Zaur Qurbanlı
Şəhriyar Məmmədyarovun harayına ilk ictimai reaksiya müğənni Manaf Ağayevdən gəldi. Facebook-da belə bir sual gördüm ki, niyə Manaf Ağayevin Şəhriyar Məmmədyarova sponsorluq etməsinə pis baxırıq. Sual verən səmimi olaraq, soruşurdu ki, Manaf bəy də bizneslə məşğul olan adamdır, oxuyur, pulunu qazanır, Şəhriyar bəy də özünə biznesmenlərdən və ya şirkətlərdən sponsor axtarır. Tapılıb da. Niyə ağız əyirik ki?!
Düşünürəm ki, bu mövzu adi sponsor, idmançı-müğənni söhbəti deyil, ölkədəki vəziyyətdən bir qədər xəbər verən sualdır. Ona görə də yazı şəklində cavab verməyi qərara aldım.
Təbii, ilk ağla gələn “əgər bizdə...” sözləri ilə başlayıb, əslində hər şeyin necə olmalı olmasını bildirən cümlədir. Belə ki, əgər bizdə normal, yəni demokratik, azad cəmiyyət olsa idi, bu hadisəyə yenə də eyni cür baxardıqmı, əgər elə deyilsə, bəs indi niyə başqa cür baxırıq. Məsələ burasındadır ki, normal cəmiyyət olsa idi, bir müğənninin bir idmançıya sponsorluq etməsi dövlətin həmin idmançıya sponsorluq etməsindən 100 dəfə yaxşı olardı.
Çünki dövlət heç nəyi müftə eləmir, əksinə ən baha qiymətə satır. Orta əsrlərdə bir vergi növü var idi, adını unutmuşam. O vergiyə görə dövlət bu vergi tətbiq edilən məhsulu ucuz qiymətə zorla ala və ya baha qiymətə zorla sata bilərdi. Düşünürəm ki, bu vergi növü dövlətin gördüyü işin əsl mahiyyətini göstərir.
Çünki dövlət ən pis menecerdir. Onun vergi və ya başqa vasitə ilə müdaxilə etdiyi sahələr uğursuzluğa düçar olmaq təhlükəsi qarşısındadırlar. Vergi bir qırağa - əgər dövlət sənə mükafat, hədiyyə, pay qismində nə isə verirsə, deməli, əvəzində səndən o verdiyinin dəyərindən qat-qat artıq alacaq. Nə alacaq? Bu, artıq qalıb məmurların insafına – yaltaqlanma da tələb edə bilər, dövlət atributlarını daşımağı da, susmağı da və s.
Özəl sektor isə müqavilə əsasında işləyir. Sponsorluq edir, əvəzində reklam olunmağını tələb edir. Bu, sadədir, şərtləri tərəflər müəyyən edir, tərəflər də ki, müstəqildirlər. Dövlətə münasibətdə hər kəs şaquli olaraq, aşağıdadır, özəl subyektlərə münasibətdə isə üfüqi olaraq, yanındadır. Ona görə də özəl sektorla işləmək daha rahat, korrupsiyasız və təhlükəsizdir.
Amma Azərbaycanda “ayfonlu feodalizm” sistemi qurulduğuna görə, yuxarıda sadaladığım məsələlər bu coğrafiyada işləmir. Bizdə azad bazar, azad bazar subyekti, həqiqətən özəl olan şirkət, biznesmen, bir sözlə kapitalist yoxdur. Bir dəstə talançı var, dövləti idarə edirlər, nəticədə bu dövlətdə olan hər şeyi idarə etmək iddiasındadırlar. Onlar üçün dövlət idarəetmənin zəruri məsələlərini həll etmək üçün nəzərdə tutulmuş siyasi aparat deyil. Onlar dövlətə sovet kafaları ilə SSRİ dövründə verilmiş təriflə baxırlar. SSRİ-də dövlət anlayışına 3 tərkib hissəsi daxil edilirdi: ərazi, əhali, hakimiyyət.
Yəni bütün torpaqlar, hava, yerin təki, sular - ərazi dövlətindir, özəl və bələdiyyə mülkiyyəti yoxdur, eləcə də bütün əhali (!) də dövlətindir, insanların meşədəki ağacdan, yolun qırağındakı dirəkdən prinsip etibarilə fərqi yoxdur. Biz indi bu kafalarla idarə olunuruq. Ona görə də adamları siyasi baxışlarına, ifadə azadlığına görə həbs etdikləri rahatlıqla ağac kəsirlər, yolların mərmərini söküb, yenidən mərmərlədikləri rahatlıqlda da insanların pensiya yaşını qaldırırlar. Bu şəraitdə bütün biznes, bazar dövləti idarə edən həmin talançılara məxsusdur və hansısa azad bazardan, rəqabətdən söhbət gedə bilməz.
Ona görə də olimpiadada qalib gələn idmançıya dövlət və dövlətdəkilərin şirkətləri milyonlarla pul, paqon, vaqon, təyyarə... verirlər. Yaxud prezidentin seçki təbliğatında çıxıb yaltaqlanmayan müğənniyə “özəl” telekanalların qapısı bağlanır. Həyatın hər sahəsini əhatə edən və ya etməyə iddialı olan bu cür 100%-lik monopoliya, təbii ki, Şəhriyarı da əhatə edir. Dövlətimizin bu sahədə tələbi sərtdir: ya biz deyəndir, ya da get Qazaxıstana, Türkiyəyə, nə bilim hara istəyirsən, ora.
Bir sözlə, Şəhriyarın maliyyələşməsi ya dövlətdən olacaq, ya da yenə dövlətdən olacaq. Çünki bu ölkədə yazının əvvəlində sadaladığım normal şərait yoxdur, hər şey və hər kəs dövlətin tərkib hissəsi hesab olunur. Ölkədə pul var, bu pulun az qala yeganə mənbəyi neftdən gələn gəlirdir, ortada fırlanır. Bu gəlirin bir hissəsi Manaf Ağayevi yetişdirib bu səviyyəyə çatdırıb, sağ olsun, ictimai sektor sosial şəbəkələrdə qara-qışqırıq salanda Xızır kimi özünü yetirir. Bu ortada fırlanan pulun bir hissəsinin Şəhriyara çatmaması isə insanları yandırır. Çünki ədalətsizliyə qarşı qəzəb təbiidir, insanın hüceyrələrindən, molekullarından, hər nədirsə, mahiyyətindən irəli gəlir. Yəni onsuz da biznes mühiti, azad bazar olmayan yerdə savad, bilik, ümumiyyətlə, başın ağızdan başqa heç bir hissəsi tələb olunmayan müğənnilik işində o qədər pul olsun ki, orta səviyyədən əlçatmaz dərəcədə aşağı olan bir repertuara malik müğənni savad, bilik, başın xüsusən, göz və beyin hissəsini tələb edən şahmatla məşğul olub, dünyada ikinci şahmatçı olan birinə sponsorluq təklifi etsin. Yəni mən sənə pul verim, sən də Magnus Carlsen-lə oyuna üstündə “Ay canı yanmış. Solo Konsert. Yaşıl teatr” yazılmış köynəkdə çıx. Baxın, işin tragikomik tərəfi budur.