Elmir Mirzoyev
Bu ağrılı mövzunu bu günlərdə qaldırdığı üçün Seymur Baycana təşəkkür edirəm. Doğrusu mən də uzun illər cəmiyyətimizdəki, Seymurun yazdığı kimi - orta statistik azərbaycanlının düşüncəsinə görə, hər bir almanın içində Hitlerə və faşizmə gizli rəğbəti, sevgisinin olduğu haqda ümumi rəyin haradan qaynaqlandığını düşünmüşdüm. Burada hansısa arqumentlər işləmir, rasional dəlillərin də əsla mənası yoxdur. Total savadsızlıq hökm sürən cəmiyyətdə ehkamlar və yalnız ehkamlar çalışır. Bizim cəmiyyət bir ucdan yaradılan ehkamlarla aşıb-daşır, budda yazısında bunu artıq demişdim.
Yaxşı bəs nədən məhz Hitler? O haradan sanki bir arxetip kimi daxil olub bizim kifayət qədər qapalı cəmiyyətimizə? Nədən bu haqda yazmaq ehtiyacı yaransın ki?
Uşaqlıqda “dava-dava” oyununda həmişə “bizimki” olmaq istəyimiz vardı, püşklə “nemes” olmağa məcbur edilənlər öncədən ölümə məhkumluq səbəbindən həvəssiz oynayırdılar. Sonradan, böyüdükdə bu həvəssizlik nəsə gizli bir marağa çevrildi. Müharibə filmlərində və 30-cu illərin xronikasında seyr edə bildiyimiz paradlarda alman əsgərlərinin ifrat səliqəli qiyafədə nizamlı yerişi, pardaqlı və hətta seksual obrazı marağı gücləndirirdi – necə ola bilərdi ki, bütün bu möhtəşəm düzənli marşlar, hərbi paradlar, ekzaltasiyanın son həddində deyilən vətənpərvərlik haqdakı nitqlər, böyük ruh yüksəkliy və entuziazmla keçirilən təntənə kökündən yalan olsun? Necə ola bilərdi ki, milyonlarla insan bu yalana uysun? Necə ola bilərdi ki, almanlar kimi dünya kültürünü müstəsna nailiyyətlərlə zənginləşdirmiş toplum kitab yandıqmaqla məşğul olsun? Və bütün bu piramidanın başında duran, “Heil Hitler” deyə salamlanan Führer – Hitler milyonların qibləsinə, o dövr üçün cinsi məsələlərdə kifayət qədər qapalı alman xanımlarının xülyasına çevrilsin?
Müharibənin nəticəsində ərazisinə görə 3-4 Azərbaycanı keçəcək, bu ölkənin yaranmasının başlıca mərkəzi – Prussiyanın demək olar ki tamamilə yox olması, bundan başqa tarixi Sileziya ərazilərinin və Elzasın əbədilik itirilməsi. 12 milyon almanın 45-in yayında zorla deportasiya edildiyi Sudet. Bir zamanlar Sileziyanın paytaxtı olan – Breslau (indiki Vrotslav), Prussiyanın paytaxtı – indi Kalininqrad adlanan qədim Könisberg, bir zamanlar Danzig adlanan Qdansk, indi Klaypedaya çevrilmiş Memel, Şetsin olmuş Stettin, lap elə Avroparlamentin yerləşdiyi Strasbourg şəhərləri, saymaqla bitməz, hətta Nürnberq məhkəməsinin qərarı ilə bir zamanlar “Deutschland, Deutschland über alles” (“Almaniya hər şeydən ucadır”) adlanan Almaniya himninin ön iki bəndinin qadağanı, 45-in yayında milyonlarla alman xanımının kütləvi zorlanması... Sonuncu hadisə alman cəmiyyətində çox ağır bir iz qoymuş, bu haqda yalnız 60 ildən çox bir zaman keçdikdən sonra danışıldı və bu hadisə kinoya gətirildi. Bu alman rejissoru Max Färberböck tərəfindən lentə alınmış və 1945-in aprel-mayında Berlində sovet əsgərləri tərəfindən törədilmiş kütləvi zorlanma zamanı alman xanımlarının acı taleyindən bəhs edən “Anonyma – Eine Frau in Berlin” (“Anonim – Berlində qadın”, 2008) filmidir.
Almaniyanın heç bir zaman bu qədər qorxunc yuxusu olmamışdı. I Dünya Müharibəsinin acı nəticələri səbəbində müstəsna alçaldılma hissi keçirən cəmiyyət çıxış yolunu Hitler və onun tərəfdarlarına səs verməkdə tapdı. Hitlerin Stalindən əsas fərqi bu idi – o kommunistbaşıdan fərqli olaraq hakimiyyətə legitim seçkilər nəticəsində gəlmişdi. Bu da alman cəmiyyətinin məsuliyyətini yüzqat artırır...
Əslində II Dünya Müharibədən sonra Almaniya ümumiyyətlə dünya siyasi xəritəsindən silinməli idi, yalnız müttəfiqlərin arasındakı böyük çatlar siyasi intriqaya çevrildi. Potsdam konfransında Churchill’in söylədiyi: “Cənablar, mən burada dəfələrlə Almaniya sözü eşitdim, bu adda ərazi mövcud olmamalıdır, sadəcə bölgünü ədalətli aparmaq gərəkdir” sözlərinə cavab olaraq Stalinin bığaltı gülümsəyərək “Almaniya olacaqdır” cavabı bu intriqaları reallığa çevirdi.
İstənilən halda Nürnberg məhkəməsi Almaniyanın siyasi kastrasiyasını rəsminləşdirdi. 1949-cu ildə yaradılmış BDR sonradan bir çox iqtisadi möcuzələrə, böyük kültür dominasiyasına, hətta 1990-da iki yerə bölünmüş Almaniyanın birləşməsinə nail olsa da, indiyə kimi bu məziyyətləri dünya siyasi sferasına transformasiya edə bilmir, yəqin ki edə bilməyəcəkdir də. Almaniyanın istənilən halda dünyada danışma haqqı yoxdur, Berlin indiyə kimi sözünü Parisin, ya da Brüsselin ağzı ilə dilə gətirir. Əks halda çox banal tərzdə „yenə Hitler gəldi?“ - kimi səslər ucalacaq. Bunu son dəfə Angela Merkelə Berlusconi (kimə kim!) Avropa Parlamentində demişdi. Hipnozun çox acı nəticələri budur.
Nasional-sosializm – almanların icadımı? Hipnozmu, günahmı?
Nasional-sosializmi əslində sırf alman ixtirası adlandırmaq olmazdı. (İrqi-)sosial mühəndislik ideyaları Avropada çoxdan dolaşmaqda idi, buna istinad axtarsaq Tomas Morun “Utopiya”sından əvvəlki zamana da gedib çıxa bilərik. XIX əsrdə bu ideyalar püxtələşdi, bəşər təkamülü, təbiət qüvvələrinin ram edilməsi ideyaları, texniki tərəqqi cəmiyyət üvzlərinin total mobilizasiyasını tələb edirdi. XX əsrdə bu ideyalar artıq işdə reallaşmağa başladı, I Dünya Müharibəsi isə bunun katalizatoru rolunu oynadı. Hələ 1922-ci ildə “Roma İmperiyasının bərpaçısı” Mussolini artıq İtaliyada hakimiyyətə gəldi və orada faşizm rəsmi quruluş kimi intişar tapdı. Buradan sonra bu model demək olar ki, bütün Avropaya yayıldı.
Şübhəsiz ki, kvinessensiyası alman nasional-sosializmi olan bu quruluş Fransa, İsveçrə və bəzi başqa istisnalar olmaqla bütün kontinental Avropa ölkələrində - məsələn Polşada Pilsudski, Rumıniyada Antonescu, Macarıstanda Horti, Finlandiyada Mannerheim, İspaniyada Franco, Portuqaliyada Salazar, Yunanıstanda Metaksis, Albaniyada Zogu diktaturası və s.şəklində bərqərar oldu. Əvvəl İtaliya, sonra isə ən yüksək mərhələ kimi Almaniyanın örnək olduğu bu ölkələrdəki diktaturaların – bəzi milli aspektlər nəzərə almaqla sosial aşağılara, xalqa appelyasiya millətçiliklə sintez olunurdu - nasional-sosializmə adekvat modelləri yaranmışdı, hətta diktatorların da führerə adekvat öz isimləri vardı, məsələn Antonescu Rumıniyada Conducator (konduktorla səhv salınmasın)) adlanır, hətta Norveçin də öz Vidkun Quisling isimli Føreri vardı – Führerin surəti kimi.
Bu modelin həmin dövrdə nəinki kontinental Avropa, həmçinin Latın Amerikası ölkələrinə də dərindən nüfuz etməsini əminliklə söyləmək olar. Hətta müharibədən sonra kolonializmdən azad olan ərəb ölkələrində 50-ci illərdə yaradılan quruluşları da buna misal kimi gətirmək olardı. Yeri gəlmişkən, müharibə zamanı bu təsirin hətta sovetlərə nüfuz etdiyini də söyləmək olardı. İki fərqli doktrinaya mailik totalitar quruluşların qarşılıqlı təsiri haqda çox yazılıb. Sovet-alman müharibəsinin yalnız birinci ilini ideoloji adlandırmaq olar, ideoloji təbliğatın Hitlər uğrunda can-başla vuruşan “alman proletariatına” əsla təsir etmədiyini görən sovet rəhbərliyi 1942-ci ildən millətçilik ruhlu təbliğata keçir. Bu zaman bütün təbliğati materiallar forma və məzmunca faktiki nasistlərin bənzətməsinə çevrilir, hətta “Pravda” qəzetində aparıcı sovet yazıçısı və ictiami xadimi İlya Erenburqun “Almanı öldür!” (Убей немца!) adlı məşhur məaqləsi çıxır və hətta bu proseslərin məntiqi yekunu kimi 1943-cü ildə Komintern buraxılır.
Demək ki, nasional-sosializm öz zirvəsini III Reich qismində reallaşdırsa da, sırf alman ixtirası deyildir, bu əsasən kontinental Avropada 30-cu illərdə müxtəlif variasiyalarda təkrarlanan dövlət modeli prinsipidir. Almanların sırf pedantik və keyfiyyətli iş görmə xüsusiyyətləri bu damğanın məhz almanlar üzərinə vurulmasında öz müstəsna rolunu oynadı.
Nasional-sosializm quruluşunun cəmi 12 il sürən hakimiyyəti bəşər tarixində silinməz-qorxunc bir iz buraxdı. Məsələ problemin kültür fenomenologiyasındadır – adətən holokostu tutalım Afrikada xutxu tayfalarının tutsiləri kütləvi məhv etməsi, yaxud elə lap bizdə ermənilərlə azərbaycanlıların bir-birini qırması ilə müqaisə cəhdləri tam yanlışlıqdır. Əgər sonuncu hadisələr vəhşiliyin təzahürü idisə, nasional-sosializm əksinə, sivilliyin məhsulu idi, burada Afrikada ya Qafqazdakı qırğınlar kimi kortəbii heç bir şey yox idi – hər şey kültür-fəlsəfi doqmatlarla əsaslandırılaraq soyuq şüur və sistemli şəkildə həyata keçirilirdi.
Nietzsche
Çox yayılmış ehkamlardan biri də düşüncə tərzi və ideyaları ilə bütün XX əsrə böyük təsiri olmuş və çox faciəvi bir həyat yaşamış filosof Friedrich Nietzsche’nin alman faşizminin sələf olması haqdakı fikirdir. Əslində bu məsələni araşdırmaq istəyən istənilən tədqiqatçı qarşısında qeyri-almanları – irqçi filosof və sosioloqlar, fransız Arthur de Gobineau və ingilis Houston S. Chamberlain’ı görəcəkdir.
Nietzsche’ni bu məsələdə həyatı boyu çəkindiyi populyarlığa gətirən onun əsas iki tezisi: “Allahın ölümü” və “Fövqəlinsanın (Übermensch) gəlişi” idi. Onun “Der Antichrist. Fluch auf das Christenthum” (Antixrist. Xristianlığın lənəti) və “Zərdüşt belə deyirdi” əsərlərində bəyan etdiyi ehkam - “Allahın ölümü” tezisi, əslində Avropa sivilizasiyasının, fəlsəfi diskursunun XIX əsrdə gəlib çıxdığı yekun mərhələ idi. Bu tezislə Avropa fəlsəfi diskursundan insandankənar mütləq obyektivizm aradan qalxır, bəşər və bəşər kültürü fenomeni mütləq dominanta kimi dünyanın mərkəzinə gəlirdi. “Allahın ölümü” ilə fundamental orientasiya itir və meydanda (kosmosda) tək qalan insan ekzistensial mənada özü özünü müəyyənləşdirməli idi. Elə təxmini bu zamanlarda Darvinin təkamül nəzəriyyəsinin faktiki qəbulu əslində insanın ilahi təbiətinin inkarı idi: əgər meymundan əmələ gəlmişiksə, o zaman heyvani təbiətimiz və ehtiraslarımız pozitiv anlama gəlir, ibrahimi dinlərin onları məhdudlaşdırma tələbi, faktiki zorlaması da sağlamlığın deyil, xəstəliyin ifadəsi olurdu. Xristianlığın Nietzsche tərəfindən rəddi ilə onun bütün ehkamları aradan qalxırsa, ortaya naturfəlsəfəyə meylli təmayül gəlir və heyvanlar aləmindəki təbii seçmə qanunu dirçəlir. Burada şüurun mütlər dominasiyası legitimliyini itirmir, əksinə şüur bizim ən qüdrətli silahımızdır və bu qüdrətli silahlanma ilə “ölmüş Allahın” boş qalmış yerini yeni insan – insanmərkəzçi təfəkkürün ən yüksək mərhələsi olan Fövqəlinsan (Übermensch) tutmalıdır.
Beləcə XX əsr onun sekulyar və qatı insanmərkəzçi postulatları ilə Nietzsche əsrinə çevrildi. Nasistlər və konkret Hitler Nietzsche’nin bir çox ideyalarından şübhəsiz ki, ilham almışdılar, bu ideologiyanın, siyasi sistemin əsas xətti faktiki panteizm idi. Xristianlıqdan imtina birbaşa ola bilməzdi, çünki xalq hələ buna mənən hazır deyildi, lakin SS üzvü mütləq bu dindən rəsmi olaraq imtina etməli və qədim german allahlarına, Wotana sığınmalı, “Blut und boden” (Qan və torpaq) fəlsəfəsini qəbul etməli idi. Naturfəlsəfənin doğurduğu təbii seçim qanunun “Yıxılanı itələ” prinsipinin nəhayətdə nasizim tərəfindən getto və ölüm düşərgələri kimi vulqarcasına təfsiri bu cinayətkar ideologiyanın özünə bəraəti idi.
Lakin faciəvi bir tale yaşayıb, faktiki öz həyati ekzistensiyasını fəlsəfəyə çevirmiş xəstə bir filosofun Übermensch fonemenini bayağılaşdıraraq nasizmlə eyniləşdirmək əsla doğru olmazdı. Əslində həyatı boyu insan mövcudluğunun ontoloji problemləri ilə məşğul olmuş bu filosofun almanları donuz adlandırması (“Der Antichrist” əsəri) da onun bayağı millətçilikdən ümumiyyətlə çox-çox uzaqlarda durduğunu göstərir.
Viktor Klemperer
Neçə il əvvəl nasional sosializm haqda yazılmış çox dolğun bir traktata rastladım. Viktor Klempererin gündəlik formasında yazılmış “Lingua Tertii Imperii: Sprache des Dritten Reiches” (Lingua Tertii Imperii: III Reich dili) əsəri idi. Nasional-sosializmin mahiyyətini anlamaq üçün bu əsərlə müfəssəl surətdə tanış olmağına dəyər.
Viktor Klemperer yəhudi əsilli alman professoru idi, bütün Avropada ədəbiyyatçı və dilçi kimi böyük nüfuza malik olan bu adam, nasistlərin zamanında hətta evində kitab saxlamağın da qadağan edilməsi şərti ilə zavodda ağır işlərdə çalışmağa məhkum edilmişdi. Onun deportasiyadan yan keçməsi yalnız xanımının alman olması səbəbi idi. Əri yəhudi olan xanımların həyat yoldaşlarını onlardan ayırmırdılar - o zaman belə bir qayda varmış (əksinə olan halda isə bu qayda işləmirmiş). Nəticədə bütün həyatını elmə həsr etmiş professor yaşlı vaxtında kafedradan, elmindən və hətta kitabxanasından məhrum edilir, qara fəhlə qismində ağır fiziki işlərə məhkum edilərək zavodda çalışır. Və hətta bu qisimdə də öz alim simasını itirmir, hər gün 12-15 saatlıq ağır əməkdən sonra piyada (yəhudilərə ictimai nəqliyyatdan istifadə faktiki qadağan idi) evə dönən yaşlı professor yaşadığı ilginc zamanı bacardığı kimi təhlil edərək tarixə həkk edir. Nə yorğunluğunda olsa da alman pedantlığı və ziyalı inadı ilə hər gün öz gündəliyində müşahidələrini yazır və öz ixtisası – dil nöqteyi-nəzərindən nasizmi, onun köklərini dərindən təhlil edir. Kitabxanalara daxil olma hüququnu yəhudi kimi itirmiş bu yaşlı insanın elmi işi yazarkən (bu da evdə gizlincə edilirdi) müxtəlif iqtibaslar üçün artıq zəifləmiş yaddaşını zora salması, fərz edilən oxucu üçün “mən indiki vəziyyətimdə sizə bunu dəqiq iqtibas edə bilmərəm, lakin siz filan kitabın filan hissəsini açıb buna əmin ola bilərsiniz” kimi qeydləri çox təsirlidir. Şəxsən məni öz cəlladlarını, zülmkarlarını sanki xəstəlik yayan mikroblar kimi mikroskop altında, həqiqi alman pedantlığı və elmi neytrallıqla tədqiq edən bu insanın alim mətanəti və bu zaman onun alman mədəniyyətinə həqiqi sevgisi və bağlılığı riqqətə gətirdi.
Professor bu əsərdə nasional-sosializm fenomeni üzərində çox düşünür, xüsusən dilçi kimi ətrafda səslənən dilin transformasiyasını elmi dəqiqliklə qeydə alır - burada əsasən radiodakı təbliğat məqsədli çıxışlar, yeniliklərin hansı tərzdə və intonasiya ilə oxunması, alman dilinin nəinki rəsmi nitqlərdə, hətta zavodda fəhlələr arasındakı söhbətlərin hansı tərzdə dəyişməsini, xüsusən ona gəlib çatan qəzetlərdəki məqalə və elanların yazı üslubu, leksikası incəliklə araşdırılır. Xristianlıqdan imtina meyllərini bütün cəmiyyətdən təcrid olunmuş professor da sezir, belə ki, qəzetlərdə “ari”lərin (yəni nasist dili ilə almanların) ölüm xəbərlərində ənənəvi olaraq artıq xaç deyil, ölüm runaları qeyd edilirmiş, bunun müqabilində doğum günlərində günəş qoyulurmuş. Faktiki Hitler tərəfindən başladılmış və bütün dünyanın II Cahan Savaşı adlandırdığı bu müharibəni Goebbels təbliğatı “yəhudi müharibəsi” adlandırırmış. Bu təbliğata görə ariləri məhv etmək istəyən məkrli yəhudilər sağlam ali irqi hər tərəfdən mühasirəyə alıb məhv etmək istəyirmişlər (xatirinizə heç nəyi salmır ki?).
Bu məqsədə çatmaq üçün onların (yəni yəhudilərin) qulluğunda durmuş, həm başqa ali irqin aldadılıb istifadə edilən nümayəndələri (ingilislər), həm geri qalmış irqlərdən (ruslar və başqa SSRİ xalqları) istifadə edilirdi. Bu ideyalar öz bədii təcəssümünü hələ 1938-ci ildə Goebbels’in göstərişi ilə, elə özünün rəhbəri olduğu Təbliğat və Xalq Maarifi Nazirliyi tərəfindən lentə alınmış “Der evige Jude” (“Əbədi cuhud”) filmində tapmışdı.
Klemperer öz gündəliyində totalitar dil mexanizmini açır, bu ətraflı təhlil nəticəsində meydana çıxmış dil fenomenini latınca - Lingua Tertii Imperii adlandırır. Bu totalitar cəmiyyətin çarxları arasında döyülüb-didilib lazımi formata gətirilən, faktiki ictimai formasiyanın yaratdığı dil fenomeni idi. Nasizm başqa totalitar modellər kimi yumora və komizmə tamamilə qapalı olduğu üçün cəmiyyətdə bir çox zaman gülməli və paradoksal hallarla rastlaşılır, bu halı Klemperer nasistlərin “subyektiv günahsızlığı” adlandırır.
Nasional-sosializmin daxili anatomiyasını təhlil edən professor onun süni surətdə bu cəmiyyətə gətirilmədiyini, əksinə nasizmin sələfinin XIX əsr alman romantizmi olduğu qənaətinə gəlir. Klemperer’in fikrincə romantik alman insanı üçün “Entgrenzung” (sərhədsizləşmə) anlayışı burada açar rolunu oynayır. Bu anlayış sərhədbilməzlik anlamında romantik alman insanın mahiyyətini açır, onun bütün romantik axtarışlarında - istər bədii yaradıcılıq, istər həyati aktivlik, istər mənəvi sfera, istərsə də ehtiras və cinayətlərdə bütün sərhəddlərin aşılmasını konstatasiya edir. Son nəticədə porfessorun qənaətincə bu romantik “Entgrenzung” böyük gözəlliklər kimi, bütün fəlakətlərin də başlanğıc nöqtəsi idi.
Richard Wagner
Bu dahi bəstəkarın ismi üzərində də nasizmi tutqun kölgəsi qalmaqdadır. “Hitlerin və nasistlərin ən sevimli bəstəkarı” ittihamı nə qədər abstrakt olsa da (bunda çox rahatca Beethoveni də ittiham etmək olar), ölüm düşərgələrində güya ki, əsirlərə mənəvi ruh verilməsi məqsədi ilə “Nürnberger meistersinger” operasının üvertürasının səsləndirilməsi və “Musiqidə yəhudilik” (“Judentum in Musik”) məqaləsi çətin yaxın zamanlarda unudula bilər. Əslində son məqalədə heç bir elmilikdən söhbət gedə bilməz, bir çox bioqraflar bu essenin spekulyativ və populist məqsədlərlə edildiyini qeyd edirlər. Sonuncu məziyyətlər doğrudan da bəstəkara xas idi. Uzun illər onunla dostluq əlaqəsində olmuş, özünü onun şagirdi adlandıran Nietzsche müəlliminin məhz bu xüsusiyyətinə görə ondan kənara çəkilmiş, daha doğrusu “birgə ideallardan imtinası səbəbindən müəllimdən ayrılmışdı”. Turin şəhərinin mərkəzində faytonçunun atı qəddarcasına döyməsinin şahidi olan Nietzsche, gördüyü mənzərədən sarsılmış, yaxınlaşıb atı qucaqlamış və bu sarsıntıdan əbədilik susmuş, həyatının son 11 ilini ruhi xəstəxanada keçirmiş, sadəcə Wagnerin fotosunu görcək nələrisə xatırlayaraq ağlayırmış.
Wagner isə öz ideyalarının reallaşması uğrunda bütün səddləri keçəcək dəmir iradəli birisi idi, hətta bu sərhəddlər mənəvi cəhətdən keçilməz olsa da. Onun bütün həyatı boyu yaradıcılığında keçirdiyi ziddiyyət də buradan doğur. Özünü dahi hesab edən hər bir kəs Raskolnikovun dilemmasından keçməlidir – “Тварь я дрожащая иль право имею?”
Bizim cəmiyyət bu obraza da əsla hazır deyildir – öz yaradıcılığı, musiqisi, əsərləri uğrunda özünü qurban verən sənətkar sadəcə maymaq hesab edilir. Qarayevin daxili yaradıcı sarsıntılar keçirməsi səbəbindən beyninə qan sızması və ya Əşrəf Muradovun faktiki ruhi xəstəliyə tutulması çoxluğun gözündə bəlkə də axmaqlığın göstəricisidir. Bizim cəmiyyətdə ən dərin insan şübhəsiz ki, böyük maddi uğura sahib olan birisidir.
Wagner’in 30-larda yaşamasını fərz etsək onun nasistlərə qoşulacağı heç bir şübhə doğurmur, burada məsələ ideologiyada deyil, sadəcə uğur hər zaman onun yanında olmalı idi və onun nəvəsi Winifred Wagner’in nasist elitasında ən ali məqamda təmsili də bunu təsdiqləyir. Dünya tarixində təkrarsız dahi olan Wagner Hesse və ya Furtwängler vicdanına malik deyildisə, bu onun amoral deyil, immorallığından doğurdu. Həyatı boyu yalnız musiqisinin əbədiləşməsinə çalışan bəstəkar bu yolda çox “meyidlərdən nərdivan” düzəltmişdisə, tale ölümündən sonra onunla belə bir oyun oynadı – bu dəfə onun dühası nasistlər tərəfindən lazımınca istifadə və ideologiyaya uyğun təfsir edildi. Dahi bəstəkarın musiqisi, tetralogiyaısnda yaradılmış mərkəzi personaj – qara qüvvələrlə, Fafnerlə mübarizə aparan cəngavər Siegfried nasistlərə artıq hazır romantik qəhrəman obrazı bəxş edirdi, bir çoxları bu Siegfreid kimi özlərini görürdülər. Onlar bu hesablarında yalnız bircə şeydə yanılmışdılar – dahi sənət əsərlərində öncəgörmə fenomenini. Wagner’in tetralogiyasının sonu baş qəhrəmanın qəhrəmanın ölümü və Tanrıların qürubu ilə bitir, bu həm də bu əsərin yaradıcısının ölümü olmalı idi...
Lakin ontonluq bombardımançı təyyarələrin min illər boyunca tikilib-qurulmuş səliqəli alman şəhərləri ilə edə bildiyini heç bir kimsə Wagner’in musiqisi ilə edə bilmədi. Müharibədən sonrakı dövrdə bəstəkarın isminə vurulmuş damğa, bir çox ölkələrdəki onun musiqisinə qoyulmuş qadağalar sonda heç bir təsirini göstərmədi. Məlum oldu ki, bəşər Wagner’in musiqi olmadan keçinə bilməz. Hətta bəstəkara qatı nifrət edilən İsraildə fitə basılmış və boykot edilmiş bir necə cəhddən (buna yalnız yəhudi dirijorların iradəsi çata bilərdi) sonra, 2009-da nəhayət bəstəkarın irsini hazırda idarə edən Katharina Wagner ilə İsrail musiqi cəmiyyətlərinin danışığı başladı. Nasizmin ağır nəticələri lap indilərdə dəf olmaqdadır.
Vasili Qrossman
Vasili Qrossman “Həyat və tale” romanını 50-ci ildə yazmağa balasa da, sonradan əsər qadağan edilmiş, SSRİ-də yalnız 1988-ci ildə, yazıçının ölümündən uzun illər sonra çap olunmuşdu, və hələ o zamanlar bir çox tənqidçilər bu əsəri Tolstoyun “Hərb və sülh”ünə XX əsrdə bərabər bir şedevr hesab edirdi. Şübhəsiz ki, iki totalitar sistemin, Avropadakı ölüm düşərgələri və GULAGın müqaisə olunduğu əsər sovetlərdə rəsmi təbliğata xoş gələ bilməzdi. Bu mənada almanlara əsir düşərək ölüm düşərgəsinə aparılmış baş qəhrəmanlardan biri, gocaman kommunist Mostovskoy ilə düşərgənin komendantı, SS Stumbahnführeri Liss’in dialogu xarakterikdir. Komendant həmən söhbət əsnasında iki totalitar sistemin biri-birinin güzgüsü olması haqda fikirlərini kommunistə deyir: “Biz sizinlə eyni yolları gedirik və çirkli işdən iyrənmirik... Müəllim, siz hər zaman bizi öyrədəcək və bizdən öyrənəcəksiniz. Bərabər düşünəcəyik.”
Bu əsərdə Hitleri xarakterizə edəcək formula, nasional-sosialist cəmiyyətinin sosial-mental nərdivanı kimi həmin Sturmbahnführer Liss’in fikirləri şəklində məharətlə verilmişdir:
Onun fikrincə cəmiyyətin ilk təbəqəsi: birincilər, sosial aşağılar, “əsgərlər” idi – bunlar nasional-sosializmə, losunqlara, Hitler və Goebbelsin, qəzetlərdən oxuduqları və radiodan eşitdikıəri sitatlarına sədaqətli köpək təkin inanır və bu idealları uğrunda ölümə getməyə can-başla hazır olanlar idi.
İkincilər, xırda burjuaziya, “unter-zabitlər” - bunlar da nasizmə inanır, onun bərgərar olmasını, dünya ağalığı da arzulayır, lakin... bunun yolunda ölümə getməyə çox da tələsmirdirlər... qınamayın, şirin şeydi axı.
Üçüncülər – elita, ali təbəqə, “generalitet” – bunlar ən ali və kübar təbəqə olaraq, təbii ki, heç bir şeyə inanmır, dünyaya sinik nəzərlərlə baxır, heç bir şeyin umurunda olmayaraq nəyinsə uğrunda ölüm haqda ümumiyyətlə düşünmürdülər. Sadəcə konyukturaya, ali siyasi rəhbərliyin əmrlərinə tabe olaraq ümumi xəttdən çox da kənara çıxmırdılar, çox zaman bu onların xoşuna gəlməsə də.
Dördüncü mərtəbəyə isə yalnız Hitler daxil idi – o da öz elitası kimi çox sinik, ideologiyadan, xüsusilə irqçilik və antisemitizmdən sırf siyasi alət kimi istifadə edirdi. Lakin onun bu gedonistik elitadan fərqi onda idi ki, o dərin bir məkr içərisində olmasına rəğmən , həmin bu ideyaların uğrunda fanatikcəsinə ölümə nəinki özü gedər, hətta bütöv bir xalqı da buna rahatca sürüklərdi. Ən təhlükəli və anlaşılmaz da əvvəlki qrupların aydın motivasiyasından bununla fərqlənməsində idi. Bu cür fanatik inama Liss cəmiyyətin ən aşağı təbəqəsində, belə sinizm və məkrə isə yalnız lap üst elitalarda rastlamışdı. Milyonları asanca ram edə biləcək sehrli çubuğun ixtiraçısı olan bu maq, ali kahin, führer ən sadə doqmalara özü də fanatikcəsinə inanırdı.
Beləcə Hitler irrasional qüvvələrin canlı təcəssümü kimi çıxış edir və kabus təkin totalitar cəmiyyətin qalan bütün təbəqələrini hipnoz və ram edirdi.
* * *
2010-cu ilin dekabrında alman ordusu Fransanın icazəsi ilə birgə hərbi təlimlər üçün Elzasa daxil oldu. Bununla da 1945-ci il faciəsinə, üstündən düz 65 il keçəndən sonra məntiqi nöqtə qoymaq mümkün oldu. Uğrunda və ərazisində min ilə yaxın rəqabət aparılan (lənətli) torpaqda keçmiş rəqiblər Avropa Birliyi çərçivəsində birgə təlimlər keçirdi. Almaniya ilə Fransanın xüsusi strateji tərəfdaşlığı bununla bir daha və uğurla sübuta yetirildi.
Amma istənilən halda Almaniyanın müharəbədən əvvəlki nüfuzu bərpa edilə bilməz, alman dili və kültürünün bütün Mərkəzi Avropa, Balkanlar və Skandinaviyadakı şəksiz dominantası əbədilik çox-çox keçmişlərdə, müharibədən əvvəlki dövrdə qaldı. Führer hipnozu almanlara çox baha başa gəldi.
Bizimsə faciəmizdən isə hələ ki, 20 ildən artıq bir zaman keçir...