Mtatsminda parkının pilləkənləri - Seymur Baycan

Mtatsminda parkının pilləkənləri - Seymur Baycan
17 Yanvar 2019
Mətni dəyiş

Ciddi bir problem var. Nədən ibarətdir bu problem? Tutaq ki, camaatımızın bir nümayəndəsi hansısa bir səbəbdən üç il, beş il, yeddi il X adlı ölkədə yaşayır. Necə olursa, onunla qarşılaşırsan. Qatarda, avtobusda yol gedirsən, növbə gözləyirsən, bir məclisdə iştirak edirsən, qohum olursan və sair və ilaxır. Variantlar çoxdur. Həyatdır, hər şey ola bilər. Şəxsən mən artıq hər şeyə inanıram və heç nəyə inanmıram.

Qarşındakı adamın üç il, beş il, yeddi il X adlı ölkədə yaşadığını söhbət əsnasında öyrənəndə başlayırsan həmin ölkə haqqında adama suallar verməyə. Oranın qəzetləri, jurnalları nə yazırlar? Elm və sənət adamları gələcək haqqında nələr düşünürlər? Hansı problemlər onları daha çox narahat edir? Nədən qorxurlar? Oranın camaatının mənfi və müsbət, güclü və zəif tərəfləri hansılardır? Tarixlərindən, ümumiyyətlə, tarixdən hansı nəticələri çıxarıblar?

Cəmisi beş dəqiqədən sonra məlum olur ki, adam üç il, beş il, yeddi il yaşadığı ölkənin tarixindən, ədəbiyyatından, kinosundan, ictimai-siyasi həyatından bir qram da məlumatlı deyil. Yəni insan özünü qəsdən belə təcrid eləsə, bu cür nailiyyətə çətinliklə imza ata bilər. Adam yaşadığı ölkədə nəşr olunan bir qəzeti, bir jurnalı əlinə götürüb vərəqləməzmi? Adam yaşadıqı şəhərdə fəaliyyət göstərən muzeyə bir dəfə gedib baxmazmı?

Beş il Yaponiyada yaşamış bir vətəndaşımıza Yaponiya haqqında suallar verdim və belə bir əcaib cavab aldım; bəy, yaponlar qeyri-ciddi xalqdır, yaponları çox şişirdiblər.

Məlum oldu ki, adamın yapon kinosundan, ədəbiyyatından, Yaponiya tarixindən əsla, yerli-dibli xəbəri yoxdur. Cavaba bax, sən Allah; yaponlar qeyri-ciddi xalqdır, yaponları çox şişirdiblər. Yaponlar qeyri-ciddi xalqdırsa, bəs onda ciddi xalqlar hansılardır? Yaponların ədəbiyyatları, bütün dünyada tanınan, bütün dünyanın qəbul etdiyi yazıçıları var? Var. Yaponların kinoları, bütün dünyada tanınan, bütün dünyanın qəbul etdiyi rejissorları var? Var. Tarixləri var? Var. İqtisadiyyatları var? Var. Mətbəxləri var? Var. İdmanın müxtəlif sahələrində uğurları var? Var. Hər şey cəhənnəm, adamların başına iki dəfə atom bombası atıblar. Bir neçə il əvvəl Kür çayı bir az daşmışdı, bütün Azərbaycan dəymişdi bir-birinə, hələ də daşqının fəsadları aradan qalxmayıb. Başlarına iki dəfə atom bombası atılandan doqquz il sonra yaponlar “Yeddi samuray” kimi film çəkiblər. Başım çıxmır, bəs ciddi xalq necə olur, ciddi xalq necə olmalıdır? Bəyəm yaponlar ciddi xalq olduqlarını isbat etmələri üçün bizi bellərinə mindirib gəzdirməlidirlər? Beş il Yaponiyada yaşayasan, yaşadığın ölkənin tarixi, ədəbiyyatı, kinosu, adamları haqqında heç nə öyrənməyəsən və sənə yaşadığın ölkə haqqında suallar veriləndə durub dünyanın inkişaf etmiş ölkələrindən, xalqlarından birinə iftira atasan. Yaşadığın ölkənin tarixini, mədəniyyətini öyrənməyə həvəsin, marağın olmayıbsa, öyrənməyi lazımlı, gərəkli hesab etməmisənsə, bu, başqa məsələ. Bunu mədəni bir formada dilə gətir, sakitcə etiraf et, biz də öz işimizi bilək. Bir-birimizi yormayaq, incitməyək. Ta durub camaata, ölkəyə niyə iftira atırsan? Nədir bunun adı? Bu vəziyyətə ad qoymaqda çətinlik çəkirəm.

İllər əvvəl bir türk publisistin yazısını oxumuşdum. Adam Avropanın hansısa şəhərinə getmişdi. Getdiyi şəhərdə çoxlu türklər yaşayırmış. Publisist yazmışdı ki, mən o qədər türkün arasında teatr, muzey, kitabxana yolu tanıyan, ölkənin mədəni həyatı ilə maraqlanan adama rast gəlmədim. Yazmışdı ki, türklər qəbilə şəklində yaşayırlar. Yığışırlar türk kafelərinə, evdə də türk kanallarına baxırlar, kənardan qız almırlar, əksər hallarda bir-birləri ilə evlənirlər, çoxusu da türk dilindən savayı başqa dil bilmir.

Bizimkilər də aşağı-yuxarı bu vəziyyətdədirlər. Bəs “bir millət-iki dövlət” necə olmalıdır? Rusiyada iki milyondan artıq azərbaycanlı yaşayır. Bu iki milyon azərbaycanlının səksən faizi beş rus yazıçısını, üç rus rejissorunu, iki rus bəstəkarını, bir rus rəssamını tanımır. Qəddarlıq edib “rus ədəbiyyatından hansı yazıçıların əsərlərini oxumusunuz?” sualını da ortaya qoysaq, faiz qalxacaq doxsanın üstünə. Sankt-Peterburqda yaşayan minlərlə, bəlkə də, on minlərlə azərbaycanlı var ki,  bircə dəfə də olsun, ayaqlarını Ermitaja basmayıblar. Dünyanın dörd bir yanından adamlar xərc çəkib Ermitaja baxmağa gəlir, bizimkilər içinə girib gəzmək, eksponatlara baxmaq cəhənnəm, heç gedib Ermitajın qabağında dayanıb bir şəkil çəkdirməyə də ərinirlər. Sonra da cırnayırlar ki, bizim camaatı bazar adamı kimi tanıyırlar, bizə bazar adamı kimi münasibət göstərirlər.

Əşi, sənin göründüyün yer bazardır, bazar adamı kimi də tanınırsan. Burda heç bir ədalətsizlik yoxdur. Kim necə tanınmaq istəyirsə, onu elə o formada, o tərzdə də tanıyırlar. Ancaq bazarda göründüyün halda sənə elm, teatr, kino, mədəniyyət, siyasət adamı deməyəcəklər ki? Cırnamağın heç yeri yoxdur. Bu, təxminən ona bənzəyir ki, bir nəfər bütün günü küçədə dayanıb, belini divara söykəyib tum çırtlayır, təsbeh çevirir, sonra da adamlar onun haqqında avaradır deyəndə əsəbiləşir. Əsəbiləşir ki, niyə ona avara deyirlər. İstəyir ki, bütün günü küçədə dayanıb, tum çırtlayıb, təsbeh çevirdiyi halda adamlar onun haqqında işgüzardır, zəhmətsevərdir, əlləri qızıldır sözlərini desinlər.

Turistlərin müntəzəm gəlib-getdiyi şəhərdə yaşamağın bir üstün cəhəti var; müxtəlif xalqların nümayəndələrini müxtəlif məkanlarda müşahidə etmək imkanı qazanırsan. Məsələn, ərəbləri mədəniyyət məbədlərində, muzeydə, sərgidə, teatrda çox nadir hallarda görərsən. İranlılar ərəblərə nisbətən xeyli iddialı görünsələr də, ərəblərə nisbətən fərqli, mədəni, zövqlü görünməyə cəhdlər etsələr də, onlar da Tiflisə gələn kimi İran restoranı, daha konkret desək, düyü yeməyə yer axtarırlar. Gürcü restoranlarında iranlı səyahətçilərə çox az hallarda rast gəlmək olur. Adamda istər-istəməz belə bir təəssürat yaranır ki, iranlılar sanki məhz düyü yemək üçün o boyda məsafəni qət edib Tiflisə gəliblər. Açığı, bunu, yəni İrandan Tiflisə gəlib İran restoranına getməyi başa düşə bilmirəm. Əziyyət çəkib o boyda yol gəlmisən, niyə yerli mətbəxlə tanış olmursan? Sənə nə mane olur? Bəyəm düyü qaçır? O düyü, o da sən, İrana qayıdanda ürəyin nə qədər istəyir, yeyərsən. Özləri də heç nəyi bəyənmirlər, hər şeyə bir mız qoyurlar. Adamın gözünün içinə baxıb ağ yalan danışırlar. Elə fikirləşirlər ki, ta İranı tanıyan, orda nələrin baş verdiyini bilib-eləyən yoxdur. Deməli, yarı fars, yarı türk olan bir iranlı gənclə açıq kafedə oturub pivə içirdik. Bu gənclə yaxın bir tanışımın ticarət münasibətləri vardı. Onlar öz alış-veriş söhbətlərini, ticarətə aid haqq-hesablarını bitirdikdən sonra başladıq İrandan, Turandan, Amerikadan, Avropadan filandan söhbət etməyə. Bu gəncə sadə bir sual verdim və bu sualın nəticəsində yüngülvari mübahisə etməli olduq. Gəncdən soruşdum:

- İran necə yerdir?

- İran cənnət kimi bir yerdir.

- Sən Tiflisdə yaşadığın kimi İranda yaşaya bilərsən?

- Tiflisdə elə bir şey yoxdur ki, İranda olmasın.

- Bax biz üç nəfər oturmuşuq açıq kafedə, pivə içirik. İranda açıq kafedə oturub ayağımızı uzadıb pivə içə bilərik?

- Yox.

- Ora bax, qızla oğlan əl-ələ tutub küçədə gəzirlər, arada dayanıb öpüşürlər. İranda qızla oğlan küçədə belə əl-ələ gəzə bilər?

-Yox

- Qardaş, bir yerdə ki insanlar açıq şəkildə pivə içə bilmirlər, bir yerdə ki qızla oğlan əl-ələ tutub gəzməyə qorxurlar, ta oranın nəyi cənnət oldu?

İranlı gənc başladı narazılıq etməyə, izah etməyə çalışdı ki, İranda qadağan olunan şeylərin hamısını gizli şəkildə etmək mümkündür. Mən də dedim ki, buna bir qram da şübhə etmirəm, sən konkret de görüm, İranda açıq kafedə oturub pivə içmək olar, ya olmaz? Adam yenə başladı İrandakı gənclərin gizli həyatı, gizli əyləncələri haqqında danışmağa. Bu zaman gözüm bir pişiyə sataşdı. Pişik ağzında siçan otluğa tərəf gedirdi. Mübahisəni davam etdirməyə həvəsim öldü və tamam başqa fikirlərə qərq oldum. Biz burda oturub pivə içirik, söhbət edirik, siqaret çəkirik, adamlar küçədə gəzirlər, otluqda isə bir canlı başqa bir canlını yeməyə, həyatına son verməyə hazırlaşır.

Daha bir müşahidəmi yazım; küçə musiqiçilərinə müsəlmanların pul verdiyini çox az görmüşəm. Hə, arvad-uşaqla itli-pişikli musiqiçilərin sağında-solunda düzülüb şəkillər çəkdirirlər, amma çıxarıb musiqiçilərin qarşılarındakı qutunun, papağın içinə pul atmağa mərifətləri çatmır. Bəlkə də, ağıllarına gəlmir ki, ora arada pul da atmaq lazımdır.

İlin fəsillərindən asılı olmayaraq hər ay azı üç dəfə Mtatsminda parkına pilləkənlərlə qalxıram. Parkda bir saat, iki saat gəzib, bir fincan kofe icib, yüngülvari nəsə yeyib pilləkənlərlə də aşağı düşürəm. Bu, mənim üçün bir növ meditasiyadır. Müsəlman camaatını pilləkənlərlə Mtatsminda parkına qalxan, pilləkənlərlə parkdan aşağı düşən çox az hallarda görmüşəm. Əslində burda görməmişəm sözünü yazmalıyam, sadəcə, qərəzli gürünməmək üçün çox az hallarda görmüşəm yazmağa məcburam. Nə edək, bir çox adamlar elə düşünürlər ki, boş-bekar, avara adamam, dava eləməyə mövzu axtarıram. Amma inanın, and olsun bizi yaradan o bir Allaha, doğrudan da, türkü, ərəbi, farsı Mtatsminda parkına pilləkənlərlə qalxıb pilləkənlərlə düşən görməmişəm. Türklər, ərəblər, farslar ancaq funikulyorla parka qalxırlar və funikulyorla da parkdan düşürlər.

Parka piyada qalxıb düşənlər ya slavyanlar olurlar, ya avropalılar, ya da yaponlar filan. Cavanlar bir qırağa, qoca-qoca arvadlar, qoca-qoca kişilər hıqqana-hıqqana parka piyada qalxırlar. Deyirsən, yarı yolda yorulub, əldən düşüb dayanarlar, geriyə qayıdarlar. Yorulurlar, skamyada oturub dincəlirlər, amma geriyə qayıtmırlar. Onların görmək, öyrənmək, təəssürat almaq, hərəkət eləmək istəyinə, həvəsinə baxanda adam yanıb tökülür. Bir dəfə reallıq hissini itirib milli və dilli bir qızı Mtatsminda parkına piyada qaldırdım. Anadan əmdiyim südü burnumdan gətirdi. İt peşmanı oldum. Narazılığın, şikayətin biri bir qəpik. Ay ayaqlarım tutuldu, ay sol böyrüm sancdı, ay yoruldum, ay nəfəsim kəsildi, burnumdan qan açılmasa yaxşıdır... Hıqqana-hıqqana pilləkənlərlə parka qalxan üzü qırışmış, beli bükülmüş, ayaqları əyilmiş qoca arvadları göstərib deyirəm; qoca arvadlara bax bir utan, cavan qızsan, hərəkət elə, az deyin, ayıbdır. Əsəbiləşdirmə məni, vallah indi səni götürüb tullayacam aşağı. Heç bir izahın, şərhin, motivasiyanın, təhdidin xeyri yoxdur, şikayətin, narazılığın ardı-arası kəsilmir.

İndi yəqin, bir xeyli adamı bu sual düşündürəcək; axı parka pilləkənlərlə qalxıb düşməklə funikulyorla qalxıb düşməyin nə fərqi var? Fərq var. Fərq olmasa, bu söhbətə girmərəm. Mtatsminda parkına pilləkənlərlə qalxıb düşməklə funikulyorla qalxıb düşməyin arasında fərqi yaradan təəssüratlardır. Pilləkənlərlə Mtatsminda parkına qalxıb düşəndə təəssürat daha çox olur. Təəssüratı da qoyaq kənara, axı slavyanlar, avropalılar, yaponlar zadlar parka pilləkənlərlə qalxıb düşdüyü halda niyə müsəlmanlar, türklər, ərəblər, farslar parka ancaq funikulyorla qalxıb düşməlidirlər. Niyə təmiz hava almaq, hərəkət eləmək, yorulmaq istəmirlər? Məncə müsəlman camaatın Mtatsminda parkına ancaq funikulyorla qalxıb düşməsi həm tənbəlliyin, həm də görməmişliyin əlamətidir. Burda bir az da infantillik elementi də var. Yəqin, funikulyora minmək xoşlarına gəlir. Qərəz, müsəlmanlar bir çox şeyləri bacarmadıqları kimi səyahət etməyi, gəzməyi də bacarmırlar.

Gəzir almanlar, Skandinaviya xalqları, canım sizə desin, yaponlar. Əllərində xəritə, bölgəyə aid məlumat kitabı. Baxırlar, oxuyurlar, harda maraqlı bir məkan, tarixi bir bina, muzey varsa, gedib baş çəkirlər. Sənin illərlə yaşadığın şəhərdə elə dəlmə-deşiklər tapırlar ki, adam belə lap mat-məəttəl qalır. Bir həftəyə, on günə bacardıqları qədər məlumat toplayıb, təəssürat alıb, yerli mətbəxlə tanış olub geriyə qayıdırlar.

Yekun

Xarici ölkələrdə yaşayan camaatımıza bunları tövsiyə edə bilərik:

- Yaşadığınız ölkənin ən məşhur yazıçılarının əsərlərini oxuyun, ən məşhur rejissorlarının filmlərinə baxın. Ölkənin tarixini öyrənin, ölkənin mədəni, ictimai-siyasi həyatını diqqətlə izləyin.

- Övladlarınızı onların təbiətinə uyğun dərnəklərə göndərin. Rəsm, musiqi, rəqs, idman...

- Kim hansı ölkənin vətəndaşıdırsa, münasib bir partiya seçib üzv olmalıdır. Arı şirəyə daraşan kimi siyasi partiyalara daraşmaq, siyasiləşmək lazımdır.

Seymur Baycan

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun