Ərdoğan: "...Bizdən sərhədlərimizi açmağımızı gözləmələri əbəsdir"

Ərdoğan: "...Bizdən sərhədlərimizi açmağımızı gözləmələri əbəsdir"
18 Sentyabr 2018
Mətni dəyiş

“Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Məncə, dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, bu qədər bir-birinə arxa-dayaq olsun. Biz uğurlu iqtisadi əməkdaşlıq edirik. Ticarət dövriyyəsi artır. Azərbaycandan Türkiyəyə, Türkiyədən Azərbaycana milyardlarla dollar həcmində sərmayə qoyulur. Təkcə Azərbaycanın Türkiyəyə qoyduğu və qoyacağı sərmayə 20 milyard dollara bərabərdir”.

Bu açıqlamanı Azərbaycan prezidenti İlham Əliyev mayın 15-də Bakının azad olunmasının 100 illiyi ilə bağlı keçirilən hərbi paradda səsləndirib.

Prezident xatırladıb ki, 100 il bundan əvvəl Nuru paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusu və Azərbaycan Milli Ordusunun birgə əməliyyatı nəticəsində Bakı işğalçılardan azad edilib:

“Bir gündən çox davam edən şiddətli döyüşlərdə bizim əcdadlarımız əsl qəhrəmanlıq, şücaət göstəriblər. Bu tarixi zəfərdən iki gün sonra Azərbaycan hökuməti Gəncədən Bakıya gəlmiş və Bakı Azərbaycan dövlətinin paytaxtı elan edilib. Bizim qədim şəhərimiz, Azərbaycan xalqının qədim şəhəri Bakı öz əsl sahibinə qayıdıb. Nuru paşanın, Qafqaz İslam Ordusunun, bütün qardaşlarımızın qəhrəmanlığı, dostluğu, qardaşlığı unudulmazdır, əbədidir, bizim qəlbimizdə daim yaşayacaqdır”.

Azərbaycan prezidenti bildirib ki, Azərbaycan ordu quruculuğu sahəsində də böyük uğurlar əldə edib. Onun bildirdiyinə görə, bu gün Azərbaycan Ordusu beynəlxalq reytinqlərdə dünya miqyasında 50 ən güclü ordu sırasındadır.

İlham Əliyev bildirib ki, gün gələcək dövlət bayrağı Azərbaycanın işğal altında olan bütün torpaqlarında qaldırılacaq.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da 100 il öncə baş verənlərə toxunub:

“Türkiyə Azərbaycan uğrunda 1132 şəhid verib... Türkiyə və Azərbaycan tarixi bir, mədəniyyəti bir, dili bir, dini bir iki qardaş ölkədir... ”.

Rəcəb Tayyib Ərdoğan deyib ki, indi Türkiyə Azərbaycanın sadəcə siyasi, hərbi deyil, eyni zamanda, ticarət, iqtisadiyyat, mədəniyyət və digər bütün sahələrdə ən mühüm tərəfdaşıdır. O vurğulayıb ki, müstəqilliyini bərpa etdikdən bəri Türkiyədə təhsil almış azərbaycanlıların sayı 125 mindən çoxdur. Onun deməsinə görə, hazırda 15 mindən çox azərbaycanlı tələbə Türkiyə universitetlərində təhsil alır.

Rəcəb Tayyib Ərdoğan Azərbaycanın ən böyük problemi sayılan Dağlıq Qarabağ məsələsinin onlardan ötrü də eyni dərəcədə ağrılı problem olduğunu söyləyib:

“Türkiyə olaraq problemin həlli üçün Azərbaycanın göstərdiyi səyləri sonadək dəstəkləməyə davam edəcəyik. İllərdir vətən həsrəti ilə ömür sürən bir milyondan çox qardaşımızın intizarına artıq son qoymaq vaxtıdır. Qardaş Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayanların, bir milyondan çox qardaşımızın öz vətəninə qayıtmasına mane olanların bizdən sərhədlərimizi açmağımızı gözləmələri əbəsdir. Türkiyənin bu məsələdə mövqeyi məlumdur, aydındır, dəqiqdir. Əvvəla, bu məsələdə addım atmalı olan tərəf işğalçılardır, bir milyon qardaşımızın qəlbini doğma vətən həsrəti ilə yandıranlardır. Əlbəttə, biz bütün qonşularımızla yaxşı əlaqələr qurmağı və davam etdirməyi arzu edirik. Amma Dağlıq Qarabağ probleminin həlli Ermənistanla əlaqələrimizin bərpasının ən vacib şərtidir. Bunu hamı bilməlidir... ”.

100 il əvvəl, sentyabrın 15-də Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusunun Bakını “ Sentrakaspi” hakimiyyətindən və daşnak silahlı birləşmələrinin işğalından azad etdiyi bildirilir. Bu hadisənin 100 illiyi ilə bağlı 2018-ci il sentyabrın 15-də Bakıda təntənəli hərbi parad keçirilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bu paradda iştirak edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun