq qoymaq məcburiyyətində qalan, atasının yanında daş yonub, xarratlıq edən Müznib elmə, savada həvəsindən bir an belə, əl çəkmir. Daim mütaliə ilə məşğul olan Əliabbas güclü hafizəsi sayəsində fars və ərəb dillərini öyrənir.
24 yaşında ikən bəddi yaradıcılığa başlayan, 1907-ci ildə ilk məqaləsi “Şərqi-Rus” qəzetində, ilk şeiri isə “Təzə həyat” qəzetində dərc edilən Müznib, çox keçmədən dövrünün Mirzə Ələkbər Sabir, Seyid Hüseyn kimi mütərəqqi düşüncəli ziyalıları ilə tanış olur, onlarla dostluq edir.
3-cü epizod
Ötən yüzilliyin ilk onilliyinin sonlarınadək “İttihad”, “Zənbur”, “Təzə həyat” kimi qəzzet və dərgilərində çıxış edən Əliabbas Müznib 1910-cu ildə “Hilal” adlı qəzetin nəşrinə başlayır. Həmin ilin 18 dekabrında ilk sayı işıq üzü görən “Hilal” elə birinci nömrəsindəncə hökumət dairələrinin qəzəbinə tuş gəlir. Buna səbəb onun Çaar hakimiyyətinə qarşı kəskin siyasi mövqeyi idi.
Rəsmi icazə olmadan nəşr edilən qəzetdə Müznibin “Hökumət, ah bir insan yeyən qurd, Rəiyyətdə nə pul qoyar, nə bir yurd” misraları ilə başlayan şeirinin dərci hökumət dairələrinin səbr kasasını daşırır və “Hilal” qəzetinin qapadılmasına qərar verilir. Qəzetin ikinci sayının bütün nüsxələri isə müsadirə edilir.
Bu da azmış kimi Müznib barədə cinayət işi açılır.
Lakin bütün bunlar 27 yaşlı Əliabbası qorxutmur: o, 1911-ci ilin yanvarında “Hilal”ın nəşrinə yenidən başlayır.
Bu dəfə qəzetin üç sayını çap etməyə imkan tapır. Hökumətin müdaxiləsi ilə “Hilal”ın nəşri yenidən dayandırılır.
4-cü epizod
Əliabbas Müznib nə ruhdan düşür, nə də geri çəkilir.
“Hilal”ın ardınca bu dəfə "Şihabi-saqib" adlı dərginin nəşrinə başlayır. Dərgidəki yazıların ana xəttini Çar zülmünə kəskin etiraz, ölkənin, onun insanlarının ağır, dözülməz həyatının açıq təsviri təşkil edirdi.
Artıq hökumət dairələri Müznibin “nazı ilə oynamaq” fikrində deyildilər; elə bu səbəblə də 19111-ci ilin mart ayında jandarmlar onun evinə hücum çəkir, axtarışlar aparırlar.
Nəticədə: “Şihabi-saqib” də nəşrini dayandırmalı olur, üstəlik, bu dəfə özünü də zindana atırlar.
28 yaşlı Əliabbas Sibirə sürgün olunur.
Beləliklə də, o, “Sibirə sürgün edilən ilk azərbaycanlı jurnalist” ünvanını qazanır.
Müznibin görkəmli tarixçi Ziya Bünyadov tərəfindən ilk dəfə tərcümə və ictimaiyyətə təqdim olunan ittiham aktının başlığı belə idi: “Bakı meşşanı Əli Abbas Mütəllibzadə haqqında...”
O da maraqlıdır ki, məhkəmə Əliabbası 15 gün həbs (eləcə də 25 manat cərimə!) ilə cəzalandırsa da, Müznib Bayıl həbsxanasında bundan artıq – 25 gün qalmalı olur, Sibirə isə məhz bundan sonra göndərilir.
Sürgün onu sındırmır. Sibirdən qayıdaraq ncə "Dirilik", ardınca "Babayi-Əmir" dərgilərini nəşr etdirir.
5-ci epizod
Əliabbas Müznib 1914-cü ildə dini fanatizmə qarşı kləskin mövqeyinə görə ölüm təhlükəsi ilə üzləşib. Belə ki, Bakı ruhanilərindən şeyx Qəni onun haqqında ölüm fitvası çıxarmışdı.
Ancaq xoşbəxtlikdən Müznib bu təhlükəni sağ-salamat adlada bilir.
6-cı epizod
Əliabbas 1918-ci ilin şanlı 28 Mayını – Cümhuriyyətimizin quruluşunu sevinclə qarşılayanlardan biri idi.
O, türk və müsəlman Şərqinin ilk demokratik Respublikasına XIX yüzilliyin əvvəllərindən başlayan rus işğalının, çarizmin başımıza gələn bəlalardan qurtuluşu üçün bir fürsət kimi qiymətləndirirdi.
Bunu Müznibin 1919-cu ilin mayında, Cümhuriyyətinin birillik yubileyi ilə bağlı yazıdan aydın görmək mümkün idi.
O, həmin il ilk demokratik respublikamızın marşını da yazmışdı.
Sibirə sürgündən qayıtdıqdan sonra Müsavat firqəsinin (partiyasının) sıralarına qoşulan Müznib, bundan sonra Rəsulzadənin mənəvi-ideoloji silahdaşı kimi istər Cümhuriyyətin elanı, istərsə də Cümhuriyyət illərində cani-könüldən çalışmışdı.
Özünün yazdığı kimi:
Sevdiyim bir şey var isə ol da millət ləfzidir*, Eylərəm ol ləfzə səcdə, parə–parə olsam da mən!
(*ləfz – söz, kəlmə)
7-ci epizod
Cümhuriyyət devrildikdən və Azərbaycanda rus-bolşevik işğalı gerçəkləşdikdən sonra yeni hökumətin üzvlərindən Ruhulla Axundovun göstərişi ilə öncə Qarabağa, ardınca Qarabağa göndərilir. Qarabağda "Firqə və inqilab komitəsinin əxbarı (xəbərləri – E.A), "Qarabağ füqərası", "Qarabağ diriliyi" qəzetlərində çalışır. 1924-cü ildə Qubada, işlədiyi qəzet mətbəəsində təsadüfi qəza nəticəsində gözlərindən birini itirir.
Müalicə məqsədilə Bakıya qayıdır, üç ilə yaxın "Kommunist" qəzetində işləyir.
1926-cı ildə gözlənilməz (bir az da gözlənilən!) şəkildə təqaüdə göndərilir, jurnalistika fəaliyyətindən tamam uzaqlaşdırılır. Bunun iki səbəbi vardı. Birinci: Cümhuriyyət və onun qurucusu ilə mənəvi-ideoloji bağlılığı unudulmamışdı. İkinci: o, "Molla Nəsrəddin”, "Damğa”, "Kəndçi”, "Kommunist” qəzetlərində tənqidi yazılarla çıxış edir və bu, Azərbaycanın ovaxtkı Sovet rəhbərliyinin xoşuna gəlmirdi.
Bundan sonra Müznib ömrünün sonunadək Azərbaycan ədəbiyyatına dair çoxsaylı kitablar yazır. Bu kitablarda XVIII-XIX yüzilikdə yaşamış şairlərimiz haqqında məlumat və onların yaradıcılığından nümunələrlə zəngin "Aşıq Pəri və müasirləri" xüsusi yer tutur.
8-ci epizod
1937-ci il terroru ərəfəsində cəzalandırılmaq üçün ilk yada düşənlərdən biri məhz Əliabbas Müznib olur.
Hələ 1936-cı ilin 7 dekabrında Müznibə qarşı əksinqilabi təşkilatın üzvü olmaqda ittiham edilir və barəsində cinayət işi qaldırılır.
Evində axtarışlar aparılır və həbs olunur.
O, pantürkizm və panislamizm ideyalarının təbliğində suçlandırılır.
Müznibin "Vahid Rürk Dövləti"nin yaradılmasının təşəbbüskarlarından və təbliğatçılarından biri olduğu həmin vaxt onun haqqındakı siyasi rəylərdə qırmızı xətlə keçir.
Əliabbas Bakının Nuru paşanın başçılığı ilə Osmanlı ordusu və yerli qüvvələrin iştirakı ilə daşnaklardan təmizlənməsini alqışlamasından tutmuş Cümhuriyyətin quruluşuna tərəf çıxmasına qədər müxtəlif addımlarına görə suçlanır. 1918-ci ilin 25 aprelindən 31 iyulunacan mövcud olan, Stepan Şaumyanın rəhbərlik etdiyi və saysız-hesabsız qanlı əməllərə rəvac vermiş Bakı kommunasına qarşı vaxtilə tutduğu əks-mövqeyə görə sorğu-sual edilir.
Qondarma istintaq 1937-ci ildə başa çatır və o, səkkiz il müddətinə Sibirə sürgün edilir.
Bu hökmü verənlər Müznibin sağlamlığındakı problemlərə görə sayca ikinci olan Sibir sürgünündən salamat qayıtmayacağınıl yaxşı bilirdilər.
Görünür, elə bu səbəbdən də güllələnmə əvəzinə həmin hökmü qəbul etmişdilər.
Hər şey terrorçu rejimin hesablaması ilə üst-üst düşür: 1958-ci ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinə (DTK) ünvanlanan arayışdan da göründüyü kimi, Müznib haqqındakı hökmdən cəmi bir il sonra – 1938-ci ilin 28 avqustunda Vladivostokda vəfat edir.
17 il sonra – 1955-ci il 24 fevralda Azərbaycan SSRİ-nin ali məhkəmə instansiyası tərəfindən ailəsinə göndərilən arayışda isə onun bəraət aldığı göstərilir.
9-cu epizod
Müznibin yaradıcılığının önəmli bir bölümü (xüsusilə 1907-1936-cı illəri əhatə edən hissəsi) məhv edilib.
Yalnız 1962-ci ildə filologiya elmləri doktoru, professor İslam Ağayev "Zənbur" jurnalından bəhs edərkən ilk dəfə Müznib barədə də danışır.
Bununla belə, uzun müddət onun ədəbiyyatımız və mətbuatımız qarşısında xidmətləri gözardı edilir, arxa plana atılır.
Osa günümüzün pəncərəsində baxdıqda Müznibin ideoloji baxışları hətta bir çox hallarda mübahisə predmetinə çevrilə bilər, lakin bununla belə onun bioqrafiyası könül verdiyi dəyərləri son nəfəsinəcən, üstəlik, həyatı bahasına, ən ağır cəzalara, basqılara rəğmən müdafiə etməsi baxımından ibrətamizdir, tariximizin nadir nümunələrindən biridir.
Elnur Astanbəyli