Avropa İttifaqı Bakıya çağırış edib: 'Dinc etiraz aksiyası iştirakçılarına qarşı polisin hədsiz zorakılığı araşdırılsın'

Avropa İttifaqı Bakıya çağırış edib: 'Dinc etiraz aksiyası iştirakçılarına qarşı polisin hədsiz zorakılığı araşdırılsın'
21 Oktyabr 2019
Mətni dəyiş

Aİ Bakını oktyabrın 19-da dinc mitinqin iştirakçılarına qarşı hədsiz polis zorakılığını araşdırmağa çağırır.

Bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Federika Mogerininin mətbuat katibi Mariya Kosyançiç bildirib.

Mətbuat katibi bildirib ki, oktyabrın 19-da Bakıda dinc mitinq keçirmək cəhdindən sonra onlarla insan saxlanılıb.

"Aksiya iştirakçılarının dağıdılması və saxlanılması üçün hədsiz və səbəbsiz güc tətbiq edildiyi bildirilib. Bu cür hadisələr araşdırılmalıdır. Biz həmçinin hakimiyyəti həbsdə qalan dinc nümayişçiləri azad etməyə çağırırıq", - deyə Kosyançiç bildirib.

Avropa İttifaqı rəsmisi bildirib ki, toplaşmaq azadlığı fundamental insan hüququdur və Aİ Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun olaraq bu hüququn tam şəkildə həyata keçirilməsini təmin etməsini gözləyir.

[caption id="attachment_80036" align="aligncenter" width="1280"] Leyla Abdullayeva, XİN sözçüsü[/caption]

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva elə oktyabrın 19-da bu bəyanatla bağlı Azərtac-ın sualını cavablandırıb. O, açıqlamasında aksiyanın keçirilməsi üçün Bakı şəhərinin digər ərazisində müvafiq yer ayrıldığını qeyd edib.

“Aksiya iştirakçısı olan bir qrup şəxs isə icazəsiz şəkildə həftəsonu əhalinin istirahət etdiyi və sıx olduğu, mərkəzi küçələrə çıxmışdı. Bu qanunsuz aksiyaya görə 3 metro stansiyası və 14 avtobus xətti bağlanmış və şəhərdə insanların hərəkətinə maneələr yaranıb. Qeyd etmək istərdim ki, aksiya iştirakçılarına qarşı hər hansı zorakılıq tətbiq olunmayıb və Bakı şəhəri Baş Polis İdarəsi tərəfindən yayılmış rəsmi açıqlamada qeyd edildiyi kimi, saxlanılan şəxslərin böyük əksəriyyəti rəsmi xəbərdarlıq edildikdən sonra buraxılıb. Bakıdakı hadisələri yaxından izləyən Avropa İttifaqının yəqin ki, bu məlumatlardan xəbəri olmalı idi”, – açıqlamada deyilir.

Leyla Abdullayeva əlavə edib ki, Azərbaycanda insanların fundamental hüquq və azadlıqları tam təmin olunur və bu proses ölkə konstitusiyası, digər uyğun qanunlar, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyəti və beynəlxalq öhdəlikləri vasitəsilə tənzimlənir.

Milli Şura oktyabrın 19-da Bakıda etiraz aksiyası keçirməyə cəhdlər göstərib. Həmin aksiya Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmayıb. Polis aksiyanın qarşısını alıb, onlarla şəxs saxlanıb. Aksiya öncəsi Bakı metrosunun 3 stansiyasına giriş qapadılıb, şəhərin mərkəzində internetdə kəsintilər yaranıb.

Milli Şura bu aksiyanın keçirilməsindən ötrü BŞİH-ə şəhərin mərkəzinə yaxın 3 yer təklif etmişdi. Amma BŞİH bu yerlərin heç birini münasib saymayaraq, Milli Şuraya Bakının mərkəzindən kənar Lökbatan qəsəbəsini təklif etmişdi. Bundan sönra, Milli Şura rəhbərliyi bu cavabla Konstitusiya ilə onlara verilən sərbəst toplaşmaq azadlığının pozulduğunu bildirərək razılaşdırılmamış aksiyaya qərar vermişdilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun