Bu nə boyda tikədi,
bu nə boyda loxmadı,
bunların şəhərindən,
ölkəsindən qorxmadı.
Quşun dimdiyində dən,
əjdaha ağzında ət,
oddan qorxmayan sudur,
sərvərdəki cəsarət.
Başının üstə çətir,
bağlı göylərin damı,
adamı dərd bərkidir,
söz böyüdür adamı...
***
Payızından uçan bir,
quşun sağ olsun, vətən,
qan ağlayan torpağın,
daşın sağ olsun, vətən.
Basıldı qırmızı xətt,
bumu cəhənnəm, cənnət,
sərçələrə əmanət,
qışın sağ olsun, vətən.
Könül eşq layındadı,
bəlli hər payın dadı,
hər kəs baş hayındadı,
başın sağ olsun, vətən.
***
Axır aram-aram Moskva çayı,
güzgü tutduğum dost qanıdı bəlkə,
köhnə sularını ovcuma aldım,
baxıb gözlərimdən tanıdı bəlkə.
Nə sular itəndi, nə su yaddaşı,
bir haldan min hala düşür, dəyişmir,
gah çıxır qayadan, quzular kimi,
gah dönüb sellərə coşur, dəyişmir.
Bir qədər nəmlidir, bir azca qəmgin,
çıxdığı yollara bələddir duzu,
bu payız bələnmiş sahillərinə,
canımda dərd gəldim, gözlərimdə su.
Tutub başım üstə bayraq əvəzi,
durub göstərimmi qatilə şəkli,
mən hər şeirimdə, misramda belə,
çəkdirdim dərdimlə xatirə şəkli...