Cəmil Həsənli
Totalitar rejimlərin əsas təqib hədəflərindən biri də satirik şairlərdir. Nikolay padşah totalitar olmadığı üçün Mirzə Ələkbər Sabir öz satirik şerlərini sabun bişirb satdığı dükanda da yazırdı. İndiyə qalsaydı əlbəttə, ölkəni satiraya çevirmiş İlham Əliyev nəinki Mirzə Ələkbəri, Tahirzadə soyadında olan bütöv bir nəsli damlatdırardı. Məşhur satirik Baba Pünhan yazırdı:
Verməz heç kim iş bizə,
İş verməsə hakim bizə!
Elə bu sətirlər yazılanda hakimlər artıq ölkənin iki məşhur satiriklərinə: Mirzə Sakit və Tofiq Həsənliyə iş vermişdi. Tanınmış satirik Tofiq Həsənli yazdığı tənqidi şerlərinə görə birinci dəfə saxta narkotika ittihamı ilə 2005-ci ildə 3 il həbs cəzası almışdı. Amma həbsdən azad olunandan sonra da 37 kabusu həmişə onun başı üzərində dolanırdı. Bu təhlükəni şair bir beytində belə ifadə edirdi:
Başımız üstə əsrlər boyu şelləndi papaq,
Bərk yapışmışdıq,"37"də yelləndi papaq.
Bütün fəaliyyətin oğurluq üzərində qurun Azərbaycan hakimiyyəti 2015-ci ilin oktyabr ayının 12-də yenidən Tofiq Həsənlini oğurladı. Bu zaman Tofiq bəy artıq çox məşhurlaşmışdı. Onun İlham Əliyev rejimini ifşa edən satirik şerləri “Millətin səsi” və “Xural” qəzetlərində, xüsusi ilə öz ifasında youtube şəbəkəsində geniş pərəstişkarları üçün müalicəvi məzmun kəsb etməyə başlamışdı. Tofiqin şerləri getdikcə siyasi məzmun kəsb etməyə başlayırdı: Milli Məclis seçkilərinin saxtalaşdırılması, Məclisin millətdən uzaq düşməsi ilə bağlı o, yazırdı:
Ay yalan məclisdə yalan vəkillər,
Ay yanan millətə yaman vəkillər,
Ay bizə gözünü yuman vəkillər,
Bizsiz etdiyiniz seçimə lənət!
[caption id="attachment_67927" align="aligncenter" width="815"]
Tofiq Həsənli[/caption]
Tofiqin ikinci həbsi 2015-ci ilin saxta parlament seçkiləri ərəfəsində oldu. Oktyabrın 12-də oğurlanan şairdən 3 gün səs soraq çıxmadı. Face şəbəkəsində şairin oğlundan xəbəri olmaya yaşlı anasının fəryad qoparan müraciəti yayıldı. Sonra DİN məlumat verdi ki, Tofiqin Qala kəndində olan kiçik dükanında axtarış zamanı həm dükandan, həm də şairin cibindən narkotika çıxıb. Necə də çıxmasın,Tofiqin ifşaedici satirik şerləri populyarlıq qazanandan sonra, axı DİN “narkobaronları” bir neçə ay idi ki, bir torba narkotika ilə onu qarabaqara izləyirdilər. Saxta bir ittihamla Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2016-cı ildə qanunsuz olaraq küllü miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satmada təqsirli bilib 6 il müddətinə Tofiq Həsənlini azadlıqdan məhrum etdi. İndi 3 ilə yaxındır ki, bu azad sözün təmsilçisi saxtadan saxta bir ittihamla həbsdədir. Şair və narkotika məsələsi sovetlərin 50-ci illərində baş vermiş bir həbs hadisəsin yadıma saldı. Deməli Sovet Təhlükəsizlik orqanları tərəfindən 1947-ci ilin martında gizli şəkildə Bakıya qaçırılan Güney Azərbaycan Milli Hökumətinin Maarif Naziri olmuş şair (bir az da satirik) Məhəmməd Biriyanı antisovet şerlərinə görə 1957-ci ildə 3-cü dəfə həbs etmək məsələsi ortaya çıxanda Bakı KQB-si ilə Moskva KQB-si 3 ay yazışdılar ki, onu necə tutsunlar. Bütün dünyaya cinayət toru toxuyan sovet təhlükəsizlik orqanlarının heç ağlına da gəlmədi ki, İrandan gəlmiş, qəlyan çəkən Məhəmməd Biryanın evinə, ya cibinə narkotika atsınlar. Onun antisovet şerlərini çoxaldıb “Torqovidə” adam çox olan bir dükanda cibinə qoydular və həmin şerləri “hal şahidlərinin” iştirakı ilə aktlaşdırıb Biriyanı həbs etdilər. Dünyanın ən antihumanist dövləti olan SSRİ belə, öz vətəndaşlarının cibinə narkotika atmağı öz ləyaqətinə sığışdırmırdı. 50-60 il sonra İlham Əliyev ölkənin Tofiq Həsənli (və bir çoxları) kimi istedadlı, ləyaqətli, namuslu vətəndaşlarını məhz belə cibinə narkotika atmaq kimi ləyaqətsiz üsullarla həbs etdirib ölkəni bütün dünyada rüsvay etdirir. Hə, yeri gəlmişkən Biriya o həbsdən də salamat qayıtdı. Sonuncu dəfə onu Heydər Əliyevin dövründə Tambova sürgün etdilər və o, da Tambovdan Heydər Əliyevə bir həcv yazıb göndərmişdi. Həcv belə başlayırdı:
Söylə bir Heydər ağa,
Təbriz hara, Tambov hara!
Sovet İttifaqında 5 həbs və uzunmüddətli sürgün həyatı keçirən Məhəmməd Biriya İslam inqilabından sonra 1980-cı ildə Təbrizə dönə bildi, 6-cı həbs həyatın orada keçirdi və elə “azad” edildikdən sonra zindanın həyətində keçindi. Amma Əliyev zindanından satirik şair Tofiq Həsənlinin salamat çıxmasına çox az ümid var.