Mirmehdi Ağaoğlu
İnsan klonlaşdırılması sahəsində bəşəriyyəti düşündürən ən ciddi suallardan biri budur: Klonun ruhu olacaqmı? Bu məsələ təkcə din xadimlərini, filosofları deyil, yazıçıları, sənət adamlarını da narahat edir. 2017-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı almış Britaniya əsilli yapon yazıçı Kazuo İşiquronu da narahat edən suallardan biri budur. Onun 2005-ci ildə qələmə aldığı "Məni əsla tərk etmə" romanı bu mövzudadır.
1954-cü ildə Yaponiyada anadan olan yazıçı uşaq vaxtı ailəsi ilə birlikdə İngiltərəyə köçüb. Burada böyüyüb boya-başa çatan Kazuo əvvəllər özünü musiqi və başqa sahələrdə sınasa da, sonradan yazıçılığa meyil edib.
1981-ci ildə ilk hekayələrini yazan İşiquronun "Təpələrin solğun mənzərəsi" (1982), "Üzən dünyanın artisti" (1986) romanlarından sonra "O günlərdən qalanlar" (1989) əsəri ona Buker mükafatını qazandırıb. Əsər əsasında 1993-cü ildə eyniadlı film də çəkilib. Məlumat üçün deyək ki, filmdə baş rolları mənim sevimli aktyorum Entoni Hopkins və Emma Tompson canlandırır.
İşiquroya uğur gətirən və bizim söhbət açacağımız başqa bir romanı isə "Məni əsla tərk etmə" adlanır ("O günlərdən qalanlar" ilə yanaşı bu roman da Azərbaycan dilində nəşr olunub).
Romanın janrı antiutopiyadır. Əsərdə elmi fantastikanın elementləri yer alsa da, bütövlükdə insani münasibətlərdən, onların inkişafından bəhs edir. Yalnız bir məsələ var, burdakı insanlar adi insanlar deyil, klonlardır.
Hadisələr 1990-cı illərin sonlarında Britaniyada baş verir. Əsər Keti H. adlı qəhrəmanın dilindən nəql olunur. O, xəstə klonlara baxıcılıq edir. Keti bizə Heylşemdəki internat-məktəbin şagirdləri barədə məlumat verir. Bu məktəbdə cəmiyyətin tullantıları sayılan cinayətkarların, fahişələrin, narkomanların hüceyrələrindən yaradılmış klonlar təhsil alırlar. Onlara uşaq vaxtından özlərini qurban vermək təlqin edilir.
Klon uşaqların yaradılmasının məqsədi nədir? Onlar böyüdükdən sonra orqanları transplantasiya əməliyyatlarında istifadə edilir. Anlaşıldığı kimi bu klon uşaqlar, sadəcə, bəlli yaşa çatdıqdan sonra orqanlarından istifadə edilmək üçün yetişdirilirlər. Bəs bu addım qeyri-insanidirmi? Çoxluğun fikrinə görə xeyr. Nədən? Çünki bu varlıqlar insan deyil, klondurlar. Ancaq bunun əksini düşünənlər də var. Buna görə də məktəbdə klon-şagirdlərə rəsm və başqa sənət dərsləri keçilir ki, onların hisslərinin, dolayısı ilə ruhlarının olub-olmadığı öyrənilsin. Buna görə məktəbin rəhbəri olan Madam adlı qadın şagirdlərin çəkdikləri rəsm nümunələrini və yazdıqları şeir parçalarını toplayır.
Şagirdlər buraxılış yaşına gəldikdən sonra məktəbdən ayrılır, onlar üçün xüsusi tutulmuş evdə yaşayır və azad həyat tərzi sürürlər. Lazım gəldikdə isə orqanlarını bağışlayırlar. Klonlar adətən 30 yaşlarından sonra ölməyə məhkumdurlar. Çünki artıq üçüncü dəfə orqan bəxş edəndən sonra onların demək olar ki, yaşama gücü qalmır, ancaq bəziləri dördüncü dəfə də orqan bağışlaya bilirlər. Dördüncü dəfə orqan bəxş edəndən sonra yaşayıb-yaşamayacaqları isə məchuldur.
Artıq orqanlarını bəxş etmiş klonlar üçün xüsusi sanatoriyalar da var ki, onlar həmin sanatoriyalarda xüsusi nəzarət altında qalırlar. Onlara elə özlərindən seçilmiş baxıcılar qulluq edirlər. Ketinin də bəxti gətirib, o orqan bağışlayan yox, xəstə baxıcısıdır.
Hadisələr elə dövr edir ki, o, bir müddət sonra keçmiş məktəb yoldaşı Rutun da xəstəbaxıcısı olur və Rut həyatı sona çatanda ona sevgilisi Tommi ilə birlikdə olmağı xahiş edir. Bu, qaydalar zidd olsa da Keti razılaşır. Rut bunu ona görə istəyir ki, Keti və Tomminin əvvəldən bir-birilərinə qarşı laqeyd olmadıqlarını bilir.
İşiquro oxucunu kəskin süjetlə təəccübləndirmək yerinə oxucuya, sakit, təmkinli təhkiyə təqdim edir. Biz şagirdlərin adi məktəbli həyatının şahidi oluruq. İşiquro əlavə şərh vermir, oxucu ilə birbaşa ünsiyyətə keçmir, fikirlərini ilk baxışda adi görünən hadisələr zənciri ilə təqdim edir, dolayısı ilə demək istədiklərini sözlərlə deyil, süjetin ümumi axarı ilə göstərir.
Klon uşaqlar cəmiyyətin tullantılarından yarandıqları üçün - özləri belə deyirlər - azad həyat tərzi sürürlər. Onlar üçün kiminlə seks yaşamağın fərqi yoxdu və birlikdəliklər də müvəqqəti xarakter daşıyır. Lakin bu, ilk baxışdan belədir, klonlar arasında da sevgi, dostluq kimi bağlar mövcuddur. Hətta klonlar arasında belə bir şayiə gəzir ki, əgər onların arasından hansısa bir cütlük bir-birilərini sevdiklərini sübut etsələr, orqanlarını bağışlamaqdan müəyyən müddətə azad ola biləcəklər. Bunu sübut etmək üçün isə klonların Heylşemdə çəkdikləri rəsm əsərləri gərək olur, müəllimlər o əsərlərə baxıb klonların ruhlarının olub-olmadığını müəyyənləşdirirlər. Lakin əsərin sonunda Madam (Marie-Klaud) və Emili xanımı tapıb onlarla danışan Keti və Tommi xəyal qırıqlığına uğrayırlar. Sən demə məktəb müdiriyyətinin belə bir planı yox imiş. Ümumiyyətlə klonların ruhları olmur, onlar sevə bilməzlər. Məlum olur ki, Madam ilə görüşə catan təkcə Keti və Tommi cütlükləri deyilmiş, onlardan əvvəl də bu sevdaya düşən, məhəbbətlərini sübut etməyə çalışan cütlüklər olub, ancaq onların da axtarışları səmərəsizliklə yekunlaşıb.
İşiquro isə oxucuya tamam başqa bir şey deyir. Şagirdlərin bir-birlərinə qarşı olan sevgi, dostluq bağlarını göstərmək əslində onların da ruhlarının olduğunu təsdiqləyir. Ruh demişkən, Keti ilə Tomminin Heylşamın rəhbərlərindən biri Emili xanımla dəhşətli söhbəti olur. Emili xanım onlara həqiqəti söyləyir: "Sənət çalışmalarınızı niyə aldıq? Bunu niyə elədik? İndicə maraqlı bir şey söylədin, Tommi. Marie-Klaudla bu mövzunu danışarkən. Sənət çalışmalarının sizin kim olduğunuzu göstərdiyini söylədin. İçinizdə nələr olduğunu. Belə söylədin, deyilmi? Bəli, səhv yorum deyildi. Sənət çalışmalarınızı aldıq, çünki bunların ruhlarınızı göstərdiyinə inanırdıq. Ya da daha incə ifadə ilə söyləyim; sizin ruhlarınızın olduğunu sübut etmək üçün bunu elədik...
...Dediyin kimi sizin ruhlarınızın olmadığından kim şübhələnə bilərdi ki? Amma sizə söyləməyə məcburam, həyatım, illər öncə bu işə başladığımızda cəmiyyətdə mövcud olan ümumi fikir belə deyildi. O gündən bəri çox yol qət etməyimizə rəğmən, hələ tam anlamıyla qəbul olunmayıb, günümüzdə belə."
Bu söhbətdən məlum olur ki, Heylşamlı şagirdləri bəxtigətirən saymaq olar. Çünki onlardan daha betər şəraitdə yetişdirilən klonlar da var. Emili ilə Madam Heylşamdakı şagirdlərin rəsm nümunələrini və şeirlərini alaraq sərgilər düzənləyir, bununla ictimaiyyətə sübut etmək istəyirmişlər ki: "Bu sənət əsərlərinə baxın! Bu uşaqların birər insan olmadıqlarını kim iddia edə bilər?"
Ancaq ictimaiyyət bu cür düşünmür. Onları klonların həyat şəraiti, ruhlarının olub-olmaması maraqlandırmır. Onlara tibbin bu yeni kəşfi - orqan transplantasiyası - əlverişlidir: "Geriyə dönmək imkansızdı. İnsanlar sizin varlığınızdan nə qədər rahatsız olurlarsa-olsunlar, onları əsas maraqlandıran öz uşaqları, həyat yoldaşları, ata-anaları, dostlayırdı; onların xərçəngdən, iflicdən, qan xəstəliyindən ölməməsiydi. Buna görə də uzun müddət ortaya çıxarılmadınız və insanlar sizləri düşünməməyə çalışdı... Dünyanın orqan hədiyyə edən şagirdlərə ehtiyacı vardı."
Bir anlıq İşiquronun antiutopik dünyasından ayrılıb real dünyamıza qayıdaq: orqan mafiyalarının həyata keçirdiyi qansız əməliyyatlar və onlara laqeyd yanaşan dünya. Yaxınlarımızı xilas edən o orqanların hardan əldə edildikləri bizi çoxmu düşündürür? Onlara nəzər yetirdikdə təəssüflə "xeyr" cavabını verməyə məcburuq. Belə çıxır İşiquronun bəhs etdiyi antiutopik dünya heç də xəyali dünya deyilmiş.
Romanın adı Cudi Bricvoter adlı müğənninin eyniadlı mahnısından götürülüb. Keti hələ şagird ikən bu mahnını qoşub otağında oynayırmış. Bu zaman dəhlizdən keçən Madam qızcığazın rəqsini görür və qapının ağzında dayanıb ona tamaşa edə-edə ağlayır. Keti bu mahnıya oynayarkən zənn edirmiş ki, bu, illər sonra uşağı olan bir ananın fəryadıdır. Madamla görüşdə onun niyə ağladığını soruşan Keti belə bir cavab alır: "O gün sənin rəqsini izlədiyimdə başqa bir şey daha gördüm. Yepyeni bir dünyanın sürətlə yaxınlaşdığını gördüm. Daha elmi, verimli bir dünya, bəli. Lap əvvəldən var olan xəstəliklərə çarələrin tapıldığı bir dünya. Çox yaxşı. Amma eyni zamanda zalım bir dünya. Sonra gözlərini möhkəm-möhkəm bağlamış kiçik bir qız gördüm, köhnə xeyirxahqəlbli dünyanı sinəsinə sıxmış, artıq qala bilməyəcəyini ürəyində hiss etdiyi bu dünyanı tutur və ona yalvarır, onu əsla buraxmasını istəyirdi. Mən bunu gördüm. Qarşımdakı sən deyildin əslində, sənin rəqsin deyildi, bunu bilirəm. Amma səni gördüm və ürəyim sızıldadı. Bunu əsla unutmadım."
Mən Kazuo İşiquronun "Məni əsla tərk etmə" romanını bu günün yox, sabahın, gələcəyin romanı adlandırardım. İçimdə belə bir hiss var ki, bu roman bu gün üçün deyil, sabahımıza işıq tutmaq üçün yazılıb. Nə bilmək olar, bəlkə də əlli, yüz il sonrakı nəsillərin tez-tez müraciət edəcəkləri romanlardan biri olacaq "Məni əsla tərk etmə".
Müəllifin də dediyi kimi köhnə dünya artıq geridə qalıb. Bizi elmi kəşflərin anbaan yeniləndiyi başqa bir dünya gözləyir. İnsanları klonlamaq istəyən dünyada əxlaq, insan haqları necə olacaq? Onlara əməl edəcəyikmi? Yoxsa bütün bunları əlimizin dalı ilə itələyib yalnız öz maraqlarımızı, homo sapiens maraqlarını düşünəcəyik? Müasir elm artıq neandertalları klonlaşdırmağı düşünür. Məlum olduğu kimi neandertallar fiziki cəhətdən biz homo sapineslərdən qat-qat qüvvətlidirlər. Belə çıxır ki, sabah neandertal klon ordusu yaradıb onlardan ucuz işçi qüvvəsi kimi istifadə etmək olar. Məsələn, kömür çıxarılmasında istifadə edə bilərik, şaxta partlayacaq, öləcəklərmi, ölsünlər, yenilərini düzəldərik, əlimizdə deyilmi?
Britaniya enbrioloqu Yan Uilmut 1996-cı ildə ilk klon qoyun Dollini yaradanda dünyanın bir çox din adamları bir az da bu səbəbdən ona qarşı çıxmışdılar. Çağdaş dünyanı klonlama kimi elmi yenilikləri həyata keçirməyə qoymayan da məhz bu etik vurnuxmalardır. Onlara sabah insan münasibəti göstərməyəcəyiksə, o zaman biz niyə varıq? Biz nəyə lazımıq? Elə bu yerdə bəşəriyyət adına sinəmdən bir səs yüksəlir: Ey içimdəki insanlıq, məni əsla tərk etmə! Bizi əsla tərk etmə!