Seymur Baycan
İnsanların bayramı necə qəbul qəbul etmələrini tədbirlərdən, təbrik mesajlarından, qonaqlıqlardan, məclislərdən müəyyən etmək olar. Dünən cəmi bir təbrik mesaj aldım, cəmisi iki adamdan "bayramınız mübarək" sözünü eşitdim. Kimsə demədi ki, gəlin bu gün yığışaq, bayramı qeyd edək. Deməli, insanlar respublika anlayışından uzaqdırlar, ya da mövcud hakimiyyət onları elə günə qoyub ki, başlarını qaldırıb respublika deməyə həvəsləri qalmayıb. Etiraf etmək lazımdır ki, xalqımız müstəqillik sözünə ironiyayla yanaşır, "nə müstəqillik?" - reaksiya belədi. Bu illər ərzində başlarına o qədər oyun gəldi ki, bütün günahların səbəbini müstəqillikdə gördülər.
Bir az da keçmişə qayıtsaq, məlum olacaq ki, bu respublikanı Tiflisdə elan edəndə Gəncədəkilərin, paytaxt Gəncədə elan olunanda Bakıdakıların xəbəri yox idi, respublika Bakıda fəaliyyət göstərəndə ölkə əhalisi onun varlığından xəbərsiz idi. Çünki o vaxt adamların çoxu familyasız gəzirdi. Familyasız adam hardan biləcək respublika nədi, nədən ötrüdü... Camaatın 3 faizi oxuyub-yaza bilirdi. Bizdə indi də belədir, siyasi dava bir qrup adamına arasında gedir, qalanları özlərini vətəndaş kimi yox, kirayənişin kimi aparırlar. Xalq olaraq biz çox az şeyə ümumilikdə münasibət bildirmişik. Deyilənə görə, bir dəfə bir milyon adam meydana yığışıb, orda da Nemət Pənahlı kimi bir adam "oturmayan ermənidir" deyib adamları oturdub-durquzurdu. Sonradan bu xalq hərəkatının lideri Əbülfəz Elçibəy qan tökülməsinin, vətəndaş müharibəsinin qarşısını almaq kimi bəhanələr gətirərək siyasət meydanından birbaş kəndinə qaçdı. Hərəkatdan daha çox karnavala bənzəyən xalq hərəkatımız beləcə öz məntiqi sonluğuna çatdı. Bizim xalq hərəkatımız bəlkə də dünyada bu günə qədər yaşanmış ən gülməli xalq hərəkatıdır. Meydanda baş verənlər bəzən reallığın sərhədlərini aşaraq absurda çevrilirdi. Bu haqda Ələkbərin "93 - Tanrıların qürubu" əsərində ətraflı yazılıb. Elçibəyin Kələkiyə qaçışıyla adamlar inamlarını itirdilər, heç kimə inanmadılar, ümidsizlik yarandı, başlarını aşağı salıb bir tikə çörəklərini qazanmaqla məşğul oldular. 2003, 2005-ci illərdə yaşanmış uğursuzluqlar, müxalifət liderlərinin bir-biriylə dil tapa bilməməsi, onların qorxaqlığı, cəsarətsizliyi insanlarda ümidsizliyi, inamsızlığı daha da artırdı. Meydandakı köhnə hərəkatçılar da yorularaq kənara çəkilməyə başladılar.
Orta məktəb dərsliyində bir hekayə vardı. Ata oğlunu işə göndərir ki, pul qazansın. Ana da oğlunun əziyyət çəkməməsi üçün ona xəlvətcə bir manat verir. Oğul da orda-burda veyillənir, anasından aldığı pulu axşam atasına verir. Guya özü qazanıb. Ata bu pulu onun əlindən alıb ocağa atanda oğulun heç vecinə də olmur. Bir neçə dəfə bu hadisə təkrarlanır. Bir gün oğul doğurdan da əziyyət çəkib bir manatı qazanır. Ata onun əlindən pulu alıb ocağa atanda, oğul əlini atıb pulu ocağın içindən çıxarır. Ata başa düşür ki, oğlu bu pulu zəhmət, əziyyət çəkərən qazanıb.
Respublikanın qazanılması üçün biz lazımi qədər əziyyət çəkməmişik. İmperiya çöküb, ara qarışıb, Respublika qurulub. Bir daha təkrar edim ki, siyasət davası bir qrup adamın arasında gedib, xalqın bu məsələlərdən xəbəri olmayıb. Ötən əsrin əvvələrində insanlar savadsız idilər, yalnız sovet dövründə savadsızlığa qarşı aparılan kəskin mübarizə nəticəsində adamlar yazıb-oxumağı öyrəndilər. Respublikanın əldə olunmasında əziyyət çəkmədiyimizə görə monarxiyanın qurulmasını xalqımız rahatlıqla qəbul etməkdədir. Biz fransızlar kimi "No pasaran", "Viva de Respublika" kimi şüarlar qışqıraraq döyüşməmişik, barrikadalar qurmamışıq. Onlar respublika uğrunda qan töküblər, qurbanlar veriblər. Ona görə Respublika onlar üçün müqəddəsdir. Onlar respublikanın dəyərini anlayırlar. Heç bir təhlükədən söhbət gedə bilməz. Fransızlar onsuz da ayda bir dəfə küçələrə tökülüşürlər. Hər dəfə də zəmanənin tələblərinə uyğun şəkildə. Əlbəttə, mən əsla özümüzü fransızlarla müqayisə etmirəm, bu, fransızlara qarşı çox böyük ədalətsizlik olardı, belə müqayisə aparmaq fransızları bir xalq kimi təhqir etmək deməkdir. Sadəcə onu demək istəyirəm ki, xalq siyasiləşmədiyinə görə, respublika oldu, əmirlik oldu, vilayət oldu, ostanlıq oldu, bostanlıq oldu, monarx oldu, padşah oldu, şah oldu heç veclərinə də deyil. Sovet dövründə elmi ateizmdən dərs deyənlər həcc ziyarətinə gedirsə, xalqdan nə gözləyəsən. Bizim respublika qazanmağımız ananın atadan xəlvət oğluna bir manat verməyinə bənzəyir. Ona görə də respublikanın sakitcə monarxiyaya çevrilməsinə tamaşa etməkdəyik. Çünki qan tökülməyib, qurbanlar verilməyib, beş-altı adam qarışıqlıqdan istifadə edib respublika qurub. Sağ olsunlar, onların tarixi missiyası ondan ibarət oldu ki, biz Sovet İttifaqına respublika kimi daxil olduq.
Saakaşvilinin yaxşı bir söhbəti vardı. Demişdi ki, nə qədər ki, biz buynuzda çaxır içirdik, rəqs edirdik, lətifə danışırdıq, onda rusların sevimlisi idik. Elə ki, siyasiləşmək istədik, rus tankları bizi əzməyə çalışdı.
Siyasiləşməmiş xalqı əlbəttə ki, ya mentalitetlə, ya da dinlə idarə edəcəklər. Necə ki, müsəlman ölkələrinin əksəriyyəti ya 14 əsr əvvəl yazılmış kitabla, ya da tayfa qanunları ilə idarə olunur. Üstəlik kitabda heç nəyin dəyişdirilmədiyi ilə fəxr etməkləri də var. 21-ci əsrin insanları rəsmən quldaqlıq dövrünün qanunları ilə idarə olunurlar, padşahın, şeyxin, şahın mərhəmətinə sığınıblar. Siyasiləşməmiş xalqın hər bir nümayəndəsinin taleyi şahın mərhəmətindən asılıdır.