Ənnağı Hacıbəyli
Hüquqdan aşırı yararlanma (sui-istifadə) problemi mülki hüquqda daha geniş işlənib. Sovetlər dönəmində V.P.Qribanovun elmi dövriyyədə məşhurlaşdırdığı bu anlayış çağdaş hüquq ədəbiyyatının sevdiyi və tez-tez müraciət etdiyi temalardandır. Mülki prosesdə də vaxtaşırı rast gəlinməsinə baxmayaraq, bu sahədə problem diqqət mərkəzində deyil. Özəlliklə vicdansızcasına əsassız iddia qaldırılması halları yetərincə yayılsa da, o, hüquq ədəbiyyatında və məhkəmə praktikasında layiqli qiymətini almayıb. Ümumiyyətlə, məhkəmə praktikasında bu məsələ səkkizinci dərəcəli məsələ sayılır və ona diqqət çəkilməsi heç bir nəticə vermir – hakimlər onunla bağlı arqumentlərə ciddi yanaşmır, hətta əksər hallarda bu barədə arqumentləri tərəfin və ya onun nümayəndəsinin sadəcə cığallığı kimi qiymətləndirirlər. Bu yzıda yetərincə əhatəli və ciddi problem olan hüquqdan aşırı yararlanmanın bir halından - vicdansızcasına əsassız iddia qaldırılmasından danışılır. Məhkəmə praktikasından iki real kazus göstərəcəm. Birinci kazus. ASC-nin sədri keçmiş sədrə qarşı pul tələbinə dair iddia irəli sürür. İddia rədd olunur və Ali Məhkəmə məhkəmə qərarlarını qüvvəsində saxlayır. ASC-nin sədri fiziki şəxs kimi eyni şəxsə qarşı eyni əsaslarla eyni tələb irəli sürür. MPM-in 153.2.2-ci maddəsinə əsasən, cavabdeh eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olması ilə bağlı iddia ərizəsinin qəbulundan imtina barədə vəsatət verir. Vəsatət onunla əsaslandırılır ki, burada tərəflər, əsaslar və predmet tam eyni olduğuna görə əslində iddiaçı hüquqdan aşırı yararlanmaqla məqsədinə - pul tələbinə dair iddiasının təmin edilməsinə çalışır. Məhkəmə vəsatəti rədd edir. Apellyasıya instansiyası məhkəməsi və Ali Məhkəmə qərardadı qüvvəsində saxlayır və bu zaman ona əsaslanırlar ki, tərəflər eyni deyil; birinci halda iddiaçı ASC-nin sədri kimi, ikinci halda isə konkret fiziki şəxs kimi iddia qaldırıb. İkinci kazus. İki fiziki şəxs arasında yük maşınlarının alqı-satqısı müqaviləsi bağlanıb. Müqavilə şərtlərinə görə, alıcı maşınların dəyərini hissə-hissə ödəməlidir. Alıcı yük maşınlarını qəbul edib, bir neçə ildir ki, onlardan istifadə edir, artıq maşınların dəyərindən artıq qazanc əldə edib, lakin çeşidli bəhanələrlə onların müqavilədə razılaşdırılmış qiymətini ödəməkdən boyun qaçırır. Satıcı pul tələbinə dair iddia qaldırır, alıcı isə əqdin etibarsızlığına istinad edərək maşınların qaytarılması barədə qarşılıqlı iddia irəli sürür. Satıcı yüz min manata qədər məbləği güzəştə getsə də, alıcı razılaşmır. Məhkəmə əsas iddianı təmin edir, qarşılıqlı iddia isə əsassız olduğu üçün rədd edilir. Alıcı müqavilə üzrə öhdəliyinin icrasından yayınmaq və ya daha az məbləğ ödəmək məqsədi ilə məhkəmədə yenidən satıcıya qarşı əqdin etibarsızlığı və maşınların qaytarılmasına dair iddia qaldırır. Məhkəmə iddia ərizəsinin qəbulundan imtina edir. Alıcı apellyasiya şikayətləri verməklə eyni tərəflər arasında eyni predmet və eyni əsaslarla iddiasının icraata götürülməsinə çalışır.
Hüquqdan aşırı yararlanma yeni hadisə deyil. Onun kökü Qədim Roma hüququna, hətta ondan da qabaqlara gedib çıxır. Əslində daha qədim adət qaydalarını sanksiyalaşdıran antik hüquqçuların irəli sürdüyü qonşuluq hüququna dair qaydalar, bədxərc ailə başçısının hüquqlarını qısıdan (məhdudlaşdıran) normalar, evini satan şəxsin alıcıya ziyan vuran hərəkətlərinin qadağan edilməsi (şikana) və s. hüquqdan sui-istifadəni qadağan edən normalar idi. Sonralar əmlakdan ayrıla bilməyən yaxşılaşdırmaların götürülməsinin qadağan edilməsi, inhisarçılığın hüquqdan aşırı yararlanma sayılması və s. bu problemin aktuallığını və hüquqla nizamlanmasının vacibliyini vurğuladı.
Hüquqdan aşırı yararlanma – subyektiv hüquqdan neqativ, başqalarına ziyan vuran qaydada yararlanmadır, başqasının hüquqla qorunan sferasına qanunsuz müdaxilədir. MPM-in 47.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. MPM-in 120-ci maddəsində deyilir: “Məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün qarşı tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Bu məbləği məhkəmə konkret halları nəzərə almaqla ağlabatan miqdarda müəyyən edir”. Əslində bu maddə hüquqdan aşırı yararlanmanın üç formasını nəzərdə tutur: 1) vicdansızcasına əsassız iddia qaldırılması; 2) iddiaya qarşı vicdansızcasına əsassız mübahisə edilməsi; 3) işə düzgün və tezliklə baxılmasına və həllinə ardıcıl surətdə maneçilik törədilməsi. Vicdansızcasına əsassız iddia qaldırılması – şəxsin bilə-bilə uydurma tələb irəli sürməsi və tələbi uydurma hallarla əsaslandırmasıdır.
Bir qədər geriyə qayıdıb xatırladım ki, qanunvericilik hüquqların gerçəkləşdirilməsinin prinsiplərini müəyyən edib və bunlar aşağıdakılardır: - qanunçuluq; - vicdanlıq; - hüququn məzmununa uyğun qaydada gerçəkləşdirilməsi; - hüquqların gerçəkləşdirilməsinin real qarantiyalarının olması; - hüquqların həyata keçirilməsi və vəzifələrin icrası zamanı əməkdaşlıq; - qənaətcillik. Subyektiv hüquqların sərbəst (azad) gerçəkləşdirilməsi hüdudsuz deyil və hüquqların həyata keçirilməsinin qanunla müəyyən edilən hədlərini aşa bilməz. Subyektiv hüququnu gerçəkləşdirən şəxs: a) başqa şəxslərin hüquq və mənafelərini pozmamalı; b) hüququn gerçəkləşdirilməsinin hüquq və vasitələrini seçərkən ümumi qaydaları pozmamalı (özünümüdafiə, zəruri müdafiə, son zərurətin uyğun vasitələrindən yararlanmalı); c) hüquqlarını vicdanla və ağlabatan qaydada gerçəkləşdirməli; d) hüquqdan təyinatına uyğun yararlanmalıdır.
Qayıdaq mətləbə. Bir çox hallarda qarşılıqlı iddia verilməsi məhz mübahisəni uzatmaq və ya məsuliyyətdən qaçmaq məqsədi güdür. Borclu müqavilə üzrə öhdəliyini icra etmək əvəzinə əqdin etibarsızlığı barədə iddia qaldırır. Belə hallarda vicdansızcasına qarşılıqlı iddia qaldırmış şəxs artıq icraya qəbul etdiyi və kontragentin icra etdiyi əqdi mübahisələndirir və müqavilə üzrə əldə etdiyi əmlakdan isatifadəni davam etdirir, gəlir əldə edir, qarşı tərəfi barışıq sazişi bağlamağa məcbur etməyə, daha çox güzəştlərə nail olmağa çalışır. Nəticədə subyektiv müdafiə hüququndan yararlanan borclu kreditorun müdafiə hüququnu pozur, onu məhkəmə müdafiəsindən məhrum etməyə cəhd edir. Yuxarıda qeyd elədim ki, hüquqdan aşırı yararlanma məhkəmə praktikasında yetərincə geniş yayılsa da, məhkəmələr ona yetərli diqqət yetirmirlər. Təbii ki, bu, ən azı iki səbəblə bağlıdır: 1) hadisəyə düzgün hüquqi qiymət vermənin çətinliyi; 2) hakimin əsassız qarşılıqlı iddianın qəbul edilməsində maraqlı olması. İkinci halla bağlı ciddi hüquq problemi yoxdur və məsələ hakimə etiraz qaydasında həllini tapa bilər. Birinci səbəb özü də çeşidli səbəblərdən yarana bilər – hakimin peşəkarlığının yetərincə olmaması, obyektiv, hərtərəfli araşdırma aparmaq istəyi, qarşılıqlı iddianın yetərincə əsaslandırılmış olması və s. Hüquqdan aşırı yararlanan şəxs hərəkətlərini zahirən hüquqa uyğunlaşdırır, əslində isə hüquqdan pozitiv hüququn müəyyən etdiyi məqsədlərə zidd şəkildə yararlanmağa çalışır. J.L.Berjelin sözləri ilə desək, şəxs bu zaman hüququn hərfi mənasına əməl etsə də, onun ruhunu pozur. Hakim bu məqamı tutmalı, hüququn formal tələblərindən yararlanmaya onun ruhunu tətbiq etməklə cavab verməlidir. Təbii ki, söhbət hər bir halda qarşılıqlı iddianın icraata qəbulundan imtina olunmasından getmir. Sadəcə məhkəmə prosessual hüquqlardan vicdanslzcasına yararlanma hallarının qarşısını kəsən prosessual təminatları tətbiq etməklə kreditorun – haqlı tərəfin hüquqlarını müdafiə etməlidir...