Ötən günlərdə əvvəlki hissələri geniş auditoriya tərəfindən bəyənilən və təriflənən “Pərdə” filmlərinin üçüncüsü kinoteatrlarda göstərilməyə başladı. Mən də bu yazımda “Sonuncu pərdə”nin uğurlu və zəif tərəfləri, rejissorun göstərməyi yaxşı bacardığı və bacara bilmədiyi fikirlər barədə öz düşüncələrimi bölüşəcəm. Birinci ondan başlayaq ki, “Pərdə” niyə geniş kütlə tərəfindən sevilən və izlənən seriya oldu?
Azərbaycan izləyicisinin yerli komediyalarla və uğursuz dramlarla boğulduğu dövrdə ortaya “Pərdə” çıxdı və komediyadan başqa janrlarda da filmlər çəkərək uğur qazanmağın mümkünlüyünü göstərdi. Kiçik büdcə, texniki problemlər, tam realizə edilə bilməyən senari də bu uğurun qabağını ala bilmədi. Artıq izləyici şit və bayağı zarafatlar yox, gündəlik qarşılaşdığı problemləri, ətrafında gördüyü hadisələri izləmək və ona şərh vermək istəyirdi. Həmin istəyi reallaşdıran da məhz “Pərdə” filmləri oldu. Milli-mental dəyərlərin ekran problematikasına çevrilməsi, obrazların özlərini tam rahat ifadəsi, yeri gəldiyində vulqar formada özünüizah kinomuz üçün axtarılan yeni qan idi və izləyici həmin qanı tapmışdı.
Etdiyim “yeni qan” metaforu təsadüfi deyil: Belə ki, Pərdə trilogiyasında qırmızı xətt qırmızı qandan keçir. Bakirəlik, xəyanət və satqınlıq qanın müxtəlif formalarda təzahür formasına çevrilir. Ətrafımızda yaşananları müxtəlif yozumlarla ortaya atan rejissor Emil Quliyev müsahibələrindən birində deyirdi ki, “Sonuncu pərdə”ni çəkməyə başlamağımıza az qalmış, sponsor olacağına vəd verən qurum bizdən imtina elədi və biz tək qalsaq da, çəkilişlərə başlamaq fikrindən daşınmadıq. Görünür, rejissorun həm yaratmaq eşqi, həm də izləyici rəğbətinə arxalanması onu bu işi yarımçıq qoymamağa sövq edib. Çətinliklərlə insanların nələrsə yaratmağa çalışdığı bu dövrdə belə cəsarətli addımlar təqdirəlayiq haldır və sonuna qədər dəstəklənməlidir.
Mövzudan çox yayınmadan, yenidən “Sonuncu pərdə”yə qayıtmaq istəyirəm. Bu film üç gəncin arasındakı münasibətlərdən bəhs edir. Bu münasibətlər sevgi üçbucağı yox, dostluq üçbucağıdır. Digər tərəfdə isə “atalar və oğullar” problemi ortaya qoyulur. Fərman (Vidadi Həsənov) uşaqlar üçün nəzərdə tutulmuş futbol meydançasını hər vəchlə qorumağa çalışan şəxsdir. Nəriman isə (Oktay Mehtiyev) həmin ərazini ələ keçirməyə çalışan, həmin yeri zəbt edərək tikintiyə başlamaq arzusunda olan, müxtəlif fırıldaqlarla gəncləri özünə tərəf çəkən bir insandır. Fərman ilə Nərimanın arasındakı konflikt filmin başlanğıcını təşkil edir. Fərman təmiz, əxlaqlı, çalışqan və mübarizə ruhlu sovet insanı portretinə yaxındır. Nərimanda bu keyfiyyətlər nəinki yoxdur, hətta o, öz niyətinə çatmaq üçün hər cür yola əl atan, dövrün tələblərinə cavab verən adamdır. Obrazların ilk anlardan belə dəqiq təsviri həm də başqa bir şeydən xəbər verir: Filmdə personaj inkişafı və dəyişimi gözləməyin. Həqiqətən də, film ərzində bütün obrazlar sanki bir kolbanın içinə tökülmüş su kimidilər və heç cür bu kolbadan çıxa bilmirlər. Sıxılıb qaldıqları situasiya onların hərəkətini məhdudlaşır və edəcəkləri hərəkətləri təxmin etməyə zəmin yaradır.
Fərman ilə Nərimanın təsviri ilə birlikdə yuxarıda qeyd etdiyim üç gənci də tanımağa başlayırıq. Fərmanın oğlu Anar (Cövdət Şükürov) atası ilə problemləri olan, onun içki düşkünlüyünü qınayan, atasının çarəsizliyindən və tərsliyindən utanan, ona yüksək rifah qurmadığı üçün atasına qeyzli olan obrazdır. Anar özünə çıxış yolu axtarır və həmin yollardan biri Nərimanın verdiyi maşını idarə etmək, taksi sürücülüyü ilə məşğul olmaqdır. Lakin Fərman oğlunun bu hərəkətlərini heç bəyənmir və maşını qaytarmasını təkidlə tələb edir. Atanın və oğulun qarşıdurması ilk dəfə qarşımıza çıxmır, lakin burada onların probleminin tərsdən yozumu maraqlı məqamdır: Ata əxlaqi təmizliyi, düzgünlüyü bayraq tutanların portreti olduğu halda, oğul mənəvi aşınmaya məruz qalan, əxlaqi dəyərlərini daha yaxşı yaşamaq naminə kənara atan , var-dövlət üçün hər şeyi satmağa hazır olanların portretidir.
Onların ailədaxili mübarizəsinə Anarın dostu Ülvi (Atabəy Məmmədli) də qoşulur və müxtəlif vasitələrlə dostunu atasına qarşı döyüşə hazırlayır. Ülvinin Anardan tək fərqi budur ki, məqsədləri naminə hər şeyi etməyə hazırdır. Ülvi üçün vacib olan dostluq, qardaşlıq, düzgünlük yox, daha çox pul, daha yaxşı həyat, daha çox zövqdür. Film boyunca da eyni templə davam edir və sadaladığım şeylər uğrunda mübarizə aparır, yalan danışır, ikiüzlülük edir. Trionun sonuncu üzvü isə Conidir. Coni digərlərinə nisbətən daha yaxşı bir şəxsdir, lakin o da passiv-aqressiv rolunda çıxış edir. Özünü tam ifadə etməyə çəkinir, etmək istədiyi şeyləri edə bilmir və daim tərəddüd içində həyatın axarına qapılıb gedir.
Aşağıda oxuyacağınız cümlələr filmin məzmunu barədə məlumatlar ehtiva edir. Oxunuza bunu nəzərə alaraq davam etməyinizi xahiş olunur.
Fərman ilə Nəriman konflikti Fərmanın içkili halda Nərimanı təhqir etməsi və Nərimanın Fərmanı və Coninin atasını güllələməsi, Anarı yaralaması ilə nəticələnir. Filmin həmin anına qədər əsas mərkəz Fərman – Nəriman konflikti olsa da, mərkəz dəyişir: Səhnə Coni, Ülvi və Anarındır. Sinfi bərabərsizlik, hüquqsuzluq, dövlət orqanlarının işlərini layiqincə görə bilməməsi kimi vacib və əhəmiyyətli məqamlara toxunmaq şansı var ikən rejissor bunu seçmir və tamamilə ayrı bir istiqamətə yönəlir. Həmin istiqamət məhəllə qayda-qanunları, mentalitet və küçə söhbətləridir. Rejissor gözəl imkanı əldən verir, əvəzində lokal və cılız təfəkkürlərə yönəlir. Problem bir cəmiyyətin problemi olmaqdan çıxır və bir neçə adamla sərhədlənir. Əlbəttə, bu edilən də müəyyən mənada başa düşüləndir: Film siyasi-sosial problemləri özündə ehtiva etsəydi, bəlkə də heç göstərilməyə kinoteatr tapa bilməzdi. Bu da bir kassa filmi üçün əsl fəlakətdir.
Cinayətdən etibarən hadisələr üç gəncin arasında davam edir və sona qədər eyni məzmunda irəliləyir. Məhz bu səbəbdən filmin sonluğunu yazmaq fikrim yoxdur, əvəzində başqa vacib məqamlardan söz aça bilərəm. Filmin kassa dərdi iki məqamda özünü aşkar edir və həmin məqamlar komizmlə əlaqadardır. Bir gopçu obrazı və yasda Fatihə surəsini oxuyarkən “Meyvəyə dəymə” deyən molla obrazı həmin dərdin təzahüdür. Həmin obrazların ümumi hekayəyə heç bir təsiri yoxdur. Onları strukturdan çıxarsaq da, ümumi məzmunun keyfiyyətində dəyişiklik olmayacağı məlumdur. Filmə zərər verən məqam olmağına baxmayaraq, yuxarıda qeyd etdiyim maliyyə problemlərinə görə kassaya hesablanması başa düşüləndir və görməzdən gəlmək olar.
Digər tərəfdə filmə xüsusilik qatan və ümumi dəyəri artıran məqam varsa, o da məhz quruluşçu operator işidir. Quruluşçu operator Orxan Abbasovun kadrları qurması, seçdiyi çəkiliş bucaqları və ələlxüsus filmin rəngləndirilməsində istifadə etdiyi çalarlar təqdirəlayiqdir. Bakının bozluğunu, günəşini qürubunu, qapalı məkanların işıqsızlığını belə gözəl ifadə etmək filmin atmosferinə dərinlik qatır. Bu atmosferdə gördüklərin sanki gündəlik həyatının bir parçasıdır və izləyiciyə heç də yad deyil. İzləyicini maraqda saxlamaq fəndləri, həyəcanı düzgün çatdırmaq bacarığı müsbət cəhətlərdir.
Aktyorların oyunları, xüsusilə Vidadi Həsənovla Oktay Mehdiyevin performansı yaxşıdır. Nofel Şahlaroğlunun minimalist tərzi obrazı ifadə etdiyi halda, Atabəy Məmmədlinin ifrat emosionallığı, hərəkətliliyi filmə ziyan vurur. Rejissorun qurmaq istədiyi dinamizm, həyəcan vizual olaraq çatdırılsa da, məzmun baxımından qane etmir.
Ümumilikdə, “Sonuncu pərdə” özündən əvvəlki iki filmlə eyni kökdən, eyni cəmiyyətdən bəslənir. Bu kök və bu cəmiyyət bizim yaşadığımız, digər insanlarla münasibətdə olduğumuz ictimai məkandır. Bizə, yəni izləyiciyə çox tanışdır. Tanışlıq da filmi maraqlı edir, izlətdirir və rejissor Emil Quliyev müxtəlif cəhdlərlə izləyicini razı salmağa çalışır. Kimsə bəyənir, kimsə bəyənmir, lakin başqa şərtlərdə, başqa imkanlarla daha yaxşı iş ortaya çıxartmaq potensialı olduğu şübhəsizdir...