Oktyabrın 6-da Bakıda təşkil olunan “DokuBaku” beynəlxalq film festivalı başa çatdı. Festivalda təqdim olunan filmlərə gələn tamaşaçı sayı çox üzücü idi. Uşaqlar çox məhdud büdcəylə əla iş ortaya qoymuşdular, həmişə olduğu kimi cəmiyyət bu cür işlərə yenə biganə qaldı. Halbuki, normal kinoteatrlardakından belə ucuz qiymətə gedib ciddi, sanballı işlərə baxmaq olardı.
Festivaldan çox gec xəbər tutsam da, 2 gün və 10-dan artıq film qalırdı. İzləməkçün mövzuda adı yazılan filmi seçdim. Film səssiz idi. Amerikalı müsiqiçi gitaradakı ifasıyla bu səssizliyi doldurmağa çalışırdı. Və məncə, əla bacarıb.
Film 1927-ci ildə çəkilib, sonradan bərpa edilib. 4 hissədən ibarət bu film müharibədə sındırılmış bir ölkənin insanlarının necə robotlaşdırılıb, ölüm maşınının vintinə çevrilməsini mükəmməl nümayiş etdirib. Filmi izlərkən məndə elə bir təəssürat yarandı ki, hətta əgər dünya müharibəsinin olması faktını bilməsəydim belə, bu film qarşıdan gələn hansısa böhranın müjdəçisi idi. Bəlkə də o auranı məndə fondakı musiqi yaratdı.
Öz işlərinin, məişətlərinin ardınca qaçan adi, boz insan kütləsinin urbanistik həyatın qarmaqarışıqlığının fəlakətlərin üzərini örtməsi mümkün olsa da, kəskin gözlər bu həqiqətləri görə, kəskin ağıllar reallıqları dərk edə bilir. Bu filmin rejisoru hətta 1927-ci ildə belə urbanistik həyatın içində itib batmış qarşıdan gələn fəlakətləri o qədər professionallıqla çatdırıb ki, müəllifin 46-cı ildə 27-ci ilin Berlinini çəkdiyini belə düşünə bilərsiniz.
Filmin çəkildiyi il başqa məsələlər baxımından da çox-çox maraqlıdır. 1927. Almaniya və Fransa arasındakı Lokarno müqaviləsindən bir il sonra. Həmin dönəmdə alman dilində “gerflakht” adında bir söz var idi. Mənası ruh deməkdir. Digər bir mənası isə şər kabusu. Müqaviləni imzalayan alman siyasi xadimləri müqaviləni entuziazmla “Lokarno ruhu” adlandırırdılar. Alman xalqı və nasistlər isə lağ-lağıyla “Lokarnonun şər kabusu”ndan bəhs edirdilər.
Həmin dönəmdə cəmi bir neçə il əvvəl bağlanan sülh müqaviləsinə baxmayaraq, heç kim alman kömür yataqlarını və sənaye bölgəsini işğal edən Fransayla barışığa hazır deyildi. Filmi izləsəydiniz xalqı rahat olmağa imkan verməyən şər kabusunun varlığı dərhal diqqətinizi çəkəcəkdi. Simalardakı qəzəb, harasa tələsmək, robotlaşdırılan ölkə və altdan-altdan yaranmağa başlayan xalq qəzəbi və nifrəti.
Filmdəki ən maraqlı səhnələrdən biri 1-ci dünya müharibəsinin memarı Erix Lüdendorfun 1925-ci ildə başlayan məhkəmə prosesinin son iclası - hökm günü məhkəmə binasının qarşısındakı əlbəyaxa dava idi. Sosialistlər və millətçilər arasındakı davada ən ironik olan o idi ki, kadra düşməsə də arxada Hitler var idi. Həmin məhkəmə prosesinə aid tarixi fotolarda, siz bu məqamı tapa bilərsiniz. Sosialistlər, kommunistlər, millətçilər və respublikaçıların başı öz aralarındakı qovğaya elə bir şəkildə qarışmışdı ki, qarşıdan gələn fəlakəti görə bilmədilər və bu, əvvəlcə bütöv bir xalqın, ardınca isə bütün dünyanın fəlakətinə səbəb oldu.
İki dünya müharibəsi arası dövr dünya tarixinin insan fəlakətləri baxımından ən dəhşətli dövrüdür. Bu dövrə aid materiallar dəfələrlə izlənməli, oxunmalı, dərs çıxarılmalıdır. Bu dövrə aid, bu dövrü izah edən hər şey - yazı, film, musiqi mənim həmişə diqqətimi çəkib, tapdığım bütün materialları acgözlüklə nəzərdən keçirmişəm. Və tam əminliklə “Böyük şəhərin melodiyası” baxdıqlarım arasında ən yaxşılarından biri idi, deyə bilərəm.
“AlexanderPlatsda bir gün” adlı hekayəni oxusanız və ya Merlin Ditrixin 1932-ci ilə aid “Mavi mələk” mahnısını ifasının videogörüntülərinə baxsanız yenə insanların simasındakı, yazarın ruhundakı, musiqiçinin ifasındakı boşluğu və böhranı görə bilərsiniz.
“Berlin: Böyük şəhərin simfoniyası” insan iztirablarını və insan psixologiyasının mürəkkəbliyini, ayrı-ayrılıqda məsum olan insanların birləşib necə dəhşətlər yarada bildiyini anlamaq baxımından möhtəşəm materialdır və festivalın təşkilatçılarına bu filmə, eləcə də gördükləri dəyərli işə görə təşəkkür düşür.
İlkin Rüstəmzadə