Məhkəmə AXCP üzvünün şikayətini təmin etməyib

Məhkəmə AXCP üzvünün şikayətini təmin etməyib
14 Avqust 2018
Mətni dəyiş

Bu gün, avqustun 14-də Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Nərimanov şöbəsinin sədri, Qarabağ müharibəsi iştirakçısı Babək Həsənovu ev dustaqlığına buraxmaqdan imtina edib.

AXCP-nin məlumatına görə, prosesdə Nəsimi Rayon Məhkəməsinin cəbhəçinin ev dustaqlığına buraxılmasını təmin etməyən qərarından verilən şikayətə baxılıb. Həmin şikayətdə rayon məhkəməsinin qərarının qanunsuz olması iddia olunaraq, dəyişdirilməsi istənilib.

Ancaq Bakı Apellyasiya Məhkəməsi rayon məhkəməsinin qərarını ədalətli sayıb, onu qüvvədə saxlayıb.

AXCP-dən qərardan Avropa İnsan Haqları Məhkəməsinə şikayət ediləcəyini bildiriblər.

Daha bir proses təxirə salınıb

Avqustun 14-də Babək Həsənovun daha bir şikayətinə Nəsimi Rayon Məhkəməsində baxılması gözlənilirdi. AXCP-nin məlumatına görə, cəbhəçi yaxınları ilə görüş və telefon danışığı hüququnun pozulması səbəbilə Baş Prokurorluğu məhkəməyə verib.

Ancaq həmin şikayətə baxılmasının avqustun 16-na keçirildiyi bildirilir.

Bu günlərdə Penitensiar Xidmətin əməliyyat-rejim idarəsinin rəisi Mirsaleh Seyidovun cəbhəçinin qardaşına göndərdiyi məktubda yazılırdı ki, onlar Babək Həsənovun ailəsi ilə görüş və telefon danışığına hər hansı məhdudiyyət qoymayıblar.

Babək Həsənovla saxlandığı gündən görüşə bilmədiklərini deyən ailə üzvləri bundan sonra Baş Prokurorluğu məhkəməyə veriblər.

Onların şikayətinə Baş Prokurorluqdan isə, hələlik, münasibət almaq mümkün olmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun