Rəvan CAVİD
Kafka fövqəlbəşər dərəcədə yalnızdı. Onun yalnızlığı daxili iztirabın dözülməz səksəkəsidi. Kafka narahatdı. Hələ də. Biz onu hər dəfə oxuyanda o, bir az da narahatlıq hissinə qapılır. Böcək olanda da, səbəbsiz məhkəməyə çıxarılanda da, qəsrdən çıxmaq istəyəndə də, lap elə Amerikaya gücü çatmayanda da. Onun ümidi onun mətnlərindən ibarətdir və mənə görə, Kafka ən yaxşı ümiddir. Hekayələrinin əvvəlindən sonuna qədər darıxdırıcı bir intizarla üz-üzə gəlməyimiz bəlkə də bizə səbr eləməyi öyrətmək istəyindəndir. Bir az gözləyək, məhkəmə bitəcək, qəsrin divarları arxasından bir az da amerikalı olan bir böcək kostyumu geyinmiş Kafka çıxacaq. Dünyanın ən çox oxunan yazıçısı bu qədər cümlənin içində yenə də yalqız qaldı. Bu, ona çox yaraşır. İki cür absurd var: Kafkavari absurd və bildiyimiz o mübhəm absurd. Kafkanın absurdu, sadəcə və sadəcə, kədərdən ibarətdir.
Həyat onun üçün yazmaqdan başqa bir şey deyildi. O, ona görə böyükdür ki, yaşadığı zaman fasiləsində ədəbiyyatdan başqa ciddi heç nə tanımadı. Kafkanın obrazları yalnızlığın şəkil almış halıdı. Onun davamçısı yoxdur. Hələ yüz il də keçsə, olmayacaq. Frans Kafka özündən sonra heç bir məktəb qoymadı. Modernizmin əsas sütunlarından biridir. Lakin onun modernizmi nə Prusta bənzəyir, nə də Coysa. “Ümumiyyətlə, Kafkanın cümləsini olduğu kimi vərəqə yazsanız, yenə onun yazdığı kimi alınmayacaq”. Kafka bütün kədərini mətnə hopdurub. Söz-söz o, bunu bacarıb. Onun həyatı haqqında nə əfsanələr uyduruldu, uydurulmaqdadı, onun xarakteri çözülmədi - nə həyatda olanda, nə də ondan sonra. Kafka deyirdi ki, mən bu dünyadan deyiləm. Bu dünyada çətin olan hər nə varsa Kafkada alınırdı. Rahat həyat yaşamaq, xoşbəxt olmaq, gülümsəmək - bunlar onu sıxırdı. Onun ölümü də intihar idi, yaşamağı da. Əgər o, doğrudan da bu dünyadan deyildisə, aldığı hər nəfəsin onun qollarını sıxan və getdikcə nəbzində hiss etdiyi qandaldan fərqi yox idi. Yazıları Kafkanı maraqlandırmırdı. Onların taleyi onu narahat etmirdi. Biz onu dostuna borcluyuq. Biz onu itirmək istəməyən başqa adamlara borcluyuq. Amma Kafka elə yaşadı ki, biz onun varlığını ona borclu ola bilmədik. Herman Hesse Frans Kafkanı alman ədəbiyyatının “tacsız kralı” adlandırırdı. Kafka buna gülüb keçərdi yəqin. Kafka üçün ədəbiyyatın sərhədlərini müəyyən etmək çətin idi. O bilmirdi harada dayanmaq lazımdı. O, yazdıqlarını düşünmürdü. Modern olsun, absurd olsun, üslub olsun - heç nə vecinə deyildi. Ədəbiyyat Kafkanı xilas edirdi. Bir gün daha çox yaşadırdı. Atasına yazdığı yüz səhifəlik məktubda duyğularını büsbütün açsa da, yenə bu kədərli adamın tilsimini qırmaq olmur.
Kafka üçün önəmi yox idi onu sevirlər, ya yox. Ölüm yatağında həkiminin qulağına bu sözləri pıçıldayanda isə sevgisizlikdən qorxduğunu özünəməxsus ifadə etmişdi: “Məni öldürün, həkim! Əks halda, siz günahkarsınız!”
Nə atası, nə ailəsi, nə sevgililəri Kafkaya istədiyi, başa düşdüyü sevgini verə bilmişdi. Dostu Maks Brod belə onun sonuncu istəyini yerinə yetirməmiş, yazılarını yayımlamış və ədəbiyyatı Kafkasız qoymamışdı.
Ailəsi yəhudi əsilliydi. Məhz buna görə də İkinci Dünya Müharibəsində - Frans Kafka artıq yox idi - təqib edirdilər. Bacıları gettolara aparıldı və öldürüldü. Bəzi tənqidçilər güman edirlər ki, əgər Frans Kafka sağ olsaydı, Hitlerin əsgərlərinin tərəfində olardı (necə ki, Knut Hamsun elə etmişdi). Bunu onun mətnlərindən təxmin edirdilər. Amma Kafkada nasizmə vurğunluq o qədər də hiss edilmir. Kafka sosial istismardan yorulan bir agentlik işçisidir. Onun ən çox vurğuladığı bu idi - sosial istismar. “Çevrilmə”, “Məhkəmə”, “Qəsr”, “Şato” - hər dörd əsərin dördündə də baş qəhrəman kapitalizmin əzdiyi insanlardı. Modernizmə bax burada keçmişdi Kafka. Görünür, Kafka modernizmdən təsirlənmişdi, ya da Prustu və ya Coysu oxuyub o cür mətn yazmaq istəmişdi. Kafkanın böyüklüyü bunda idi ki, o, lazım olan zamanda yazırdı bunları.
Kafka - üzüntülü, sakit, qəribə adam... Bütün dövrlərə təsir edəcək bir ədib... Heç kim onu təkrarlaya, ya da onun davamçısı ola bilmədi. Kafka məktəbi yoxdu. Əvəzində “kafkaesk” sifəti var. “Kafkaesk narahatlıq”, “kafkaesk absurd”, “kafkaesk hüzn” və sair və ilaxır.
Praqanın meydanlarında Kafkanı razı salan hər şey var idi. Bir az da ədəbsiz idi Kafkamız. “Şato”da bunu o qədər səmimi etiraf edir ki... Dostu Maks Brod ölümündən sonra Frans Kafkanın yazı masasından, dolablarından hər cümə çıxan porno jurnallar tapmışdı. Kafkanın yalnızlığı idi bu. Şüuraltı təkliyin qələbəsi idi. “Milenaya məktublar”ında, “Atama məktublar”ında və ən əsası yarımçıq qoyduğu “Amerika”da bu tənhalığın böyük sənət əsərinə çevrildiyinin şahidi oluruq. Kafka heç evlənmədi. Bir neçə dəfə evlənməyə cəhd etdi. Gah özü, gah da atasının dini inancı bu münasibətləri yarıda qoydu. Özünü bədbəxt adlandırırdı.
Jurnalist Milena Jesenska ilə dərin bir sevgi yaşadı. Milenanın ailəli olması onları qovuşdumayan bir neçə səbəbin ilki idi. “Səni itirməkdən qorxuram” yazırdı Kafka ona. Lakin heç qazanmamışdı da. Milenanın hissləri Frans qədər sarsıdıcı deyil. Belə olsa, bəlkə qovuşardılar.
“Səni bəlkə bir də heç vaxt görməyəcəyəm. Buna rəğmən həmişə səni sevəcəyəm, Milena”.
“Ədəbiyyatdan başqa hər şey məndə ikrah hissi doğurur” deyirdi. Ədəbiyyatdan başqa hər şey! Yaşadığı dövr bir o qədər yaxşı deyildi. Müharibəyə hazırlaşırdı bütün dünya. Kafka isə yox. Sakit-sakit ağrı çəkirdi. Səbəbsiz. Bəlkə də var idi. Biz çözə bilmirik.
Kafka ədəbiyyatın ən çox oxunan və ən az anlaşılan yazıçısıdı. Bu cümlə bir neçə yazar haqqında demək olar. Ancaq heç birində Kafka qədər haqqını verməz.
Ədəbiyyatın bütün yalnız nöqtələrini uzun boyu, çəlimsiz bədəni, qırx illik həyatı ilə bu böcək adam tutub. Qırx yaşında ölməsi də təsadüfi deyildi.
Heç vaxt öz böyüklüyünün fərqinə varmadı. Heç vaxt yazdıqlarına ədəbiyyat adı vermədi. Qorxaq idi. İçindəki bütün etirazları səs olaraq yox, söz olaraq vərəqə tökürdü. Frans Kafka üçün ədəbiyyat etiraz edə biləcəyi tək qurum idi.
Öz obrazlarını sorğu-sualsız məhkəmə çəkməsi həyatda edə bilmədiyi ağalığı yaşamaq sevdası idi. Yazdıqları ilə sanki heç bir sual vermədən adamları dama qaldırır və mühakimə edirdi. Qəsrə salırdı adamları. Böcəyə çevirirdi insanları.
Kim idi O? Bu suala cavab verə bilmirəm. Niyə yazırdı? Buna isə tək cümləlik cavab verə bilərəm. Ədəbiyyat Kafkanın həyatda yaşamadığı hər şeyi ona yaşadırdı.
Cəmi qırx yaşında gözlərini yumdu. Daha çirkin bir dünyaya baxmağa cəsarət etmədi. İçindəki məsumluğu saxlamağa çalışdı. Yazmaq istədiklərini yazdı. Atası və anası onun yanında dəfn olundu: hər ikisindən incimişdi. Praqa meydanında muzeyi yaradıldı. Heykəlləri qoyuldu. Əsərləri yayıldı, adına dərgilər nəşr olundu. Bioqrafiyası barədə minlərlə esse, yüzlərlə kitab yazıldı. Diqqətdən, gündəmdən heç vaxt uzaq düşmədi. Nə özü, nə etiraz etdiyi sinfi cəmiyyət, nə də bütün dünyadan böyük olan yalnızlığı, sevgisizliyi unuduldu...