İnternet möhtəşəm bir məkandır. Xüsusilə biliyə acsansa. Türkiyədə təhsil aldığım üçün universitetlərin kitabxana sistemlərinə, araşdırma metodlarına az-çox bələdəm. Elə ötən yay oxuduğum Ankara Universitetinin tələbələrinin Dədə Qorqud dastanının yeni tapılmış nüsxəsi ilə bağlı araşdırma məqaləsi çıxıb.
Əsəri “tapan” türkoloq “Metin Ekici” deyirdi ki, guya bu nüsxə daha qədimdir, Vatikan və Drezdendəki nümunələr bunun yanında çox cavan qalır. Amma elə simpoziumda yayımlanan fotolardan belə başa düşmüşdüm ki, Səfəvilərin ilk dövrünə aid ola bilər.
"Qorçubaşı" titulunun adının çəkilməsi qəribə gəldi. Qorçubaşının adı "xan Əfşar" kimi göstərilir. Dədə Qorqud dastanında daha öncə "Əfşar" adını görməmişəm. Bundan əlavə, bu titul ilk dəfə Həsən bəy Rumlunun əsərində çəkilir və Səfəvilərdən öncə tarixə məlum deyil. Həsən bəyin əsərində qorçubaşılarının çoxunun Əfşar tayfasından olmasına vurğu da var. Bu, mənim hipotezimi gücləndirirdi.
Yenə fotoda gördüyüm Təbriz, Kür suyu, Dərbənd, Samur trayektoriyası eynilə Şeyx Cüneyd, Şeyx Heydər və Şah İsmayılın Şirvan işğalı trayektoriyasına uyğun gəlirdi. Bütün bunlara görə də müəllifin dediyi 14-cü əsr nüsxəsi olması ehtimalı mənə ağlabatan gəlmir.Bu dediklərim hamısı Aprel ayında olmuşdu. Universitetimizin araşdırmaçıları isə Metin Ekicidən tamam başqa nəticəyə gəlmişdilər. (Elmi məqaləni oxumaq üçün bu linkə baxa bilərsiz və jurnala abunə olun. Abunəlik pulsuzdur.) Məqaləni oxuduqca gəlinən nəticə budur ki, mən haqlıydım. Həqiqətən də əlyazmada Zülqədər və Bəydilli kimi qızılbaş tayfaları, eşikağası və divanbəyi kimi Səfəvilər dövründə istifadə edilməyə başlanmış terminlər var. Əli, Fatimə, İmam Həsən və İmam Hüseynə çoxca istinad var - bu da şiəliyin təsiridir. Digər bir nüans da normalda "n" hərfi ilə yazılan sözlərin "nq" (nuni səğir) hərfi ilə yazılmasıdır ki, bu da Şah Sultan Hüseyn Səfəvinin dövründə başlamış adətdir.
Nüsxənin orijinal xüsusiyyətlərindən biri də əsasən şimallı-cənublu Azərbaycan coğrafiyasındakı yer adlarıdır. Hətta Xınalıq kəndinin də adı var! Bundan əlavə talışlar və tatların da adı çəkilib. Xülasə, Drezden və Vatikan əlyazmalarından fərqli olaraq bu əlyazma Səfəvi-Qacar dövrünün əsəridir. Buna görə də necə deyərlər, "bizə bir köynək daha yaxındır".
[caption id="attachment_82990" align="aligncenter" width="1200"] Dədə Qorqud dastanının yeni tapılmış nüsxəsinin təqdimatı[/caption]Bəs necə xəbərdar oldum? Sağolsunlar araşdırmaçılar əsərin skan formatını da məqalədə yerləşdirmişdilər. Əski əlifbanı bildiyim üçün oxumaq heç də çətin olmadı. Bəs AMEA-nın bu hadisəyə reaksiyası nə olmuşdu? Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun əməkdaşları Prof.Dr. Ramazan Qafarlı və Prof.Dr. Seyfəddin Rzasoy məsələyə birbaşa nöqtə qoydular: Yeni əlyazma "Kitabi-Dədə Qorqud"un üçüncü əlyazması olmayıb, 19-cu əsrə aid Türkmənistan oğuznamələrindən ibarətdir."Kitabi-Dədə Qorqud"un 13-cü və 14-cü boyları adı altında təqdim olunan mətnlər, ümumiyyətlə, boy janrına aid omayıb, 19-cu əsrə aid Türkmənistan dastanlarıdır.
Yəni ki, çox fikrə getməyin, bizim kimi professorlar dura-dura kim Dədə Qorqudun yeni boyunu tapa bilər ki? Lakin əlyazmanın onlayn paylaşılması çox mənim kimi siravi tədqiqatçılara da fikir yürütməyə, bu dastanın Türkmənistan yox Azərbaycan coğrafiyasına aid olduğu nəticəsinə gəlməyə kömək etdi.
Elə isə gəlin yazının əsas mətləbinə keçək - bizdə əlyazmaların rəqəmsallaşması nə yerdədir? Əlyazmalar İnstitutunun saytına baxaq. Saytda heç ingilis dili yoxdur, yəni xarici tədqiqatçısansa indidən AZALın saytından girib bilet baxmağa başla. Saytda yeni daxilolmaların reyestri var. Orada instituta gələn materialların adı və hardan gəldiyi yazılır. Ən sonda isə belə bir qeyd var: “Yeni əldə olunmuş əlyazmalarla İnstitutun fondunda tanış olmaq mümkündür.” Maraq üçün 10-cu qrafaya baxdım. Şah İsmayılın xətt nümunələrinin 27 vərəqlik surətinin Bavariya Dövlət Kitabxanasından əldə olunduğu qeyd edilirdi. Bavariya Dövlət Kitabxanasının saytına daxil oldum və qarşıma çıxan ilk axtarış qrafasında axtarış verdim. Heç 1 dəqiqə belə xərcləmədən əlyazmanın skan edilmiş versiyasına baxırdım. Siz də bu linkdən baxa bilərsiniz. Sual olunur - əgər mən 2 tıklamaya bu sənədə baxa bilərəmsə, niyə yola düşüb əziyyət çəkib sizin institutun fondunda, özü də surəti ilə tanış olmalıyam?
Deyə bilərsiniz ki, Almaniya çox inkişaf edib. Bizim onlara çatmağımıza hələ çox var. Yaxşı, elə isə baxaq öz qonşumuza. Məsələn, həmişə dindar olması ilə məzələndiyimiz, təqvimi, əlifbası fərqli olan İrana. Bir neçə gün öncə İranın "Astan Qüds Rəzəvi" kitabxanasının saytına daxil oldum. Kitabxanada 300000-ə yaxın Səfəvi, Əfşar və Qacar dövrlərindən tarixi sənəd, əlyazma və yaxud kitab var. Mən təbii ki, rəqəmsallaşma məsələsinə fikir verdim.
Kitabxananın rəqəmsallaşmaya həsr olunmuş saytı təəssüf ki, ancaq farsca fəaliyyət göstərir. Amma onlayn şəkildə istənilən ölkədən, hətta Azərbaycandan da qeydiyyatdan keçmək və rəqəmsallaşmış versiyaya baxmaq, sənədlərin içində araşdırma aparmaq olar. Hələ təkcə 20.000-dən bir az çox sənəd skanlanıb. Hazırda baxdığım səhifədə isə Türkcə yazılmış kitablar var. Dil seçimi hissəsində "Türki" və "Türki Osmani" adlı iki seçim var, ikincidə hələ ki, bir şey yoxdur.
Sözümün canı odur ki, camaatın Çindən belə durub basa-basa Məşhədə gəlməyə ehtiyacı olmadan bir Səfəvi dövrü materialını oxuya bildiyi bir dövrdə mən 1907-ci ildə Bakıda yazılmış bir kitabın ancaq 5 səhifəsinə, o da lütf olaraq, baxa bilirəm. Gerisi üçün bilet almalıyam Bakıya və oturmalıyam Milli Kitabxanın kompüterlərindən birində.
Hər şey bir qırağa, Molla Məhəmməd ibn Hinduşah Naxçıvaninin hüquqları belə Milli Kitabxana tərəfindən qorunur. Onlayn oxuma bölməsində belə bir qeyd var: “Sadəcə ilk 8 səhifəsini oxuya bilərsiniz. Bu kitab yalnız Milli Kitabxana daxilindən tam oxuna bilər. Müəllifin hüquqlarına hörmətlə yanaşdığınız üçün təşəkkür edirik.”
Təsəvvür edin, 1293-1376-cı ildə yazılmış bir əsərin müəlliflik hüququ varmış! Tədqiqatçıların, tələbələrin, müəllimlərin AMEA-dan, Əlyazmalar İnstitutundan, Milli Kitabxanadan soruşmaq və cavab tələb etmək vaxtıdır - Təhsilə, mədəniyyətin təbliğinə ayrılmış bu qədər pullar hara gedir? Mən əgər eyni materialı Bavariya Dövlət Kitabxanasında tapa bilirəmsə, siz niyə varsınız? Dövlət sizə niyə bu qədər pul ayırır? Rəqəmsallaşmağa başlamağın vaxtı gəlib və keçir.
Cavid Ağa