Rafiq Manaflı
Axır vaxtlar mitinqlər siyasətlə məşğul olanların arasında ziddiyyətli diskussiyalara səbəb olub. Əsasən mitinq təşkil etmək üçün heç bir imkanı olmayan bir dəstə, diktatura ilə mübarizənin ən əhəmiyyətli silahı olan mitinqləri gözdən salmaq üçün əsl mücadilə aparırlar, onların mitinq fəallığına və bununla da diktatura ilə mübarizəyə zərbələri dayanmaq bilmir. Əgər bir siyasətçi olsun, ya siyasətlə maraqlanan olsun, avtoritar rejimlə mübarizədə mitinqləri gərəksiz, vaxtı keçmiş mübarizə vasitəsi hesab edirsə, o ya siyasi diletantdır, ya da yumşaq desək məqsədli, bir az sərt desək sifarişlə danışır. Donetsk separatçılarının lideri Zaxarçenko kimi qulduru “ədalətli sandığı səbəbdən əli silahlı vuruşan” hesab edən, obıvatel səviyyəsində velikorus təfəkkür daşıyıcılarının avtoritarizm ilə mübarizə üçün göstərdikləri yol da elə həmin təfəkkürün təcəssümüdür. Kökündən yanlışdır. Fərqli intellekt, kreativ yanaşma budursa, heyif nə isə gözləyənlərin gözləntilərindən. Fransa inqilabından üzü bəri bir ölkədə bir rejim dəyişibsə, bunu xalq kütlələri dəyişib. Və bu ya kütləvi mitinqlər, ya da dinc mitinqlərdən sonrakı pillə - xalq üsyanları nəticəsində baş verib. Ölkədə hakimiyyətin sahibi həmin kütlələrdir. Çoxları bunun fərqinə varmasalar da hakimiyyət çoxqatlı ictimai razılaşmanın məhsuludur. Bir hakimiyyət həmin razılaşmanı pozursa, o düz yola qayıtmağa sövq edilməlidir, islah olmadıqda isə sadəcə qovulmalıdır. Mitinq hakimiyyətə güc nümayişidir. Hakimiyyətə çatdırmaqdır ki, biz bir vətəndaş olaraq öz gücümüzü bilirik və bizimlə hesablaşmanızı istəyirik. Mitinqin məntiqi budur. Hakimiyyət mitinqlərin özünə birbaşa təzyiq aləti olduğunu çox gözəl anlayır, xalqın artıq şahə qalxdığını görür, amma öz oğru mahiyyətini dəyişmir. Dəyişə də bilməz, bu onun sonu ilə nəticələnər. Və ona görə mitinq fəallığından oddan qorxan kimi qorxur. Çünki onun qarşısında tam müdafıəsiz olduğunu dərk edir. Burada məsələ çox sadədir. Bu rejim hakimiyyəti qiyam nəticəsində zəbt edib, saxtakarlıq və güc strukturlarının süngüsü ilə əldə saxlasa da, onu hakimiyyətdə saxlayan güc işğalçı güc deyil və həmin güc üçün xalqa güllə atmaq çox çətindir. Bu o deməkdir ki, həqiqətən güclü mitinq fəallığı olduğu halda, güc strukturları etibarlı dayaq deyil. Məsələn, 1989-90-da Bakıda, 1991-də Moskvada, sonralar Gürcüstanda, Ukraynada, Qırğızıstanda güclü mitinqlər zamanı polis ümumiyyətlə küçələrdən yoxa çıxmışdı. Azərbaycan problemlər içində boğulir. Hakimiyyət nəinki problem həll etmir, əksinə, bütün fəaliyyəti ilə olan problemləri daha da dərinləşdirir və demək olar ki, hər gün yeni problemlər yaradır. Televiziya və mətbuat tam rejimin əlində cəm olduğu üçün ictimai kontakt funksiyasını itirib və xalqdan gələn impulsları hakimiyyətə çatdıra bilmir. Hakimiyyət özü də canlı meyitə dönüb heç bir impulsa reaksiya verməmək qədər anlaqsızlaşıb. Belə olan halda xalqın fəallığının gündən-günə artması qaçılmazdır. Və bu fəallığın yeganə ifadə forması mitinqlərdir. Hkimiyyət isə xalqla vuruşa bilməz, vuruşsa belə bu döyüşdən heç vaxt qalib çıxa bilməz. Vurduğu hər bir zopa, həbsə atıb çürütdüyü hər bir ömür onun öz məğlubiyyətinə, öz sonuna verdiyi fərmandır.