Cəmil Həsənli
Deməli, XXI əsrin ikici onilliyinin sonlarında ölkəmizdə cindarlıq peyda olub. "Qərib cinlər diyarında" yaşayırıq vallah. Artıq 4-5 həftədir resbublikanın bəzi rayonlarında - Cəlilabadda, Biləsuvarda, Ağdaşda, Ucarda, bir sıra yaşayış məntəqələrində əhali bel, balta, yaba, dəhrə ilə silahlanıb özlərini cinlərin, alarvadıların, qəribə məxluqların hücumundan müdafiə edirlər. Hanı bu ölkənin polisi, daxili qoşunları, ordusu, dövlət thlükəsizliyi orqanlarının çevik əməliyyat qurupları. Həyətlər daşa basılır, evlər dağıdılır, adamların əmlakı yerlə yeksən edilir. Amma nədənsə XXI əsrin cinləri gözütoxdur və evlərdən bir şey aparmırlar, işləri ancaq dağıtmaq, əhali arasında çaxnaşma, qorxu mühiti yaratmaqdır. İnsanlar səksəkə içindədir, evlərə hücum olunur, qadınlar uşaqlar qorxudulur. Bir sıra yerlərdə kişiləri boğmağa cəhdlər edilir. Naməlum mənbələrdən yayılan şayiələr baş alıb gedir. Cinlərin, alarvadı daha nəbilim hansı qorxunc məxluqların peyda olması barədə əfsanələr dolaşır. Keçmiş zamanlarda belə qorxunc rəvayətlər danışardılar. Kimin atı səhərə yaxın qan-tər içində olardısa, deyərdilər onu alarvadı minib. Hətta, atın belinə qır çəkib guya cin cildinə girmiş alarvadını tutub yaxasına iynə keçirənlər barədə bəzi söz-söhbətlər olurdu. Amma hər kəs bunu babasından, babasının da öz babasından eşitdiyin nəql edirdi. Əlqərəz, son həftələr bu qəribə məxluqların gecələr peyda olmasından əhali qorxu içərisindədir. Görənlər danışır ki, amma nədənsə uca böylü, xüsusi hazırlığı olan, hündür hasarların üzərindən bir təkanla tullanan, vaxtı ilə Əfqanıstana göndərilən "Alfa" qurupuna bənzər mütəşəkkil cinlər, makiyajlı alaravdılar son günlər maskada peyda olublar. Ziyanlıq törətdikdən, ev-eşiyi dağıtdıqdan sonra ildırım sürəti ilə yoxa çıxırlar. Deyəsən bu məsələdə şanlı Daxili və qazdan ayıq Dövlət təhlükəsizliyi qomussarlıqlarımızın izi görsənir. Bu gün başlanan Məhərrəmlik mərasimi ərəfəsində kənd yerlərində insanların qorxu və səksəkə içində saxlanması, həmin mərasim günələri hər kəsin öz evində oturub ailə-uşağını qoruması, gecələr təziyələrə qatılmaması dövlət adına cindarlıqla məşğul olanların natəmiz əməllərinə bənzəyir. Axı, biz Qərbə "inteqrasiya" oluruq. Radikal islama qarşı mübarizə görüntüsü yaratmaq üçün son vaxtlar 7 inanclı dindarı güllələib övcuna tapanca qoyandan, çiyinin Kalaşnikov avtomatı asandan sonra indi də əhali arasında kütləvi qorxu mühiti yaratmaq kimi iyrəncliyiə əl atıblar. İlham Əliyevin idarəçiliyi dövründə hələ çox belə "möcüzələr" olacaq. Niyə də olmasın! Deputatlarımızdan biri hətta onu öz möcüzələri ilə ad çıxarmış Musa peyğəmbərə bənzətdi. Şiə islamının ən kütləvi tədbirlərindən olan Məhərrəmlik mərasiminin, Həzrəti Hüseyn təziyəsinin qarşısını cindarlıqla almaq, xüsusi təyinatlı qüvvələrə alarvadı donunda evləri dağıtdırmaq özü də bir möcüzədir - XXI əsrin möcüzəsi!.