Rauf Mirqədirov
Türkiyənin milli valyutası ABŞ-la davam edən siyasi gərginlik fonunda sürətlə ucuzlaşmaqdadır.
Söhbət yalnız nazirlərə qarşı qarşılıqlı sanksiyalardan getmir. Əslində Vaşinqtonun Türkiyə hökumətinin iki nazirinə qarşı tətbiq etdiyi sanksiyalar "cızığından çıxmış" prezident Rəcəb Tayyib Ərdoğana xəbərdarlıq, dünya bazarlarına və aparıcı beynəlxalq oyunçulara ABŞ-Türkiyə münasibətlərində yeni mərhələnin başlanması ehtimalının gerçəkliyi haqqında ciddi bir mesaj idi.Vaşınqton bu xəbərdarlığa rəsmi Ankara tərəfindən adekvat reaksiya gözləyirdi.
ƏRDOĞAN "ŞİR ÜRƏYİ YEYİB"
Ərdəğansa "şir ürəyi yediyini" nümayiş etdirməyi qərara aldı. ABŞ hökumətinin iki üzvünə qarşı analoji sanksiyalar tətbiq olundu. Və bundan sonra son illər onsuz da sabitliyi ilə fərqlənməyən türk lirəsi dəyərini sürətlə itirməyə başladı. Türk lirəsinin dəyərdən düşməsilə bağlı "iqtisadi müharibəyə" qarşı vuruşacağını bəyan edərkən ABŞ prezidenti Türkiyədən idxal edilən polad və alüminiuma tariflərin qaldırılacağını bildirib.
Türkiyə maliyyə naziri Berat Albayrak, iqtisadiyyatın inkişafına yönələn planlarını elan etdiyi gündə Donald Tramp da Türkiyəyə qarşı yeni tədbirlər barədə tvitini yayıb.
"Onların valyutası, Türk lirəsi bizim çox güclü ABŞ dollarına nisbətdə sürətlə aşağı enərkən, mən polad və alüminium tariflərinin ikiqat artırılmasına dair qərar verdim", - deyə Donald Tramp tvitində yazır.
"Alüminium 20% polad isə 50% olacaq. Hazırda bizim Türkiyə ilə əlaqələrimiz yaxşı deyil!".
Trampın "səmimiliyinə" söz ola bilməz. O, açıq şəkildə etitaf edir ki, Türkiyəyə qarşı tətbiq olunan sanksiyaların ABŞ iqtisadi maraqları ilə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq, Türkiyə, daha doğrusu desək, Ərdoğan onun sözünü eşitmək istəmir.
Nəticədə, 10 avqust cümə günü Türkiyənin yeni tarixində görünməmiş valyuta təlatümü ilə yadda qaldı.
Virtualaz.org xəbər verir ki, günə 5,55 TL məzənnəsi ilə başlayan ABŞ dolları artıq ilk saatlarda birjalarda əsl təşvişə səbəb oldu. Cəmi bir neçə saat ərzində dollar 6 TL səviyyəsini keçdi.
Maraqlıdır ki, ölkənin maliyyə naziri Berat Albayrakın Türkiyənin yeni iqtisadi modelini təqdim etdiyi dəqiqələrdə birjada ABŞ valyutası tarixi rekorda imza atdı - 6,83 TL. Daha sonra Amerika dolları bir qədər geriləyib 6,41 TL səviyyəsinə endi.
Dəyərinin təqribən 12 faizini itirdikdən sonra ABŞ dollarına nisbətdə 6,30 səviyyəsinə enən türk lirəsi öz tarixi rekordunu yeniləyib. Lirə avroya nisbətdə də 8 faiz ucuzlaşıb.
Xatırladaq ki, şənbə və bazar günləri birjalar işləmirdi.
Türkiyədə dolların durmadan bahalaşdığı bir vaxtda prezident Rəcəb Tayyib Ərdoğan məmləkəti Rizəyə səfər edib və xalqı "təmkinli olmağa" çağırıb və deyib:"Bizə qarşı müxtəlif kampaniyalar aparılır. Bu kampaniyalara qulaq asmayın. Onların dollarları varsa, bizim də xalqımız, haqqımız, Allahımız var".
Əgər Ərdoğanın ümidi Allaha qalıbsa, onda vay Türkiyənin halına. Bəziıləri deyəcklər ki, Mirqədirov yenə küfr danışır. Dindar olmasam da, Yaradanın mövcudluğuna inanıram. Amma məsələ bunda da deyil. Allah buyurduğu odur ki, "Səndən hərəkət, məndən bərəkət". Başqa sözlə desək, Yaradan bizim üçün yalnız imkanlar yaradır, yol göstərir. Bu imkanlardan nə cür istifadə edəcəyimiz bizim qərarlarımızdan, atdığımız addımlardan asılıdır. Xristianlıqdan fərqli olaraq, "hər şey Allahın əlindədir" tezisi islam ideologiyasının məntiqi əsaslarına ziddir. İslama görə, seçim bütün hallarda insana məxsusdur.
Ərdoğanı hərəkətsizlikdə ittiham etmək günah olardı. Qətiyyətli siyasətçidir, məsuliyyəti öz üzərinə götürüb seçim etməkdən qoxmur. Siyasətçi üçün çox vacib keyfiyyətdir. Bir şərtlə ki, siyasətçinin seçimi düzgün olsun.
2014-cü ilin aprelinə qədər Türkiyədə yaşamışam. 2014-cü ilin aprelində bir dollar cəmi iki lirəyə dəyişdirilirdi. Minimum əmək haqqı cəmi 900 lirə idi, yəni, 450 dollar. Bu gün minimum əmək haqqı 2030 lirə, yəni, cümə gününün məzənnəsi ilə hesablasaq, ən yaxşı halda 340 dollardır. Qeyd etmək istəryirəm ki, hesablamalarım təxminidir və bir qədər Ərdoğanın xeyrinə "saxtalaşdırılıb". Amma xeyri yoxdur. Atalar demişkən, "kor-kor, gör-gör".
Bu gün 2014-cü illə müqayisədə lirə dollardan 3 dəfə ucuzdur. Minimal əmək haqqı 2014-cü ildəkindən ən azı 100 dollar azdır.
10 il bundan əvvəl Ərdoğan bütün iqtisadi problemlərdə əvvəlki hökuməti ittiham edərdi. Qismən də olsa, haqlı olardı. Amma 16 il hakimiyyətdə olandan sonra bu gün qarşılaşdığın iqtisadi problemlərdə özündən əvvəlkiləri qınamaq heç bir əndazəyə sığmır.
Ona görə də Ərdoğan "dış düşmən" axtarışına çıxıb. Dolları, əslində isə ABŞ-ı Türkiyənin düşməni elan edir. Yadıma "Axırıncı aşırım" filmindən Kərbəlayı ilə Abbasqulu bəy arsasındakı dialoq düşdü:
- Papağını qoy qabağına, bir yaxşı-yaxşı fikirləş... Topxanan yox, cəbhəxanan yox... - Namusumuz, qeyrətimiz var, bəy...
Adil hökmdar ən azından əliyalın xalqını qırğına verməz, topxanası, cəbhəxanası olan düşmənin qarşısına çıxarmaz. Millətinin, xalqının namusunu, qeyrətini çəkən hökmdar belə bir gücün düşmən deyil, dost olmasına çalışar.
Ərdoğan isə son illər ərzində, məncə, bilərəkdən bütövlükdə Qərbin, o cümlədən, ABŞ-ın Türkiyənin düşməninə çevrilməsi üçün əlindən gələni etdi. Özü də onu nəzərə almaq lazımdır ki, Avropa Birliyindən fərqli olaraq, ABŞ həmişə Türkiyəni dəstəkləyib. Ən azı Trampla Ağ Ev həmişə Türkiyənin Avropa Birliyinə qəbulu prosesini sürətləndirməyə çağırıb. Türkiyə ixracatı üçün güzəştli rejim tədbiq edib. İndi isə Tramp bu güzəştlər rejiminin ləğvi prosesinə başlayıb.
Əslində, Ərdoğan Türkiyədə hakimiyyətə gələn kimi ABŞ ilə münasibətlərin təftişinə başladı. Türkiyə 2003-cü ildə Qərb dövlətlərinin İraqa müdaxiləsində iştirak etməkdən imtina etdi. Özü də müsəlman həmrəyliyini bəhanə gətirərək. Nəticədə, ABŞ İraq kürdlərini özünə müttəfiq seçdi. İraqın şimal-qərbində faktiki müstəqil kürd dövləti yaradıldı, özü də əzəli türkman torpaqlarında türkmanların maraqları nəzərə alınmadan. Türkmanların bu əraziləri tərk etməsi prosesi başladı. Bir sözlə, Ərdoğan İraq türkmanlarını, yəni, "qan qardaşlarını" "müsəlman həmrəyliyinə" qurban verdi. Əvəzində isə neftin İraq Kürdüstanından ixracında, özü də rəsmi Bağdadın razılığı olmadan, bəhrələndi.
Vaşinqtonda AKP liderinin bütün bu "özbaşınaqlıqlarını" xırda şıltaqlıq kimi qiymətləndirir və Ərdoğanı dəstəkləməkdə davam edirdilər. Prezident seçkiləri ərəfəsində keçirilən diskussiyalardan birində ərdoğançı millət vəkillərindən biri ABŞ ilə "camaatın", yəni, gülənçilərin Türkiyədə hərbçilərin hegemonluğuna con qoyulmasında Ərdoğana yardımçı olduqlarını birbaşa efirdə etiraf etdi.
Ərdoğan Vaşinqtona özünəməxsus şəkildə minnətdarlığını bildirdi. Yenə də "müsəlman həmrəyliyi" və Fələstin ərəblərinə dəstək adı ilə regionda yeganə müttəfiqi olan İsraillə münasibətləri demək olar ki, düşmənçilik səviyyəsinə çatdırdı. İrana qarşı tətbiq edilmiş sanksiyaları pozaraq, bu ölkədən enerji daşıyıcıları ixrac etdi. Bunu da əvvəlcə ciddiyə almadılar. Vaşinqton yenə də Ərdoğanı dəstəkləməkdə davam edirdi.
Suriyada Bəşər Əsəd rejiminin devrilməsi üçün hərbi müxalifəti təşkilatlandırmaq vəzifəsi Türkiyəyə tapşırıldı. Bu reqionda Türkiyənin nüfuzunu artırmaq, kürd faktorunun təsirini azaltmaq, heç olmasa bu dəfə Suriya türkmanlarının təhlükəsizliyini təmin etmək üçün çox gözəl fürsət idi. Amma Türkiyə bu vəzifənin də öhdəsindən gələ bilmədi. Suriyada təşəbbüs "İslam dövlətinin" əlinə keçdi.
Vaşinqton Ərdoğanın bu "günah"ından da keçdi. İraqdakı kürd muxtariyyətinin müstəqilliyinin tanınması prosesini reqiondakı ən yaxın müttəfiqi İsrailin maraqlarının ziddinə olaraq, dəstəkləməkdən imtina etdi. Nəticəsi nə oldu?...
Türkiyə faktiki olaraq Suriyada Qərb koalisiyasını tərk edib Rusiya-İran cütlüyünə qoşuldu.
Ankara rəsmi şəkildə bəyan etdi ki, Türkiyə ABŞ-ın İrana tətbiq edəcəyi sanksiyalara qoşulmayacaq və bu ölkədən enerji daşıyıcılarının ixracını dayandırmayacaq. Demə, Türkiyə İran qazı olmadan keçinə bilməzmiş.
2017-ci ildə Türkiyə 53,49 mlrd. kubometr təbii qaz istehlak edib. Bunun 28,64 mlrd-nı Rusiyadan, 9,25 mlrd-nı İrandan və nəhayət, 6,54 mlrd-nı Azərbaycandan idxal edib. Bəsit hesablamalar göstərir ki, Türkiyə qaza olan ehtiyaclarının yalnız 16% yaxınını İranın hesabına ödəyir. Türkiyənin ətrafında enerji daşıyıcıları ixrac edən kifayət qədər ölkənin olduğunu nəzərə alsaq, Ankaranın İrana qarşı sanksiyalara qoşulacağı təqdirdə, bu kəsiri digər mənbələrin hesabına ödəməyin o qədər də çətin olmayacağına təminat vermək olar.
Mən hələ NATO-nun aparıcı dövlətlərindən biri olan Türkiyənin Rusiyadan S-400 raket sistemini almaq planlarını yada belə salmıram.
Bütün bunlar azmış kimi, Türkiyə ABŞ vətəndaşlarını həbs etməyə başlayıb. Özü də dövlət çevrilişi cəhdində iştirak ittihamı ilə.
Bundan sonra Vaşinqtonun səbr-kasası daşsın-daşmasın?!!!
TÜRKİYƏ İRANIN GÜNÜNƏ DÜŞƏ BİLƏR
Ərdoğan maliyyə kapitalını sevmir. Bunu da başa düşmək olar. "Kazığ alveri" ilə məşğul olan maliyyə kapitalı həm siyasətdə, həm də iqtisadiyyatda liberal mühitin təşəkkülündə maraqlıdır. Liberal mühit isə AKP hakimiyyəti üçün ən böyük təhlükədir. Ona görə də Türkiyədə banklara qarşı "cihad" elan edilib.
Bundan başqa, sanki Türkiyə mallarını satış bazarlarından məhrum etmək üçün hər şey edilir. Elə bil ki, qəsdən Türkiyə iqtisadiyyatının əsaslarını sarsıtmaq istəyirlər.
Əvvəla, maliyyə kapitalına münasibətdən başlayaq. BBC ekspertlərinin fikrincə, bazarlarda narahatlığa daha çox səbəb olan cənab Erdoğanın Türkiyənin monetar siyasəti barədə söylədikləridir.
May ayında Londona 3 günlük səfəri zamanı prezident Ərdoğan böyük şirkətlərin yüksək rütbəli təmsilçiləri, bankirlər və investorlarla görüşüb. O, eləcə də Bloomberg televiziyasına geniş müsahibə verib.
Türkiyənin Mərkəzi Bankının müstəqilliyi və artan institusional zəifliyindən narahat olanları sakitləşdirmək əvəzinə, cənab Ərdoğan iyun seçkilərindən sonra monetar siyasət üzərində nəzarətini gücləndirəcəyini vəd edib.
Bundan sonra Türkiyə prezidenti bank faizlərini "şeytan əməli" adlandıraraq onların kəskin şəkildə aşağı salınmasının qaçılmazlığını vurğuladı. Ərdoğanın ekstraordinar iqtisadi baxışları, yüksək bank faiz dərəcələrini inflyasiyanın cilovlanması aləti yox, onun səbəbi sayması və faiz dərəcələrinin müəyyənləşdirilməsinə siyasi müdaxilənin artacağı perspektivi türk lirəsını dərhal aşırdı.
Fitch kredit reytinqi agentliyi Türkiyəyə dair özünün sonuncu hesabatında qeyd edib:"Türkiyədə monetar siyasət uzun müddət siyasi məhdudiyyətlərə məruz qalıb, lakin mərkəzi bankın müstəqilliyinin aydın görünən məhdudlaşdırılması təhlükəsi siyasət səmərəliliyi və siyasətseçmə mühiti üçün riskləri artırır".
Prezident və onun iqtisadi müşavirlərinin verdiyi bəyanatlar xarici investorları, göründüyü kimi, çətin vəziyyətə salır. Ərdoğanın sadiq tərəfdarlarının iddia etdiyinə görə, Türkiyə, prezident müşavirlərindən birinin dediyi kimi, "qlobal imperializmin" maliyyə hücumuna məruz qalıb.
Bankları "qlobal imperializmin cəsusu", bank faizlərini isə "şeytan əməli" elan etməklə Ərdoğan sosial bazasını genişləndirməyə çalışır. Problem ondan ibarətdir ki, sıravi vətəndaşlar yüksək bank faizlərindən doğrudan da əziyyət çəkirlər. Onların bir çoxu banklardan aldıqları kreditləri geri qaytarmaq iqtidarında deyillər. Nəticədə bir çoxlarının olan-qalan mülkiyyətlərini itirmək təhlükəsi var. Banklara cihad elan etməklə Ərdoğan bu kütlənin dəstəyini qazanmış olur.
İkincisi, Ərdoğan Türkiyəni ənənəvi ixracat bazarlarından məhrum edir.
Türkiyənin beynəlxalq ticarətdə kəsiri mövcuddur, idxal ixracdan daha çoxdur. Başqa sözlə, Türkiyə qazandığından daha çox xərcləyir. Əslində bu, qeyri-adi və təhlükəli bir şey deyil. Lakin Türkiyənin kəsiri olduqca böyükdür: ötən il bu, milli gəlir və ya ÜDM-dən 5,5% çox olub.
Problem ondan ibarətdir ki, yaxın gələcəkdə ödənilməli yüksək dərəcədə borc mövcuddur. Maliyyə bazarlarının təbirincə desək, borc yenidən maliyyələşdirilməlidir. Kredit reytinq agentliyi Fitch, Türkiyənin bu il üçün ümumi maliyyə ehtiyaclarının 230 milyard dollar olduğunu təxmin edir.
Onu da nəzərə almaq lazımdır ki, əksər türk şirkətləri borclarını xarici valyuta ilə götürüblər. Milli valyuta aşağı düşərsə - ki bu, artıq baş verib - borclar daha da bahalaşacaq.
Məzənnənin zəifliyi Türkiyədəki inflyasiya problemini də kəskinləşdirir. Zəif lirə idxalı daha da bahalaşdırır.
Bütün bu problemlər ixrac bazarının genişləndirilməsi zərurətini yaradır. Türkiyə Statistika İnstitutunun hesabatına görə, 2017-ci ildə ixracat 10,2% artaraq 157 mlrd. çatıb. İxracatın demək olar ki, 50% Avropa Birliyinin payına düşür. Türkiyə AB ilə ticarətdə müsbət saldoya malikdir. 2017-ci il üçün Rusiya və Çin Türkiyə ixracatında heç birinci beşliyə belə daxil deyildilər. Əvəzində Çin Türkiyə idxalında birinci, Rusiya isə üçüncü yeri tutur. Dünya bazarlarında enerji daşıyıcılarının qiymətləri indiki kimi qismən yüksək səviyyədə qalarsa, bu tendensiya yaxın gələcəkdə də davam edəcək.
Bu isə o deməkdir ki, Türkiyə xarici ticarət balansındakı kəsiri qapatmaq üçün AB ölkələri, ABŞ və Kanadayla, inkişaş etməkdə olan ölkələrlə ticarəti genişləndirməkdə maraqlı olmalıdır. Onu nəzərə almaq lazımdır ki, Dünya bazarlarında türk mallarının rəqabət qabiliyyətini təmin edən texnologiyalarla Türkiyəni məhz Qərb ölkələri təmin edirlər. Bu texnologiyaları əldə etmək imkanından məhrum olarsa, Türkiyə indiki İrandan daha ağır vəziyyətə düşəcək. Çünkü İrandan fərqli olaraq, Türkiyənin Dünya bazarlarına satışa çıxara biləcəyi enerji daşıyıcıları yoxdur.
Qərb dövlətləri ilə münasibətləri gərginləşdirməklə, Ərdoğan bir tərəfdən Türkiyəni əsas ixracat bazarlarından təcrid edir, digər tərəfdənsə yeni texnologiyaların əldə olunması imkanlarını məhdudlaşdırır. Unutmaq lazım deyil ki, bir çox AB ölkələri ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi və edə biləcəyi iqtisadi sanksiyaları böyük məmnuniyyətlə dəstəkləməyə hazırdırlar.
Yerli məzənnə üzrə 10 illik kreditin illik faizi artıq 18-ə bərabərdir. Hətta dollarla borc almaq belə bahalaşıb 7%-ə çatıb.
Türk valyutası lirə, ilin əvvəlindən bəri ABŞ dollarına münasibətdə dəyərini 50% itirib.
Fond birjası 17 faiz və ya dollarla hesablasaq, 40% aşağı enib.
Yaradan Ərdoğana görə bazar qanunlarını dəyişən deyil. O belə xırda məsələlərlə nəşğul olmur. Yalvarmağa da dəyməz.
ABŞ-ı Türkiyənin özünə yeni dostlar və müttəfiqlər tapacağı ilə təhdid etmək olar. Bu təhdidi hətta gerçəkləşdirmək də olar. Amma nəticəsi nə olacaq? Ac-yalavac Türkiyə. Rusiyanın dostları və müttəfiqləri arasında başqaları yoxdur...