Roma satiriki Yuvenal özünün 7-ci satirasını məhz belə adlandırmışdır… O, respublikadan monarxiyaya keçid zamanı romalıların düşdüyü acınacaqlı durumu “Çörək və tamaşa” adı altında incə yumorla, satirik üslubda romalıların pulsuz çörək almaq və ödənişsiz qladiator döyüşlərinə baxmaq hüququ əldə etməyin müqabilində, demokratik dəyərlərdən imtina edib, respublikanı monarxiyaya necə qurban verdiyini böyük ustalıqla ifadə etmişdi.
“Çörək və tamaşa” hakimiyyəti idarə etməyin klassik forması olub Qədim Romadan bu günümüzə qədər gələn və hələ də istifadə olunan bir modeldir. Bunun əsasını Oktavian Avqust Sezar e.ə. birinci yüzillikdə qoymuşdur.
İllərlə sürən vətəndaş müharibəsi Roma respublikasını iflic edib ağır, üzücü bir böhrana salmışdır. Mənəvi-psixoloji sarsıntılar içində üzülən Roma vətəndaşları düşdükləri bu ağır böhrandan çıxmaq üçün kütləvi məsuliyyəti öz üzərinə götürə biləcək bir xilaskar – lider axtarışında idilər. Avqust bu fürsətdən istifadə edərək artıq get-gedə kütlələşən romalıların istəyini təmin edib, onun liderinə çevrildi.
Avqust Sezar təəbələrini “xoşbəxt” etmək üçün onların arzusunu öyrənməyə başladı. Təəbələr “çörək və tamaşa” istəyirdi. Kütlənin bu istəyini nəzərə alan Avqust Sezar Palatin yüksəkliyindən cənuba doğru geniş düzənlikdə cıdır yarışlarının keçirilməsi üçün on minlərlə tamaşaçı tutumu olan tribunalar, imperator və onun əyanları üçün isə bər-bəzəkli lojaları olan nəhəng bir cıdır meydanı tikdirdi.
“Xoşbəxt” olmaq istəyən romalıları əyləndirmək üçün bu meydanda 10.000 qladiator bir-birilə və ya vəhşi heyvanlarla vuruşurdu. Kütlənin ən çox sevdiyi tamaşa qladiator döyüşləri və döyüş arabalarının ötüşməsi idi. Pulsuz paylanan çörəkdən yeyib, qladiatorların bir-birini öldürməsinə tamaşa edən kütlə əylənir və özünü “xoşbəxt” hiss edirdi… onu daha heç nə maraqlandırmırdı, sanki istədiyi arzusuna çatmışdı. Kütlənin istəyini təmin edən Avqust Sezar fürsətdən istifadə edərək Respublikaya son qoyub öz imperiyasını – mütləq monarxiya – yaratdı. Avqustdan sonra Romada bütün imperatorlar kütləni qiyamlardan yayındırıb itaətdə saxlamaq üçün onları çörəklə təmin edir və tamaşa-qladiator döyüşləri düzənləyirdilər.
Əsrlər ötüb keçsə də, zaman və məkan dəyişə də…
Kütlənin “çörək və tamaşa”ya münasibəti dəyişməz olaraq qalır… Çünki tamaşalar birbaşa kütlələrin təxəyyülünə təsir edir. Və bütün tamaşaçılar eyni emosiyaları yaşayırlar, amma həmin anda bilmirlər ki, onlar – illüziyalarının qurbanıdır və həqiqi baş verənlərə görə yox, təxəyyülün yaratdıqlarından təsirlənərək ağlayıb-gülürlər.
Kütləni həmişə öz ardınca əsasən onun təxəyyülü çəkib aparır. Bütün tarixi hadisələr – islahatlar və inqilablar bilavasitə kütlənin təxəyyülündə əmələ gələn və yaxud ayrı-ayrı hadisələrin təsiri altında yaranan güclü təəssüratların təzahürləridir.İnsan nə qədər fərdiləşib individual təfəkkürə sahiblənsə də, onun alt yapısı kütlə şüurunun daşıyıcısı kimi təxəyyülün yaratdıqlarının təsiri altda olur. Ona görə də fərdlər düşdükləri şəraitdən asılı olaraq kütləyə meyilli olurlar…
Xüsusilə, keçid dövrü yaşayan ölkələrdə bu meyil daha çox hiss olunur. Çünki müqavimət potensialı zəif olan kövrək toplum ağır, üzücü böhrana qatlaşa bilmir; tez yorulur, ruhdan düşür və obyektiv dərketmə hissini itirərək şüuraltından gələn nizamsız siqnalların təsiri altına düşür. Belə durumda insanlar fərdi qaydada məsuliyyəti öz üzərinə götürməkdən qorxurlar: Ya bu qorxunu hamının arasında bərabər bölüşdürüb onu dəf etməyə çalışırlar, ya da hamının kollektif məsuliyyət daşıdığı bərabər hüquqlu bir kütləyə çevrilirlər. Və bu kütləvi məsuliyyətin ağırlığını könüllü şəkildə öz üzərinə götürə biləcək bir lider axtarmağa başlayırlar .
Çünki ekzistensiya halında transsendental situasiyaya uğramış bir toplum düşdüyü ağır durumdan özü müstəqil şəkildə bir çıxış yolu tapa bilmir. Onu bu durumdan çıxarmaq üçün tarixi, mənəvi, psixi keyfiyyətindən asılı olmayaraq, kimsə – kütlədən seçilən biri ortaya çıxıb bütün məsuliyyəti öz üzərinə götürür.
Kütə və hakimiyyət
30 yanvar 1927-ci ildə Vyananın mərkəzində yerləşən “Ədalət” sarayının qarşısında keçirilən nümayiş zamanı polislə qaşıdurmada, biri uşaq olmaqla, 5 nəfər həlak olmuşdur. Nümayişçilərə atəş açan 3 polis əməkdaşı ilə bağlı cinayət işi açılsa da, uzun sürən prosesdən sonra 14 iyul 1927-ci ildə məhkəmənin qərarı ilə onlara bəraət verildi. Ədalətsiz qərara qarşı etiraz edən kütlə 15 iyul 1927-ci ildə Vyananın mərkəzində yerləşən “Ədalət” sarayını yandırdı. Və nəticədə 84 nəfər həlak oldu, 600 nəfər isə yaralandı. Bu faciənin şahidi olan Elias Kanetti elə o vaxtan kütlə psixologiyası və onun davranış qaydaları ilə bağlı araşdırmalara başlayır. Və 30 il sürən araşdırmaların nəticəsi olaraq 1960-çı ildə “Kütlə və hakimiyyət” əsərini yazır.
Əsər iki hissədən ibarətdir. Birinci hissədə müəllif kütlənin cəmiyyətdəki rolundan bəhs edir, əsasən onun sosial, siyasi və psixoloji durumunu təhlil edir. İkinci hissədə isə kütlənin iqtidarla qarşılıqlı münasibətlərini, aşağılarla yuxarılar arasında “əmr” və “itaət” əlaqəsinin necə formalaşmasını araşdırır.
Dönmə kütlə…
Kanetti qapalı kütlənin qəfildən açıq kütləyə keçməsini püskürmə, daha doğrusu, partlayış adlandırır. Yuxarıların təzyiqi altında sıxılan kütlə qapalı məkanlardan püskürüb meydanlara çıxır və hamını – hər şeyi özünə çəkərək yayılmağa başlayır. Sanki özünün təbii ehtiraslarından doğan o böyük hissi yaşamaq istəyir. Kütlə həmişə böyüməyə çan atır. Bu istək qapalı kütlənin açıq kütləyə keçid almasına şərait yaradır.
Kütlələri affektiv təbiətinə görə təsnifatlaşdıran Kanetti onları beş növə bölür. Bunların içərisində ən aqressivi dönmə kütlədir. Onlar inflyasiya nəticəsində müflisləşən orta təbəqə ilə yoxsul təbəqənin birləşməsindən yaranır. İnflyasiya pul üzərində qurulmuş cəmiyyətlərdə kütləyaratma mexanizminə çevrilir. Çünki bu prosesdə təkcə pul dəyərdən düşmür, hər şey, hətta insanlar da bir şəxsiyyət kimi özünə güvənini itirib dəyərdən düşür. Beləliklə, uzun illər ərzində qazandıqlarını itirən, müxtəlif təbəqələri təmsil edən insanlar artıq eyni çətir altında birləşib özlərini qorumaq zorunda qalırlar.
Zaman-zaman yuxarılarla aşağılar arasında bufer rolunu oynayan ötürücü, daha doğrusu, orta təbəqənin sıradan çıxması isə hakimiyyətlə DÖNMƏ kütləni üz-üzə qoyur. Barışmaz zidiyyətlər fonunda DÖNMƏ kütlə məqsədinə çatmaq üşün sürətlə böyüməyə başlayır. Məqsəd ədalətsiz bölgüyə görə toplumda yaranmış fərqi aradan qaldırmaq, təbəqələrarası üstünlüyə son qoymaq və bütün imtiyazları ləğv edib hamını bərabərləşdirməkdir. Ona görə də DÖNMƏ kütlə hakim təbəqəyə məxsus olan hər şeyi, xüsusilə də göz dağı verən bütün mülkləri dağıdır, hətta yenidən bərpa olunmasın deyə yandırır və geriyə dönmək üçün heç bir iz qoymur.
Kanetti Dönmə kütlənin mahiyyətini açmaq üçün Böyük Fransa inqilabı zamanı madam Jülyenin oğluna yazdığı məktubdan bir stat verir:
“Əziz oğlum, həmişə canavarlar qoyunları yeyib, doğurdanmı, bu dəfə qoyunlar canavarları yeyəcək?”
Bu cümlə, əslində obrazlı şəkildə böyük bir tarixi hadisənin əsl mahiyyətini ozündə ifadə edir. Məlumdur ki, qoyunlar ət yeməzlər. Lakin bu cümlə məhz elə öz mənasızlığı ilə mövcud durumu xarakterizə edir. Uzun zaman müdafiəsiz qalıb daim təqib olunanlar, son anda qəfildən dişlərini göstərməyə başlayırlar. Onlar yırtıcılıq sarıdan təcrübəsizliklərini sayca üstünlükləri ilə əvəz edirlər.
İbrahim İbrahimli