Dünyanın bir çox ölkələrində despotik qüvvələr hakimiyyətdə qalmaq, öz sərvətlərini artırmaq və qoruyub saxlamaq üçün hər cür haqsızlıq edirlər. Zamanı gəlincə bunun partlayışa səbəb olacağı, ölkənin aqibətini sual altına düşürəcəyi bir həqiqətdir və tarixən saysız dəfələrcə sübuta yetmişdir. Bu həqiqəti dərk etmək üçün tarixdən məlumatlı olmaq, despotik hakimiyyətlərin, qanlı imperiyaların niyə süqut etdiyini öyrənmək və günümüzlə müqayisə edib nəticələr çıxarmaq kifayətdir. Bir həqiqət daha var ki, bütün despotlar başqalarının aqibətini öyrənib, onların süqutuna aparan səhvləri təkrar etməməyə çalışmaqla özlərini qoruya biləcəklərini zənn edirlər. Onlar unudurlar ki, yanlış yol həmişə yeni, əvvəllər görünməmiş idarəolunmaz vəziyyətlər vəd edir. Heç kim özünü bundan sığorta edə bilməz.
Bertolt Brext
Rəşadət Axundovun İlkin Rüstəmzadəyə yazdığı açıq məktubu oxuyanda Aleksandr Kuprinin “Ömür yolu” hekayəsi yadıma düşdü. Günəşi küləş kimi başa düşməyə adət edənlərə bəri başdan deyim ki, hekayədə təsvir olunanlarla Rəşadətin məktubu arasında tam paralellər aparmaq düzgün olmaz. “Ömür yolu” hekayəsini yeddi il əvvəl nəşr olunan “Cəhənnəm iztirabları” adlı hekayələr toplusuna daxil etmişdim.
Maraqlananlar hekayəni tapıb oxuya bilərlər. Aleksandr Kuprinin ən gözəl hekayələrindən biri olan “Ömür yolu” hekayəsində hadisələr Serbiya adlı mehmanxanada cərəyan edir. Mehmanxanada otaq tutmuş bir tələbə intihar etməzdən əvvəl məktub yazır. Tələbə məktubunda yazır ki, on-on beş dəqiqədən sonra həyatıma son verəcəm. Qəribədir ki, həyatıma son verəcəyim fikri məni qorxutmur, amma nə edim, jandarm polkovniki ayaqlarını yerə çırpıb üstümə qışqıranda müqavimət göstərməyin mənasız olduğunu, müqavimət göstərməklə özümü məhv etdiyimi deyəndə mən - indi ölümdən qorxmayan adam qorxdum. Ən iyrənci də odur ki, o başqaları ilə əyalət həkimi kimi mülayim danışdığı halda məhz mənim üstümə qışqırırdı. Elə bil mənim iradəmin zəif olduğunu hiss etmişdi. Tələbə daha sonra məktubunda yazır; mənə elə gəlir, nəinki yazılan sözlər, hətta bir insanın beynində fırlanan, ifadə etmədiyi fikirlər belə itmir. Bu həyatda heç nə itmir. Hardan bilmək olar, bəlkə də, nə vaxtsa bu otaqda təsadüfən qalan bir adam bu otaqda həyat, ölüm, intihar haqqında düşünəcək. Ona görə ki, mən özümdən sonra bu fikirləri burda qoyub gedəcəm və sair və ilaxır.
“Ömür yolu” ağır hekayədir və Kuprin o hekayədə elə yerlərə girib ki, xoşbəxtlikdən və ya bədbəxtlikdən o yerlərə girmək çox az yazıçılara müyəssər olur.
Ümumiyyətlə, insanın çörək və azadlıq, həbsxana və azadlıq, işgəncə və ideyaya, prinsiplərə sadiqlik kimi ağır dilemmalar qarşısında qalması heç yaxşı hal deyil. Ağır dilemma qarşısında qalmaq insana yaraşmır. İnsan, ümumiyyətlə, ağır dilemma qarşısında qalmamalıdır və bir insanın hansısa sınaqdan çıxa bilməməsi onun pis, artıq yararsız insan olmasına dəlalət edə bilməz, etməməlidir də. Çexov deyirdi ki, yaxşı tərbiyə sousu süfrənin üstünə tökməmək deyil, yaxşı tərbiyə odur ki, kimsə sousu süfrənin üstünə tökəndə bunu görmürsən. Qorxmaq, ağır sınaqlardan çıxa bilməmək hüququ insanın fundamental hüquqlarından biridir. Bu hüququ insanın əlindən almaq olmaz. Əgər siz “Qəhrəmanın ölümü” (Riçard Oldinqton), “Atəş” (Anri Barbüs), “Qərb cəbhəsində təbəddülat yoxdur” (Remark) əsərlərini və bu kimi digər müharibə əleyhinə yazılmış əsərləri diqqətlə oxusanız, bütün bu əsərlərin ortasından keçən qırmızı bir xətti görə bilərsiniz. Bu qırmızı xətt ondan ibarətdir ki, müharibə insanın əlindən qorxmaq hüququnu tamam alır, onu ağır sınaq qarşısında qoyaraq eybəcərləşdirir, hərb maşını adi həyatda normal, faydalı vətəndaş ola biləcək adamları vəhşiləşdirir, əzir, cəzalandırır, cinayət törətməyə, öldürməyə, qan tökməyə məcbur edir. Bu mənada və buna bənzər digər mənalarda bütün qəhrəmanlıqlar, prinsipiallıqlar heç də hörmətə, bütün qorxaqlıqlar heç də həqarətə layiq deyil. Məsələn, şəxsən mənim üçün Erkin Qədirlinin qorxaqlığı, özünü gicliyə qoyması, zaman-zaman bilərəkdən klounluq etməsi Əli İnsanovun prinsipiallığından daha qiymətlidir.
Ağıllı, alicənab, mədəni liderlər ətraflarındakı insanların qorxmaq hüququndan utanmadan istifadə etməsinə şərait yaratmalı, illah da onları ağır sınaqlar qarşısında qoymamalı, zərurət yarandıqda mədəni bir şəkildə “şamları söndürməyi”, “kim istəyirsə, qaranlıqda çıxıb getsin” deməyi bacarmalıdır. Əsas odur ki, meydandan gedənlər səmimi surətdə ruhən sabah ağır döyüşə girəcək adamların yanında olsunlar.
Göründüyü kimi vəziyyət çox qarışıq, dolaşıqdır. Bəs bu qarışıq, dolaşıq vəziyyətdə nə etməliyik? Bu qarışıq, dolaşıq vəziyyətdən necə baş çıxarmalıyıq? Belə məsələlər individual yanaşma tələb edir. Məncə, hər şeydən əvvəl biz insanın təbiətinə, onun nə dərəcədə ədalətli olmasına, ruhuna qiymət verməliyik. İlkin Rüstəmzadənin prinsipiallığına hörmətimi, ehtiramımı ifadə etməklə bərabər onu da mütləq qeyd etməliyəm ki, Rəşadət Axundov bu fani, Süleymana, İsgəndərə qalmayan dünyada rastlaşdığım ən mədəni, dürüst, vicdanlı insanlardan biridir. Zatən o, nə dərəcədə vicdanlı bir insan olduğunu yazdığı açıq məktubla növbəti dəfə göstərmiş oldu. Əsas budur. Qalanları təfərrüatdır.
Əgər insanın ruhu pozulmayıbsa, mərdimazarlığı, üzə durmağı, günahsız adamlara şər atmağı, namaz qılıb oruc tutduğu halda yalanı tirajlamağı özünə peşə seçməyibsə, hər hansı formada imkan tapıb yaşadığı cəmiyyətə, mənsub olduğu xalqa, mübarək yollara, xülaseyi-kəlam bəşəriyyətin tərəqqisinə fayda verə bilər. Fayda verməyin variantları çoxdur. Yəni hər bir insanın görə biləcəyi bir iş var. Elə İtaliya yazıçısı Antonio Tabukkinin “Pereyra iddia edir” əsəri də bu barədədir.
Artıq çəkidən əziyyət çəkən, astma xəstəsi olan Doktor Pereyra ortabab bir qəzetin mədəniyyət şöbəsinin redaktorudur. Hadisələr Portuqaliyada cərəyan edir. Ölkənin başını qara buludlar alıb. Doktor Pereyra bundan çox narahatdır. Bir vicdanlı vətəndaş kimi Doktor Pereyra ölkənin uçuruma doğru getdiyini hiss etməkdə və görməkdədir. O, mədəniyyət şöbəsinin redaktoru olaraq öz həyəcanını, narahatlığını ölkəsində baş verən hadisələrin mahiyyətini açan, ölkənin hansı uçuruma doğru getdiyini göstərən müxtəlif hekayələri nəşr etməklə bildirmək istəyir. Ortabab bir qəzetin mədəniyyət şöbəsinin redaktoru olaraq Doktor Pereyranın gücü buna çatır və bunu da edir. Bəzilərinə kiçik görünə biləcək bu cür əməllər bir yerə yığışdıqda böyük mahiyyətli hadisələrin baş verməsinə şərait yaradır. Necə deyərlər, hərə bir tük versə, kosanın da saqqalı olar.