Bəhruz Səmədov
“Həqiqətlərdən az-çox xəbərdar olanlar kimi, hamımızın indi və sonra da edə biləcəklərimizin daha doğru olması üçün öyrənəcəyimiz şeylər çoxdur, əlbəttə.
Onda azadlığa hazırlayacaq tək şeyin azadlığın özü olduğuna inanırıqsa, dəmir dabanından başqa qanunu olmayan tiranlığı bir gün layiq olduğu yerə göndərə bilmək üçün edə biləcəklərimizi bu gün buna olan ümidlə etdiyimiz şeylərdən öyrənmiş olacağıq.
Bəlkə macərapərəstcəsinə edilmiş bir hərəkətdən, yaxud daha yaxşısından. Qorxularımızdan ucaldılmış divarın dağıdılan kiçik parçasından, bəlkə də divarlardan” (Qiyas İbrahim. “Divarlara”)
“Rəis müavini heç bir əsas gətirmədən yatma rejiminə və digər məhbusların yatmasına mane olduğumu söyləyib məni 9 saat müddətinə müvəqqəti karserə göndərdi”. Bu sözləri həbsdən Qiyas yazıb. Bu cəzanı olmasına səbəb isə gecə kitab oxuması olub.
Qiyas İbrahimin kitab oxuması həbsxana rəhbərliyini qıcıqlandırır. Qiyas İbrahimin varlığı isə ümumi həbsxana olan vətənimizin rəhbərliyini ona qarşı belə sərt mövqe almağına gətirib çıxarıb. Qiyasın həbsdən əvvəl intellektual oyunlarda iştirak etməsi və eyni anda kifayət qədər “radikal” görünən ideoligiyaya – sol anarxizmə mənsub olması da ölkə üçün yenilikdir. O, “üsyan edən subyektdir” – öyrəşdiyimiz müxalif diskursa oturuşmayan, radikal və üsyankar diskursun subyektidir.
Qiyas İbrahimin Facebook profilində Sofi Şöllün (Sophie Magdalena Scholl) şəklini avatar etmişdi. Sofinin həyatı nasist Almaniyasında qeyri-zorakı mübarizədən keçirdi. O, qardaşı Hans və Münxen Universitetinin bir neçə tələbəsi ilə bir yerdə “Ağ qızılgül” qrupu yaradır və insanlara anti-nasist vərəqlər paylayırdı. Şəbəkənin məqsədi Nasional Sosialist partiyasına qarşı mübarizə aparmaq, demokratik prinsipləri bərpa etmək idi. Vərəqlər əsasən müəllim heyyəti və işçilər arasında paylanılırdı.
1943-cü ildə şəbəkənin üzvləri həbs edilir, hakim Roland Freysler qrupun üzvlərini “vətənə xainlikdə” ittiham edərək ölüm cəzası verir. 1945-ci ildə hakim Freysler müttəfiq qüvvələrin bombaları altında məhv olur.
Bu gün Münxen Universitetinin əsas korpusu yerləşən meydan Hans və Sofi Şöllün adınadır, haqlarında bir neçə bədii və sənədli filmlər çəkilib, bundan əlavə, onların adına ədəbi mükafat təsis edilib.
Həmin saxta məhkəmədə mühakimə edilən şəbəkənin digər üzvü, universitetdə dərs deyən Kurt Huberin son çıxışında bunları demişdi:
“Siz məni qazandığım elmi dərəcə və imtiyazlardan, doktorluq dərəcəsindən məhrum edərək ən aşağı cinayətkar səviyyəsinə endirdiniz. Açıq, cəsarətli etirazçının, universitet müəlliminin daxili ləyaqəti, fəlsəfi və siyasi baxışları – məni xəyanətdə suçlayacaq heç bir məhkəmə bu şeyləri əlimdən ala bilməz. Mənim əməllərim və ali məqsədlərim tarixin qaçılmaz gedişatında haqlı yerini tutacaq. Bu mənim möhkəm və güclü inamımdır. Mən Allahdan diləyir və ümid edirəm ki, mənim əməllərimi müdafiə edən, dəstək olan daxili güc bir gün mənim öz xalqımda da oyanacaq. Daxilimdən gələn səsin mənə dediyi nəyi etməliydimsə etdim”[1]
Mən əminəm ki, Qiyas ordan çıxandan sonra da radikal düçüncə sahibi olacaq - və bu heç də pis deyil, əksinə, Qiyasın Azərbaycanın Peter Gelderloosu (anarxist nəzəriyyəçi, məşhur “Anarxiya işləyir” kitabının müəllifi) olacağını düşünürəm.Onun həbsdən yazdığı məktublarda intellektuallıq və böyük potensial görmək olar.
Hakimiyyətin “uğurlu gənc” konstruksiyası təhsil alıb, karyera qurub, apolitik/hakimiyyətə loyal olan gəncdir. Qiyas isə əksini sübut etmə potensialına sahibdir. Onun intellektuallığı, mövcud “gənc” obrazına əks kimliyə sahib olması və həbsdə də öz intellektini artırması onun “həbsdə həbs” edilməsinə gətirib çıxardı. Ancaq bu son deyil. Qiyas uzun bir yolun yolçusudur.
Nə hakim Roland Freyslərlər, nə də Hans və Sofi Şöll, Kurt Huberin adlarını tarix unudacaq. Birinciləri siyasi məhbuslara hökm çıxaran, gücə qul olanlar yamsılayacaq, ikinciləri isə hegemoniyaya tabe olmayan, azad ruhlu insanlar tanıyacaq və ya tanımadan, onlar kimi olacaq.
Qiyas məhkəmədə hakim Ənvər Seyidova demişdi:
"Biz bu hakimiyyətin köləsi olmamağı anlamışıq, doğruların, doğruları deyənlərin yanında olmuşuq. Sistem bizləri darmadağın etməyi düşünürdü. Amma bunu bacarmadılar. Təcridxanada deyirlər ki, siz özünüzü dərin quyuya salmısız. Bəli, biz özümüzü quyuya salıb, quyunun suyunu tapmağa çalışırıq. Bu sistemin çirkablarını yuyub təmizləyə bilər. Biz bu məqsədlə bu yola girmişik və sizlərdən də əfv diləməyəcəyik".
Ancaq Qiyasın o quyudan çıxacağı günü gözləyirik. Qiyas olacaq və istənilən güc, hakimiyyət və ideologiya qarşısında öz sözünü deyəcək.
Qiyas deyən olsun!
[1]Nitqi tərcümə edən: https://siyasipartiyalar.wordpress.com/2013/02/23/ag-qizilgul-nasist-m%C9%99hk%C9%99m%C9%99sinin-qarsisinda-professorun-cixisi/