Jurnalistlərin ağuya dönmüş çörəyi…

Jurnalistlərin ağuya dönmüş çörəyi…
20 Avqust 2018
Mətni dəyiş

Pərviz Cəbrayıl

Yəqin ki, hər biriniz heç olmasa 2-3 intihara cəhd videosu izləmisiz, yaxud həmin səhnələri filmlərdə, bəziləriniz isə reallıqda görmüsüz. Ətrafdakı adamlar özünü, məsələn, körpüdən atmaq istəyən şəxsə yaxınlaşıb onu xilas etmək üçün məqam gözləyirlər.

Adam intihar adıyla körpünün məhəccərini üzü ölüm tərəfə keçib, məhəccərdən bərk-bərk, az qala onəlli yapışıb, bir əlində də mobil telefonunu balasını ölümdən qoruyan ana kimi möhkəm-möhkəm sıxıb. Özünü qurban verib telefonunu intihardan qoruyan bu adam ona yaxınlaşmaq istəyənləri görən kimi isteriya içində ağlaya-ağlaya ucadan qışqırıb:“Yaxınlaşmayın, yaxınlaşmayın, nə badə yaxınlaşasız”, — deyir, özünü atacağı ilə bağlı hədə-qorxu gəlir.

Anlamaq olmur. Sən zatən intihar etmək üçün oraya çıxmayıbsanmı, anam-bacım, atam-qardaşım? Elə isə daha niyə hədə-qorxu gəlirsən?

İntihar edəcəkkən bu adam nəyi gözləyir, kimi gözləyir, intihar üçün çıxdığı bəlliykən bir də niyə hədə-qorxu gəlir ki, yaxınlaşmayın, özümü öldürərəm?

Uşaq vaxtı adam xəstələnmək istəyir ki, valideynləri onu daha çox sevsin, qayğısını çəksin, şəfqət göstərsin. O intihar edən də həmin an uşaqdı. İstəyir ki, Allah onu da görsün, sevsin… Sanki…

***

Media acından ölməmək üçün istedadların toplaşdığı girovluq meydançasına çevrilib. Əsil sənətini, sevgini girov qoyub çörək qazanırsan. İnişil həmin bu media adlı qır qazanına sığınmağa məcbur olan gənc yazar Mövlud Mövlud intihar etdi. Bildirişsiz-filansız! Axşam 6-da işdən çıxarkən qarşılaşdıq, görüşüb sağollaşdıq. Əli əlimdə ola-ola hiss etdim ki, Mövlud həyatda yoxdur… İstədim zarafata salıb deyəm, ancaq qorxdum ki, intihar eləyər. Oysa Mövlud artıq ölmüşdü…

Mövlud içində söz yanğısı olan fidanlardandı, ancaq çörək naminə saytda kiçik redaktor kimi çalışmağa məcbur olmuşdu. Xəbər saytı ədəbiyyatçıya hər gün intiharı diri gözlü göstərən, yaşadan sahədi. Mövlud hər gün ikinci qata yanıma qalxır, məni siqaretə dəvət edir və hər dəfə eyni şeyi deyirdi:“Daha yaşaya bilmirəm, abi! Belə olmaz, vallah olmaz. Bunun axırı necə olacaq?..” Bunu hər gün o sualı özünə min yol verən adama deyirdi. Məsələ qətiyyən tam olaraq sosial durumda deyildi, maaşda deyil, öz sevdiyi söz sahəsini qurban verə-verə necə öldüyünü öz gözlərilə görmək idi. Əvəzində hər gün eşitdiyi sarsaq, cəfəng və heç kimə lazım olmayan “it gəldi, örkən apardı” tipli xəbərlər üstündə tənələr və sair və ilaxır. İztirablarınsa heç bir perspektivi görünmürdü.

Bundan yaranan stress, depressiya, ardıyca əsəblərin korlanması və bunun şəxsi həyata mənfi təsirləri… Tam bir fiasko. Ədəbiyyatda beşikdəcə qətlə yetirilmək, işdə uğursuzluq, ardınca şəxsi həyat. Buna dözmək olardımı? Olardı! Ancaq o, deyəsən çox uzağı görürdü və o uzaq dediyimiz yerin üfüqündə yaxşı heç nə görünmürdü. Sus, azadlığını boğ, özündən min qat əskiyinin dana-dana sözlərini ud, əvəzində isə heç nə al! Sus və hətta sosial şəbəkədə belə bir kəlmə etiraz tərkibli heç nə yaza bilmə. Niyə? Çünki çörəyi şərəfsizlikdən çıxanlar skrinşot üçün məqam gözləyir. Səni satmaq, sənin balalarını çörəyə həsrət qoymaq üçün. Mövlud havalı-havalı, sanki içində də eyni sözləri təkrar eləyə-eləyə aşağı qata düşürdü.

Təsəvvür edə bilsəniz, dəhşətə gələrsiniz.

Gücünüz varsa, gözünüzün önünə gətirin: ədəbiyyatın qapısı səninçün biryolluq bağlanıb, yanıb-qovrulur, məhv olursan; evin-eşiyin yox, həqiqətləri, yanğını heç olmasa qışqıra bilmirsən; oğlun-qızın aclıqdan, fərəhsizlikdən körpə yaşda oğlu davadan qayıtmayan ata-anaya dönüb, üzlərinin suyu torpaq rənginə çalır; ailəndə buzlaşma dövrüdü, hansısa yoldaşın qonaq etdiyi araqdan içib gecə üçdə birtəhər yuxya gedə bilibsən və bu vaxt hansısa əbləh, dılğır müdirin zəng vurub səni yuxudan eləyir, “Cəlilabadda qış mövsümündə alça ağacı çiçək açdı” xəbərində hansısa vergülün sözün o tərəfində yox, bu tərəfində olduğunu nöqsan tutub əzizlərini qəbirdə diksindirəcək səslə anqırır…

İntihar etməzmisən? Edərsən. Amma və lakin… bildirişsiz…

***

Sevdiyi sahədə özünü reallaşdıra bilməməkdən vahiməli bir şey ola bilməz. Bir də bunu dərk edincə, insan yaşaya bilmir, üsyan edir.

Ancaq sırf xəbər jurnalisti, reportyor olan və özünü xeyli təsdiq etmiş, reallaşdıra bilmiş adamlar da var, baxırsan, onlar da yaşaya bilmir. O ki, sevdiyi sahədədi və imzasını da təsdiq edib. Bəs o niyə yaşaya bilmir? Yaşaya bilməməyi bir yana, qəfildən bir gün işini də itirir!

Yenə təsəvvür eləyin, kollektivləşmə dövrü gəlib, bütün fərdi təsərrüfatlar ləğv edilir. Adamların nəyi varsa, əlindən alınıb ümumi təsərrüfata qatılır, kolxoz qurulur, ondan sonra bir gün də bir qələmlə o kolxoz ləğv edilir. Torpağı, mal-qarası, hər şeyi əlindən alınmış kəndli qalır çar-naçar! Bu terrordur! Qırmızı terror. Düşünülmüş terror!

***

Avqustun 14-də tanınmış reportyor Səbuhi Məmmədli status yazdı:

“Bəsdi, bəsdi, bəsdi. Kimin həvəsi varsa, gəlsin. Biləcəri dəmir yolu körpüsünün üstünə. Aşağıda yüksək gərginlikli elektrik naqilləri var. Sizə reailiti-şou göstərəcəyəm. Çıxdım şəhərcikdən. Gəlin. Bəlkə elə yolda başqa şou da oldu (həyat, sənin var-yoxunu…)”

Bir saat sonra isə yeni status gəldi peşəkar qardaşımızdan:

“Ölmək istəmirəm. Çox qorxurammm… Bli…. bitsin…”

Mən bu yazını yazanda Səbuhi reanimasiyada idi…

Sonra başqa bir jurnalist qaqamız Kəramətin statusu:

“Mən əslində, bu ölkədə çoxdan intihar etməli idim və gec-tez edəcəm. Sadəcə, intiharım müəyyən səbəblər üzündən gecikir. Amma ki, çox az qalıb, bunu sizə açıq deyirəm. Səbəb isə sosial zülmdür. Daha heç kimdən də heç nə ummuram. Çünki bezmişəm və artıq yaşaya bilmirəm”.

Bu iki intihar bildirişlərinin hər birinin nə dərəcədə səmimi olub-olmadığını deyə bilmərəm. Ancaq fakt faktlığında qalır. Xəbərdarlıq edilib.

Niyə?

Jurnalistikada nə baş verir?

***

Bir zamanlar çox sayda qəzet-jurnal vardı. Hətta 1993-cü ildə sayı 525-ə çatmışdı. Jurnalist bir mətbu orqandan çıxandan sonra yerdə yenə yüzlərlə alternativ qəzet qalırdı. Hakimiyyətyönlü, müxalif, qismən neytral, tərəfsiz. İmzan da varsa, onlardan biri mütləq sənə müştəri çıxırdı. İndi isə demək olar qəzet qalmayıb. Saytlar var. Onlar da yekunda kolxoz… Birində işsiz qaldınsa, o birilərinə üz tutmağın özü belə mənasızdı. Çıxdığın yerin qurdluqarın, cılız hisslərlə yaşayan rəhbəri getdiyin yerdəki rəhbərə zəng edir…

Bu yaxında elə bir şey oldu. İşdən çıxan bir həmkarımız özünə başqa bir saytda yer tapdı. Bundan xəbər tutan əski rəhbər yeni rəhbərə zəng edib “belə dostluq olmaz” dedi və bir jurnalistin çörəyinə bais oldu.

Hələ o da ayrı məsələdi ki, çalışdığın yerdə boğulursan, özün acından ölə-ölə medianın təqdim etdiyi cənnət lövhələrinə baxa-baxa depressiyaya düşürsən.

Alternativ media isə yox! Bir mediaholdinq də ömrünü başa vurdu. 200-ə yaxın adam işsiz qaldı.

CV göndərməyə bircə alternativ iş yeri var indi: İNTİHAR! O da olmayanda intihar haqda bildirişlər…

P.S. Şad xəbər! Əlimizdə olan məlumata görə, yazı sayta yerləşdirildiyi gün dostlarımızın hər ikisi sağ və salamatdır və sizin də sağ və salamat olmağınızı bir olan allahdan arzu edirlər!

Səbuhi qardaşımız yazıb:

“…Və mən yaşayacam. Çünki bunun üçün kifayət qədər səbəblərim var… Hamınızı sevirəm…”

Kəramət də yazıb:

“Təzədən intihara cəhd etməyə də utanırsan, qorxursan ki, bu dəfə də özümü öldürə bilməsəm, camaatın içində biabır olacam. Ona görə də dilini qoyub dinməzinə, başlayırsan yaşamağa”.

P.P.S. İntiharın strukturuna anonslar daxil deyil. O, şou və “qrant layihəsi” deyilsə…

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun