Daha bir siyasi məhbusun aclıq aksiyasına başladığı bildirilir

Daha bir siyasi məhbusun aclıq aksiyasına başladığı bildirilir
10 Yanvar 2019
Mətni dəyiş

Yanvarın 9-da Bakı Apelyasiya Məhkəməsi müsavatçı Azad Həsənov barəsində həbsin ev dustaqlığına əvəz edilməsi ilə bağlı vəsatəti təmin etməyib.

Məlumatı Azad Həsənovun vəkili Osman Kazımov yayıb. O bildirib ki, məhkəmə Xətai Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

"Azad Həsənov məhkəmədə Mehman Hüseynova dəstək və özünün yaxın qohumları ilə görüşməsinə, telefon əlaqəsinə imkan verilməməsi ilə bağlı aclıq aksiyasına başladığını elan edib".

Litvada siyasi mühacir həyatı yaşayan Azad Həsənov ötən ilin oktyabrın 10-da ağır xəstə olan atasına baş çəkmək üçün Bakıya gəlib.

Sərhədi problemsiz keçən A.Həsənov oktyabrın 11-də mülki geyimli şəxslər tərəfindən saxlanılıb.

O, Müsavat Partiyasının üzvüdür. Partiya onun saxlanılması ilə əlaqədar olaraq oktyabrın 12-də bəyanat yayıb.

Azad Həsənov Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik vasitələri hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma) maddəsi ilə ittiham edilir.

Cinayət işini Bakı Şəhər Baş Polis İdarəsi aparır. İttiham sübuta yetirilərsə, A.Həsənovu əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilədək həbs gözləyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun