Ənnağı Hacıbəyli
Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına uyğun, daxili inamı əsasında qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu, qanunun qoyduğu qaydadır. Çoxlu sayda məhkəmə qərarları var ki, hakimlər iş üzrə gəldikləri nəticəni əsaslandırarkən yazırlar: “Məhkəmə filan tərəfin ifadəsini (sübutu) inandırıcı hesab etmir”. Vəssalam. Bəzən hətta hakim tərəfə və ya onun vəkilinə (nümayəndəsinə) üzünü tutaraq deyir: “Siz məni inandıra bilmədiniz”. Maraqlıdır, tərəfin (onun vəkilinin, nümayəndəsinin) hakimi inandırmaq vəzifəsi varmı? Öncə bir kazus quraq. Mənzil beş nəfərə satılıb. Məhkəmə qətnamədə birinci, sonuncu və ya mənzilə yiyələnib orada böyük məbləğdə təmir işi görmüş və mənzildə yaşayan alıcının deyil, ikinci alıcının hüquqlarını tanıyır. MTK sədri ifadəsində göstərir ki, ikinci alıcı ilə bağlanan müqavilə formal xarakter daşıyıb, müqavilə MTK işçilərindən birinin həmin ikinci alıcıdan – sələmçidən götürdüyü borcun təminatı vasitəsi kimi formal olaraq bağlanıb, müqavilənin üzərində bu barədə qeyd də var, bu müqavilə başqa əqdi pərdələyən yalançı (puç) əqddir (MM, m. 340.2), heç bir öhdəlik yarada bilməz, sələmçi dəfələrlə MTK-ya və məhkəməyə müraciət edərək müqavilənin bir neçə nəfərin adına dəyişdirilməsini xahiş edib və hər dəfə də bir müddətdən sonra xahişindən və iddiasından imtina edib, həqiqi alıcı mənzilə görə 56 min (bundan əlavə 20 min təmir xərci), sələmçi isə guya 24 min ödəyib və s. Hakim isə qətnaməsində yazır ki, “MTK sədri, sən məni müqavilənin formal olduğuna inandıra bilmədin”. Fikir verdinizsə, müqavilənin əleyhinə bir neçə arqument irəli sürülüb. Bu barədə bir az sonra. Ondan başlayım ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin bu, bir tərəfin hakimi inandırmaq anlamına gəlməz. Çünki mülki proses iki tərəfin çəkişdiyi, hər tərəfin öz tələblərini və etirazlarını sübut etməyə cəhd elədiyi arenadır. Arbitr tərəf deyil və kimsənin inandırmaları və mənafeyi ilə bağlı da deyil. İkinci, bir tərəfin təqdim etdiyi sübutlar nə qədər inandırıcı olsa belə, qətnamənin yeganə əsası ola bilməz. Çünki hakim qarşı tərəfin etirazlarına, sübutlarına münasibət bildirmədən qətnamə qəbul etməməlidir. Daxili inam hansısa tərəfin hakimdə formalaşdırdığı qənaət deyil. Üstəlik, artıq inandırılmış adamı nəyəsə inandırmaq adətən mümkünsüz olur və ya həddən artıq baha başa gəlir. Üçüncü, məhkəmə hansısa sübutu qəbul etmirsə, bunu əsaslandırmalıdır. Bu əsaslandırma “Sən məni inandıra bilmədin” hökmündən ibarət ola bilməz. Bir tərəfin ifadəsinə (sübutuna) inanmayan hakim inamını işdəki başqa sübutlarla əsaslandırmalıdır. Dördüncü, bu halda “düzünə sübut yanakı sübutlardan üstündür” qaydası da keçərli deyil, çünki düzünə sübut (müqavilə) mötəbər sübut deyil (etibarsız, yəni puç əqddir) və düzünə sübut başqa alıcılarda da var. Üstəlik, müqavilənin tərəfləri – MTK və mənzilə yiyələnmiş alıcının iradə ifadəsi ancaq onlar arasında bağlanmış müqavilədə üst-üstə düşür, qüsursuzdur və hələ də təsdiq edilir. Nəhayət, hakimin “Sən məni inandıra bilmədin” hökmü işdəki sübutlara söykənmirsə, onda formalaşmış daxili inam subyektiv mülahizədən başqa bir şey deyil, belə mülahizə isə qətnamənin əsasına qoyula bilməz. Daxili inamı formalaşdıran amillər obyektiv, hərtərəfli, tam məhkəmə araşdırması, sübutların qanun əsasında, qərəzsiz qiymətləndirilməsi nəticəsində yaranan yekun mövqedir. Bu yekun mövqe isə iş üzrə bütün sübutların ayrılıqda tədqiqi və cəm halinda qiymətləndirilməsinin nəticəsi olmalıdır. Sübutlar təklikdə deyil, hərtərəfli qiymətləndirilməlidir – sübut edilməli hallar və faktları həm təsdiq, həm də inkar edən dəlillərin iş materiallarına və qanunvericiliyin tələblərinə uyğun gəlib-gəlməməsi dəyərləndirilməlidir. Məhkəmə praktikasından götürülmüş yuxarıdakı kazusda hakimin inamsızlığı çoxlu sayda sübutlarla ziddiyyət təşkil etsə də, hakim bu sübutların heç birinə münasibət bildirmədən subyektiv mülahizəsini o sübutlara qarşı qoyub. Bu fakt təkcə qətnamənin ləğvi üçün əsas deyil, həm də ədalət mühakiməsinin nüfuzina zərbədir, mübahisənin operativ və daha ağrısız həllinə mane olmaqdır. Bu halda ikinci alıcının ancaq ödədiyi məbləğin qaytarılmasına haqqı çatır. Onsuz da mənzilə yalnız bir alıcının hüququ tanına bilər ki, o da mənzilə yiyələnmiş və daha çox xərc çəkmiş alıcıdır. Hakim isə özündə yanlış formalaşdırdığı inamla həm mülki prosessual qanunvericiliyin tələblərini pozub, həm də mübahisənin qanuni və ədalətli həllinə nail ola bilməyib.