Yadınızdadırsa, bir neçə ay bundan əvvəl bir azərbaycanlı məktəbli Meksikada keçirilən robot yarışmasında iştirakının təmini üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etdi və neqativ cavab aldı. Regionun lider dövlətinin müvafiq qurumu uşağa təxminən "Səni ora göndərməyə imkanımız yoxdur" dedi. Onun gürcü həmyaşıdları isə getdilər və o beynəlxalq yarışda 3-cü yeri tutdular.
Baxırsan uşaq da var, robot da düzəldir; Meksika da yerindədi, yarışma da təşkil edir. Di gəl bizim uşaq ora gedə bilmir. Nədir problem? Mexanizm. Mexanizm düz qurulmadığına görə uşaq ora gedə bilmədi.
Efirə çıxan müğənnilərdən şikayətlənirik. Səsləri yoxdur, zövqləri yoxdur, mahnıları məzmunsuzdur. Amma ölkədə səsli, zövqlü adamlar yoxdurmu? Var. Hardadılar? Biri Ağcabədidə taksi sürür, o biri Gəncədə dərzidi, başqası Bakıda tikintidə. Bəs niyə onlar öz yerlərində deyil? Çünki mexanizm düz işləmir. Televiziyaya müğənnini buraxan adam yerində deyil, tv-nin rəhbəri də axtarsan təsadüfidi. Müğənniləri də başqa məziyyətlərinə (ya da qəbahətlərinə) görə seçirlər.
Baxırıq, ölkəmizin səfirləri, bizi başqa ölkələrdə təmsil edəcək adamların biri şərab, o biri siqaret alverinə girişib, onu da üzünə-gözünə bulaşdırıb. Bir başqa səfirimizin yaxın ailə üzvü sürücülük vəsiqəsi almaq üçün yad ölkədə rüşvət təklif edib. Bəyəm xalqımızın içində diplomat istedad və bacarığına layiq adam yoxdurmu? Var. Hardadı? Biri Qubada meyvə anbarında işləyir, o birisi ticarətlə məşğuldur, bir başqası da başını götürüb qaçıb ölkədən. Niyə? Çünki onları istedad və bacarığınca yerbəyer edə biləcək mexanizm qura bilməmişik.
Artıq uzun onilliklərdir ki, bizim sistemimizdə vəzifəyə qoyulan kadrlar bacarığına görə deyil, loyallığına, müdirə şəxsi sədaqətinə görə qoyulur (bu barədə H.Paşayev öz "Bir səfirin manifesti" kitabında maraqlı qeydlər də edib).
Ya da işlər qohumluq əlaqəsinə görə tapşırılır. Tutaq ki, sənə istehsal etdiyin məhsula dizayn verəcək adam lazımdı, sən isə dizayner axtarmaq əvəzinə dayıoğlunu axtarırsan. Axırda da işlər düz getmir.
Mexanizm düz qurulsaydı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki məsul məmurun yerinə elə bir adam oturmalıydı ki, o, bir azərbaycanlı uşağın Meksikaya robot yarışmasına qatılmaq istəməyinin özünə təəccüblənsin, sevincindən bəlkə də gecə yatmasın. Adekvat şəxs olsaydı əlindən gələni edərdi ki, o uşaq gedib Meksikaya çıxsın, beynəlxalq mühitə öyrəşsin. O, bu uşağın ölkəmiz və cəmiyyətimiz üçün nə boyda qazanc ola biləcəyini başa düşərdi.
Mexanizm düz qurulsaydı elementar artistik standartlara uyğun olmayan müğənni populyar olmaz, elementar elmi standartlardan bixəbər təsadüfi adam isə alim ünvanı daşımazdı.
Mexanizm düz qurulsaydı, məmurlarımız başa düşərdi ki, gündə 8 saat məşğul olmalı olduğu işin adı - insanların həyatını rahatlaşdırmaqdan ibarətdir və əslində buna görə maaş alır.
İctimai elmlərdə istifadə olunan “Sosial lift” məfhumu bir az fərqli məsələlər barədə (bir sosial sinifdən o birinə keçmək) istifadə olunsa da, indiki halda bizim nümunələrə də şamil etmək olar. Yəni, əgər bizdə insanların cəmiyyətdə yerini müəyyənləşdirəcək mexanizmə bir lift kimi baxsaq, məlum olacaq ki, lifti xarab binada yaşayırıq. Bu da binada yaşayan hər kəs üçün təhlükəlidir.
Firudin Allahverdi