İlham Əliyev bu zəruri sərəncamları bir səbəblə ləngidib

İlham Əliyev bu zəruri sərəncamları bir səbəblə ləngidib
5 Sentyabr 2018
Mətni dəyiş

AXCP sədri Əli Kərimli “Azərenerji”nin keçmiş prezidenti Etibar Pirverdiyevin işdən çıxarılması kontekstində İlham Əliyevin ictimai rəyə qarşı davranışından yazıb. O, feysbuk səhifəsində qeyd edib ki, İ.Əliyev əslində E.Pirverdiyevi işdən çıxarmağı bilərəkdən azı 2 ay yubadıb. Ə.Kərimli yazır:

“Nəyə görə Etibar Pirverdiyev ölkədə enerji böhranı yaranan elə ilk gündəcə işdən çıxarılmamışdı? Ölkənin qaranlığa qərq olunmasında (çürük rejimin ümumi məsuliyyəti öz yerində) Etibar Pirverdiyevin şəxsən məsuliyyət daşıdığı aydın deyldimi? Hamıya aydın olan həqiqət İlham Əliyevə nəyə görə aydın deyildi? Gəncə hadisələri zamanı da eyni ssenari oldu. İlk gündən aydın idi ki, Elmar Vəliyev səhhətinin necəliyindәn asılı olmayaraq, vəzifəsindən azad edilməlidir. Bu ümumxalq tələbi idi. Lakin Elmar Vəliyev də, Etibar Pirverdiyev də hadisədən yalnız 2 ay sonra işdən azad olundular? Nədir səbəb?

Əminəm ki, İlham Əliyevin bu zəruri sərəncamları verməkdə 2 ay ləngiməsinin 1 əsas səbəbi olub. Xalqa elə gəlməsin ki, onun mövqeyi, ictimai rəy bu ölkədə nəyisə həll edir. İlham Əliyev hələ də elə bilir ki, xalqla hesablaşmamaq, xalqa inad etmək siyasətçinin üstün cəhətidir. Psixoloji olaraq İlham Əliyev xalqı artıq bəri başdan özünə qarşı tərəf sayır, onu bütövlükdə arxalanacağı güc, dayaq kimi yox, rəqib kimi görür. Ona görə də hər şeyi edir ki, xalqda özgüvən yaranmasın, xalqın özünə inamı bərpa olunmasın, xalq hər zaman inansın ki, heç nəyə qadir deyil. Vəziyyəti dəyişməliyik. Ölkədəki ciddi dəyişikliklərin yolu xalqımızın özgüvəninin bərpasından keçir.

Uğurun düsturu da budur: Xalq olaraq özümüzə inanırıq və heç kimi gözləmədən, heç kimdən sormadan arzuladığımız dəyişikliyi həyata keçiririk”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun