Şahin Cəfərli
Azərbaycan 5 il Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunub. 1999-cu ildə Müqavilənin uzadılması haqqında Protokola imza atmayaraq təşkilatdan ayrılıb.
Bu gün deyənlər var ki, torpaqlar qayıdacaqsa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulaq, onsuz da formal qurumdur, heç nə itirmərik.
Əvvəla, məsələ bu qədər bəsit olsaydı, yəqin ki, 5 il ərzində bu istiqamətdə hansısa nəticə əldə edilərdi və Heydər Əliyev qurumdan çıxmaq barədə qərar verməzdi. Ümumiyyətlə, işğalçı ilə işğala məruz qalan ölkənin eyni hərbi ittifaqda təmsil olunub müttəfiqə çevrilməsi absurddur.
İkincisi, bizim hazırda KTMT-yə üzv olmağımız üçün Ermənistanın razılığı lazımdır. Aydındır ki, Rusiya qərar verdikdən sonra Ermənistan dirəniş göstərə bilməz, amma hər halda, Ermənistanı küsdürməmək, özündən itələməmək üçün Moskva bu durumda məsləhət görəcək ki, hər ikiniz masaya oturun və razılığa gəlin. Üstəlik, nəzərə almaq lazımdır ki, 2020-ci ilə qədər təşkilata Ermənistan təmsilçisi rəhbərlik edəcək.
Üçüncüsü, Rusiya işğal olunmuş torpaqları bizə qaytarıb, ədalətli sülhü təmin edəcəksə, bu halda Ermənistan yəqin ki, KTMT-də qalmayacaq və dərhal Qərbə sığınacaq. Ermənistanı itirib Azərbaycanı əldə etməklə, strateji mənada Rusiya elə bir üstünlük qazanmır, əksinə, Gürcüstandan sonra Ermənistan da əlindən çıxmış olur və Cənubi Qafqazda mövqeləri xeyli zəifləyir.
Dördüncüsü, ciddi beynəlxalq nüfuzu və çəkisi olmasa da, KTMT formal qurum deyil, Rusiyanın yaradıb, liderlik etdiyi və üzv ölkələr qarşısında öhdəliklər qoyan hərbi blokdur. Bu gün üzv ölkələrin hamısının ərazisində Rusiyanın hərbi kontingenti var. Sabah Moskva gəlib Azərbaycanda hərbi baza yaratmaq istəsə, yox demə lüksünə sahib olmayacağıq. Siz əgər bu təşkilata könüllü, öz xahişinizlə üzv olursunuzsa, deməli, onun lideri və digər üzvləri ilə inteqrasiyada problem görmürsünüz. Hansı məntiqlə "bura gəlmə" deyəcəksiniz?
Beşincisi, kim nə deyirsə desin, KTMT üzv ölkələrin (onların hökumətlərinin) müstəqilliyini müəyyən qədər məhdudlaşdıran bir qurumdur və Azərbaycan hökumətinin indiyədək bu qurumdan uzaq durmasının əsas səbəbi də budur. KTMT Rusiyanın "NATO"sudur, Avrasiya İqtisadi İttifaqı isə Moskva tərəfindən Avropa Birliyi praktikası örnək alınaraq formalaşdırılıb. Bu ikisi bir-birini tamamlayan siyasi, iqtisadi, hərbi inteqrasiya layihələridir, vahid iqtisadi və təhlükəsizlik məkanı əmələ gətirir. Avrasiya İttifaqı + KTMT faktiki, SSRİ-nin başqa forma və məzmunda reinkarnasiyası deməkdir. Müstəqilliyin məhdudlaşdırılmasına razı olub, torpaqları almaq heç də uğurlu fikir kimi görünmür. Hələ bunu bizə təklif edən, vəd edən varmı, o da ayrı bir sualdır.
Altıncısı, KTMT üzvlüyü bu qurum daxilində indiyədək qəbul olunmuş bütün qərarlara qoşulmaq deməkdir. Bu qərarların hamısının bizim maraqlarımıza uyğun olduğuna əminikmi? Gərək XİN-in, Müdafiə Nazirliyinin və digər qurumların mütəxəssislərindən ibarət xüsusi qrup yaradılsın və onlar KTMT-nin bütün sənədlərini araşdırıb, öyrənsinlər ki, nə var, nə yox. Bu da asan proses deyil.
Nəhayət, KTMT və Avrasiya İttifaqına qoşulmaq o mənaya gəlir ki, biz ötən müddətdə heç nə bacarmadıq, müstəqil yaşaya, özümüzə yeni üfüqlər aça bilmədik və yenidən böyük patrona ehtiyac duyuruq.
Qaranlıq keçmişə dönüş etməkdənsə, işıqlı gələcəyə irəliləməyə çalışmaq lazımdır - nə qədər uzaq və çətin olsa da...